23 Aprel 2024

Çərşənbə axşamı, 19:58

İKİSİ BİR ARADA

İlham NƏZƏROV: «Bir-birinə əks-səslərə malik olmaq - daim yenidən doğulmaq, özünü gah bir, gah da başqa adam kimi hiss etmək deməkdir»

Müəllif:

15.07.2017

Azərbaycan Dövlət Kapellasının müğənnisi, Azərbaycanın Əməkdar artisti, bir çox nüfuzlu beynəlxalq festival və müsabiqələrin qalibi və laureatı gənc vokalist İlham Nəzərov bu yaxınlarda Moskvada keçirilmiş Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqənin qalibi olub. O, bununla xüsusi qürur duyur, çünki böyük maestro sənətinə pərəstiş etdiyi bir neçə dünya əfsanəsindən biridir və İlham onun repertuarından çox şeyi ifa edə bilir. Maraqlıdır ki, İlham iki səsə - bas-baritona və kontr-tenora malikdir, falsetdən, yüksək kişi səsindən gözəl istifadə edir və onu uğurla inkişaf etdirməkdə davam edir.  

O, Azərbaycanda tək müğənnidir ki, Qərbdə yüksək qiymətləndirilən səsə - kontr-tenora sahibdir. İlham harada çıxış edir-etsin, onun kontr-tenoru səs-küyə səbəb olur və gur alqış qazanır. Oxuduğu İtaliyada da belə olub, qatıldığı «O səs Türkiyə» yarışmasında və Müslüm Maqomayev adına müsabiqələrdə də… Azərbaycanda da belədir və belə olacaq, çünki bizim görkəmli həmvətənimiz ildən-ilə təkmilləşir və öz peşəsində yüksəlir.

«R+» jurnalı istedadlı azərbaycanlı müğənni İlham Nəzərovla söhbət etməyə nail olub. Müğənni Şirvanda anadan olub, Bakıda yaşayır və işləyir. Onun 32 yaşı var, oğlu isə iki yaş yarımdadır və yeni bir övlad da gözləyir. Oğlu Səid səhərdən-axşama qədər oxuyur, atasını məşq etməyə qoymur - bir otaqda iki müğənni necə oxuya bilər? Ona görə də atası işlədiyi musiqi məktəblərində fraqmentlərlə məşq etməyə məcburdur.  

- Sizin vokal karyeranız necə başlandı?

- Mən həmişə oxumuşam, bizim ailədə hamı xanəndəlik edirdi və pedaqoqlar məsləhət gördülər ki, məni Bakıda Bülbül adına məktəbin pedaqoqlarına göstərsinlər. Hər şey elə bundan başlandı. Mən də muğam oxuyurdum, amma opera müğənnisi olmaq istəyirdim. Bakı Musiqi Akademiyasını və magistraturanı bitirdikdən sonra, bir il ordu hərbi orkestrində işlədim. Daha sonra Opera və Balet Teatrının solisti olan zaman Firəngiz Əlizadənin Nərgiz Paşayevanın librettosuna yazdığı modern operası «İntizar»da yad adamın rolunu oynadım. Düşünürəm ki, bu, bu günə kimi ən sevdiyim və ən yaxşı Azərbaycan operasıdır və mənim üçün əsl uğurdur.  

Bundan sonra Mədəniyyət Nazirliyinin təmsilçiləri soruşublar ki, gənc istedada necə yardım etmək olar? Arzum İtaliyada oxumaq idi. Ciddi seçimdən sonra, gözəl italyan şəhəri Ozimoda yerləşən nüfuzlu Vokal Sənəti Akademiyasına qəbul olundum. Dil baxımından oxumaq çox mürəkkəb idi: dərslərin keçildiyi italyan dilini mükəmməl bilmək lazım idi. Məşğələlərdə dünyanın 3 dilində mürəkkəb ariyalar da oxumaq lazım gəlirdi.  

Mən musiqi və oxumaqla 20 ildən artıqdır ki, məşğulam, bunun 15 ilini peşəkar səhnədə çıxış edirəm, son 6 ildə dünyanın mədəni həyatında iştirak edirəm. İtaliyada gözəl pedaqoqlarım vardı - professor, akademiyanın bədii rəhbəri Vinçense de Vivo və Serqolini. Onlar ikinci səsimə hörmətlə yanaşır, məni müxtəlif festival və müsabiqələrə göndərirr, orada priz yerləri tuturdular. Nəticədə, onlar belə qərara gəldilər ki, mən baritonu çox gözəl oxuyuram, amma bu səs təbiətdə çoxdur, buna görə də kontr-tenoru inkişaf etdirmək və onu sona qədər oxuaq lazımdır. Məndə ikinci səs çoxdan yetişib, amma yalnız kədərli və tənha olanda onunla oxuyuram, amma heç kimə göstərmirəm. O yalnız konservatoriyada fransız kontr-tenorun master-klassında aşkar edildi; o, mənim falsetimə heyran idi. Özü də səhnəyə öz təşəbbüsümlə, pedaqoqların razılığı olmadan çıxmışdım. Çıxışım zamanı maestro master-klassı başa çatdırıb dedi ki, burada görəcəyi bir iş artıq qalmayıb.  

