25 Aprel 2024

Cümə axşamı, 10:54

LAZIMLI ADAMLAR YETİŞDİRMƏK

UFAZ-ın Baş katibi Şarlot PAYEN: «Biz sonradan işsiz qalacaq kadrlar buraxmaq istəmirik»

Müəllif:

01.07.2017

Fransa-Azərbaycan Universitetinin (UFAZ) Baş katibi Şarlot Payen (Charlotte Payen) ilə görüşümüz imtahan gününə təsadüf elədi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bazasında yaradılmış bu ali məktəb ilk tədris ilinə yekun vururdu. Dəhlizlərdə tam sakitlik hökm sürürdü və biz auditoriyaların yanından mümkün qədər səssiz keçməyə çalışırdıq ki, açıq qapılardan tələbələrin diqqətini yayındırmayaq. Buna baxmayaraq, gözucu bəzi auditoriyalara nəzər sala bildim - üzlər ciddi, mühit isə işgüzar idi, lakin gərginlik hiss olunmurdu. Şarlot Payen ilə söhbətdən aydın oldu ki, məşhur Strasburq Universitetinin metodikası məhz buna hesablanıb. Yeri gəlmişkən, UFAZ-ın Baş katibi olan gənc fransız xanım rusca çox gözəl bilir. Özü də Bakı ləhcəsində danışır, bəzən isə nitqinə, hətta son vaxlar öyrənməyə başladığı Azərbaycan dilindən ifadələr də əlavə edirdi.

- Şarlot, öz fəaliyyətinizin birinci ilini hansı nəticələrlə bitirirsiniz?

- İndidən bir şey demək istəmirəm, çünki il hələ başa çatmayıb və bu gün yekun imtahanları keçirilir. Amma bütövlükdə demək olar ki, birinci ilin nəticələrindən razıyıq. Əvvəllər tələbələr üçün çətin olsa da, fikrimcə, artıq çoxu bizim metodikaya alışıb.

Dərslərimiz ingilis dilində keçirilir. Bu il biz fransız liseyinin laboratoriyalarında kimya dərsləri də təşkil etmişik. Strasburq Universiteti tələbələrin praktiki hazırlığına böyük önəm verir. Onlara bu il fransız dili öyrətməklə yanaşı, fransız mədəniyyəti ilə də tanış etmişik. Bu məqsədlə UFAZ-da frankofoniya təşkil etmişik. Yəni birinci ildə tələbələr ingilis dili ilə yanaşı, fransız dilini də öyrənməyə imkan qazandılar. Fransada bakalavr təhsili 3 il, sizdə isə 4 il çəkir. Odur ki, birinci il biz tələbələri yalnız fransız bakalavriatının səviyyəsinə hazırlayırıq. Bu «faundeyşn» mərhələsidir. Buna görə də bu il bizim üçün çox önəmlidir.

- Görülən işlərin ən yaxşı qiymətini imtahanlar verir. Sizcə, tələbələr bugünkü final imtahanlarından necə çıxacaqlar?

- İndiyə kimi onlar çox imtahan veriblər. Bizim sistemə görə, tələbələr hər ay imtahandan keçir. Bu, tələbələri formada saxlamaq üçündür. İlin sonunda hər bir imtahanın nəticəsi nəzərə alınır. Yəni biz onları ümumiləşdirib, ortaq bal çıxarırıq. Artıq indidən deyə bilərəm ki, tələbələrin 90%-i birinci ili uğurla bitiriblər və sentyabra hazırdırlar.

- Azərbaycan tələbələrinin səviyyəsi sizi qane edirmi? Məktəbdən gələndə nə qədər hazırlıqlı idilər?

- Bilirsiniz ki, biz 500 baldan yüksək toplayan ən yaxşı tələbələri seçdik. Bizdə tələbələrin orta balı 585-dir. Sonra onlar Strasburq Universiteti tərəfindən təşkil edilmiş ikinci imtahandan keçdilər. Yəni seçim çox ciddi idi. Onlar artıq sentyabrda bizə çox hazırlıqlı gəlmişdilər və hər şeyi çox sürətlə mənimsədilər. Düzdür, ilk aylar metodikaya alışmaq çətin idi. Uşaqlar testlərə alışmışdılar, biz isə testdən istifadə etmirik, ancaq açıq suallardan yararlanırıq. Tələbələr hazır variantlardan doğrusunu cavabı seçmək əvəzinə, özləri düşünməyi bacarmalıdırlar. Biz dərslərdə böyük fəallıq tələb edirik. Bəzən müəllimlər evə dərs verirlər. Amma biz istəyirik ki, onlar hər şeyi dərslərdə yerinə yetirsinlər. Bu, onların universitet məşğələlərinə baxışının dəyişdirilməsi üçündür. Yəni sadəcə, gəlib mühazirə yazıb, getməklə iş bitmir.

