18 Aprel 2024

Cümə axşamı, 14:45

TEATR ARAŞDIRMASI

Sentyabr ayında Rus Dram Teatrı gənc azərbaycanlı rejissor Ərşad Ələkbərovun qeyri-adi tamaşasının premyerasını təqdim edəcək

Müəllif:

01.07.2017

Teatr söz-söhbətləri tez yayılır axı. Yeni təfsilatlarla zənginləşdirilir, təsəvvürləri qarışdırır və adamda həqiqəti üzə çıxarmaq istəyi yaradır. Bu dəfə teatr çevrələrində söhbət yayılıb ki, Rus Dram Teatrında hansısa plandankənar pyes səhnəyə qoyulur. Baş rolu - Kral obrazını isə Xalq artisti Fəxrəddin Manafov oynayır. Deyirlər nə pyes, nə də rol sadə, sıradan deyil, üstəlik, Rus Dram Teatrı üçün ənənəvi iş sayılmır. Çünki bu tamaşa bir çox alışdığımız stereotipləri məhv edəcək.

Onu da deyirlər ki, F. Manafovun tərəf-müqabili tanınmış aktrisa Mehriban Zəkidir. Onlarla bir səhnəni teatrın gənc, perspektivli aktyorları bölüşəcək və bu, onların F. Manafovla teatrda ilk işi olacaq.

Fantaziya və şayiələrin ən maraqlısı isə rejissorun kimliyi ilə bağlıdır. Kimisi bu tamaşanın, sadəcə, bizim universitet məzunlarından birinin diplom işi, kimisi isə Naxçıvandan olan gənc və cəsarətli bir rejissorun səhnələşdirdiyi tamaşa olduğunu iddia edirdi. Amma başqa versiyalar da vardı. Həmin versiyaların birinə görə, gənc rejissor, ümumiyyətlə, ya Rumıniyadan, ya da Ukraynadan gəlib və Vsevolod Meyerholdun erkən çağlarının ruhunda tamaşalar qoyur (Vsevolod Meyerhold rus sovet teatr rejissoru, aktyor və pedaqoqdur. Teatr qroteskinin nəzəriyyəçisi və praktikidir, «Biomexanika» adlanan sovet aktyorluq sisteminin yaradıcısıdır - müəllif). Özü də tamaşa yalnız Meyerholdun özünün qadir olduğu tərzdə, müxtəlif fiziki yüklənmələrlə və biomexaniki tapıntılarla müşayiət olunacaq. Lakin dramaturqun adı Ejen İonesko, pyesin adı isə «Kral ölür» olmasa idi, hər şey, qəribə də olsa, tamamilə qəbuledilən ola bilərdi.

Ötən əsrin 1980-ci illərində rejissorların böyük uğurunu qazanmış absurd dramlar, hətta rejissor bir az özündə olmasa belə, Meyerhold novatorluğuna uyğun gəlmirdi. Şayiələrə son qoymaq və suallardan yaxa qurtarmaq üçün teatra yollanır və ətraflı məlumat almağa çalışırıq. İlk sualı teatrın direktoru Ədalət Hacıyevə veririk.

- İoneskonun əsərini səhnələşdirən rejissor haradan gəlib?

- Sankt-Peterburqdan.

- Doğrudurmu ki, o, dram artistlərindən bir qədər fərqli tərzdə istifadə edərək, İoneskonu Meyerhold stilində tamaşaya qoyur? Manafovun kralı, az qala, Qudini tipli sehrbaz olacaq? (Qudini amerikan illüzionçusu, filantropu və aktyorudur. Şarlatanları ifşa etməsi və mürəkkəb trükləri ilə məşhurdur - müəllif).

- Hər şey ola bilər, bu, rejissorun hüququdur... Direktor müəmmalı şəkildə gülümsəyərək, sualımıza cavab verməyə həvəsli görünmədiyi üçün, üz tutduq artistlərə. Mehriban Zəki ilə məşq zalına gedən yolda rastlaşdıq, əlində çox sayda işarələnmiş səhifələr var idi. Bu, onun rolu idi.

- Doğrudurmu ki, siz Kraliçanı oynayırsınız?

