29 Mart 2024

Cümə, 00:17

«YEGANƏ YOL»

Beynəlxalq vasitəçilər Qarabağla bağlı substantiv danışıqlara dərhal başlanılmalı olduğunu təsdiqləyiblər

Müəllif:

01.07.2017

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti dəfə artdığı hiss olunmaqdadır. Səbəb İrəvanın Azərbaycan ərazilərinin işğalı ilə yaranmış status-kvonun dəyişdirilməsindən qəti şəkildə imtinası və beynəlxalq vasitəçilərin erməni təcavüzkarlarına təzyiq göstərmək istəməməsidir.

 

Hərtərəfli yox, substantiv

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) Dağlıq Qarabağ münaqişəsi zonasına növbəti səfərlərini ediblər. Səfərin əsas nəticəsi onların Azərbaycanla-Ermənistan arasında substantiv danışıqlara başlanılmasının vacibliyini təsdiqləmələri olub.

Həmsədrlərin bəyanatında münaqişə tərəflərinə ənənəvi vəziyyəti gərginləşdirməkdən çəkinmək çağırışı da var. Onlar Ermənistanla-Azərbaycanın «vicdanla, siyasi iradə nümayiş etdirərək», substantiv danışıqlarda iştirakını «münaqişənin həlli prosesində irəliləyiş gözləyən və buna layiq olan region sakinləri üçün dayanıqlı sülhə nail olunmasının yeganə yolu» sayır.

Beləliklə, həmsədrlər faktiki olaraq, substantiv danışıqlara, yəni münaqişənin həllinə nail olunması üçün əsas detalların müzakirəsinə dərhal başlanılmasının vacibliyini bəyan edib. Bu mənada, bir məqamı xatırlatmaq yerinə düşər: Bakı son bir neçə ildə məhz buna israr edir. İrəvan isə münaqişənin sülh yolu ilə həllini bütün mümkün variantlardan istifadə etməklə uzadır, diqqəti ikincidərəcəli məsələlərin (məsələn, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizminin tətbiqi kimi) müzakirəsinə yönəltməyə çalışır. Bununla, Ermənistan tərəfi əsas məqamlardan yayınır. Söhbət, əlbəttə ki, ilk növbədə, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasından, yəni, beynəlxalq birliyin Azərbaycan ərazisi saydığı rayonlarda erməni qoşunlarının mövcudluğundan gedir.

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov həmsədrlərin son çağırışını dəstəkləyib və Bakının substantiv danışıqlara başlanılması təklifi ilə dəfələrlə çıxış etdiyini xatırladıb. Onun fikrincə, müsbət nəticələri yenə də yalnız «xoş məram»a əsaslanan bu tipli danışıqlar verə bilər.

Bununla yanaşı, o da aydındır ki, Ermənistanın sözügedən danışıqlardan yayınması onun status-kvonun dəyişməsini istəməməsindən irəli gəlir. Çünki bu, erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını qaçılmaz edəcək. Erməni tərəfinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlara əl atması, hər dəfə bölgədə yeni gərginliyə yol açması da bununla bağlıdır.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri ərəfəsində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini dəfələrlə pozub, azərbaycanlıların yaşadığı məntəqələri artilleriya qurğularından atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində 6 erməni hərbçisi məhv edilib.

Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda həmsədrləri qəbul edən zaman Ermənistanı münaqişə zonasında vəziyyəti gərginləşdirməkdə, vasitəçilərin işinə mane olmaqda günahlandırıb. «Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur. Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik», - deyə İlham Əliyev bildirib.

Azərbaycan liderinin sözləri növbəti dəfə təsdiqini həmsədrlərin səfərindən dərhal sonra, onların birgə bəyanatı yayılar-yayılmaz tapıb. Ermənistan silahlı qüvvələri Azərbaycan hərbçilərinin mövqelərini və yaşayış məntəqələrini pulemyotlardan, minaatanlardan atəşə tutmağa başlayıb. Üstəlik, qoşunların təmas xəttində düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin müdafiə xəttini yarmağa da cəhd göstərib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində erməni kəşfiyyat-diversiya qrupu geri çəkilmək məcburiyyətində qalıb. Düşmən diversiyaçılardan biri isə ələ keçib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycanın Tərtər rayonu istiqamətində kəşfiyyat uçuşu aparan zaman vurulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində hərbi pilotsuz uçuş aparatlarından da istifadə edib. Lakin «onların keyfiyyətsiz olması üzündən Azərbaycan Silahlı Qüvvələri heç bir zərər görməyib».

