18 Aprel 2024

Cümə axşamı, 08:42

PİRR QƏLƏBƏSİ

Britaniya Parlamentində qüvvələr nisbəti daha da qarışıb və bu şəraitdə kompromisə gəlmək asan olmayacaq

Müəllif:

15.06.2017

Böyük Britaniyada iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisi, şübhəsiz ki, siyasi texnologiyalar üzrə tədris vasitələrinə siyasətçinin öz gücünü və seçicilərin əhvalını düzgün hesablaya bilməməsi nümunəsi kimi daxil olacaq. Belə ki, bu seçki ilə partiyasının mövqeyini gücləndirmək istəyən Tereza Mey əksinə, onu daha çətin vəziyyətə salıb. Mühafizəkarlar Parlamentin aşağı palatasının ən böyük partiyası olsa da, 317 yer əldə etməklə, 330 səslik mütləq çoxluğu əldən verib. Çoxluq üçün, ən azı, 325 mandat tələb olunur. İndi, Mey praktik olaraq, bütün qərarları parlamentdəki müxalifətlə razılaşdırmaq məcburiyyətindədir.

Mey istefa vermək niyyətində olmadığını dərhal bəyan edib. Daha sonra o, Şimali İrlandiyanın mühafizəkar, sağ-mərkəzçi Demokratik Yunion Partiyası (DUP) ilə razılığa gəlib. DUP yeni parlamentdə 10 deputatla təmsil olunur. O, hələ 2015-ci ildə özünü koalisiyanın formalaşmasında rol oynayacaq siyasi qüvvə kimi göstərə bilmişdi. İndi isə söhbət heç koalisiyadan da getmiir - DUP ən vacib məsələlər, məsələn, büdcənin təsdiqi ilə bağlı səsvermədə tori ilə birləşəcək. Görünən odur ki, tərəflər razılığa asanlıqla gəlməyib. DUP lideri Arlen Foster lap başdan Şimali İrlandiya hökumətinə əlavə səlahiyyətlərə iddialı olduqlarını bəyan etmişdi. O, «sərt Brexit»in heç kəsin maraqlarına cavab vermədiyini də deyirdi. Mey özünə bu başağrısını özü tapıb.

Politoloqlar deyirdi ki, Baş nazirin növbədənkənar seçkiyə getməyə hazır olması onun öz gücünə, həmçinin ümumilikdə, mühafizəkarların qüdrətinə inandığının göstəricisidir. Baş nazirin fikirləri həqiqətən də kifayət qədər ciddi təsir bağışlayırdı. Birincisi, «Brexit» məsələsində bütün ölkə kimi, parlament də həqiqətən bölünmüşdü. Bir il əvvəl keçirilmiş referendumda ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsinin tərəfdarları, sadəcə, 51,9% səslə qələbə qazanmışdılar. Odur ki, Mey seçkinin britaniyalıları birləşdirəcəyini, onun başçılıq etdiyi kabinetin mövqeyini gücləndirəcəyini düşünürdü. Xanım siyasətçi hesab edirdi ki, seçki «Böyük Britaniyanın Aİ-dən ayrılmasının mümkün yollarının ən yaxşısına nail olunması üçün» belə nəticələnəcək. Güman olunurdu ki, tori parlamentdə yerlərinin sayını artırmasa da, daha 2 il hakimiyyətdə qalmağı təmin edəcək. Səbəb növbəti seçkinin 2020-ci ildə keçirilməli idisə, bu halda 2022-ci ildə təşkil olunacaq. Mey özü ümumxalq səsverməsi ilə öz legitimliyini möhkəmləndirməyi düşünürdü. Onu dəfələrlə vəzifəni partiyadaxili mübarizə nəticəsində qazanmaqda günahlandırmışdılar. Söhbət Devid Kemeronun «Brexit»in nəticəsindən sonra vəzifəsini tərk etmək məcburiyyətində qalmasından gedir. Odur ki, Tereza Mey özünün də dediyi kimi, “mandat qazanmaqla” - britaniyalıların qeyd-şərtsiz dəstəyinə sahib çıxmaq istəyirdi. Eyni zamanda o, əlbəttə ki, mühafizəkarların Kemeronun dövründə verdiyi vədlərdən də qurtulmağı düşünürdü.

