25 Aprel 2024

Cümə axşamı, 23:08

GÖZLƏNİLƏN GÖRÜŞ

Donald Tramp ilə Vladimir Putinin şəxsi görüşü ABŞ-Rusiya gərginliyini azaldacaqmı?

Müəllif:

01.07.2017

Yəqin ki, ABŞ-ın yeni Prezidentinin inauqurasiya günündən bu yana əsas intriqa iyulun 7-8-də Hamburqda keçiriləcək "G20" sammiti çərçivəsində baş tutmalı olan Tramp-Putin görüşü ətrafında dolaşır. Görüş mütləq keçiriləcək. Lakin onun necə keçəcəyi, yəqin ki, dünyanın istisnasız olaraq, bütün liderlərini narahat edən məqamdır.

Trampın məsləhətçiləri ona qısa, qeyri-formal görüşlə kifayətlənməsini, hətta ümumiyyətlə, Putinlə görüşməməyi, beynəlxalq gündəmin və ikitərəfli məsələlərin iki ölkənin nümayəndələri arasında işgüzar formatda müzakirə olunmasını məsləhət görür.

Lakin Prezident israrlıdır. «O, tammiqyaslı ikitərəfli görüşün təşkilini, görüşdə KİV-in iştirakının təminini, belə danışıqlar üçün ənənəvi protokolların hazırlanmasını istəyir», - deyə AR Ağ evdəki mənbəyə istinadən xəbər verir.

Trampın Rusiya ilə yaxşı münasibətlər qurmaq arzusu illərdir, davam edən istəkdir; məsələn, hələ 2007-ci ildə o, Larri Kinqə müsahibəsində «bu oğlanın Rusiyanın imicinin bərpası üzərində əla işləməsi"ndən heyranlığını dilə gətirmişdi.

Prezident seçkisi kampaniyasının gedişində də Tramp qələbə çalacağı təqdirdə, Putin və Rusiya ilə «çox-çox yaxşı münasibətlər quracağını» deyirdi. İnauqurasiyası ərəfəsində - yanvarın 7-də isə o, Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb: «Rusiya ilə yaxşı münasibətlərə malik olmaq pis yox, yaxşı işdir. Bunun pis olduğunu yalnız səfeh insanlar düşünə bilər».

Doğrudur, Ağ evdə fəaliyyətə başladıqdan sonra, onun bu əminliyi nəzərəçarpacaq dərəcədə azalıb. Lakin Tramp özünün dediyi kimi, hələ də Rusiya rəhbərliyi ilə münasibətləri normallaşdırmağa ümidlidir. Sadəcə, artıq bunun mütləq baş tutacağını vəd edə bilmir.

Başqa cür ola da bilməz. Məsələ ondadır ki, Trampın hakimiyyətə gəlişindən sonra, onun Rusiya ilə gizli əlaqələrinə dair qalmaqallar bir-birini əvəzləyir. Mayda Ədliyyə Nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri 2016-cı ildə keçirilmiş prezident seçkisinə «Rusiyanın müdaxiləsi» ilə bağlı araşdırmaların aparılması üzrə xüsusi prokuror təyin edib. Qeyd edək ki, Müller özünün kifayət qədər sərt baxışları ilə tanınır. Buna paralel olaraq, Konqresin aşağı palatası bu istiqamətdə araşdırmalar aparır. Araşdırmalarda həm demokratlar, həm də respublikaçılar iştirak edir.

Senatın iyunun 14-də qəbul etdiyi və Rusiya iqtisadiyyatının metallurgiya, dəmir yolları, gəmiçilik kimi sahələrinə sanksiyaların tətbiqini nəzərdə tutan qərarını da Trampa inamsızlıq kimi qiymətləndirmək olar. Senatorlar, demək olar ki, həmrəydir: 100 nəfərdən yalnız 2-si bu sənədin əleyhinə səs verib. Bu durumun özəlliyi ondadır ki, Rusiyaya sanksiyaların tətbiqinə başlandıqdan keçən dövrdə bu, ilk dəfə qanun statusu ala bilər. Prezident Administrasiyası sanksiyaları Konqresin razılığı olmadan nə ləğv edə, nə də yumşalda bilər.

Beləliklə, qanunvericilər təşəbbüsü öz əllərinə almağa, ölkənin xarici siyasətinə təsir göstərməyə çalışır. Amma onlar bu işdə yalnız Trampla «mübarizə aparmayacaq». Prezidentin ətrafı və bu qanundan zərər görəcək avropalı müttəfiqlər də senatorların əleyhinədir.