«Pilotsuz uçuş aparatlarının keyfiyyətinin aşağı olduğuna» şübhə yoxdur. Bu, erməni psevdodövlətinin ümumi sistem böhranının ştrixlərindən biridir. Ermənilərin hələ də müxtəlif dünya güclərinin dəstəyi hesabına əzələ nümayiş etdirdiyinə heç bir şübhə yoxdur. Bununla yanaşı, Azərbaycan ermənilərin cəbhə xəttində törətdiyi təxribatların qarşısını almaqla həm Ermənistana, həm də onun arxasında dayanmış güclərə ərazilərinin işğalı ilə heç zaman barışmayacağını nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin tam hərbi hazırlıq vəziyyətində, ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı istənilən vəzifənin öhdəsindən gəlmək iqtidarında olduğu ordunun «müharibə şəraitinə yaxın şəraitdə» keçirilmiş genişmiqyaslı operativ-taktiki təlimlər zamanı da təsdiqlənib. Bundan bir qədər əvvəl isə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Naxçıvanda birgə hərbi təlimlər keçirib. Təlimlərin gedişində iki ölkə ordusunun bölmələri tam hərbi hazırlıq vəziyyətinə gətirilib.

 

Cocuq Mərcanlının işarələri

İyunun sonlarına yaxın Azərbaycanın dövlət başçısı İlham Əliyev bir neçə əlamətdar bəyanatla çıxış edib. Bu bəyanatlar həm rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini, həm də onun sülh yolu ilə həlli perspektivi haqqında düşüncələrini bir daha ortaya qoyub. Prezident bir daha deyib ki, problem yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl olunması ilə çözülə bilər.

«Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlərboyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir», - deyə İ.Əliyev Şirvan şəhərində revolvertipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı zamanı bildirib. Dövlət başçısı xatırladıb ki, «Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir».

«Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq», - deyə dövlət başçısı qeyd edib: «Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır».

Prezident İlham Əliyev işğal altındakı torpaqların tezliklə azad olunacağı və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi ilə bağlı əminliyini müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində dilə gətirib.

Şübhəsiz ki, İlham Əliyevin sadaladığı «imkanlarımızın artması» amillərinə Azərbaycan Ordusunun və ölkənin müdafiə potensialının güclənməsi də daxildir. Bu, ötən ilin aprelində baş vermiş və Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bəzi strateji mövqeləri geri qaytarması ilə nəticələnmiş hərbi qarşıdurma zamanı da təsdiqini tapıb. Həmin vaxt baş vermiş «dördgünlük müharibə»nin nəticələri arasında Cocuq Mərcanlı kəndinin bərpası da var. Qeyd edək ki, bu kənd Ermənistan silahlı qüvvələrinin mövqelərinin nəzarətində olan zaman tam dağıdılmışdı. Kəndin tam nəzarətə götürülməsi və bərpa olunmasını, nəticədə, azərbaycanlıların doğma evlərinə qayıdışını Azərbaycanın Qarabağ cəbhəsində böyük zəfərinin müjdəçisi də saymaq olar. Kənd məscidinin Prezident İlham Əliyevin göstərişi ilə məşhur Şuşa məscidinin anoloqu kimi tikilməsi də təsadüf deyil. Bu, Ermənistana mesaj olmalıdır.

İyunun ortalarında dövlət başçısı bu kəndin bərpası üçün aparılmış işlərlə şəxsən tanış olub, kənd sakinləri ilə görüşüb. İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı kəndinin bərpası kimi tarixi gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı sayəsində mümkün olub. Məhz bu əməliyyat nəticəsində kəndə yeni nəfəs verilib, oraya həyat qayıdıb.

Prezident Bakıya dönər-dönməz, Cocuq Mərcanlı kəndində abadlıq işlərinin davam etdirilməsi, quruculuq işlərinin görülməsi üçün əlavə 9 milyon manatın (5 milyon dollardan çox) ayrılması haqqında Sərəncam imzalayıb. Bunu Azərbaycanın işğal olunmuş ərazilərinin dinc erməni əhalisinə də mesaj kimi qiymətləndirmək olar. İrəvanın təcavüzkar siyasətinin girovuna çevrilmiş Qarabağ ermənilərinin əksəriyyəti ev-eşiyini tərk edib, bunu edə bilməyənlər isə qonşu Azərbaycan rayonlarının sürətli inkişafı fonunda çox acınacaqlı durumda yaşayır.