- Doğrudur.

- Bəs bu obrazın Meyerhold üslübünda təqdim olunacağı necə, o da doğrudur?

- Meyerhold? Əgər absurdu «Meyerhold manerası» adlandırmaq mümkündürsə, onda bəli, elədir.

- Sizə bu rolu oynamaq xoşdur?

- Mənə, ümumiyyətlə, sənətdə olmaq xoş gəlir. Həmişə. Teatrda və ya kinoda oynamadan özünü aktrisa kimi hiss edə bilmirsən. Oynamaq isə peşədə olmaq deməkdir. Ona görə də mənə oynamaq həmişə xoşdur. Kraliçanı xüsusilə. İndi isə bağışlayın, mən getməliyəm.

Bu söhbətdən sonra vəziyyət daha da ziddiyyətli göründü. O, nəyisə gizlədirdi. Onda birbaşa Kralın yanına getməyi qərara alırıq.

- Fəxrəddin müəllim, doğrudur ki, siz Kralı oynayan zaman Qudini kimi çox mürəkkəb fiziki hərəkətlər yerinə yetirməlisiniz? Sizin diqqət və sevginizi qazanmaq istəyən iki kraliçanın sizi tutmaması üçün kral geyimlərindən sürüşüb-çıxırsınız?

- Bu uydurmalar haradandır?

- Teatr çevrələrində belə söz-söhbət gəzir…

- Eləmi? Maraqlıdır. Bilirsiniz nə var? Bunu deyənlər o qədər də yalançı deyillər! Bəzən rejissorlar nəsə yaradırlar və bu, bizim adi və adət etdiyimiz təsəvvürlərin, qavrayışımızın çərçivələrinə sığmır. iz isə səhnədə dramatik davranışın adi, yəni ənənəvi biçiminə öyrəşmişik; məsələn, İonesko və Meyerholdu, yaxud İonesko və Stanislavskini birləşdirmək absurdur. İndiki halda pyesin durumunun özü də absurddur.

- Bəs rejissorun yozumu necədir? O da absurddur?

- Rejissorda hər şey absurd pyesi janrının qanunları çərçivəsindədir.

- Amma İoneskonun bu pyesində absurd janrı ekzistensializm ilə toqquşur (ekzistensializm - gerçəkliyin intuitiv metodla dərkidir - müəllif).

- Doğrudur. Ancaq onlar toqquşmurlar, məntiqi şəkildə bir-birinə keçirlər.

- Olsun. Keçirlər. Nəhayət, Rus Dram Teatrının səhnəsində nə baş verəcək: absurd, təqdimat teatrı, hisslər teatrı? Nə?

- Sizin səbrsizliyiniz xoşuma gəlir. Bu, tamamilə qanunauyğundur. Bilirsiniz niyə? Mən əlamətlərə inanıram. Sizə heç nə danışmayacağam. Yalnız onu deyəcəyəm ki, işləmək çox maraqlı və çox mürəkkəbdir. Mənə bir aktyor kimi bu cür sənət təcrübəsi çox vacib və lazımlıdır. Bu, özümü peşəkar kimi formada saxlamağa yardım edir.

- Necə?

- Bu barədə premyeradan sonra. Amma indi bağışlayın, mənim səhnəmdir. Mən onsuz də sizinlə danışmaqla qaydaları pozdum. Gənc aktyorlarla danışın.

Sanki incimək lazım idi. Bu nə deməkdir?! Xalq artisti, Azərbaycan tamaşaçısının sevimlisi, əsl qafqazlı maço obrazının təcəssümü sadə bir suala cavab vermək istəmir! Amma başqa tərəfdən ulduzdan incimək ağılsızlıqdır və bir nəticəsi də olmayacaq, ən yaxşısı, cavanlarla danışmaqdır. Elə bu vaxt gözümə uzun məşq ətəkliyinə bürünmüş və dərin fikirlərə qərq olmuş Həcər Ağayeva sataşdı. Məşqə gedərkən saxladım.

- Sirli rejissorun quruluş verdiyi tamaşa haqqında siz nə deyə bilərsiniz?

