23 Aprel 2024

Çərşənbə axşamı, 11:35

AVROKUBOKLAR – YENİ GÖZLƏNTİLƏR

Gürcüstan, Lüksemburq və Serbiya klubları Azərbaycan futbol komandalarının rəqibləri oldu

Müəllif:

01.07.2017

Azərbaycan azarkeşlərinin səbirsizliklə gözlədiyi avrokubok mövsümünə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma ilə start verildi. Azərbaycanı beynəlxalq arenada təmsil edəcək ölkə çempionu “Qarabağ”, gümüş medalçı “Qəbələ”, bürünc mükafatçı “İnter” və dördüncü yeri tutan “Zirə”nin rəqibləri məlum oldular.

Püşk ölkənin ən güclü klubu “Qarabağ”a Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia”nı rəqib etdi. Ötən mövsüm digər təmsilçimiz “Qəbələ” ilə qarşılaşan “Samtredia”nı azarkeşlərimiz yaxşı tanıyır. “Samtredia” müxtəlif illərdə fərqli adlarla fəaliyyət göstərib – “Lokomotiv”, “Sanavardo”, “Cuba”, “İberiya”. Samtredia şəhərində ilk futbol klubunun əsası 1936-cı ildə qoyulub. Həmin vaxt komanda “Lokomotiv” adı ilə SSRİ Çempionatının 2-ci liqasında mübarizə aparırdı. Özü də uzun illər ərzində Gürcüstanı yaxşı tərəfdən təmsil edib. Ən böyük nailiyyət “İberiya” adı altında 1994/1995 mövsümünə təsadüf edir. Həmin il "AL"a vəsiqə qazanan “ağ-göylər” avrokuboklardakı debüt mövsümündə uğurlu ola bilməyib. Daha doğrusu, Samtredia təmsilçisinin bu ilə qədərki yeganə Avropa macərası 2 qarşılaşma ilə yekunlaşıb.

Uzun müddət titul qazana bilməyən “Samtredia”, nəhayət, 2016-cı ildə bu həsrətə son qoydu. Komanda ölkə çempionu olaraq, "ÇL"də mübarizə aparmaq imkanı qazandı. Komandanı 42 yaşlı Giya Tsetsadze çalışdırır. O, 2015-ci ilin iyunundan “göy-ağlar”a rəhbərlik edir. Komandanın heyətinin əsasını gürcü futbolçular təşkil edir. Bundan başqa, Ukrayna pasportu olan iki gürcü oyunçu da “Samtredia”nın şərəfini qoruyur.

Məlum olduğu kimi, Gürcüstan Çempionatı hazırda davam edir. “Samtrediya” 17 oyundan sonra 3-cü pillədə qərarlaşıb. Komanda 9 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət fonunda 30 xal toplayıb. Qeyd edək ki, “Samtredia”, artıq ölkə kubokunda mübarizəni dayandırıb. Komanda 1/8 finalda “Torpedo”ya uduzub (0:2). 

Maraqlıdır ki, avrokuboklar tarixində Azərbaycan və Gürcüstan klubları 7-ci dəfə üz-üzə gələcək. Buna qədər iki ölkə təmsilçilərinin 6 dueli baş tutub. Təmsilçilərimizin üstünlüyü ilə keçən görüşlərdə komandalarımız 4 dəfə mərhələ keçib. Gürcüstanlılar isə yalnız iki dəfə bunu bacarıb. Qonşularımızın qənimləri “Neftçi” və “Qəbələ”dir. Bu klublar hərəyə 2 dəfə rəqibi mübarizədən kənarlaşdırıb. Bakılılar “Zestafoni” və “Çixura”nı, “Qəbələ” isə Tiflis “Dinamo”su ilə “Samtredia”nı keçib. Gürcüstanlılar yalnız “Sioni”nin “Bakı”, “Tiflis”in “Şəmkir”i dayandırmasına sevinib. Göründüyü kimi, “Qarabağ” ilk dəfə qonşularımızla görüşəcək. Altı duel çərçivəsindəki 12 oyunun nəticələrinə gəlincə, bərabərlik hökm sürür. Belə ki, hər iki ölkə təmsilçiləri 5 qələbə qazanıb, 2 dəfə isə bərabərlik olub. Top fərqində komandalarımız üstündür. Futbolçularımız 19 qol vurub, 15-ni buraxıb.

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "R+"a açıqlamasında püşkü belə dəyərləndirib: “Potensial rəqiblərdən ən çətini düşdü. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə tam heyətlə iyunun 20-dən sonra təlim-məşq toplanışına başlamışıq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq, çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”. 

Avroliqada çıxış edəcək “İnter” ilk mərhələdə Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. “Mladost”un əsası 1952-ci ildə qoyulub. Luçani təmsilçisinin 65 yaşı olmasına baxmayaraq, ciddi uğurları yoxdur. Komanda 1994/1995 mövsümündə yüksək liqaya vəsiqə qazanıb. Ancaq komanda elitada cəmi bir mövsüm çıxış edib və yenidən aşağı yuvarlanıb. Nəhayət, 2006/2007 mövsümündə “Mladost” yenidən güclülər dəstəsinə qayıdıb. Ancaq bu dəfə də sabitlik nümayiş etdirə bilməyən Luçani təmsilçisi cəmi 1 mövsüm elitada qala bilib və ardınca aşağı liqaya enib.

