19 Aprel 2024

Cümə, 22:56

QƏTƏR TİKANLI MƏFTİLLƏR ARXASINDA

ABŞ və ərəb müttəfiqlərinin zəngin əmirliyin üzərinə getməsinin səbəbi nədir?

Müəllif:

15.06.2017

Ərəb ölkələri arasında yaranmış ziddiyyət bir neçə həftədir ki, dünya siyasətinin əsas süjetlərindən biridir. Konkret desək, 10 ölkə Qətərin təcrid duruma salınması üçün birləşib. Lakin onların bu qərarının arxasında Ərəb Dünyasından kənar səbəblər gizlənir.

 

Doha ilə əlaqələrin kəsilməsi

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Misir, Liviya, Maldiv Respublikası, Mavriki Respublikası, Mavritaniya və Komor adalarının Doha ilə diplomatik əlaqələri kəsmək qərarı aydın səmada ildırım effekti verib. Qətərə qarşı çıxan ölkələr onunla bütün quru, hava və dəniz əlaqələrinin kəsildiyini bəyan edib. Beləliklə, Fars körfəzinin ərəb monarxiyaları arasında, az qala, ideal görünən münasibətlərin mif olduğu bir daha aydın oldu.

Qətər terrorçuluğu və ekstremizmi dəstəkləməkdə, həmçinin digər ərəb dövlətlərinin işlərinə qarışmaqda ittiham olunur. Qətərdən narazı olanların ittihamlar siyahısında Dohanın İranla normal münasibətlər qurmaq istəyi xüsusi yer tutur. Bu məqam, xüsusilə Səudiyyə Ərəbistanını son dərəcə narahat edir.

Məlum olduğu kimi, səudiyyəlilər Tehranı müsəlman dünyasına liderlik uğrunda özünün əsas rəqibi görür.

Dohanın «Müsəlman Qardaşları" və onunla əlaqəli sünni qruplaşmalarını dəstəkləməsi də qıcıqlandırıcı amillər sırasındadır. Bu, xüsusilə anti-Qətər kampaniyasına qoşulmuş Misiri narahat edir. Xatırladaq ki, Misir Prezidenti Abdel Fəttah əs-Sisi hakimiyyətə məhz «Müsəlman Qardaşları"n namizədi Məhəmməd Mursini devirərək gəlib və dərhal bu təşkilata qarşı əsl müharibə elan edib.

Qətərə ünvanlanmış bütün bu ittihamlar, əlbəttə ki, bəzi dövlətlərin, əsasən də Səudiyyə Ərəbistanının regional hegemonluq cəhdləri fonunda ərəbdaxili qarşıdurmanın təzahürüdür. Son illərdə Qətər adambaşına düşən gəlirin həcminə görə, dünyanın ən varlı ölkəsinə çevrilib. Eyni zamanda o, maliyyə-iqtisadi baxımdan da yalnız Fars körfəzi regionunun deyil, bütünlükdə, Ərəb Dünyasının nüfuzlu oyunçularından biridir. Tunis, Liviya və digər ölkələrdə hakim rejimlərin devrilməsi ilə nəticələnmiş «ərəb baharı» adlı prosesin əsas sponsorlarından biri məhz Doha hesab olunur. Qətər İraq və Suriyada döyüşən bir sıra islamçı qruplaşmaları dəstəkləyir. Üstəlik o, radikal vəhhabi qruplaşmalarına dəstək verən Səudiyyə Ərəbistanından fərqli olaraq, «Müsəlman Qardaşları» ilə müttəfiq təşkilatların arxasında dayanır.

Ər-Riyadla Doha arasında ziddiyyətin daha bir səbəbi, energetika sahəsinə aiddir. Qətər qaz resurslarına görə ən zəngin ölkələrdəndir. Bununla əlaqədar olaraq, belə bir fikir də var ki, Qərbin yol açdığı Suriya böhranının səbəblərindən biri də Qətərin bu ölkə ərazisi ilə Avropaya qaz xətti çəkmək istəyidir.

Lakin Qətər ətrafında baş verənlərə Yaxın Şərq üçün daha əlamətdar olan digər proseslərdən kənar baxmaq mümkün deyil. Söhbət özü-özlüyündə regional və qlobal miqyasda geosiyasi qarşıdurmanın tərkib hissəsi olan İran ətrafında yaşananlardan gedir.

 

 

«Sınmayan» İran və qılıncların rəqsi

İranla normal münasibətləri dəstəkləyən Qətərdən narazılıq iki fakt üzündən baş qaldırıb. Birincisi, ərəb-islam-Amerika sammitində ABŞ və Səudiyyə Ərəbistanı İranı kəskin tənqid etdiyi halda, Qətərin informasiya agentliyi belə bir məlumat yayıb: Qətər əmiri Tamim ben-Hamad əl-Tani Vaşinqtonla-ər-Riyadın 110 milyard dollarlıq hərbi razılaşma əldə etməsini tənqid edib və Tehranla dialoqun vacibliyini bildirib. Doğrudur, sonradan rəsmi Doha xəbəri təkzib edərək, agentliyin saytının haker hücumuna məruz qaldığını bildirib. Lakin İranla düşmən olan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digərləri qətərlilərin bu izahatına inanmayıb və bu, Doha ilə münasibətlərin kəsilməsinin səbəblərindən birinə çevrilib.