Barak Obama administrasiyası Rusiyaya sanksiyalar tətbiq etməklə və onları tədricən sərtləşdirməklə, Moskva qarşısında Qərb demokratiyasının həmrəy olduğunu nümayiş etdirməyə çalışırdı. Odur ki, Avropanın enerji sabitliyinə zərər vura biləcək məqamlar mütləq qaydada aşılırdı. Nəticədə, sanksiyalar siyahısında nə «Qazprom»un, nə Aleksey Millerin adına rast gəlinirdi. Doğrudur, Avropanın Rusiya qazından asılılığının azaldılmasına cəhdlər də olurdu. Obamanın İranla oyunları da məhz bu məqamla izah edilirdi.

Məsələ ondadır ki, Aİ-nin öz qaz hasilatı ilə istifadəsi arasında uçurum getdikcə böyüyür və müvafiq olaraq, idxalın artırılması zərurəti yaranır. Bütün tədarükçülər arasında isə məhz Rusiya 166 milyard kubmetrlə liderdir (onun əsas rəqibi Norveçdə bu göstərici 109,8 milyard, Əlcəzairdə 32,5 milyarddır. Bu, «Platts»ın 2016-cı ilə olan rəqəmləridir). Bundan başqa, 2019-cu ildə Rusiyadan Avropaya ikinci boru xəttinin - «Şimal axını-2»nin istismara verilməsi nəzərdə tutulub. Bu, illik qaz tədarükünün 55 milyard kubmetr artırılmasına imkan verəcək. Bu layihənin iştirakçıları arasında Almaniya, Hollandiya, Böyük Britaniya, Avstriya və Fransa şirkətləri var.

İndi, amerikalı qanunvericilər gözlənilmədən Rusiyanın qaz layihələrinə 1 milyon dollardan artıq sərmayə yatıracaq hər kəsin cəzalandırılması haqqında qərar qəbul edib. Üstəlik, «Şimal axını-2»nin inşasının yolverilməzliyi sənəddə xüsusi maddə olaraq göstərilir.

Senatın bu qərarından 1 gün sonra, Berlinlə-Vyana Vaşinqtona «sanksiyalar üzrə beynəlxalq hüquqa zidd addım atdığını», Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını xatırladıb.

«Almaniya, Avstriya və digər Avropa ölkələrinin şirkətlərini Rusiya ilə «Şimal axını-2» kimi layihələrdə iştiraka, yaxud belə layihələri maliyyələşdirməyə görə, ABŞ bazarında cərimələməklə hədələmək Avropa-Amerika münasibətlərinə tam yeni və çox mənfi keyfiyyət qazandırır», - deyə Avstriya kansleri Kristian Kern və Almaniyanın XİN başçısı Ziqmar Qabriel bildiriblər.

Amma amerikalılardan narazılıq avropalıların öz sanksiyalarını qüvvədə saxlamaq marağını azaltmayıb. Onlar Rusiyaya tətbiq olunmuş sanksiyaların müddətini 2018-ci ilin yanvarınadək uzadıb. Çünki Avropa İttifaqında hesab edirlər ki, Moskva Ukraynanın şərqindəki münaqişənin həllini nəzərdə tutan Minsk razılaşmasının şərtlərinə əməl etmir.

Senatın ortaya çıxardığı sənəd isə hələ Konqresin aşağı palatasında dinləmələrdən keçməlidir. Odur ki, avropalıların etirazı Trampın komandası üçün yaxşı dayaqdır. Sənədə qarşı əsas arqument onun Rusiyaya inzibati təzyiq rıçaqlarını zəiflədə biləcəyidir. Konqresmenlər bu qanun layihəsinin Konstitusiyaya zidd olduğunu «aşkarlayıb». Onlar deyir ki, sənədi Senat deyil, Nümayəndələr Palatası irəli sürə bilər. Çünki burada söhbət dövlət gəlirlərindən gedir.

Ümumiyyətlə, bu sənədin ortaya çıxması faktının özü qanunvericilərin Trampın Rusiyaya tətbiq olunmuş sanksiyaları aradan qaldırmayacağına əmin olmadıqlarını göstərir. Onlar düşünür ki, Prezident hansısa subyektiv səbəbdən buna gedə bilər. Prezident Administrasiyası isə öz növbəsində, onları bu şübhədən qurtarmaq və əksini sübut etmək üçün Rusiyaya tətbiq olunmuş sanksiyaların genişləndirildiyini (Tramp dövründə ilk dəfə) bəyan edib. Bu, Senatdakı səsvermədən cəmi 4 gün sonra baş verib.