- O, sirli deyil, istedadlıdır. Onunla məşq etmək maraqlıdır. O, işi elə qurur ki, biz daim hərəkətdə oluruq. Mən qəhrəmanımın və hansısa başqa personajın başına gələnlərdən bir dəqiqə belə olsun ayrıla bilmirəm.

- Bəs bu tamaşa nə barədədir? Doğrudur ki, bu rejissorun yanında aktyorlar nə vaxtsa Meyerholdun yanında olan kimi səhnələr oynayırlar?

- Tamaşanın nə barədə olduğunu, yəqin ki, məndən soruşmalı deyilsiniz. Aktyorların hərəkətlərinə gəldikdə isə, Meyerholdda məhz belə olduğunu deyə bilmərəm, amma bizdə gerçəkdən qeyri-adidir. Daha dəqiqi, alışdığımız kimi deyil. Bağışlayın, mən daha danışa bilmərəm, baxın, Dubovitskaya gəlir. Bəlkə onunla danışasınız?

Mariya Dubovitskaya əmin addımlarla yaxınlaşdı. İşgüzar və enerjili görünürdü.

- Bağışlayın, siz Kralın ikinci arvadını oynayırsınız? Kiçik arvadını. Bu tamaşa sevgi ehtirasları və qısqanclıqdan bəhs edir?

- Arvadını? Yox. Mənim kraliçam Mariya Kral üçün arvaddan daha irəlidir. İkinci arvad? Bu, həddindən artıq sadə və həddindən bayağı olar. Bizdə hər şey daha mürəkkəbdir! Hər şey qeyri-adi və çətindir. Bu mənim çox xoşuma gəlir…

- Tamaşa nədən bəhs edir?

- İstənilən halda, o, bayağı qısqanclıq barədə deyil, bu, dəqiqdir!

- Bəs nə barədədir? Yuxuyabənzər həyat barədə?

- Yuxuya? Maraqlı ehtimaldır. Bəlkə də, bunda müəyyən qədər gerçəklik tapıla bilər… Bilmirəm. Düşünərəm. Siz, yaxşısı budur, Oleq Əmirbəyov ilə danışın. O, çox ağıllıdır və konsepsiyadan xəbəri var.

Üzr istəyən aktrisa sürətlə zala yollanır və mən düşündüm ki, Əmirbəyovun ulduzu o qədər parlayıb ki, çətin ki, konsepsiyalar barədə danışsın. Amma yanılmışdım. O heç də lovğalıq etmədi, çox mehriban, gülərüz, erudit və bir az da ironik davrandı.

- Oleq, üzərində işlədiyiniz tamaşa haqqında nə deyə bilərsiniz?

- Tamaşa barədə nə danışa bilərəm ki? Mən, sadəcə, öz rolum üzərindəki işim barədə danışa bilərəm, amma hələ ki, o barədə də danışmayacağam. Birincisi, rol axtarış prosesindədir. İkincisi, bu barədə premyeradan sonra danışmaq daha yaxşıdır. Üçüncüsü, tamaşa barədə yalnız rejissor danışa bilər. O dəqiq bilir ki, nə barədədir. Onun əhvalatıdır. Bağışlayın, sentyabr ayında premyeradan sonra danışarıq.

Burada nəsə doğru deyil. Niyə heç kim heç nə danışmır? Mehriban Zəki cavablardan qaçdı, Manafov filosofluq etdi, gənc artistlər də birbaşa cavablardan qaçdılar… Bəs, nə baş verir? Yenidən direktor Ədalət Hacıyevə üz tutduq.

- İnadkarlığa görə üzr istəyirik, bəlkə, siz rejissor barədə danışasınız: kimdir o, nə haqqında tamaşa qoyur? Bilirsiniz, şəhərdə cürbəcür söhbətlər gəzir, sizin aktyorlar cavablardan qaçırlar. Bəlkə, sizin bu sirli məşqlər barədə nəsə danışasınız!