Növbədənkənar seçkinin keçirilməsini, Şotlandiya millətçiləri istisna olmaqla, bütün siyasi qüvvələr dəstəkləyirdi. Parlamentin köhnə heyətində cəmi 8 yerə sahib olan liberal-demokratlar, əlbəttə ki, vəziyyəti düzəltməyə ümidli idilər (lakin bunu bacarmadılar). Mühafizəkarların əsas rəqibi olan leyboristlər isə mövcud durumlarından pis nəsə gözləmirdi. Əksinə, onlar növbədənkənar seçkidən çox şey uda bilərdi və udub - partiya əlavə 30 yer qazanmaqla, 2001-ci ildən bu yana ən yaxşı nəticəyə imza atıb. Yalnız Şotlandiya Milli Partiyasının (SNP) lideri Nikola Sterjen növbədənkənar seçki qərarını «siyasi səhv» adlandırırdı. O, deyirdi ki, Mey seçkidə qələbə qazanmaqla, Aİ-dən sərt şərtlərlə, Şotlandiya xalqının maraqlarını nəzərə almadan çıxmağa çalışır. Məsələ ondadır ki, şotlandlar ölkənin Aİ-ni tərk etməsini istəmir. Sterjenin partiyası seçkidə gözlənilmədən 21 mandat itirib.

Əksər britaniyalı politoloq hesab edir ki, mühafizəkarların kartlarını… «İslam Dövləti» qruplaşması qarışdırıb. Xatırladaq ki, Britaniyada baş vermiş silsilə terror aktlarına görə (martın 22-də Vestminster körpüsündə, mayın 22-də Mançesterdə, iyunun 3-də isə London körpüsündə), məsuliyyəti bu qruplaşma öz üzərinə götürüb. Bu terror aktları nəticəsində onlarca insan həlak olub, 100-dən artıq adam yaralanıb.

Həqiqətən də terrorçuların “Dumanlı Albion” vətəndaşlarına hücumu bütün partiyaların seçkiqabağı tonallığını dəyişib və diqqəti «Brexit»dən təhlükəsizlik məsələlərinə yönəldib. Bunu Meyin özünün açıqlamalarındakı fərqli vurğulardan da duymaq olar; məsələn, Mançesterdəki terrordan sonra təmkinli görünən və ekstremizmə qarşı yeni mübarizə metodlarından danışmayan Baş nazir, 3 iyun hadisələrindən sonra artıq bəyan etdi ki, «Yetər!» və terrorizmə rəğbət bəsləyənlərin internetdə və bəzi müsəlman icmalarında «toplaşa» biləcəyi «təhlükəli yerlər”in yox edilməsi çağırışını səsləndirdi.

Mey terrorçuluqla əlaqəli cinayətlərə görə cəzaların sərtləşdiriləcəyini, milli antiterror strategiyası çərçivəsində polis və xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılacağını da istisna etməyib. Əvəzində isə Baş nazir ciddi tənqid atəşinə tutulub - istər «Open Rights Group» kimi qeyri-hökumət təşkilatı, istər Meyin Daxili İşlər naziri olduğu dövrdə DİN-in büdcəsini kəsib-doğradığını xatırlayan şəxslər tərəfindən. Bu, özünü nazirliyin resurslarında, bəlkə də ümumilikdə, ölkənin təhlükəsizliyinin təminində göstərib. Bütün bunlar seçki ərəfəsində, əlbəttə ki, mühafizəkarlara xal qazandırmayıb.

