24 Aprel 2024

Çərşənbə, 17:03

TRAMP İQLİMƏ QARŞI?

Paris sazişindən imtina, ABŞ-a iqtisadi və şöhrət itkisindən başqa heç nə verməyəcək

Müəllif:

15.06.2017

ABŞ-ın iqlim dəyişiklikləri ilə mübarizə üzrə Paris sazişindən çıxma qərarını Prezident Donald Tramp ölkəsinin və xalqının gələcəyinin qayğısına qalması ilə izah edib. Onun fikrincə, bu sazişin şərtlərinə əməl olunması Amerikaya 2025-ci ilədək 2,7 milyon iş yerinin itirilməsi, əməkhaqlarının azalması, zavodların bağlanması və ciddi iqtisadi geriləmə bahasına başa gələcək. «Mən Parisin yox, Pittsburqun vətəndaşlarını təmsil etmək üçün seçilmişəm», - deyə o, bildirib.

Tramp ilk dəfə deyil ki, iqlim dəyişiklikləri ilə bağlı elmi nəticələri «saxta» adlandırır. Bir dəfə o, hətta qlobal istiləşmə konsepsiyasını çinlilərin uydurduğunu belə, demişdi. Trampın fikrincə, Pekin bununla ABŞ sənayesinin inkişafını əngəlləməyə çalışır.

Beləliklə, Donald Tramp ölkəsinin Paris sazişindən çıxacağını hələ seçki kampaniyası dövründə vəd etmişdi. Lakin Ağ evə rəhbərliyə başladığı vaxtdan ötən 4 ayda o, bir qədər tərəddüd edirdi. Bu, Trampın yaxın məsləhətçiləri arasında məsələ ilə əlaqədar sərt mübarizənin getməsi ilə izah olunur.

Sazişdən imtina tərəfdarları Ağ evin baş strateqi Stiven Bennon və Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Skott Pryuittdir. Onların əsas rəqibləri kimi isə Milli İqtisadi Şuranın direktoru Geri Kon, dövlət katibi Reks Tillerson və prezidentin qızı İvanka Tramp çıxış edirlər.

Sonda Tramp vədinə əməl etmək qərarına gəlib. Onu fikrindən nə öz ölkəsində keçirilən çoxsaylı etiraz aksiyaları, nə biznes təmsilçilərinin müraciətləri, nə qızları, nə də hətta Roma Papası döndərə bilib. Halbuki, Papa Fransisk ona ətraf mühitin mühafizəsinin vacibliyi ilə bağlı ensiklika belə, ünvanlayıb.

Donald Tramp Obama administrasiyasının mirası ilə mübarizəyə inauqurasiyadan dərhal sonra başlayıb. İlk olaraq o, eks-prezidenti iqlim dəyişikliyinin ölkənin təhlükəsizliyinə təhdid hesab olunduğu fərmanını ləğv edib. Bunun ardınca atmosferə zərərli tullantıların azaldılmasına yönəlmiş 10-dək tədbir ləğv edilib. Yeni kömür yataqlarının işlənməsinə qoyulmuş moratorium da ləğv olunub.

Daha sonra Ətraf Mühitin Mühafizəsi Agentliyinin maliyyələşdirilməsi 31% azaldılıb, iqlim sahəsində gələcək elmi tədqiqatlara dövlət dəstəyi nəzərəçarpacaq dərəcədə ixtisar olunub.

«Mənim administrasiyam kömürlə müharibəyə son qoyur», - deyə Amerika Prezidenti bildirib.

 

Paris sazişi nədir?

2016-cı ilin noyabrında qüvvəyə minmiş iqlim dəyişiklikləri ilə mübarizə sazişini 195 dövlət dəstəkləyib.

Elmi araşdırmalar göstərir ki, dünyada atmosferə karbon qazının buraxılması məhdudlaşdırılmasa, havanın orta hərarəti durmadan artacaq və bu, Dünya okeanının səviyyəsinin 80 santimetrədək yüksəlməsinə, daşqınlara, quraqlığa, epidemiyalara, ərzaq çatışmazlığına və s. səbəb olacaq.

Sazişin əsas məqsədi 2011-ci ilədək planetdə orta hərarətin sənaye erasınadək (XIX əsrin ikinci yarısı) olduğundan, 1,5-2 dərəcə Selsidən çox artmasına imkan verməməkdir. Hər bir ölkə atmosferə zərərli maddələrin tullantısının ixtisarı planını müstəqil hazırlayıb. ABŞ 2005-ci illə müqayisədə 2025-ci ilə bu göstəricinin 26-28% azaldılacağını vəd edib.

Bununla yanaşı, razılaşmada kiçik hiylə də var; məsələn, sənəddə heç bir sərt qayda yoxdur və hər bir ölkə hesabat vermək üçün atmosferə ən çox tullantı atıldığı ili seçib. ABŞ 2005, Rusiya 1990, Yaponiya 2013-cü ili və s. Çin isə lap bic tərpənib - tullantıları ÜDM-ə bölüb və məlum olub ki, tullantının həcmi düz, 60% azalıb!

