18 Aprel 2024

Cümə axşamı, 06:31

ORTAQ MƏXRƏC

Azərbaycan Avrasiya məkanının mərkəzinə çevrilir

Müəllif:

01.07.2017

Müasir beynəlxalq geosiyasət fəal şəkildə müxtəlif inteqrasiya birliklərinə meyillənir. Bu mənada, SSRİ-nin dağılması həm İkinci Dünya müharibəsindən sonra qurulmuş Avropa İttifaqı, NATO kimi təşkilatların genişlənməsinə, həm də MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, GUAM və digər yeni qurumların meydana çıxmasına imkan verib. Bununla yanaşı, ayrı-ayrı inteqrasiya birliklərinə qoşulmaq ölkələr üçün həm əlavə fayda, həm də risklər vəd edir. Dünyanın qlobal güc mərkəzləri arasında qarşıdurmanın qızışdığı şəraitdə isə seçim etməzdən əvvəl daha dərin təhlil aparmaq, üstünlükləri və çağırışları daha yaxşı araşdırmaq tələb olunur.

Azərbaycanın geosiyasi vəziyyətini, reallaşdırdığı və region çərçivəsini aşan enerji və nəqliyyat layihələrini nəzərə alsaq, bir çox inteqrasiya birlikləri Bakını öz sıralarında görmək istəyir. Onların arasında Azərbaycanı «Şərq Tərəfdaşlığı» proqramına daxil etmiş Avropa İttifaqı (Aİ) da var, regionda yeni formalaşmaqda olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) da.

Məlum olduğu kimi, Azərbaycan Aİ ilə münasibətlərdə xüsusi mövqedən çıxış edir. Bu, həm ümumilikdə Brüssellə, həm də Aİ-yə daxil olan ayrı-ayrı dövlətlərlə dərin, sıx tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Məhz bu səbəbdən, Avropaya inteqrasiya haqqında müqavilə imzalamış Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Bakı Brüssellə daha dərin əməkdaşlığı nəzərdə tutan, lakin Aİ-yə üzvlük öhdəliyinin olmadığı tərəfdaşlıq razılaşmasının imzalanmasına tərəfdar çıxıb.

Digər yandan, Bakını xüsusi aktivliklə Rusiya, Qazaxıstan və Belarusun yaratdığı (onlar MDB-də Bakının əsas iqtisadi tərəfdaşlarıdır) Aİİ-yə «namizəd» kimi göstərirlər. Lakin ərazisinin 20%-ni işğal etmiş, regionda destruktiv siyasətini davam etdirən Ermənistanın da bu təşkilata üzv olduğunu nəzərə alan Azərbaycan indiki mərhələdə Aİİ-yə üzvlüyü də mümkün saymır. Prinsipcə, Aİİ də Bakının təşkilata qoşulmasının real olmadığını anlayır. Çünki o, üzv dövlətlərin üzərinə işğalçı Ermənistanla sərhədlərin açılması, sıx iqtisadi əməkdaşlıq qurulması öhdəliyini qoyur.

 

Doğrular çox ola bilər, amma həqiqət birdir

Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Dmitri Korşunovun bu günlərdə Rostovun Cənub Federal Universitetində «Azərbaycan Avrasiya layihələrinin qovuşma nöqtəsi kimi» mövzusunda keçirilmiş forumda dediyi kimi, Azərbaycanın Aİİ-yə üzvlüyünün təşkilata nələr qazandıra biləcəyi, eyni zamanda, bu üzvlükdən Bakının necə faydalanacağı haqqında ayrıca araşdırmalar aparılmır. Çünki Ermənistan-Azərbaycan münaqişəsi bu prosesə əsas maneə olaraq qalır. Korşunov AİB-in sifarişi ilə həyata keçirilmiş sosioloji sorğuların nəticələrini açıqlayıb və məlum olub ki, MDB ölkələri arasında Aİİ-yə qoşulmağa ən mənfi yanaşanlar məhz Azərbaycan vətəndaşlarıdır.

«Biz istər Aİİ daxilində, istər xaricində sorğular keçiririk. Azərbaycan ictimaiyyətinin bu təşkilata üzvlüyə tərəfdar olan hissəsi çox azdır. Rəyi soruşulanların 66%-i Aİİ-yə mümkün üzvlüyə mənfi yanaşdığını söyləyib. Sorğumuzda Gürcüstan, Ukrayna və Moldova da iştirak edib», - deyə o, bildirib.

