24 Aprel 2024

Çərşənbə, 03:59

BORULARLA OYUN

TAP-a qarşı etirazların arxasında ekologiya qayğısı deyil, iqtisadi və geosiyasi amillər durur

Müəllif:

15.07.2017

İrimiqyaslı «Cənub Qaz Dəhlizi» layihəsinin işə salınma tarixi yaxınlaşdıqca, onun inkişafına mane olmaq istəyənlərin sayı getdikcə artır. Bu sırada beynəlxalq alimlər qrupunu və sıralarında «Qrinpis», «Bankwatch Network», «Friends of the Earth Europe» və «Climate Action Network Europe» kimi qurumlar olan hüquq müdafiəsi və ekologiya təşkilatlarının nümayəndələrini göstərmək olar. Onlar Avropa Komissiyasına və Avropa dövlət banklarına müraciət edərək, vergi ödəyicilərinin pullarını Trans-Adriatik Qaz Kəmərinə (TAP) xərcləməməyə çağırıblar.

Məqalə müəlliflərinin fikrincə, Avropa Birliyində (AB) bu layihənin gerçəkləşdirilməsinin regionun ekoloji durumuna vuracağı zərər nəzərə alınmayıb. «Paris anlaşmasının tələb etdiyi kimi, atmosferə karbon qazı tullantılarını sürətlə azaltmaq əvəzinə, Avropa Trans-Adriatik Qaz Kəməri sayəsində onillərlə hasil olunan yanacağa bağlı vəziyyətdə qalacaq», - deyə məktubda vurğulanır.

«Nəzərə almaq lazımdır ki, hasil olunan yanacağın istifadəsi nəticəsində bizim iqlimin fəlakətli, geridönməz şəkildə dəyişməsindən qaçmağa imkan verən emissiya büdcəsi artıq bu gün aşılır, ona görə də hasil olunan yanacaq istifadə edəcək yeni infrastrukturun yaradılmasına, xüsusilə də "Cənub Qaz Dəhlizi" miqyasında yaradılmasına bəraət qazandırmaq olmaz», - deyə müraciətdə bildirilir.

Müraciət Avropanın iri maliyyə institutlarına da göndərilib. Fəallar Avropa Sərmayə Bankının (ASB) başçısı Verner Hoyerə və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartiyə müraciət ediblər.

Müraciətdə Avropa Komissiyası, həmçinin TAP-ın keçəcəyi rayonların əhalisi arasında artan narazılıq barədə də xəbərdar edilir. Həmçinin İtaliyanın Melendunyo kommunasının sakinlərinin qaz kəməri ilə qonşuluğun perspektivləri barədə həddindən narahat olmaları vurğulanır.

Yeri gəlmişkən, iyulun əvvəli İtaliya hüquq-mühafizə orqanları üçün yetərincə gərgin olub. Onlar, sadəcə, «No TAP» təşkilat komitəsi tərəfindən təşkil edilmiş etiraz aksiyaları ilə deyil, həm də Trans-Adriatik Qaz Kəməri layihəsi üzrə işlərə qarşı açıq zorakılıqla üzləşiblər. İtaliya KİV yazır ki, Melendunyoda TAP-ın tikintisinin əleyhdarları ilə polis arasında kütləvi toqquşmalar olub, fəallar boru kəmərinin tikintisini gerçəkləşdirən xüsusi texnikanın hərəkətini dayandırmağa çalışıblar.

Digər tərəfdən, İtaliyanın Apuliya vilayətinin qubernatoru Mikele Emiliano sıxılmış maye qazın Balkandan İtaliyanın cənubuna daşınmasını nəzərdə tutan "Eagle LNG" qaz layihəsinə dəstək bəyanatı ilə çıxış edib. Faktiki olaraq, bu layihə TAP qəz kəmərinin rəqibi sayıla bilər, amma iqtisadi səmərəsizliyi üzündən, İtaliya hökuməti tərəfindən imtina edilib.

İstənilən halda, bu xəbərlər göstərir ki, "Cənub Qaz Dəhlizi"nin ədeyhdarları layihəyə, xüsusilə də onun əsas hissələrindən biri olan TAP-a qarşı maneçilik üçün istənilən imkanı sınaqdan keçirirlər. Təbii ki, «Şahdəniz» yatağının işlənməsinin «2-ci Mərhələ»sini nəzərdə tutan hasilat komponentinə və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) tikintisinə heç cür təsir etmək mümkün olmur, çünki onlarda əsas söz Azərbaycandan asılıdır. Deməli, son komponent - TAP qalır. Burada enerjidaşıyıcılarının daşınmasının yeni marşrutunun düşmənlərinin məhz bu hədəfi seçməsini şərtləndirən başqa amillər də var. TAP-ın tikintisi başqa amillərdən sonra başa çatdırılmalıdır və məhz bu qaz kəməri Azərbaycan qazının Avropaya əsas daşıyıcısına çevrilməlidir.

Tamamilə ayındır ki, düşmənlərin arqumentləri hansısa obyektiv amillə əsalandırılmır, daha çox Avropa qaz bazarının ayrı-ayrı oyunçularının "kulisarxası" oyunlarına bənzəyir.

İlk növbədə, Avropaya qaz nəqlinin artırılmasının iqlim dəyişmələri üzrə Paris anlaşmasının karbon qazı tullantılarının azalması ilə bağlı bəndlərini pozacağını iddia edən ekoloji təşkilatların narazılığına toxunmaq istərdik. Nədənsə, ekoloqlar Avropa Komissiyasına və banklara göndərdikləri qəzəbli bəyanatda unudurlar ki, təbii qaz hasil olunan yanacaq növləri arasında ekoloji baxımdan ən az zərərlisidir. Təbii qazın artırılması, ilk növbədə, yandırılması zamanı yaranan tullantıların atmosferə dəhşətli zərər vuran kömürdən istifadəni azaldır.