- Bu yaxınlarda UFAZ ikinci tədris ili üçün əvvəlki dörd ixtisas üzrə qəbul elan edib. Gələcəkdə ixtisas sayını artırmaq niyyətiniz varmı?

- Prinsipcə var. Bizə işimizdə Azərbaycan Təhsil Nazirliyi tərəfindən ciddi dəstək var. Amma sizə səmimi deyəcəyəm, bizdən ötrü kəmiyyət yox, keyfiyyət önəmlidir. Hazırda malik olduğumuz dörd ixtisas üzrə mövqelərimizi gücləndirməyi düşünürük. Gələcəkdə əlavə nələrsə, o cümlədən magistratura səviyyəsində nəsə açmaq barədə düşünə bilərik.

- Ümumiyyətlə, sizcə, UFAZ üçün daha hansı ixtisaslar maraqlı ola bilər? Yəni Azərbaycanda daha çox kimlərə tələb var?

- Məqsədimiz yaxşı mütəxəssislər yetişdirməkdir ki, sabah ali məktəbi bitirdikdən sonra iş tapa bilsinlər. Yəni məramımız lazımlı adamlar yetişdirməkdir. Biz sonradan işsiz qalacaq kadrlar buraxmaq istəmirik. Bilirik ki, Azərbaycan özü də neft-qaz sektorundan kənar ixtisasların inkişafı üzərində işləyir; məsələn, mən bilirəm ki, sizdə kənd təsərrüfatında, ətraf mühatin mühafizəsi sahəsində böyük potensial var.

Ancaq UFAZ-ın Baş katibi olaraq, sadəcə ixtisaslar dairəsini genişləndirməyin tərəfdarı deyiləm. Bu, yalnız mənim fikrim deyil, həm də bütün tərəfdaşlarımızın fikridir. Biz Təhsil Nazirliyi ilə işləyirik və onların tələblərinə də cavab verməliyik.

- Sizdə təhsil pulsuzdur, yoxsa pullu qruplar da var?

- Pullu qruplar azlıq təşkil edir. Plana görə bizdə 160 yer var və bunun 120-si pulsuzdur, 40-ı pulludur. Bu il 141 tələbə qəbul etmişik, onların 120-si pulsuz oxuyur, 21-i pullu. Biz bu imkana sevinirik. Fransa Dövləti və Strasburq Universiteti üçün bizdə tələbələrin çoxunun pulsuz oxuması önəmlidir. Siz bilirsinizmi, Fransada dövlət universitetləri pulsuz təhsil verir? Çox şadıq ki, Azərbaycan Dövləti də bu cür imkan yaradır.

- Azərbaycan Prezidentinin ötən il imzaladığı Sərəncama görə, UFAZ-ın fəaliyyətinə, eyni zamanda, bir neçə universiteti cəlb etmək imkanı var. Hazırda layihəyə ADNSU, Strasburq Universiteti və «Ren-1» Universiteti qoşulub. Gələcəkdə başqa ali məktəblərin də qoşulması gözlənilirmi? Bununla bağlı danışıqlar aparılırmı?

- Prinsipcə, bu mümkündür. Bu, həm də bizim hazırladığımız ixtisaslarla bağlıdır; məsələn, «Ren-1» bizə qoşulub, çünki neft və qaz ixtisasları üzrə gözəl mütəxəssisləri var ki, Strasburq Universitetində bunlar yoxdur. Əgər biz sabah, məsələn, Strasburq Universitetində olmayan kənd təsərrüfatı mütəxəssisləri hazırlamağa başlasaq, onda başqa universitetləri də cəlb etmək imkanı olacaq.

- Sizin bəhs etdiyiniz təhsil keyfiyyətini təmin etmək üçün planlarınız necədir?