İkincisi, Qətərin İraq ərazisində girov götürülmüş əmir ailəsinin azad olunması üçün milyardlar ödədiyinə dair xəbər, sanki qızışan alovu biraz da körükləyib. Bu barədə xəbəri Britaniyanın «Financial Times» nəşri yayıb. Məlumatda bildirilir ki, pul həm «əl-Qaidə»nın Suriyadakı qanadlarından birinə, həm də İranın xüsusi xidmət orqanlarına ödənilib. Son məqam, yəqin ki, səudiyyəlilər və müttəfiqləri üçün Doha-Tehran əməkdaşlığının daha bir sübutudur.

Bütün bunlarla yanaşı, ərəb-sünni dünyasında anti-İran ritorikasını ər-Riyaddan çox ABŞ «alovlandırır». ABŞ-ın Donald Trampın rəhbərlik etdiyi yeni administrasiyası Vaşinqtonun İrana özündənəvvəlki yanaşmasına yenidən baxmaq qərarına gəlib. Söhbət Barak Obamanın prezidentliyi dövründə yürüdülmüş İran siyasətindən gedir. İndi, hətta İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşma belə, sual altındadır. Məlum olduğu kimi, bu razılaşma Obama administrasiyasının İran probleminin güc yolu ilə həlli ideyasından imtinası nəticəsində əldə olunmuşdu. Ağ evin hazırkı rəhbəri isə İranın Yaxın Şərqdə nüfuzunu artırmasına mane olmaq üçün istənilən qəti addım atmağa hazır olduğunu nümayiş etdirir. İrana mümkün hücum bəhanəsi kimi, onun terroru dəstəkləməsi də göstərilir. Bununla yanaşı, Birləşmiş Ştatlar bu regionda üstünlüyü yenidən Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığa verməyə başlayıb. İran və bir sıra digər dövlətlər isə ər-Riyadı Suriya və İranda döyüşən vəhhabi qruplaşmalarının dəstəklənməsində birbaşa və dolayısı ilə məhz bu ölkəni günahlandırır.

Bu arada İran rəhbərliyinin Tehranda Qətərin «çıxdaş» elan olunduğu günlərdə törədilmiş terror aktlarına münasibətinə də toxunmaq yerinə düşər. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) rəhbərinin müavini, general Hüseyn Salami diqqəti İranda terror aklarının ABŞ Prezidentinin «terrorçuları dəstəkləyən» Səudiyyə Ərəbistanı liderləri ilə görüşündən dərhal sonra törədildiyinə çəkib. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə birbaşa bildirib ki, «İran ABŞ-ın əlaltısının dəstəyi ilə terrora məruz qalıb». O, əlbəttə ki, Səudiyyə Ərəbistanını nəzərdə tutub.

Bununla yanaşı, Tehranın, faktiki olaraq, ona loyallığına görə cəzalandırılan Qətərin boykot olunmasına münasibəti də maraqlıdır. «Bu, qılınclarla rəqsin hələ ilk nəticəsidir», - deyə İranın Prezident Administrasiyası rəhbərinin müavini Hamid Abutalebi öz «Twitter» hesabında yazıb. Bu zaman o, ABŞ Prezidenti ilə Səudiyyə Ərəbistanı Kralı Salman ibn Abduləzizin birgə oynadıqları ənənəvi “Əl-arda” rəqsinə eyham vurub.

Həqiqətən də, anti-Qətər kampaniyasının okeanın o tayındakı fövqəldövlət tərəfindən qızışdırıldığına şübhə etmək çətindir; çünki Donald Trampın Qətərin terrorçulara ən yüksək səviyyədə dəstək verdiyinə dair bəyanatı da var. Burada bir xüsusi məqama diqqət yetirmək lazımdır: Qətər Fars körfəzinin digər ərəb monarxiyaları kimi, uzun müddət Vaşinqtonun strateji tərəfdaşı olub. Yalnız onu xatırladaq ki, əmirliyin ərazisində ABŞ-a məxsus hərbi baza var, amma ABŞ-ın liberal qloballaşma tərəfdarı kimi çıxış edən əvvəlki administrasiyasından fərqli olaraq, Trampın dövründə bu fakt ciddi strateji əhəmiyyətini itirib. Ağ evin hazırkı rəhbəri, faktiki olaraq, liberal qloballaşma maraqlarının ikinci planda olduğu kurs yürüdür. Onun «İran siyasəti»nə yenidən baxması, Ağ evin iradəsinin əleyhinə olaraq, Tehranla dostluq edən Qətəri cəzalandırmaq istəyi də bundan irəli gəlir.

