20 Aprel 2024

Şənbə, 03:28

XARİCİ BAZARLARA İSTİNADƏN

Kənd təsərrüfatı məhsullarının ixracı Azərbaycanda aqrar istehsal artımını stimullaşdırır

Müəllif:

01.07.2017

Bu gün ixrac həcmlərinə görə, aqrar sektor Azərbaycan iqtisadiyyatında neft-qaz sahəsindən sonra ikinci yeri tutur. Eyni zamanda, yerli ərzaq məhsulları daxili istehlakın beşdə-dördünü təmin edir və idxalı əvəzetmə göstəriciləri ildən-ilə artır. İstehsal həcmlərində hiss edilən artım, Azərbaycanda istehsal edilən aqrar məhsulların əlverişli keyfiyyət və qiymət parametrləri ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac imkanlarının da genişləndirilməsi üçün gözəl əsaslar yaradır. Artım dinamikasında müəyyən qədər azalma olmasına baxmayaraq, bütünlükdə kənd təsərrüfatında baza göstəriciləri müsbət trenddə qalmaqdadır.  

«Bu gün Azərbaycanın aqrar sektorunun inkişafında əsas səylər ixracatın ildən-ilə artırılmasına yönəldilməlidir. 2017-ci ilin yanvar-aprel aylarında aqrar ixracat bir il öncəki göstərici ilə müqayisədə 44% artıb. Bu artım, əsasən, bitkiçilik məhsulları, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı hesabına təmin edilib. Gələcəyə gözləntilərimizdən danışarkən, biz qarşıdan gələn illərdə aqrar ixracatın daha da artacağına ümid edirik», - deyə Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu yaxınlarda bildirib.

Aqrar sektorun fəal dəstəklənməsi, həmçinin milli valyutanın məzənnəsinin aşağı düşməsi yerli məhsulların xarici bazarlarda irəliləməsinə imkan yaradıb. Maraqlıdır ki, son iki ildə məhz ixrac amili kənd təsərrüfatının müxtəlif istiqamətləri üçün hərəkətverici rol oynaıb. Cari ilin yaz aylarının statistikası göstərir ki, bir sıra istiqamətlərdə artım dinamikası həddindən yüksəkdir. Belə ki, 2017-ci ilin mart ayı ilə müqayisədə, apreldə meyvə və tərəvəz ixracı 57,6%, çay ixracı 38,4%, bitki və heyvan yağları ixracı 47,1%, şəkər ixracı 59%, alkoqollu və alkoqolsuz içkilər ixracı 32,6% artıb.  

Mövsümi faraş məhsullar istehsalına da ixrac amilinin təsiri bu səviyyədə nəzərəçarpandır. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, yanvar-may aylarında kənd təsərrüfatı mallarının istehsalı faktiki qiymətlərlə 1,5 mlrd. manatı keçib ki, bu da ötən ilin anoloji dövrünün göstəricisindən 2% çoxdur. Sözügedən müddətdə heyvandarlıq sahəsində məhsul istehsalı 2,3%, bitkiçilikdə isə 0,1% artıb.

Ənənəvi olaraq, Azərbaycanda ən yüksək artım templəri heyvandarlıq sahəsində təmin edilir, burada paralel şəkildə çox sayda iri heyvandarlıq kompleksləri, həmçinin çağdaş reproduktiv artım mərkəzləri yaradılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin beş ayının nəticələrinə görə, heyvandarlıqda artım templəri 2,3% olub. Hesabat dövründə ölkədə diri çəkidə 189 min ton ət, 817,8 min ton süd, 739,8 mln. ədəd yumurta və 12 min ton yun istehsal edilib. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə, ət istehsalı 2,9%, süd istehsalı 0,5%, yumurta istehsalı isə 6,5% artıb.

Bitkiçilik sahəsində nisbətən aşağı ümumi artım göstəricilərinə baxmayaraq, bu sahənin bir sıra ixraca yönəlik istiqamətlərində istehsal yetərincə artıb. O cümlədən, cari ilin 1 yanvar tarixinə ölkədə 81,3 min tondan artıq kartof (46,1% artım olub), 107,2 min ton da (6,6% artım) tərəvəz yığılıb. Bu, təəccüblü deyil, çünki yaz aylarında məhz kartof, pomidor, xiyar, badımcan, bibər və başqa faraş tərəvəzlər Rusiyaya və digər postsovet dövlətlərinə ixracda əsas təşkil edir. Bu durum fermerləri tərəvəzçilikdə çağdaş aqrotexniki üsullar tətbiq etməyə, əkin sahələrinin müəyyən qədər azalmasına baxmayaraq, məhsul artımına nail olmağa stimullaşdırır.  