- Hazırda Strasburqda olan fizika və kimya laboratoriyalarının eynisinin burada açılmasını gözləyirik. Bu, bizim üçün çox vacibdir. Gələn tədris ilindən Nizami küçəsində UFAZ-ın yeni kampusu istifadəyə veriləcək. Bizim bu binamızda kimya və fizika üzrə eksperimental zallar olacaq ki, tələbələr, artıq sentyabrda təcrübə keçə bilsinlər. Bir il sonra üçüncü və dördüncü kurslar üçün yeni, daha güclü laboratoriya hazır olacaq. İndi o, artıq hazırlanır.

- Bu dörd ixtisasdan hansı Azərbaycan tələbələrinin daha çox marağına səbəb olur?

- Tələbələrin seçimindən baxsaq, birinci yerdə kompüter elmləridir.

- Bir az müəllim heyəti barədə... Bu, tamamilə fransız müəllimlərdən formalaşıb?

- Bu bizim layihənin çox vacib detalıdır. Çox vacibdir ki, bizim komanda qarışıq olsun - Azərbaycan və fransız mütəxəssislərdən təşkil edilsin, çünki sabah burada yerli pedaqoq dərs keçəcək. Buna görə, biz gələcəkdə azərbaycanlı həmkarlarımızı  Strasburq Universitetinə göndərmək niyyətindəyik ki, onlar fransız metodikası, laboratoriyaları ilə tanış olmaq imkanı qazansınlar. Onların səviyyəsi yetərincə yüksəkdir, Kanadada, Almaniyada oxuyublar. Yalnız bizim metodikaya alışmaqları qalıb. Onlar gəncdirlər, bu, onlar üçün elə də ciddi çətinlik təşkil etməyəcək.

- Bildiyimiz qədər, tələbələri Strasburqa yay məktəbinə də göndərəcəksiniz…

- Bəli, artıq bu ildən 40 tələbəmizi Strasburqa yay məktəbinə göndərəcəyik. Biz bu pulsuz imkandan çox məmnunuq. Tələbələr laboratoriyada işləmək, müxtəlif görüşlərdə iştirak etmək imkanı əldə edəcəklər.

- Siz dediniz ki, Fransada testlər tətbiq edilmir. Test sisteminə münasibətiniz necədir?

- Bu və ya başqa sistem barədə mühakimə yürütmək istəməzdim. Amma bizdə testlər faktiki olaraq tətbiq edilmir. Yəni hələ məktəb illərindən bizdən tələb edilir ki, hər şeyi özümüz yazaq, fikirlərimizi əsaslandıraq, mövqeyimizi formalaşdıraq və nəyin nə üçün baş verdiyini izah edək. Özüm yazmağa və fikirləşməyə alışmışam, buna görə də test sisteminə elə də öyrəşə bilmirəm. Bu baxımdan, düşünürəm ki, insanın öz mövqeyini özünün formalaşdırması daha yaxşıdır. Amma bu mənim şəxsi fikrimdir.

- Bildiyiniz kimi, hazırda təhsildə islahatlar aparırıq, nələrsə alınır, nələrsə yox. Bir xarici mütəxəssis kimi, mövqeyinizi bilmək maraqlı olardı... İlk növbədə, hansı problemlərin həllini vacib sayırsınız?

- Fikir vermişəm ki, sizdə laboratoriyalarda işləməyə az diqqət yetirilir. Bu bizim universitetlər arasındakı böyük fərqdir; məsələn, Strasburq Universitetində böyük laboratoriyalar var, orada hər bir tələbənin təcrübə aparmaq üçün öz məkanı var. Mən Azərbaycan laboratoriyalarına getmişəm və görmüşəm ki, təcrübələri, hələ ki, müəllimlər aparır, tələbələr isə kənardan müşahidə edir. Amma tələbələrin fərdi işləməsi daha arzuediləndir. Onların hər birinin öz yeri, başının üstündə havalandırma sistemi olmalıdır. Bunları mən Azərbaycanda görməmişəm. Buna görə də çox şadıq ki, bu məsələlərin üzərində işləməyi, təhsilin təcrübə bölməsindəki bu boşluğu doldurmağı bacarırıq.



MƏSLƏHƏT GÖR:

482