 

Türkiyə özünü yetirdi

Birləşmiş Ştatların bir neçə ərəb ölkəsinin demarşına dəstək verməsi, faktiki olaraq, Qətəri təcrid vəziyyətinə salır. Qonşularla diplomatik münasibətlərin pozulması fonunda, Qətərdə fond bazarı iflasa uğrayıb, Qətər Milli Bankının səhmləri məhv olub. İndi, «Fars körfəzindəki qardaşlar»la ticarət əlaqələrinin kəsildiyi Qətərdə əhalini mal qıtlığı, qiymətlərdə artım gözləyir. Məhz bu üzdən insanlar kütləvi şəkildə mağazalara axışır, ərzaqla yanaşı, dərman, ilkin tələbat mallarını kütləvi halda alıb evlərinə daşıyır. Amma Qətərin blokadanı yarmaq, hətta düşmənlərin mümkün güc tətbiqinin qarşısını almaq imkanı hələ də qalır.

Qətərin quru və hava blokadası ilə üzləşməsindən sonra, onun üçün yeganə açıq yol qalıb - Fars körfəzi vasitəsilə İrana. Belə şəraitdə məhz Tehran Qətərə yardım əlini uzadıb. İran əmirliyi lazımi ərzaqla təmin etməyə hazır olduğunu bəyan edib.

Bununla yanaşı, Qətərə bilavasitə hərbi yardım göstərməyə hazır ölkələr də ortaya çıxıb. Söhbət, ilk növbədə, Qətərin Suriya Azadlıq Ordusuna dəstəyini yüksək qiymətləndirən Türkiyədən gedir.

Məlum olduğu kimi, Suriya müharibəsində Ankara da Suriya Azadlıq Ordusunu dəstəkləyir. Türkiyə körfəz ölkələrinin anti-Qətər gedişlərini Ankaranın özünə də qarşı yönəlmiş addım kimi qiymətləndirib və bu, təəccüblü deyil. Türkiyədə hesab edirlər ki, burada məqsədlərdən biri də Suriya münaqişəsinin həllində Rusiya-Türkiyə-İran əməkdaşlığını zəiflətməkdir.

Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu açıq şəkildə bildirib ki, Ankara bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsməsindən məyusdur. O, həmin ölkələri dialoqa çağırıb. Yeri gəlmişkən, ərəbdaxili parçalanmada maraqlı olmadığını göstərib. Vaşinqton, ər-Riyad və digərləri ilə qarşıdurmada Dohanı dəstəklədiyini dolayısı ilə ortaya qoyub.

Ankara isə Qətərə dəstək anlamında daha bir strateji addım atıb. Türkiyə Parlamenti Qətərlə bu ölkə ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair razılaşmanı ratifikasiya edib. Bundan dərhal sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılaşmanın ratifikasiyasına dair Sərəncam imzalayıb. Beləliklə, Ankara, əslində, Doha ilə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair hələ 2014-cü ildə imzalanmış razılaşmaya əsasən, strateji ittifaq yaradıb. Beləlikdə, hərbçilərini Qətərə göndərməyə, orada hərbi baza yaratmağa hazır olduğunu bəyan edən Ankara, Dohanı tək qoymayacağını göstərib.

Türkiyənin ardınca Pakistan da Qətərə hərbi kontingent göndərməyə hazır olduğunu bəyan edib. İslamabadın Qətərə 20 mindən artıq hərbçi göndərəcəyi gözlənilir. O, bunu hərbi sahədə ikitərəfli əməkdaşlığa dair razılaşmaya uyğun edəcək.

Ankara ilə İslamabadın bu addımları, əlbəttə ki, bəzi suallar yaradır. Birincisi, bu iki ölkənin Qətərə hərbi dəstəyi onların sıx əməkdaşlıq etdiyi Səudiyyə Ərəbistanına qarşı çıxdıqları anlamına gəlirmi? Yoxsa bu, sadəcə, ərəblərin barışmasına yardım aksiyasıdır?

Digər və heç də az əhəmiyyət daşımayan sual: Ankara ilə Pakistanın demarşını regionu yenidən formalaşdırmaq cəhdinə qarşı çıxanlara güzəştə getməyəcəyini nümayiş etdirən Vaşinqtonun yeni Yaxın Şərq siyasətindən narazılıq kimi qiymətləndirmək olarmı?

Qətərdə baş verənlər ətrafında ortaya çıxan bu və digər suallar vəziyyətin nə qədər çətin, təxminedilməz olduğunu göstərir. Hazırda bir şey aydındır: yaşananlar Yaxın Şərq və bütünlükdə müsəlman dünyasındakı proseslərin qlobal təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıdığını göstərir.



MƏSLƏHƏT GÖR:

367