Korşunov deyib ki, Azərbaycan əhalisinin əsas hissəsi ən dost ölkə kimi Türkiyəni görür, bu iki ölkə arasındakı milli, dil yaxınlığını, iqtisadi əlaqələri, siyasi dəstəyi göstərir.

Rostovda aparılan müzakirələrdə iştirak edən jurnalist Həmid Həmidov AİB tərəfindən təşkil olunmuş sorğunun nəticəsinin Azərbaycan əhalisinin əksəriyyətinin Aİİ-yə qoşulmağa məhz Qarabağ münaqişəsi üzündən etiraz etdiyini təsdiqləyib. «Bizim ölkəmizdəki insanların əksəriyyətinin düşüncəsində Moskva hələ də İrəvanın tərəfdarı və himayədarıdır», - deyə o, bildirib. Bununla yanaşı, əhali tarixən rus mədəniyyətinə, rus dilinə müsbət yanaşır. «Tarixən elə alınıb ki, rus mədəniyyəti Azərbaycana hər zaman yaxın olub. Biz Qafqazın digər xalqları ilə müqayisədə rus dilində daha yaxşı, daha təmiz danışırıq. Bizim rus mədəniyyətinə, ədəbiyyatına və dilinə münasibətimiz əladır. Bu baxımdan hər kəs inteqrasiyaya «ura» deməlidir. Lakin Qarabağ münaqişəsi əsas maneə olaraq qalır», - deyə Həmidov qeyd edib.

«Dünyanın heç bir ölkəsində Rusiya vətəndaşları öz dillərində Azərbaycanda olduğu qədər rahat danışa, rahat anlaşıla bilməz. Bizim ümumi keçmişimiz var - istərdik ki, gələcəyimiz də ümumi olsun. Amma nə qədər ki, siyasi münaqişə davam edir, bizə sadəcə, xalqlarımızın birgə gələcəyini arzulamaq qalır», - deyə Rostovun millətlərarası münasibətlərin inkişafı üzrə regional təşkilatı olan «Dünyada sülh» təşkilatının rəhbəri Fuad İbrahimov bildirib.

Bu mövzuda alternativ baxışı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional təmsilçisi Rövşən Əsgərov ortaya qoyub. Onun fikrincə, Azərbaycanla-Ermənistanın eyni inteqrasiya birliyində yer alması iki ölkənin barışmasına yol aça bilər. Üstəlik, Ermənistanın Aİİ-yə qəbulu Qarabağ probleminin Moskvada həllini lokallaşdırıb. Demək, qərar da oradan gələ bilər.

Əsgərov əmindir ki, Azərbaycan başqa inteqrasiya layihələrinə üstünlük verərsə, münaqişənin öz xeyrinə çözüləcəyinə bel bağlaya bilməyəcək: «Ərazilərimizi geri qaytarmaq istəyiriksə, anlamalıyıq ki, Qarabağ uğrunda savaş Rusiya Federasiyasında gedir. Onu Rusiyadakı diaspora uda bilər. Rusiyadan Ermənistanı dəstəklədiyi üçün incimək lazım deyil. Çünki Ermənistan artıq öz seçimini edib».

Bununla yanaşı, ekspert geosiyasi məsələlərin də əvvəldən özünü tam iqtisadi birlik kimi təqdim etmiş Aİİ daxilində çözülməsini vacib sayır. «Burada siyasətsiz ötüşmək mümkün deyil. Ya Aİİ üzvləri ümumi xarici siyasi məsələləri ilə bağlı razılığa gəlməlidir və bu halda, Aİİ başqa ölkələr üçün də cəlbedici təşkilata çevriləcək, ya da bu layihə dağılacaq və MDB kimi iş bacarığı olmayan təşkilata çevriləcək», - deyə R.Əsgərov qeyd edib.

Vesti.az portalının direktor müavini Zaur Nurməmmədov, 1news.az və «Sputnik-Azərbaycan» portallarının icmalçıları Elşən Rüstəmov və Kamilə Əliyeva bu yanaşma ilə razılaşmayıblar. Onların fikrincə, hazırkı mərhələdə Aİİ-yə münaqişə tərəflərini barışdıracaq gücə malik təşkilat kimi baxmaq olmaz. Bu üzdən də Azərbaycan təşkilata yalnız işğal altındakı torpaqlarının boşaldılmasından sonra qoşula bilər.