Ötən mövsüm 4-cü olan “Mladost” tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib. Maraqlıdır ki, rəqibin formasını geyinmiş futbolçulardan biri də yığmamızın sabiq hücumçusu Murad Hüseynovdur. O, 2009-2011-ci illərdə Luçani təmsilçisinin şərəfini qoruyub. “Mladost”u 2014-cü ildən yerli mütəxəssis Nenad Milovanoviç çalışdırır. Onun 47 yaşı var, futbolçu dönəmində müdafiəçi olub. Komandada yerli oyunçular üstünlük təşkil edir. Luçani təmsilçisinin heyətində Bosniya və Herseqovina, Monteneqro, Kamerun və Nigeriyadan legionerlər var. Serbiya klubu bu yay bir neçə yeni transfer reallaşdırıb. Onlar arasında Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appya da var. Ötən mövsüm “Mladost”un bombardiri Milan Bojoviç olub. O, meydanda olduğu 26 çempionat matçında 16 dəfə rəqib qapılarına yol tapıb.

Püşk klublarımızı növbəti dəfə Serbiya təmsilçisi ilə üz-üzə qoyub. İndiyədək komandalarımız 6 dəfə bu ölkədən olan rəqiblə görüşüb. Bunlardan biri Yuqoslaviya, beşi isə Serbiya dönəminə təsadüf edib. “Mladost”la qarşılaşacaq “İnter”in özü də 9 il öncə serbiyalılarla münasibətlərinə aydınlıq gətirib. Həmin vaxt bakılılar “Partizan” səddini keçə bilməyib. Ümumiyyətlə, indiyə qədər komandalarımız yalnız bir dəfə serbiyalıları mübarizədən kənarlaşdırıb. Buna 2 il əvvəl “Qəbələ” nail olub. Əyalət təmsilçisi iki oyunun nəticəsinə görə, “Çukariçki”dən güclü olub. On iki oyunda yalnız 1 qələbə qazanmışıq. Dörd heç-heçəsi olan təmsilçilərimiz 7 dəfə meydandan məğlub ayrılıblar. Qeyd edək ki, iki ölkə klubları arasında ilk matç 1999-cu ildə “Neftçi” və “Srvena Zvezda”nın duelində gerçəkləşib.

“İnter”in baş məşqçisi Zaur Svanadze püşkü normal qiymətləndirib. Onun fikrincə, “Mladost” heç də asan rəqib deyil: “Deyərdim, ən çətin rəqib bizə qismət oldu. Püşkdə seçim imkanı yoxdur. Sona qədər mübarizə aparacağıq. Heyətdə dəyişikliklər olsa belə, komandaya inanıram. İlk oyunumuz səfərdə olacaq. Deməli, rəqibi yaxşı təhlil etmək imkanımız olacaq”.

Avroliqada ilk dəfə çıxış edəcək “Zirə”yə Lüksemburqın “Differdanj” klubu qismət olub. “Differdanj”ın yaranma tarixi 2003-cü ildən hesablanır. Klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb. 2003-cü ildə “Red Boys Differdanj”la “AS Differdanj” birləşdi. Həmin vaxt birincilər 2-ci, ikincilər isə 3-cü liqada mübarizə aparırdılar. 2003/2004 mövsümündən Lüksemburqun 2-ci divizionunda mübarizəyə başlayan “Differdanj” iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib. “Qırmızı-qaralar” 2008/2009 və 2014/2015 mövsümlərində ölkə çempionatının gümüş medalını qazanıb. Bundan başqa, 4 dəfə də ölkə kubokunun qalibi olub. İki klubun birləşməsindən əvvəl isə “Red Boys Differdanj” 6 dəfə ölkə çempionu olub, 15 dəfə də kuboku qazanıb. Özü də sözügedən klubun əsası 1907-ci ildə qoyulub. Lakin iki klubun birləşməsindən yaranan “Differdanj”ın yaranma tarixi “Red Boys Differdanj”un əsasının qoyulmasından yox, məhz 2003-cü ildən hesablanır.

2007-ci ildə avrokubok macərasına başlayan “qırmızı-qaralar” 2009/2010 mövsümündən Avropa arenasında müntəzəm çıxış edir. “Zirə”nin rəqibi, hətta bir dəfə Avroliqanın pley-off mərhələsinə qədər irəliləyib. Bu 2011/2012 mövsümünə təsadüf edib. Həmin vaxt “Levadiya” və “Olimpiakos”u mübarizədən kənarlaşdıran “Differdanj” yalnız "PSJ" səddinə ilişib.

Komandanı fransız Paskal Karzaniya çalışdırır. O, ötən ilin yayından “Differdanj”ın “sükanı arxasındandı”. Lüksemburq klubunun heyətində yerli futbolçular daha çox olsa da, əcnəbilər də yetərincədi. Legionerlərin əksəriyyəti Fransadandır. Bununla belə, komandada Tunis və Belçikadan da oyunçular var. “Differdanj” son mövsüm ölkə çempionatının gümüş medalçısıdır. Karzaniyanın yetirmələri keçirdiyi 26 oyunda bu nəticələrə imza atıblar: 20 qələbə, 5 heç-heçə, 1 məğlubiyyət.

Qitəmiqyaslı turnirlərdə Lüksemburq təmsilçiləri ilə ikinci dəfə yollarımız kəsişəcək. “Zirə” və “Differdanj”a qədər yalnız bir dəfə – ötən tsikldə rəqib olmuşuq. Belə ki, ötən il Çempionlar Liqasında “Qarabağ” iki oyunun nəticəsinə görə lüksemburqlulardan üstün olub. 

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Differdanj” komandası haqqında bu fikirdədir: “Avrokubok təcrübəsi olan komandadır. Bildiyiniz kimi, biz debütantıq. İlk mövsümdə uğur qazanmaq istəyirik. Ən azı, iki mərhələ keçmək istəyirik. İlk rəqibimiz güclü komandadır. Bununla belə, yetirmələrimə inanıram”.

Yarışa II təsnifat mərhələsindən başlayan “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibinə rəqib olub. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.



MƏSLƏHƏT GÖR:

419