19 Aprel 2024

Cümə, 00:58

GÜRCÜ DILEMMASI

Hərbi analitik Vaxtanq MAİSAYA: «Gürcüstan NATO-ya qəbul olunarsa, Qafqazda qüvvələr balansı dərhal dəyişəcək»

Müəllif:

01.07.2017

Çernoqoriyanın NATO-ya qəbulu və dərhal vakant namizəd yerini Makedoniyanın tutması, qonşu Gürcüstanda Şimali Atlantika Alyansına üzvlüyü arzulayanlarda bir ruh yüksəkliyi yaradıb. Avropanın ən yoxsul ölkəsi olan Makedoniyanın, artıq 2018-ci ildə NATO-ya qoşulması mümkündür. Bir sözlə, alyans müasir dünyanın ən qüdrətli hərbi-siyasi blokunun himayəsi və müdafiəsi altında olmaq istəyənləri asta-asta sıralarına qatmaqdadır.

Siyasi elmlər doktoru, Gürcüstan Prezidentinin Qafqazda regional təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, hərbi analitik Vaxtanq MAİSAYA «R+»a müsahibəsində Gürcüstanın NATO-ya üzvlük perspektikləri və Cənubi Qafqazda bununla əlaqədar baş verə biləcək geosiyasi dəyişikliklər haqqında danışıb.

- NATO-nun Gürcüstan forumunun yekunlarına əsasən, alyansın genişlənməsi ilə bağlı hansı qənaətlərə gəlmək olar?

- NATO Parlament Assambleyasının mayın sonunda Tiflisdə keçirilmiş iclası, alyansın tarixində ona üzv olmayan ölkə ərazisində keçirdiyi ilk belə toplantı idi. Bu sessiyada Gürcüstanın NATO-ya üzv olmaq cəhdlərinin tam dəstəklənməsi haqqında bəyannamə qəbul olunub, Tiflisin bu yolu, ilk növbədə, üzvlük üzrə fəaliyyət planının (Membership Action Plan - MAP) reallaşdırılması ilə getməli olduğu bildirilib. Bununla yanaşı, bu prosesin final mərhələsinə nə zaman qədəm qoyacağına dair konkret müddət göstərilməyib.

Obrazlı ifadə etsək, Gürcüstana bunu dedilər: NATO üzvləri, prinsipcə, Tiflisin alyansa qoşulmasına razıdır; bu da bloka qoşulmağa hazırlıq üzrə alətlərin göstərildiyi Fəaliyyət Planı.

Gürcüstanla-Ukraynanın NATO-ya qəbulu Alyansın genişləndirilməsi haqqında strateji qərarsız qeyri-mümkündür. Belə bir qərar haqqında isə sənəddə heç nə deyilmir. Halbuki, NATO-nun əvvəlki sənədlərində Gürcüstanın alyansa üzv olmaq cəhdlərinə dəstək ifadə olunub. Təəssüf ki, NATO-nun 2017-ci il mayın 25-26-da keçirilmiş Brüssel sammitində Şimali Atlantika Alyansının gələcək genişlənməsi məsələsinə baxılmadı və bu, təsdiqlənmədi. Bununla yanaşı, Çernoqoriyanın NATO-nun 29-cu üzvü olmasından sonra belə, bu məsələ trans-Atlantik təhlükəsizliyin təmini nöqteyi-nəzərindən bir müddət aktuallıq qazanmayacaq. Qara dəniz hövzəsinin təhlükəsizlyinə dair təşəbbüslər də eyni səviyyədə müzakirə olunub. Halbuki, NATO-nun lider dövlətləri bu məsələni daha əvvəl - Varşava sammitindən qabaq da son dərəcə qızğın müzakirə etmişdi. Bu sammitdə ölkələr NATO-nun gələcək genişlənməsi ilə, Makedoniya, Bosniya və Herseqovina kimi yeni üzvlərin qəbulu ilə bağlı hər hansı qərara gələ bilməyib. Onlar Gürcüstan və Ukrayna ilə əlaqədar da konsensus əldə etməyi bacarmayıb. Halbuki, bu məsələnin gündəliyə salınması cəhdləri var idi. Ümumilikdə, NATO xətti ilə Tiflis və Brüsseldə keçirilmiş iki vacib tədbir müxtəlif şəkildə keçib. Onların yaratdığı təəssürat çox ziddiyyətidir. Bu toplantıların nəticələrinə əsasən, strateji səviyyədə Avro-Atlantik əməkdaşlığın gələcək taleyi kontekstində konkret qənaətə gəlmək mümkün deyil.

- Gürcüstanın hazırkı hakimiyyətinin NATO-ya üzvlüklə bağlı mövqeyi nədən ibarətdir? Saakaşvili hakimiyyətinin mövqeyindən fərqli cəhətlər varmı?

- İndiki hökumətin mövqeyi, prinsipcə, Saakaşvilinin avtoritar rəhbərliyi dövründəki xarici siyasi kursdan elə də fərqlənmir. Söhbət, xüsusilə qərbpərəst oriyentasiyadan, Gürcüstanın NATO və Avropa İttifaqı strukturlarına inteqrasiyasından gedir. Hələ Bidzina İvanişvilinin Baş nazirliyi dövründə ölkənin NATO və Aİ-yə inteqrasiyası kursuna sadiqlik açıq şəkildə bəyan olunub. 2013-cü ilin noyabrında Gürcüstan Aİ-nin assosiativ üzvü statusunu qazanıb və artıq 2017-ci ildə Şengen zonasına vizasız gediş-gəliş hüququ əldə edib.