Amma Trampın gəlişi ilə guya yaxınlaşmalı olan, lakin yaxınlaşmayan Rusiya-Amerika münasibətlərinin daha da sərinləşməsinin əsas səbəbi bu deyil. Sən demə, artıq fevralda Kremldən mərkəzi telekanallara ABŞ Prezidenti haqqında çox danışmamaq, tərifli sözləri isə ümumiyyətlə işlətməmək barədə şifahi göstəriş gəlibmiş. Bəlkə də Tramp Putinlə münasibətləri düzəltmək istəyir. Lakin onun bu istəyini çoxları, o cümlədən elə yaxın ətrafı heç də bölüşmür;

məsələn, məhz Trampın dövründə ABŞ-da ilk dəfə orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilədən imtinanın mümkünlüyü barədə danışılmağa başlanıb. Söhbət Rusiya ilə 1987-ci ildə imzalanmış sənəddən gedir. Pentaqon Rusiyanı rəsmən bu müqavilənin şərtlərini pozmaqda ittiham edib.

İndiyədək bu cür mümkün pozuntular barədə yalnız KİV səviyyəsində və ehtimallar şəklində danışılır.

Buna cavab olaraq, Moskva yenə ABŞ-ın Avropada Hava Hücumundan Müdafiə Sistemləri yerləşdirməsi barədə danışmağa başlayıb. Ruslar da bunu 1987-ci il müqaviləsinin pozulması kimi qiymətləndirib. Trampın Pentaqonun Yaxın Şərqdə səlahiyyətlərini ciddi şəkildə artırmasından sonra, iki ölkənin Suriyada birbaşa qarşıdurmaya gedə biləcəyi barədə söhbətlər başlayıb; məsələn, demokrat senator Kris Mörfi özünün Twitter sosial səhifəsində yazıb: «Suriyada 2 aydan az bir müddətdə 4 birbaşa toqquşma. Tramp Konqresin elan etmədiyi yeni müharibəyə başlayır».

Bu da son deyil. Suriya bombardmançısının vurulmasına cavab olaraq, Rusiya HHQ ABŞ ilə Suriya ərazisində uçuşların təhlükəsizliyinin təmininə dair əməkdaşlığı iyunun 19-dan dayandırdığını bəyan edib. Qeyd edək ki,t ABŞ hərbçiləri Suriyada Əsədin silahlı qüvvələri və İran tərəfindən dəstəklənən şiə qruplaşmaları ilə bağlı məsələlərin həllində rusiyalı həmkarları ilə dəfələrlə xüsusi kanallarla əlaqə saxlayıb. İndi, bu kanalın ləğvi təxminedilməz nəticələr verə bilər.

Sanksiyaların gücləndirilməsindən sonra isə Moskva Vaşinqtonla iki prezidentin görüşünə hazırlıqla bağlı bütün əlaqələri kəsib; məsələn, Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkovun amerikalı həmkarı ilə iyunun 23-nə təyin olunmuş görüşü «artıq mənasını itirdiyi üçün» ləğv edilib.

Moskvanın Trampın çətin vəziyyətdə olduğunu anlayaraq, «onun əlinə oynadığı» da istisna deyil. Rusiyaınn Vaşinqtondakı səfiri Sergey Kislyakın XİN başçısının müavini, müdafiə nazirinin sabiq müavini, Suriya və Yaxın Şərq problemləri üzrə mütəxəssis Anatoli Antonovla əvəzləməsi də bu qəbildən atılmış addım ola bilər. ABŞ-ın dövlət katibi Reks Tillerson isə özünün etiraf etdiyi kimi, ABŞ Prezidentinin tapşırığına əsasən, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır.

Bu arada ortaya 3 maddədən ibarət «yol xəritəsi» kimi bir sənəd də çıxıb. Maddələrdən ilki, əslində, Tramp administrasiyasının kompromisə getmək niyyətində olmadığını təsdiqləyir: Rusiya anlamalıdır ki, «ABŞ-a qarşı aqressiv əməllər əks-nəticə verə bilər; məsələn, əfqan taliblərinə silah tədarükü və ya Moskvadakı Amerika diplomatlarının təqibi».

İkinci maddədə ABŞ üçün strateji əhəmiyyət kəsb edən və Rusiya ilə dialoqun vacib sayıldığı məsələlər əksini tapıb. Onların arasında KXDR, Suriya və kibertəhlükəsizlik məsələləri yer alır.

Üçüncü maddə, Rusiya ilə münasibətlərdə «qarşılıqlı olaraq geosiyasi hədəflərin razılaşdırılması və strateji sabitliyə nail olunması»nı nəzərdə tutur.

Bu «yol xəritəsi»nin KİV-ə sızdırılmasında məqsəd, yəqin ki, Moskvanın onun müzakirəsinə hazırlaşa bilməsinə imkan yaratmaqdır.

Hamburqda, nəhayət, Tramp-Putin görüşünün baştutma ehtimalı yüksəkdir. O, yəqin ki, «ayaqüstü» görüş olmayacaq və prezidentlər, güman ki, bağlı qapılar arxasında müzakirə aparacaqlar.

İki prezidentin müzakirə edəcəyi çox şey var...



MƏSLƏHƏT GÖR:

361