- Ən sevdiyiniz opera ariyası və onu sevməyinizin səbəbi...  

- Taleyi ağır olan, amma əyilməyən xarakterlərə malik dramatik presonajların ariyaları mənim xoşuma gəlir. Onlar ruhca mənə yaxındırlar. Bu, Gendelin «Rinaldo» operasından ariyadır, sevimli obrazım «Notrdam de Pari»dən Kvazimododur. Cakomo Puççininin «Madam Batterflyay» operasından «Çio-Çio-San»ın obrazı, çadrasını atan qızın - Sevilin ariyası xoşuma gəlir. Mən, artıq bu ariyaları öyrənmişəm, bəlkə də onları böyük səhnədə ifa etmək üçün şans yarandı. Paytaxtda klassik musiqi konsertləri çox vaxt pulsuz olsa da, insanlar istənilən halda estrada musiqisinə can atırlar. Vyana teatrında isə opera həvəskarları qiymətləri 20 avrodan 220 avroya kimi dəyişən biletləri bir il qabaq alırlar, özü də onlarda tamaşa, demək olar ki, hər gün gedir.  

2010-cu il uğurlu oldu: mən onda 247 musiqi tədbirində iştirak etmişəm, gündə 3-4 çıxışım olurdu. Mədəniyyət Nazirliyi mənə həmişə yardım edir, buna görə onlara, həmçinin iştiraka icazə verdiyinə görə filarmoniynın direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadəyə çox minnətdaram. Amma həmişə Azərbaycanı daha çox beynəlxalq səviyyədə təmsil etmək, dünyanın müxtəlif ölkələrində mədəniyyət günlərində çıxış etmək istəmişəm. Axı bizim ölkənin tək kontr-tenoruyam; yeni təkliflərə açığam və Vətənim naminə çalışmağa hazıram, bunu ürəkdən edirəm.  

- Sizi dünya teatrlarına dəvət edirlər?

- Konsertlərə gedir və çıxışlar edirəm, amma heç vaxt birdəfəlik gedərək Almaniyada, Türkiyədə, Rusiyada, İtaliyada, Fransada, Çexiyada və başqa ölkələrdə işləmək istəmirəm. Öz gələcəyimi Azərbaycanda görürəm. Baxmayaraq ki, səhərdən-axşama kimi filarmoniyada, musiqi məktəblərində işləsəm də, yetərincə qazana bilmirəm və pulum şəxsi avtomobil almağa, komfortlu yaşamağa, bəzən hətta oğlum üçün bahalı müayinələr etdirə bilmirəm. Çünki toylarda və restoranlarda oxumuram, bəzən hətta tamaşaların və ya qalib gələcəyim müsabiqənin keçirilmə yerinə getmək üçün elementar vasitələrə ehtiyacım olur.  

- Sizdən ötrü iki səslə oxumaq nə deməkdir?

- Bu, daim yenidən doğulmaq, özünü gah bir, gah da hətta fikirləri ilə fərqli olan digər insan kimi hiss etməkdir. Müxtəlif olmaq, dəyişmək deməkdir. Əgər eyni səs telinə iki səs düşürsə, deməli, hər zaman yenidən köklənmək lazımdır - bu, çox çətindir və sağlamlığa ziyandır. Məndə iki İlham yaşayır.

- İki səsi olmasına heç kəs, hətta peşəkarlar belə sevinmir, siz buna necə baxırsınız?

- Kontr-tenoru sevib-sevməmək hərənin öz işidir. Falset həmişə olub, amma indi intensiv inkişaf qazanıb.  

- «O səs Türkiyə» vokal müsabiqəsinə qatılmağınız nə ilə bağlı idi, axı siz opera müğənnisisiniz?