Hər 5 ildən bir normalar sərtləşdirilməlidir. 2050-2100-cü illərə atmosferə karbon qazı tullantısının həcmi o həddə çatmalıdır ki, ağaclar, torpaq və Dünya okeanı onu təbii yolla «uda» bilsin.

Bundan başqa, sənaye baxımından inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan ölkələrə ekoloji problemlərin həlli məqsədilə 2020-ci ilədək 100 milyard dollar ayırmaq haqqında da razılığa gəlib. Obama administrasiyası bu məqsədlə 3 milyard dollar ayırmaq haqqında öhdəlik götürmüşdü. Onun 1 milyardı dərhal Yaşıl İqlim Fondunun hesabına köçürülmüşdü. Ayrılmış məbləğə görə ikinci yerdə Yaponiyadır - 1,5 milyard dollar. Almaniya eyni məqsəd üçün təxminən, 1 milyard dollar ayırıb.

Ayrılmış vəsaitin həcminə görə ABŞ birinci olsa da, məbləğin əhaliyə nisbətinə görə, Birləşmiş Ştatlar siyahıda yalnız 11-ci yerdədir. Bu göstərici üzrə ilk yerdə 581 milyon dollar ayırmış İsveç gəlir. Bu, adambaşına, təxminən, 60 dollar deməkdir. İsveç bu göstəricidə ABŞ-a 6 dəfə üstələyir.

Paris sazişinin iştirakçısı olan Azərbaycan üzərinə bir sıra öhdəlik götürüb. Ölkədə 2030-cu ilə termal, günəş və külək enerjisinin həcminin 30%-ə çatdırılması planlaşdırılır. Praktik olaraq, bütün istilik-elektrik stansiyaları qazdan istifadəyə keçirilib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, ölkə hərarət artımının 2 dərəcə Selsi ətrafında qalması səylərinə dəstək olaraq, hər il atmosferə zərərli tullantıların həcminin, təxminən, 4-5 milyon ton azaldılmasına çalışır.

 

4 illik yubanma

Paris sazişini tərk etdiklərini açıqlayan Tramp, bununla yanaşı, sazişə «ABŞ üçün doğru şərtlər”lə yenidən qoşulmaq üçün təkrar danışıqlara başlayacaqlarını da bildirib. Hər şey onun düşündüyü qədər də sadə deyil. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının sabiq Baş katibi Kristian Fiqueresin sözlərinə görə, «bu, çoxtərəfli sazişdir. Heç bir ölkə onun şərtlərini birtərəfli qaydada dəyişdirə bilməz».

Bundan başqa, Paris sazişinin şərtlərinə görə, onu tərk etmək haqqında yazılı müraciət yalnız sənədin qüvvəyə minməsindən 3 il sonra, yəni 2019-cu il noyabrın 4-də təqdim oluna bilər. Bu halda belə, müraciət edən ölkə 1 il sonra, yəni 2020-ci ilin noyabrında razılaşmadan çıxmış sayılacaq. Bu isə ABŞ-da növbəti prezident seçkisi ilinə təsadüf edir.

Yəni, Birləşmiş Ştatlar formal olaraq, Donald Trampın prezidentliyi dönəmində razılaşmadan nəinki çıxa bilməz, üstəlik, onun şərtlərinə əməl etməyə məcburdur.

 

ABŞ nə əldə edəcək?

Şist qazının fəal hasilatı və alternativ enerjinin sürətli inkişafı kömür sənayesini israrla bazardan çıxarır. Kömür mədənləri daha çox hökumətin direktiv sərəncamları ilə yox, rəqabətə davam gətirə bilmədiyi üçün bağlanır. Alternativ enerji sahəsində ənənəvi kömür və ya neft sektoru ilə müqayisədə daha çox insan çalışır. Ölkədə yeni elektrik enerjisi obyektlərinin 60%-dən çoxu külək və ya Günəş elektrik stansiyalarıdır.

Ölkənin hər bir şəhərinin, ştatının öz inkişaf strategiyası və öz büdcəsi var. Onlar bu mənada, federal hökumətdən çox asılı deyil. Əhalinin bərpaolunan enerjiyə tələbatı artır və yerli administrasiyalar bunu nəzərə almaya bilməz. Bu sahədə lider Kaliforniyadır. O, qarşısına ABŞ-ın atmosferə sənaye və nəqliyyat karbon qazı tullantısını tam kəsmiş ilk ştatı olmaq məqsədi qoyub.

Beləliklə, ekspertlər Vaşinqtonun qərarının ölkənin kömür sənayesinə ciddi təsir göstərməyəcəyi qənaətindədir. Onlar hesab edirlər ki, Trampın bu qərarı, sadəcə, tullantıların azaldılması planının cüzi «zəifləmə”sinə səbəb olacaq - vəd olunmuş 26-28% yox, 20-22%.