Lakin digər yandan, Qarabağ məsələsini və Ermənistanın Aİİ-də təmsilçiliyini bir kənara qoyaraq, təşkilata sırf iqtisadi nöqteyi-nəzərdən yanaşılarsa belə, indiki mərhələdə onun Azərbaycan üçün xüsusi cəlbedici tərəfi yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2016-cı ilin oktyabrında RİA «Novosti»yə müsahibəsində dediyi kimi, Azərbaycanla Aİİ-nin daha sıx inteqrasiyası üçün motivasiya lazımdır. «Bu, iqtisadi, sosial, siyasi və digər xarakterli ola bilər. Hazırda bu istiqamətdə işləyirik. Biz maraqla Avrasiya məkanında proseslərin necə getdiyini müşahidə edirik, çünki orada da hər şey rəvan deyil. Orada da müəyyən mənada çətinliklər var. Ona görə də, hansı tendensiyanın olacağına hələ baxmaq lazımdır və əlbəttə ki, əgər birlik cəlbedici olarsa, ora çoxları can atacaq», - deyə İ.Əliyev o zaman bildirmişdi.

RAGB nümayəndəsi isə Rostovda keçirilən forumda Azərbaycanı Aİİ-yə cəlb edə biləcək bir çox amillər sadalayıb; məsələn, R.Əsgərov sayır ki, neftin ucuz olduğu indiki dövrdə Azərbaycan iqtisadiyyatının restrukturizasiyası və şaxələndirilməsi vacibdir. Bunun üçün isə ən yaxşı imkanları Aİİ verir. Bundan başqa, Əsgərovun iddiasına görə, Azərbaycanın çoxistiqamətli siyasəti enerji resurslarının qiymətinin yüksək olması üçün alınıb. Onun fikrincə, indiki mərhələdə geosiyasi seçim edilməlidir və belə seçim olmasa, ölkə bütün üstünlüklərini itirə bilər.

 

Real variant?

Əsgərov əmindir ki, bu seçim yalnız Rusiyanın xeyrinə olmalıdır - həm Aİİ-yə üzvlük, həm də nəqliyyat layihələrinin reallaşdırılmasında; məsələn, onun fikrincə, Bakı diqqəti daha çox «Şərq-Qərb» deyil, «Şimal-Cənub» marşrutuna yönəltməlidir. Rövşən Əsgərov bildirib ki, bu marşrut Çinin qlobal Yeni İpək Yolu layihəsinin hissələrindən birinə çevrilə bilər.

«İpək Yolu marşrutunun Azərbaycandan keçib-keçməyəcəyinə hələ Çin qərar verəcək. Kəmər ölkə ərazisindən keçsə belə, bu, elə də önəm daşımayacaq. Odur ki, indi Azərbaycan üçün ən real variant, Rusiyanın Avrasiya layihələrinə qoşulmasıdır. Bu layihələr Azərbaycanı konyukturadan asılı olmayaraq qəbul edəcək. Azərbaycan öz yolunu seçməlidir və ən perspektivli yol məhz Rusiya ilə kooperasiyadır», - deyə R.Əsgərov bildirib.

Lakin burada Aİİ-nin daxilində münasibətlərin inkişaf statistikasına da baxmaq lazımdır.

Məlum olduğu kimi, bu təşkilatın yaradılması Rusiya-Qərb münasibətlərində böhranla, qarşılıqlı sanksiyaların qəbulu ilə eyni vaxta təsadüf edib. Rusiya Avropa İttifaqından sanksiya altına düşmüş məhsulların ölkəyə girişini əngəlləmək üçün Belarus və Qazaxıstanla sərhəddə gömrük nəzarəti tətbiq edib. Müəyyən dövrdə isə belə yüklərin Rusiyaya gətirilə biləcəyindən ehtiyatlanaraq, bu ölkələrlə tranzit daşımalarını qadağan edib. Bu addımlar müvafiq olaraq, cavab addımlarına yol açıb və bütün bunlar ittifaqın heç də möhkəm olmadığını göstərir. Bundan başqa, Rusiya Ukrayna ilə nəqliyyat-ticarət müharibəsinin qızğın vaxtında Ukrayna məhsullarının Qazaxıstana tranzitini qadağan edib. Eyni şey Suriyada Rusiya təyyarəsinin vurulması ilə münasibətlərin korlandığı Türkiyə daşımaçılarına da tətbiq olunub. Nəticədə, həm Ukrayna, həm Türkiyə daşımaçıları tranzitin Qazaxıstan və Mərkəzi Asiyaya çatdırılması üçün fəal şəkildə Gürcüstan və Azərbaycandan istifadə etməyə başlayıb. Yəni, Rusiyanın başqa dövlətlərlə sanksiya savaşı göstərib ki, Moskva Aİİ-də nəinki əsas oyunçudur, həm də dirijordur. Bu təşkilatda orkestr məhz onun çubuğunun hərəkətinə uyğun oxumalı və ya susmalıdır.