Lakin seçkinin nəticələrində əsas rolu, təbii ki, yalnız diqqətlərin Aİ-dən ayrılmaq məsələsindən təhlükəsizliyə yönəlməsi oynamayıb; məsələn, seçkiyə az qalmış mühafizəkarlar sosial xidmətlərə qiymətləri artıracaqlarını bəyan edib. Doğrudur, qanun layihəsi geri çağrılıb, amma Meyin üzərində daha bir ləkə qalıb. Mühafizəkarların leyboristlər daxilindəki nifaqdan yararlanmağa çalışdığı da açıq şəkildə ortada idi. Məsələ ondadır ki, leyboristlərin əksəriyyəti hazırkı liderləri Ceremi Korbini bəyənmir. Nüvə proqramından imtinaya, yoxsullara ciddi yardım göstərilməsinə çağırış edən bu siyasətçini radikal və inqilabçı adlandırırlar. Lakin Korbinin populyarlaşmağa başladığı aydın olar-olmaz, «The Times» və «The Daily Mail» də daxil olmaqla, mühafizəkar mətbuat Korbinə hücumlara başlayıb, hətta siyasətçinin zibil qutusunun içərisində şəkli dərc olunub. Amma məlum olub ki, Britaniya gənclərinin əksəriyyəti nüfuzlu mətbuatdan fərqli düşünür. Təhsilli gənclərin çoxu məhz solçulara səs verib. Seçkidə seçici fəallığı isə son 20 ildə ən yüksək həddə çatıb.

Bu arada son seçkidə yalnız leyboristlər deyil, «Plaid Cymru» və «Sinn Féin» partiyaları da vəziyyətini yaxşılaşdırıb. Əvəzində, qatı sağçı UKIP xalqın dəstəyini, demək olar ki, itirib. “Dumanlı Albion”da siyasi reallıq qəflətən sağa yön alıb və 1970-ci illərdən bu yana ilk dəfə 2 əsas partiya Britaniyanın siyasi meydanında aparıcı rola yenidən yiyələnib. Söhbət mühafizəkarlarla-leyboristlərdən gedir.

Bəs bütün bu hadisələrin mərkəzində dayanan «Brexit» necə oldu? Ölkənin Aİ sıralarını tərk etməsinə dair danışıqlara iyunun 19-da başlanılacaq. Lakin indi başqa fikirlər eşidilməkdədir: seçicilər faktiki olaraq, Meyə Aİ ilə daim dilə gətirdiyi sərt şərtlərlə danışıqlar aparmaq mandatı verməkdən imtina edib. İndi, London «Brexit»lə bağlı danışıqlarda daha üzüyola olmaq məcburiyyətindədir. Bu, məsələnin bir tərəfidir. Digər yandan, seçkidə xeyli yer itirmiş Şotlandiyanın SNP partiyası şokdan ayılmağa çalışır. Partiya, hətta müstəqilliklə bağlı yeni referendumun keçirilmsi planını geri çağırıb; yaxud yuxarıda adını çəkdiyimiz, ən avro-fob partiya olan UKIP seçkidə bir mandat belə, qazana bilməyib. Odur ki, qüvvələr nisbəti daha da qarışıb və bu, əlbəttə ki, ən çox Brüsseli düşündürür. O, danışıqları kiminlə aparmalı olduğunu anlamaqda çətinlik çəkir. Müzakirə olunacaq məsələlər isə çoxdur - immiqrasiya, ticarət, Aİ-nin mal və xidmətlər bazarına maneəsiz çıxış və s.

Şübhəsiz ki, 2017-ci il seçkisi Britaniyanın siyasi sistemi üçün uzun müddət əlamətdar hadisə olaraq qalacaq. Onun bu mərhələdə sonuncu «növbədənkənar» olmadığı istisna deyil. Hər şey Meyin bənzər səhvlərə yenə yol verib-verməyəcəyindən asılıdır. Ondan yeni Marqaret Tetçerin alınmayacağına artıq şübhə yoxdur. Hələlik o, sadəcə, yaxşı partiya funksioneri, effektiv məmurdur, lakin real seçicilərdən çox uzaqdır.

VVS-nin yazdığı kimi, Mey kabinetdə «ləng yerdəyişmələr» etməklə, özünə olan skeptik münasibəti yalnız artırıb. Baş naziri, artıq siyasi meyit, «axsaq ördək» adlandırır, hesab edirlər ki, o, “dauninq-strit”də çox qalmayacaq. Yalnız Mey üçün yox, bütünlükdə, ölkə üçün ən pis xəbər Britaniya xalqının bir çox məsələdə tam iki yerə parçalanmasıdır. Bunu ötənilki «Brexit» səsverməsi də göstərib, şotlandların referendumu da, son parlament seçkisi də.

Belə şəraitdə kompromisə gəlmək istənilən kabinet üçün çətin olacaq.



MƏSLƏHƏT GÖR:

345