NATO ilə münasibətlərdə də Gürcüstan Aİ-yə inteqrasiya qədər olmasa da, irəli gedib. Hazırda Gürcüstan ökənin NATO-ya üzvlüyünə dair 2008-ci il yanvarın 5-də keçirilmiş referendum zamanı elan olunduğu kimi, milli konsensus səviyyəsindədir.

Məlum olduğu kimi, həmin referendumda əhalinin 72,5%-i ölkənin alyansa qoşulmasına «hə» demişdi. Bu, Rusiya ilə qarşıdurmanın davam edəcəyinin çox real görünməsi ilə bağlıdır.

- Bəs Gürcüstanla-Ukraynanın NATO-ya üzv olması yolunda əsas problem nədir? Alyansın sabiq Baş katibi Anders foq Rasmussen bildirmişdi ki, Ukrayna NATO-ya qoşulmaq üçün bir sıra meyarlara cavab verməlidir ki, bu da çox vaxt aparacaq. Söhbət hansı meyarlardan gedir?

- Gürcüstanın Avro-Atlantik strukturlara tam inteqrasiyası yolunda bir çox geosiyasi amil var. Eyni zamanda, institusional inkişaf, siyasi kontekstdə də amillər çoxdur. Vacib məqam, Rusiya amili ilə, onun qlobal və regional səviyyəli iddiaları ilə bağlıdır. NATO-da Rusiyanı qıcıqlandırmamağı, Gürcüstanla-Ukraynanın alyansa qəbulunu təxirə salmağı vacib sayan «skeptik ölkələr» var. Digər problem, Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya regionları kontekstində ərazi bütövlüyü və onların Krımın aqibətini yaşama ehtimalıdır. Buraya namizəd ölkələrdən siyasi münaqişələrin, qonşu dövlətlərlə mübahisəli ərazi məsələlərinin həllinə dair qeyri-formal tələbi də əlavə edək.

NATO-ya qoşulmağa mane olan digər amillər, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, siyasi institutların mükəmməl olmaması və siyasi böhranlardır. Müdafiə sahəsində islahatların lazımi səviyyədə olmaması, sərt siyasi problemlərin həllində qeyri-sabitlik də NATO-ya tam inteqrasiyaya mənfi təsir göstərən amillərdir.

Gürcüstan üçün alyans üzvlüyünə namizəd kimi, əlavə meyarlar da müəyyənləşdirilib. Bu, resurslardan istifadə və ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, dövlət gəlirlərinin 2-3%-nin müdafiə xərclərinə yönəldilməsi, xüsusi xidmət orqanlarında NATO standartlarına uyğun islahatların aparılması, NATO xətti ilə alınmış məxfi sənədlərin gizli saxlanılması ilə bağlı problemlərin həlli, qanunvericilik bazasının alyansın standartlarına uyğunlaşdırılmasıdır.

- Gürcüstanın NATO-ya qəbul olunacağı təqdirdə, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət necə dəyişəcək? Bu halda alyans üzvü olan Gürcüstanla KTMT-yə üzv Ermənistan, yaxud İran arasında münasibətlər necə qurulacaq?

- Əgər belə bir gün gələcəksə və gürcü xalqının Avropa təhlükəsizlik sisteminin bir hissəsinə çevrilməklə bağlı çoxdankı arzusu həyata keçəcəksə, təbii ki, Qafqazda qüvvələr balansı dərhal dəyişəcək. Bu zaman region dünyada daha bir qaynar nöqtəyə çevrilə bilər. Məsələ ondadır ki, NATO-nun Rusiya ilə sərhəddə istənilən hərbi infrastruktur yerləşdirməsi Moskva tərəfindən birbaşa hərbi təhlükə kimi qəbul olunur. Rusiyanın 2015-ci ildə qəbul olunmuş yeni hərbi doktrinası şəxsən Prezident Vladimir Putin tərəfindən imzalanıb. Sənədin 12-ci paraqrafında açıq şəkildə deyilir: «Əsas kənar hərbi təhlükələr: Şimali Atlantika Alyansının (NATO) hərbi potensialının artırılması, ona beynəlxalq hüquq normalarının pozulması ilə reallaşdırılan qlobal funksiyaların verilməsi, NATO üzvü olan ölkələrn hərbi infrastrukturunun Rusiya Federasiyasının sərhədlərinə, o cümlədən blokun gələcək genişləndirilməsi yolu ilə yaxınlaşması».

NATO isə öz növbəsində, Rusiyanı İŞİD ilə birlikdə, özünün əsas hərbi düşməni elan edib. Bu, bir neçə gün əvvəl keçirilmiş Brüssel sammitində bir daha təsdiqlənib.

Rusiyanın hərbi müttəfiqləri olan İran və Ermənistan amili isə NATO və KTMT hərbi blokları səviyyəsində geostrateji qarşıdurmada vəziyyəti daha da ağırlaşdıracaq. Bütün bunlar 2014-cü ildə başlanmış və bu gün də davam edən yeni «soyuq müharibə» fonunda baş verir. Qafqazdakı etnosiyasi münaqişələri - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ - nəzərə alsaq, hadisələrin bu cür inkişafı, ümumilikdə, regionda ahəngi daha da poza bilər. Digər tərəfdən, Qafqazda Türkiyə ilə yanaşı, daha bir NATO ölkəsinin - Gürcüstanın peyda olması bu regionun tamamilə alyansın maraq dairəsinə düşəcəyi anlamına gəlir. Bu, regionda daha ciddi demokratik dəyişikliklərə və siyasi vəziyyətin yaxşılaşmasına yol aça bilər. Hələlik, burada geosiyasi reallıq tam fərqlidir.



MƏSLƏHƏT GÖR:

505