26 Aprel 2024

Cümə, 00:09

METAMORFOZ AXTARIŞLARINDA

«Yuğ» teatrında qeyri-adi somnambulist reportaj janrında «Metamorfoz» tamaşasının premyerası olub

Müəllif:

15.07.2017

«Yuğ» teatrında mövsümü «Metamorfoz» tamaşasının premyerası ilə bağlayıblar. Tamaşanın janrı rejissor Günay Səttar tərəfindən somnambulist reportaj kimi müəyyən edilib (somnambulizm - yuxuda gəzməkdir). Səidə Haqverdiyevanın hekayələri əsasında qurulub. Diqqət mərkəzində qadındır. Bizim müasirimizdir. Onun konkret adı yoxdur. O - «Mən»dir: həyatı meqapolisdə şərtlənmiş çoxlarından biridir. Bu rolu tamaşada aktrisa Zümrüd Qasımova oynayır. Niyə «Mən»? Təhkiyyə birinci şəxsin adından gedir. Amma «Mən» cəmlənmiş obrazdır, həm sadəlövh yeniyetmə qızdır, həm də üzü üzlər görmüş qadındır. Görünür, zalda oturmuş hər bir izləyici qadın onda var. «Mən» böyük şəhər kainatında, sadəcə, "qadın"ın təcəssümüdür. Onun çoxçalarlı yaşamının (sözəbaxanlığı, qılıqlı olması, möhtəşəmliyi, azadlığı, əlçatar səviyyədə cazibəsi və bədbəxtliyinin) təcəssümüdür və bu, böyük ehtimalla, izləyiciyə «metamorfoz»dan baş çıxarmaqda yardımçı olur.

 

Metamorfoz «axınla üzməkdir»

Bu söz yunan dilindən tərcümədə «çevrilmə» deməkdir. Mifologiyada «metamorfoz» əşyaların hərtərəfli dəyişkənliyini və qarşılıqı çevrilmədə vəhdətini anladır. Amma biz tamaşada belə heç nə görrmədik. Ona görə hadisələrin sonunda özümüzə belə bir sual verməli olduq: bəs, metamorfoz nədədi? Qadın qəhrəmanların həyat şəraitlərinin dəyişməsində? Onun pis vəziyyətdə daha pis vəziyyətdə sürüklənməsində? Suallar çoxdur. Rejissor isə cavab vermir.

Qalan personajlar da şəxs əvəzlikləri ilə adlandırılıblar - «Sən» və «O». «Sən»i Oqtay Mehdiyev oynayır. Süjetcə dramatik, daha doğrusu, somnambulistdir, o türkdür. Bu insanla qəhrəmanımız təsadüfən tanış olur. «O» (aktyor Elgün Həmidov) - məntiqcə, «Mən»in sevdiyi adamdır; ya da ki, ən azından, sevməli olduğu insandır. Amma yox! «Mən» heç kimi sevmir. «Mən»in, ümumiyyətlə, bu həyatdan, özündən və həyat yolunda rastlaşdığı kişilərdən nə istədiyi aydın deyil. Belə alınır ki, o, sadəcə, bu həyatı yaşayır. Amma belə alınır ki, elə də yaxşı, elə də məzmunlu, mənalı və layiqli yaşamır. Bu, nə deməkdir: meqapolis ruhu öldürür və simasızlaşdırır? Meqapolisdə yaşamaq üçün axınla üzmək lazımdır...

 

Tamaşanın janrı

«Somnambulist reportaj»! Nəzərə alsaq ki, «somnambulist» sözü insanın yuxu zamanı anlaqsız hərəkətlərindən başqa bir şey deyil, belə çıxır ki, səhnə əhvalatının qəhrəmanları şəhər və zaman tərəfindən şəxsiyyətsizləşdirilmiş insanlardır. Onlara maddiyyat dünyası mənəviyyat dünyasından daha yaxındır, onların həyat oyunu həyatın özündən qat-qat çox yer tutur! Özbəkistan və Rusiyanın qeyri-ənənəvi tibb xadimi, yazıçı Mirzəkərim Narbekovun və Rusiya parapsixoloqu, yazıçı Sergey Lazarevin ezoterik ideyalarını ortaya qoymaq cəhdi lazımi nəticələr vermir. Buna görə də rol oyununa qaçış və rejissor interpretasiyasının dəyişməsi oyunları öz nəticəsini vermir. Ancaq daha bir maraqlı məsələ var və ona az diqqət edirdilər: janrın müəyyən edilməsində rejissor həm də «reportaj» sözünü istifadə edir!