Bitkiçilik sahəsində, önəminə görə, növbəti ixrac bəndi meyvələr, giləmeyvələr və bostan bitkiləridir. İyunun 1-nə ölkədə 11,2 min ton meyvə və giləmeyvə yığılıb (1,4% azalma olub). Ancaq bu göstərici artım istiqamətində dəyişə bilər, çünki meyvələrin və bostan bitkiləri məhsullarının əsas həcmi ilin ikinci yarısına - yay və payız aylarına düşür. Maraqlıdır ki, bu ilin aprel və may aylarının qeyri-sabit havası meyvə məhsulunun azalmasına önəmli təsir göstərə bilməyib.  

«Bizim məlumata görə, Azərbaycanın bir sıra dağ rayonlarında baş verən sellər və dolu kənd təsərrüfatı məhsullarının istehsalına elə də ciddi zərər vura bilməyib. Bundan əlavə, yazda düşən yağışlar taxılçılıq, pambıqçılıq kimi sahələrdə və bütünlüklə bitkiçilikdə istehsalın inkişafı üçün müsbət amildir», - deyə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.  

Beləliklə, yağıntının artıq olması hesabına, bu il kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artıq olacağına ümid etmək olar və əgər yayda əlverişli hava davam edərsə, biz bu istiqamətdə məhsul istehsalının artacağını gözləyə bilərik.

O cümlədən, son illərin praktikası göstərir ki, taxıl əkən ölkələrdə əlverişli hava şəraiti və vaxtında görülən aqrotexniki qulluq məhsuldarlığın artımının əsas şərtidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yaz əkininin başlamasından 1 iyun tarixinə kimi, ölkədə 67,6 min hektar sahədə dənli və dənli paxlalı bitki (o cümlədən, 32,3 min hektar sahədə yem qarğıdalısı) əkilib.  

Yaz yağışları bir sıra regionlarda taxıl biçinini ləngidib və iyunun 1-nə 7,4 min hektar sahədən 17,5 min ton buğda yığılıb ki, bu zaman məhsuldarlıq 23,7 s/ha təşkil edib. Müqayisə üçn keçən ilin anoloji dövründə 34,9 min ha ərazidən 78 min ton taxıl yığılmışdı ki, məhsuldarlıq bir qədər (22,4 s/ha) olmuşdu.  

Hazırda Azərbaycanın aran rayonlarında payızlıq taxılın biçini gedir və son məhsul həcmi avqustun sonunda yazlıq taxılın yığılmasından sonra məlum olacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, bu yaz bir sıra taxıl bitkilərinin əkinlərinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə edilib: buğda əkinləri 2,5 dəfə, arpa əkinləri 38,2%, qarğıdalı əkinləri isə 12,7% artıb. Təbii ki, bu, ölkə üzrə taxıl biçininin ümumi göstəricilərinə yetərincə töhfə verəcək. Sadalanan məlumatlar sübut edir ki, Azərbaycanda dənli bitkilərin istehsalının artırılması ilə yanaşı, əkinlərin strukturunun dəyişdirilməsi də planlaşdırılır - (dollar hesabı ilə) bahalaşmış ərzaq buğdasının idxalını yerli bərk buğda sortlarının əkini ilə əvəz etmək istəyirlər.  

Bu ilin yazında bir sıra ekspertlər proqnozlaşdırıblar ki, 2017-ci ilin yekunlarına görə, taxıl məhsulu istehsalı 2015-ci ilin göstəricisinə yaxınlaşa billə. Onda taxılçılara intensiv texniki yardım, subsidiyalar hesabına, həmçinin taxılçılıq təsərrüfatlarının iriləşdirilməsi hesabına ölkədə 3 mln. tona yaxın yemçilik və ərzaq taxılı istehsal edilmişdi. Amma ötən il bu həddə qalmaq mümkün olmadı və taxıl istehsalı göstəricisi 2,8 mln. tona düşdü.  

Belə görünür ki, əvvəlki illərdə olduğu kimi, bu il də buğda istehsalçılarına hər cür yardım göstəriləcək.  

«Bu gün kənd təsərrüfatı istehsalçılarına təqdim edilən güzəştlər başqa ölkələrin praktikasında müşahidə edilmir; məsələn, taxıl istehsalı üçün ayrılmış hər hektar sahəyə verilən dövlət subsidiyasının həcmi 90 manat yaxındır. Bitkiçiliyin başqa sahələrində isə dövlət yanacaq və mühərrik yağı xərclərinin qismən örtülməsi üçün 50 manat verir. Eyni zamanda, aqrar sahə istehsalçılarına kənd təsərrüfatı texnikasını lizinqə almaq üçün 40 faizlik güzəştlər tətbiq edilir», - deyə İlham Quliyev bildirib.  

Bu məqsədlə Azərbaycanda taxıl, ilk öncə, ərzaq buğdası istehsalı üzrə ixtisaslaşmış iri aqrar komplekslərinin yaradılması strategiyası davam edir. Perspektivdə mərhələli şəkildə belə təsərrüfatlara 200 min hektardan artıq əkin sahəsi ayrılması düşünülür.  