Qeyd edək ki, ABŞ-ın dünyada atmosferin çirkləndirilməsindəki payı 16%-dir. Bu siyahıda Çin 28%-lə liderdir. Bu göstəricinin adambaşına düşən nisbətinə görə isə Birləşmiş Ştatlar Çin, Hindistan və ya Avropa İttifaqından öndədir.

Bundan başqa, zaman baxımından ABŞ dünyanın istənilən ölkəsi ilə müqayisədə daha çox kömür, neft və təbii qaz yandırıb. Bu səbəbdən, bir sıra ölkələr Paris sazişində iştirakı Birləşmiş Ştatların mənəvi borcu sayır.

Üstəlik, sazişdən imtina Vaşinqtona iqtisadi və nüfuz itkisindən başqa heç nə verməyəcək. İqtisadi baxımdan bu, ABŞ malları üçün gömrük maneələrinin yaradılması ola bilər. Bundan başqa, bütün dünyada insanların etiraz əlaməti kimi, bu ölkə istehsalı olan mallardan imtina edəcəyi istisna deyil. Transmilli şirkətlər də əvvəlkitək, tullantılarla bağlı digər dövlətlərin əməl etdiyi daha sərt qaydalarla hesablaşmalıdır.

Məsələnin siyasi tərəfinə gəlincə, bu, daha ciddi ola bilər. Hər halda, dünya siyasətinin lideri mövqeyində ABŞ-ı əvəzləmək istəyənlər az deyil. Avropa İttifaqı, Çin və Hindistan, artıq qlobal iddialarını ortaya qoyub.

 

Nəzərə almamaq olmaz

Amerikalıların, təxminən, 70%-i (50 ştatın hər birində çoxluq) Paris sazişini dəstəkləyir. Bu sənədə qarşı çıxanlar yalnız 13% təşkil edir. Hər halda, iqlim dəyişikliyi üzrə yel proqramının apardığı sorğunun nəticəsi belə olub. Ötən ilin noyabrından Trampın ətraf mühitin mühafizəsinə dair ümumdünya tendensiyasına mane olmaq cəhdinə ölkəboyu etiraz aksiyaları səngimir. Xammal şirkətləri belə, Paris sazişini vacib sayır. «Exxonmobil», «Chevron», «General Electric», «Coca-Cola», «Google», «Intel», «Hilton» otellər şəbəkəsi, «Nike», «Mars» və bir çox digər nəhəng şirkətlər Trampın bu qərarından hiddətlənib. Ümumilikdə, 15 trilyon dollarlıq kapitala malik 217 investisiya şirkətinin rəhbərləri açıq məktubla da çıxış edib: «Biz uzunmüddətli investorlar olaraq hesab edirik ki, investisiyalarımızın qorunması üçün iqlim dəyişikliklərinin yüngülləşdirilməsi əsas amildir». Sahibkarlar Trampın ətraf mühitin mühafizəsi tədbirlərinin iş yerlərinin itirilməsinə yol açdığına dair fikrilə razılaşmır.

Maraqlıdır ki, ABŞ-ın kömür şirkətləri belə, Paris sazişinin onlar üçün qlobal maraqlarının müdafiəsi baxımdan ən yaxşı format ola biləcəyini düşünür. Ölkənin «Cloud Peak Energy» kömür şirkətinin rəhbəri Kolin Marşall Donald Trampa açıq məktubunda bildirib ki, kömür istehsalçıları «Amerika əhalisinin üçdə ikisinin rəyini nəzərə almaya bilməz. Onlar isə əmindir ki, iqlim dəyişikliyi baş verir və bu, atmosferə daha çox karbon qazının buraxılmasına yol açır».

ABŞ-ın Paris sazişindən çıxdığı elan olunar-olunmaz, 3 ştat - Nyu-York, Kaliforniya və Vaşinqton Amerika İqlim Alyansını (United States Climate Alliance) yaratdıqlarını bəyan edib. Koalisiyanın məqsədi atmosferə karbon qazı tullantılarının azaldılmasına dair öhdəliklərə əməl olunmasıdır. İlk 2 ştat iqtisadiyyatının həcminə görə ölkənin ilk 4 ştatı arasında yer alır. Bu, məsələnin nə qədər ciddi olduğunu göstərir.

Alyansın koordinatoru Nyu-Yorkun sabiq meri, hazırda BMT Baş katibinin iqlim dəyişiklikləri üzrə xüsusi elçisi olan Maykl Blumberqdir. Hələlik, koalisiyada 13 ştat, 190 şəhər, 80-dən artıq universitet və 100-dən çox şirkət birləşib, lakin onların sayı hər gün artır. Koalisiyaya qoşulmuş şəhərlər arasında Trampın qərarını əsaslandıran zaman adını çəkdiyi Pittsburq da var. Prezidentin sözlərinə bu şəhərin meri Bill Peduto belə cavab verib: «Sizi əmin edə bilərəm ki, biz Paris sazişinin ədalətli işini davam etdirəcəyik. Bu, xalqımız, iqtisadiyyatımız, gələcəyimiz üçün vacibdir».



MƏSLƏHƏT GÖR:

379