- Elə buna görə də müəyyən meloman dairələrdə tanınıram, amma istəyirdim ki, bütün Azərbaycan xalqı vokalçı İlham Nəzərovun mövcudluğundan xəbərdar olsun. Azərbaycanın məşhur «Ayrılıq» mahnısını bariton və kontr-tenor ilə oxuyaraq, geniş populyarlıq qazandım - münsiflər heyətinin bütün üzvləri mən tərəfə döndülər, amma rəhbər kimi, Özoğuz qardaşlarını seçdim. Düşünürəm, bizim çox yaxşı yaradıcılıq birliyimiz alınacaq. Çıxışdan sonra Türkiyədə, Rusiyada və Azərbaycanda yaşayan pərəstişkarlardan 200-dən çox məktub almışam. Təcrübəli türk münsiflərini heyrətləndirmək və təsirləndirmək lazım idi. Yaradana şükür ki, müxtəlif janrlarda geniş diapazonda oxuyuram.  

Mənim böyük repertuarım var, ora caz da, pop-musiqi də, muğam da və mürəkkəb opera ariyaları da daxildir. Münsiflər heyəti heyran qalmışdı. İndi sosial şəbəkədə abunəçilərimin sayı artır, bundan başqa, daim İnternetə opera ariyaları qoyuram. Böyük auditoriyaya kim olduğum, nə ilə məşğul olmaq istədiyim barədə danışıram, böyük kütləyə öz istedadımı göstərirəm.  

- Moskvada ötən ilin oktyabr ayında qatıldığınız Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqə necə keçdi?

- Klassika dünyasında tanınmış ustadların - Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli və Heydər Əliyev Sarayında mənim iştirakımla «İntizar» operasını qoymuş Dmitri Bertmanın da yer aldığı münsiflər heyəti onballıq sistemlə qiymətləndirmə aparırdı. Müsabiqəyə 200-dən artıq ifaçı qatılmışdı, dinləmələr 3 ay çəkdi və Moskvada keçdi. Dünyanın 12 ölkəsindən 9 adam seçildi. Müsabiqə 2 gün keçdi və ikimərhələli oldu.  

- Bu müsabiqənin çətinliyi nədə idi?

- Maqomayev müsabiqəsində yalnız opera ariyaları deyil, həm də estrada mahnıları ifa etmək lazım idi ki, bu, yetərincə mürəkkəbdir. İki müxtəlif səslə oxumaq qabiliyyətim dinləyiciləri də, münsifləri də heyrətləndirdi. Mən iki ariya və bir romansı kontr-tenor ilə, «Azərbaycan» mahnısını isə baritonla oxudum. Bu mahnını oxumaq istəyən çox idi, amma yalnız mənə qismət oldu. Hər mərhələdə mümkün 70 baldan 67 bal topladım. Üçüncü yeri Monqolustandan olan ifaçı, 2-ci yeri Azərbaycandan Məhərrəm Hüseynov qazandı. Birinci yer mənim oldu, Qran-pri rusiyalı Vasilisa Berjanskayaya çatdı. Sərt rəqabət vardı, amma buna baxmayaraq, bunu iki azərbaycanlının yarışı saymaq olardı, bu da bizə güclü təsir elədi - bir-birimizi dəstəklədik, həvəsləndirdik, sakitləşdirdik. Final çıxışı Müslüm Maqomayevin xatirəsinə həsr edilmişdi, birinci bölmə klassik, ikinci bölmə estrada idi və böyük müğənninin repertuarını əhatə edirdi.  

- Münsiflər heyəti ifaçının mükafatlarını və titullarını nəzərə alırdımı?

- Münsiflər heyəti yetərincə ciddi idi və ilk plana iştirakçının vokal göstəriciləri və ustalıq səviyyəsi daxil idi. Münsiflər heyətinin üzvləri Vinçenso de Vivo və opera müğənnisi Franko Farina məni təbrik etdilər və sertifikat, həmçinin müsabiqənin pul mükafatını təqdim etdilər. 

Ən yaxşı mükafat isə 7 000 izləyicinin gur alqışları, «Bravo» sədaları, çiçək dəmətləri və zalın alqışı oldu. Tamara Sinyavskaya dedi: «Azərbaycan bu müsabiqədə ən yüksək səviyyədə təmsil olunub».  

Bu məşhur həmvətənimizin istedadına həmişə pərəstiş etmişəm, öz karyeramı məhz Maqomayevin hesabına başlamışam. Çünki demək olar ki, bütün konsertlərdə Maqomayevin vizit kartını - «Azərbaycan» mahnısını oxuyuram. Bir il bu mahnını 240 konsertdə oxumuşdum.

- Nüfuzlu müsabiqə və festivallarda yeni qələbələr arzulayırıq...



MƏSLƏHƏT GÖR:

541