İlk ixtisaslaşdırılmış təsərrüfatlar beş il bundan əvvəl Beyləqan və Ağcabədi rayonları ərazisində yaradılıb, daha sonra yeni bir aqrar kompleksi İmişli rayonunda işə düşdü. Bütünlükdə, bu gün regionlarda 19 iri fermer təsərrüfatı fəaliyyət göstərir və onların sərəncamına 30 min hektardan artıq torpaq verilib.  

«Elit toxumlar istehsalının inkişafı Azərbaycanın kənd təsərrüfatı sektorunun qarşısında duran əsas məqsəddir. Bu məqsədə çatmaq üçün artıq kartof və tərəvəz bitkiləri toxumlarının istehsalı üzrə ixtisaslaşmış iri müəssisənin tikintisinə başlanılıb. Düşünürəm, ilin sonuna bu müəssisələr istismara veriləcək», - deyə Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.  

O, əlavə edib ki, toxumların istehsalı və emalı üzrə zavodların tikintisi gələcəkdə də davam etdiriləcək. Kənd Təsərrüfatı naziri vurğulayıb ki, rəhbərlik etdiyi qurum Azərbaycanın bir sıra regionlarında nazirliyin elmi-tədqiqat institutlarının nəzdində toxum qəbulu məntəqələrinin tikintisinə başlayıb ki, bu məntəqələrin bəziləri artıq hazırdır.  

Kənd təsərrüfatının inkişafının yeni yol xəritəsinə görə, dövlət sərmayələrinin əsas axını daha çox ixrac dəyərinə malik bir neçə istiqamətin inkişafına yönəldiləcək. O cümlədən, texniki bitkilərin - pambıq və tütünün, ipək liflərin istehsalının artımı nəzərdə tutulur. Həmçinin, üzümçülüyün və şərabçılığın, çayçılığın və arıçılığın intensiv inkişafı da nəzərdə tutulur. Fındıqçılığın, həmçinin badam və zeytun istehsalının da potensialı yüksəkdir.  

Keçən ildən pambıqçılığın inkişafına daha böyük həcmdə dövlət dəstəyi verilir. Keçən ilin mart-aprel aylarında ölkənin pambıqçılıq rayonlarında 52 min hektar pambıq əkilmişdi və 87,2 min ton xam pambıq yığılmışdı, bu, 2015-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin yazında 136 min hektar sahədə pambıq əkilib və aprelin sonuna 15 min istehsalçı ilə pambıq əkini barədə saziş bağlanıb. Mütəxəssislərin fikrincə, məhsuldarılığın, ən azı, iki dəfə artacağı gözlənilir.

«Yüksək əlavə dəyər yaradan aqrar sahələrin inkişafı üzrə görülən tədbirlər ilk nəticələrini verir. Hazırda pambıq istehsalının mərhələli şəkildə ildə 500 min tona qaldırılması üzrə işlər aparılır», - deyə Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.  

İpəkçiliyin də inkişafına böyük səylər göstərilir: görülən tədbirlər hesabına, keçən il ölkədə 71 ton ipək istehsal edilib, halbuki bir il qabaq Azərbaycanda cəmi 236 kq ipək istehsal edilmişdi. İpəkçilik sahəsinə maddi və texniki yardım bu il də göstəriləcək. «Cari ilin sonuna kimi Azərbaycanda ipək istehsalının, təxminən, 3 dəfəyə qələr artırılması gözlənilir: Azərbaycana idxal edilən barama toxumları ölkənin 31 rayonunda 3 min istehsalçı arasında bölünüb», - deyə İlham Quliyev vurğulayıb.  

Dövlət başçısı tərəfindən 19 may 2017-ci il tarixdə imzalanmış «Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında» Sərəncamı ipəkçiliyin inkişafına yetərli dəstək saymaq olar. Sənəd Qaxda cins ipəkçilik stansiyasının bərpası üçün 4,5 mln. manat ayrılmasını, əlavə istehsal sahələri yaradılmasını, çağdaş avadanlıqların alınmasını, ipək lifi istehsalçılarının elit və hibrid tut barama toxumları ilə təmin edilməsini və bu sahədə seleksiya-damazlıq işlərinin təşkilini nəzərdə tutur.

Bütünlükdə, Azərbaycanda kənd təsərrüfatının inkişaf perspektivləri, xüsusilə qeyri-neft sektorunun digər sahələrinin tənəzzülü fonunda yetərincə optimist görünür. Dünya Bankının (DB) yeniləşmiş regional «Tradein Transition» hesabatına görə, 2017-ci ilin yekunu üzrə Azərbaycanda kənd təsərrüfatı artımının 3,4%-ə bərabər olcağı gözlənilir. Hesabata görə, Azərbaycanın aqrar sektoru 2018-ci ildə 4,2%, 2019-cu ildə isə 4,5% artacaq. DB ekspertləri sanır ki, qarşıdan gələn iki il ərzində Azərbaycan kənd təsərrüfatı sahəsində artım göstəricisinə görə Cənubi Qafqazda birinci olacaq, Avropa və MDB üzrə isə ən yüksək göstəricilərindən birini nümayiş etdirəcək.

 



MƏSLƏHƏT GÖR:

370