Və burada tamaşanın gedişi zamanı rejissorun ünvanına yaranmış bütün suallar və iradlar arxa plana keçir. Bu nədir? Sadəcə, indiki hadisə yerlərindən daxil olan məlumatdır və o, canlı iştirakı nəzərdə tutmur.

«Gerçəkliyin bariz təsviri» elə təqdimat forması ortaya çıxarır ki, «Mən»i gah real həyat faktlarını şərh edən kənar müşahidəçiyə, gah da hadisələrin birbaşa iştirakçısına çevirir. Bu cür janrı bəyan etmiş rejissor aktyorları müəyyən peşəkar mövcudluq şərtlərinə itələyərək özünü küncə sıxışdırır. Çünki əgər hadisələri «reportaj»a və «gerçəklik»ə ayırsaq, «gerçəklik» açıq-aydın uduzar. Niyə? Rejissor tərəfindən yaradılmış gerçəklikdə, ümumiyyətlə, gerçəklik anlamının tələb etdiyi psixoloji inandırıcılıq çatışmır: bütün törəmə səbəb-nəticə anlayışları və təzad yaradan başlanğıcları ilə birlikdə. Ancaq rejissor məzmundan çox təqdimat forması ilə maraqlanıb. Təəssüf! Çünki əhvalatlardan daha ağır anlama yükü olan tamaşa alına bilərdi. O, tamaşa-dialoqa, tamaşa-pamfletə çevrilə bilərdi, amma çevrilmədi. Çünki bu zaman rejissor öz mövqeyini ortaya qoymalı idi. Sadə dillə deyilsə, nəzərdə tutulan çağdaş meqapolis problemi ilə bağlı öz mövqeyini bildirməli idi. Bu problem çoxdan mövcuddur. Aktual adlandıra biləcəyimiz və barəsində danışmağın xoş olmadığı problem. Bir daha təəssüf!

Rejissor tərəfindən seçilmiş "reportaj" janrı «hadisələrin şahidi və ya iştirakçısı olan müəllifin birbaşa qavrayışı vasitəsilə olanların bariz təqdimatı» kimi bu cür imkanlar yaradıb. Amma rejissor bilərəkdən, ya bilməyərəkdən bu cür imkandan uzaqlaşıb. Ola bilər ki, onsuz da gərgin olan problemi daha da gərginləşdirmək istəməyib; ola bilər ki, forma diqqətini daha çox çəkib. Bəlkə də hər şeyi tamaşaçıların ixtiyarına buraxıb ki, bu cür çağdaş həyat «vəsait"inin xoşlarına gəlib-gəlməməsi barədə qərarları özləri versinlər. Əgər izləyicinin xoşuna gəlməyibsə, çox yaxşıdır: öz həyatını kənardan mifoloji ideallaşdırma olmadan görmək xoş deyil. Həm estetik, həm də mənəvi baxımdan. Rejissor bu məsələdə «təxribatçı rəssam» rolunu oynaya bilməyib. Buna görə də özünü aşağıdakı ifadəni səsləndirmək imkanından məhrum edib: «Xoşunuza gəlirmi? Gəlmir? Onda daha belə yaşamayın!».

 

Rejissorun epataj oyunları

Günay Səttarın tamaşası ondan başlayır ki, bir-birinin ardınca üç personaj peyda olur: narıncırəngli iş kombinezonunda iki kişi və narıncı gödəkcə geyinmiş bir qadın. Gödəkcə dəmir yolunda yol dəyişən bələdçilərin gödəkcəsinə bənzəyir. Teatrın tavanındakı sofitlərdən verilən işıq altında narıncı rəng asanlıqla al-qırmızıya və ya moruğu-qırmızıya çevrilir. Bu, səhnədəki hadisələrin emosional dolğunluğuna, bir növ, rejissor illüstrasiyasıdır. Hər bir personajın öz sıra nömrəsi var. İdman meydançalarındakı oyunçuların və ya həbsxanalardakı dustaqların nömrəsi olan kimi. Daha sonra qəhrəmanların əllərində böyük, gümüşü rəngdə şar-toplar və çətirlər peyda olur. Bu metaforik rəmzlər rejissorun nəyinə lazım idi? Şar-topla Yer kürəsinin rəmzi kimi oynadıqca, izləyiciyə başa salmaq olar ki, biz yalnız bu cür dağınıq prinsipsizlərik, bu gün hər kəs belə yaşayır?! Gözəl! Daha bir dəfə baş verənlərə görə məsuliyyətdən qaçılıb. Yalnız rejissor məsuliyyətindən deyil, həm də izləyici məsuliyyətindən! Bəs nə? Bəzi dünyanın tək yarımçığı deyilik ki! Bütün dünya mənəviyyat çirkabında batır! Biz bütün dünyanın əleyhinə getməyəcəyik ki? Burada təəssüfləniləcək bir şey yoxdur! Elliklə rolumuzu dəyişək!