- Görürəm, siz artıq rejissorun imicinin sehrinə düşmüsünüz. Amma elə də narahat olmayın. Sizdə əsaslandırılmamış sirlilik təəsuratı yaranıb? Bu yaxşıdır. Tamaşa hadisələrin canlı sehridir, səhnə hərəkətinə bürünmüş düşüncədir. Mən də bizim aktyorlar kimi, tamaşanın nədən olduğunu danışmayacağam. Yalnız onu deyəcəyəm ki, qeyri-adidir. Bizim teatrın səhnəsində heç vaxt absurd pyes tamaşaya qoyulmayıb. Absurd da insanın ətraf mühitə münasibətinin variantlarından biridir Bu, məişət gerçəkliyinin çərçivəsindən kənarda qalan bir şeydir, onun rasional izahı yoxdur. Mənim üçün də maraqlıdır ki, İonesko tərəfindən düşünülmüş süjetdən Ərşad Ələkbərov nə yarada biləcək. Bizim rejissorun adı beldir. O, azərbaycanlıdır, bakılıdır, Naxçıvanda anadan olub, Bakıda böyüyüb. Sankt-Peterburq Teatr Sənəti Akademiyasının məzunudur. Rusiyada populyar olan rejissor Semyon Spivakın yetirməsidir. Peterburqda yaşayıb işləyir. Bu, onun Bakıda ilk işi deyil. İki il əvvəl Milli Dram Teatrında Fuad Poladov üçün «Müsyö İbrahim və Quran rəngləri» tamaşasına quruluş verib. İndi isə bizdə «Kral ölür» tamaşasını qoyur. Hər gün məşq gedir, hər gələn gün bu məşqlərə bir qədər də sirlilik qatır. Teatrda bu barədə əfsanələr dolaşır. Növbətçi rekvizitçilər bu tamaşada hər şeyin alışılan kimi olmaması barədə «qorxulu» əhvalatlar danışırlar. Süjet necə də qəribədir! Bu, onların absurd teatrda deyil, ənənəvi teatrda alışdıqları heç nəyə bənzəmir. Bu cür söhbətlər, siz bilirsiniz, ümumi iş üçün yaxşı stimuldur. Daha doğrusu, yaradıcılıq üçün. Özünümaarifləndirmə üçün də, yeri gəlmişkən. Aktyorlar mənə danışıblar ki, əməkdaşlardan bəziləri, artıq XX əsr ədəbiyyatında absurdun hansı ideya ilə ifadə edilməsi ilə maraqlanıblar. Ekzistensializm ideyası ilə niyə qovuşmadığı ilə də maraqlanırlar. Məncə, bu yaxşıdır. Ola bilər ki, bizim izləyicilərimiz də bunu edəcəklər. Bakı tamaşaçısının bizi ənənəvi teatra və ənənəvi dramaturgiyaya bağlılıqda günahlandıran qisminə isə biz artıq alternativ dramaturgiya təklif edə bilərik.

Yenidən məşq zalındayıq. Nələrəsə baxmaq, hətta şəklini çəkmək mümkün oldu. Amma rejissorla söhbət etmək heç cür alınmadı. O, məşq atmosferinə elə qərq olmuşdu ki, hətta jurnalistin orada olmasını belə hiss etmədi. Elə aktyorlar da. Onların hamısı ayrı bir həyatda yaşayırdılar. Yalnız onların özlərinin anladığı bir həyatda. Bu, ovsunlayan bir proses idi: gerçək həyatda faciə ilə baxılan məsələlər burada gülməli, demək olar ki, komik idi, burada hazırcavab zarafat, əyləncə kimi qəbul edilirdi. Növbəti yaradıcılıq pauzasında rejissorla danışmağa cəhd etdim, o isə yalvaran baxışlarla mənə baxıb soruşdu: "Bəlkə, bu mərhələdə tamaşa barədə danışmayaq? Hazırda biz axtarışların ən fəal fazasındayıq: xarakterlərin, münasibətlərin, qiymətlərin, özünüifadələrin…

Məşq prosesində məhz nə axtardığımız barədə danışmaq isə, ümumiyyətlə, mənasızlıqdır, mənə belə gəlir. Ən yaxşısı, tamaşaya baxmaqdır…"

Yəqin ki, o, haqlıdır. Axı bu proses çox fərdidir və bir gün üçün hesablanmayıb. Premyeranı gözləyək...



MƏSLƏHƏT GÖR:

389