Aİİ-nin xeyrinə olmayan sırf iqtisadi amillərdən də danışmaq olar. «Vedomosti» qəzetinin bu yaxınlarda yazdığı kimi, Aİİ ölkələri arasında regiondaxili ticarət dövriyyəsinin həcmi üzv dövlətlərin ümumi ticarət dövriyyəsinin yalnız 13%-ni təşkil edir; məsələn, Aİ ölkələri arasında bu göstərici 63%-dir.

Bütün bu amillər göstərir ki, cəmi 2 il əvvəl yaradılmış Aİİ həqiqətən cəlbedici, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan quruma çevrilmək üçün hələ çox uzun, enişli-yoxuşlu yol keçməlidir. Bu amil, xüsusilə Azərbaycan üçün önəmlidir. Çünki rəsmi Bakının Aİİ-nin 3 aparıcı ölkəsi - Rusiya, Qazaxıstan və Belarusla çox sıx iqtisadi, siyasi, humanitar əlaqələri var.

Belə bir şəraitdə təşkilat kifayət qədər sıx əməkdaşlığa nail olmalı, sərhədləri açmalı, siyasi balans yaratmalıdır ki, Azərbaycan üçün cəlbedici olsun. Bütün bunlar isə yalnız Qarabağ münaqişəsinin həllindən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra gələn məsələlərdir.

Vesti.az agentliyinin baş direktorunun müavini Zaur Nurməmmədov hesab edir ki, Bakının əlverişli coğrafi mövqeyi ona Avrasiya məkanında əsas rola sahib çıxmaq imkanı verir: «Bir çox ölkələr Aİİ-yə özləri üçün fayda qazanmaqdan ötrü qoşulur və hər hansı digər ölkə haqqında düşünmür. Mənim fikrimcə, indi elə bir şərait yaradılmalıdır ki, bu, konkret ölkələr yox, hər kəs üçün səmərəli olsun».

Azərbaycan artıq öz coğrafi mövqeyindən istər Şimaldan-Cənuba, istərsə də Şərqdən-Qərbə nəqliyyat marşrutlarının inkişafı üçün kifayət qədər bacarıqla istifadə edir. Təbii ki, Çinin «Bir kəmər - bir yol» təşəbbüsü Avropaya yüklərin daşınması üçün bir neçə marşrutu nəzərdə tutur. Azərbaycan sırf fiziki olaraq Avropa ilə Çin arasında bütün yükdaşımalarını ötürə bilməz. Bu kontekstdə «Şimal-Cənub» dəhlizi çox böyük əhəmiyyətə malikdir. Bugünkü geosiyasi reallıqlarda Azərbaycanın bu layihədəki rolu həlledici olaraq qalır. Lakin Bakı yeni «Cənub-Qərb» istiqamətinin də imkanlarını inkar etmir. Şimal-Cənub və Şərq-Qərb marşrutları arasında əlaqəyə əsaslanan bu yol İran və Hindistandan Avropaya yükdaşımalarını nəzərdə tutur. Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilmək üzrə olduğunu və Türkiyənin dəmir yolu ilə Avropa dəmir yolunun əlaqəsini nəzərə alsaq, bu istiqamət çox perspektivli ola bilər.

İstənilən halda, Azərbaycan hər hansı qlobal inteqrasiya layihələrinə qoşulmadan belə, özünü Avrasiya məkanının mərkəzi kimi göstərir. Onun reallaşdırdığı enerji layihələri, məsələn, «Cənub Qaz Dəhlizi» layihəsi və nəqliyyat marşrutlarının inkişafı bu statusu təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

419