İndi isə çətirlər. Çətirlər yarımkürə kimi hər bir personajın yaşam arealını göstərir? Ola bilər. Bəlkə də elə deyil. Artistlərin əllərində bu, sadəcə, bir rekvizit - epataj detalıdır, orijinallığa iddia etsə də, əslində, operetta gedişinə və səhnə əhvalatı fəzasında aktyor personajın mövcudluq üsuluna itələyən detaldır. Amma təəssüf! Əgər rejissor orijinallığa iddia səviyyəsində yanaşmasaydı, bu detal işləyə bilərdi. 

Rəqəmləri də unutmayaq! Onlar nəyə lazımdır? Axı sadə deyil, «Sən»in sinəsində üç ədəd üç rəqəmi, «O»nun sinəsində üç-dörd-bir, «Mən»in sinəsində isə üç ədəd yeddi rəqəmi var! Bəlkə, bu oyun hadisələrin girişində açıq teatr gedişi ilə bəyan edildiyi kimi, ezoterik numerologiya, blek cek və ya 21-lik, yaxud xalq arasında rusca deyildiyi kimi, sadəcə, «oçko»dur? Buna da izləyicilər qərar verəcək. O nə qərar versə, o da olacaq! İzləyici ola bilər ki, bir qərara gələcək, bəs rejissor epataj istəyindən başqa, burada hans quruluş düşüncəsini təqdim etmək istəyib: bunu rəqəmlərlə necə bağlamaq olar? Tale oyunları kimi?

Onda bu, numerologiyadır. Uyğun olaraq, ezoterikadır. Personajları mənəvi və əxlaqi axtarışlara sövq etdirən fəlsəfiliyə daha bir iddia. Amma təəssüf ki, bu, baş vermədi. Əgər rəqəmlər "azart"lı (bəlkə də, elə də azartlı olmayan) oyunçuların əyləncələri ilə bağlıdır? Onda bu, blek-cekdir!

İstənilən halda buna rejissor qərar verməlidir.

Çünki, hətta bu iki variantın istənilən yerdəyişməsində (bəlkə də variantlar daha çoxdur!) aktyorun səhnədə mövcudluq üsulu, onun oyunu və personajların izləyici ilə qarşılıqlı münasibəti konkret olaraq bu fikrə yönəldilməlidir. Bunu isə rejissor müəyyən edir. O da ki hələ də bəyan edilən metamorfoz axtarışındadır…

 

Aktyorlar haqqında

Zümrüd Qasımova - «Mən». Peşəkar hazırlıqlı və praktiki təcrübəsi olan gözəl aktrisadır. Onun qəhrəmanı özünüaxtarış yox, rahat uyğunlaşmaq yollarında üzür. Əgər üç ədəd yeddiazartlı kart oyunu rəqəmlidirsə, deməli, o, potensial qalibdir. Əgər bu, belədirsə, onda bizim gələcəyimiz tamamilə arzuolunmazdır!

Oqtay Mehdiyev - «Sən». Sərtliyi istisna etməyən aktyordur. Cazibədarlığı və fiziki hərəkətlərinin ifadəliliyi ilə seçilir.

Elgün Həmidov - «O». İfadəli aktyor, lirik qəhrəman ampluasına yaxın qəhrəman. Qərarlı deyil və refleksiyaya meyillidir, «hamı kimi» əməlləri və hərəkətləri bacarır.

 

Epiloq

«Yuğ» teatrı darıxdırıcı deyil, buna görə bura gəlməyi sevirik. Həmişə. Burada teatrın yaradıcısı Vaqif Həsənovun ruhu yaşayır. Burada həmişə axtarışdadırlar: yeni formalar, yeni səslər, yeni imkanlar axtarırlar. Burada böyük incəsənət ideyası ilə yaşayır və xidmət edirlər, ürəkləri ilə əbədi olaraq teatra tutulublar. Teatrın rəhbərliyi, aktyorlar, sexlər yaradıcılıq ətrafında birləşiblər. Burada çılpaq kassa hesabı aparmırlar, amma axtarış var: ideyalar və onların ifadə vasitələrini axtarırlar. Burada asanlıqla eksperiment aparırlar. Anlayırlar ki, həqiqət təkcə müzakirələrlə ortaya çıxmır. Onu öz yolunda praktiki axtarışlar aparan zaman da tapmaq olur.



MƏSLƏHƏT GÖR:

377