Beləliklə, erməni tərəfinin bu qədər israr etdiyi status-kvonun nələrə aparıb-çıxardığı haqqında düşünməsi üçün hər keçən gün daha çox səbəb yaranır. Ermənistanda iqtisadi böhran getdikcə daha dəhşətli xarakter alır. Ən başlıcası, azərbaycanlılar işğaldan azad olunmuş və bərpa edilmiş evlərinə qayıdır, Ermənistan əhalisi isə çıxılmaz vəziyyətdən, ümidsizlikdən yaxa qurtarmaq üçün öz ölkələrini kütləvi şəkildə tərk edir.

 

Təcavüzkar nə zaman sülhə məcbur ediləcək?

Ermənistan üçün yeganə xilas yolu Cənubi Qafqazın lider dövləti, regionda nəhəng iqtisadi və inteqrasiya proseslərinin təşəbbüskarı, əsas hərəketverici qüvvəsi olan Azərbaycanla əməkdaşlıqdır. Lakin Ermənistan nə qədər ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir, bu, mümkün deyil. Sarqsyanın başçılıq etdiyi cinayətkar rejim onun hakimiyyətini möhkəmləndirən aqressiv siyasi kursdan imtina etməkdənsə, öz ölkəsini birdəfəlik uçuruma yuvarlamağa hazırdır.

Bütün bunların fonunda Ermənistanın anti-Azərbaycan siyasəti aparmasının məsuliyyətinin ATƏT-in Minsk qrupunun timsalında, beynəlxalq vasitəçilərin də üzərinə düşdüyü bir daha vurğulanmalıdır. Minsk qrupunun mövcud olduğu, təxminən, 25 ildə yalnız müşahidəçiliklə kifayətlənən vasitəçilər hələ də işğalçı Ermənistanı pisləməyi, İrəvanın beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmasını sərt şəkildə tələb etməyi lazım bilmir. Üstəlik, onlar İrəvana qarşı hansısa sanksiyaların tətbiqi imkanlarını bir dəfə də olsun, müzakirə etməyib. Halbuki, beynəlxalq münasibətlərmin müasir təcrübəsində elə həmin fövqəldövlətlərin qlobal güc mərkəzlərini bu və ya digər səbəbdən narazı salan dövlətlərə qarşı bütün təzyiq rıçaqlarından (iqtisadi embarqolardan tutmuş, birbaşa hərbi müdaxiləyədək) yararlanması təcrübəsi mövcuddur.

Son günlərdə də yalnız Minsk qrupu deyil, həm də BMT, Aİ, ABŞ və digər güc mərkəzləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs razılaşmasının pozulması hallarının artmasından, baş verən insan təlafatlarından narahatlığını dilə gətirib. Onlar status-kvonun davam etməsinin yolverilməzliyini təsdiqləyib, «əsas məsələlər ətrafında danışıqlara başlanılmasının» vacibliyini bildiriblər. Lakin yenə də bu mərkəzlərdən heç biri təcavüzkar İrəvanı bundan sonra da substantiv dialoqdan imtina edəcəyi təqdirdə nələrin gözlədiyini deməyiblər.

Bu yerdə Rusiyanın mövqeyi haqda ayrıca danışmaq lazımdır. O, bir yandan zaman-zaman Kazan sənədi, «Lavrov planı» kimi müxtəlif həll layihələrinin anonsunu verir, digər tərəfdən, Cənubi Qafqazdakı forpostunu sülhə məcbur etməyi lazım bilmir. Nəticədə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda Rusiya lideri Vladimir Putinin vasitəçiliyilə keçirilmiş son görüşündən az qala 1 il ötür və bu müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik yenidən son həddə yüksəlib.

Odur ki, sual qətidir: maraqlı xarici qüvvələr təcavüzkar Ermənistanı «əhilləşdirməyə» başlayacaqmı? Bu suala mənfi cavab Azərbaycan üçün tammiqyaslı azadlıq müharibəsinə başlamaqdan başqa yol qoymur.



MƏSLƏHƏT GÖR:

412