Başqa tərəfdən, ildə 400 mlrd. kubmetr qaz istehlak edən Avropaya 10 mlrd. kubmetr Azərbaycan qazının göndərilməsi "Köhnə Dünya"nın hasil olunan enerjidən asılılığına elə də ciddi təsir göstərə bilməz. Bu zaman, nədənsə, yaddan çıxarılır ki, "Cənub Qaz Dəhlizi" Avropa üçün «mavi yanacaq»la indiki təchizat sisteminə ən real alternativ təqdim edir.

«Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətinə öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki qalan bütün qaz mənbələri fəaliyyətdədir. Artıq yeni mənbə aşkarlanıbdır. Bu qaz ehtiyatları yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır», - deyə bu yaxınlarda 22-ci Dünya Neft Konqresində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan öz məsuliyyətini dərk edir: «Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək».

“Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya.

"Üç Balkan ölkəsi də gələcəkdə "Cənub Qaz Dəhlizi"nə qoşula bilər. Bu istiqamətdə müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Burada həm də texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir», - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bundan başqa, unutmaq lazımdır ki, "Cənub Qaz Dəhlizi"nin yaradılmaqda olan infrastrukturu bütünlükdə yalnız Azərbaycan qazının nəqli üçün nəzərdə tutulmayıb, həm də başqa mənbələri istifadə edə bilər. İlk növbədə, Xəzərin şərq sahilinin qazından söhbət gedir. Düzdür, hələ ki, bu istiqamətdə vəziyyətin ürəkaçan olduğunu demək çətindir və bu, Xəzərin hüquqi statusunun müəyyən olunmaması üzündən, Türkmənistandan Bakıya qaz nəqlinin qeyri-mümkünlüyü ilə bağlıdır. Amma zamanla burada vəziyyət dəyişə bilər. Axı hazırda Türkmənistan və Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə öz neftlərini göndərə bilirlər, amma tikintinin ilkin mərhələsində və boru kəmərinin işə salındığı zamanlar bu variantın effektivliyi o qədər də yüksək qiyəmtləndirilmirdi.

Bundan başqa, "CQD" qazın Avropa daşınması üzrə bir sıra başqa layihələri də, o cümlədən İran, İraq və İsrail qazının da Avropaya daşınması layihələrini gerçəkləşdirməyi sürətləndirə bilər. İrandan və İraqdan qaz nəqli imkanları barədə çoxdan danışılır, amma Yaxın Şərqdəki vəziyyət, həmçinin sanksiyalar rejiminin yumşaldılmasından sonra, neft şirkətlərinin İrana arzuolunan sürətlə qayıtmaması hələ ki, konkret layihələrdən bəhs etməyə imkan yaratmır.

Bu fonda bu yaxınlarda öz sahillərində iri qaz yataqları aşkar etmiş İsrailin fəallığı yetərincə diqqətəlayiqdir. İstanbulda keçirilmiş neft konqresində İsrail və Türkiyə Avropaya qaz kəməri tikintisi üzrə danışıqları sürətləndirmək üzrə anlaşıblar. İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynis bildirib ki, aparılan danışıqların dörd turunun nəticələrinə görə, boru kəmərinin tikintisi üzrə ilkin hökumətlərarası sazişin bağlanması haqqında qərar qəbul edilib.

«Biz əminik ki, gələcəkdə Avropa Şərqi Aralıq dəniz sahillərindən hasil edilmiş qazı satın alacaq. Hazırda iki boru kəmərinin tikintisi üzrə intensiv danışıqlar aparılır. Onlardan birini biz Türkiyədə tikməyi və daha sonra Avropaya qədər uzatmağı planlaşdırırıq. Başqa bir qaz kəmərini isə Cənubi Kipr və Yunanıstandan keçməklə İtaliyaya qədər tikməyi planlaşdırırıq», - deyə nazir vurğulayıb.

"Cənub Qaz Dəhlizi"ndən istifadə İsrail qazının Avropaya daşınması layihəsində həm maliyyə, həm də zaman baxımından önəmli fayda verə bilər. "CQD"nin vəd etdiyi yararlıqları nəzərə alan ABŞ bu layihəni dəstəkləməyi daha da fəallaşdırıb. Vaşinqton ilk başdan Xəzər hövzəsindən enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağa yönəlmiş bütün enerji layihələrini dəstəkləyib. Bu dəstək Bakı - Tiflis - Ceyhan neft kəmərinin tikintisi zamanı xüsusilə özünü göstərib. Barak Obama administrasiyası da "CQD" layihəsinə siyasi himayə göstərib. Ancaq Donald Tramp ABŞ Prezidenti seçilməsindən sonra, yaxşı biznes adamı kimi sərbəst bazarın və rəqabətin səmərəsini gözəl başa düşür. Bu, Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə Respublika Günü və ənənəvi «Caspian Oil&Gas» Neft-Qaz Sərgisinin açılışı münasibətilə göndərdiyi iki məktubda xüsusilə vurğulanıb. Bu dəstəyin daha bir sübutu Prezident İlham Əliyevin İstanbulda ABŞ Dövlət Katibi Reks Tillersonla görüşü zamanı edilib. AzərTac bildirir ki, İlham Əliyev "CQD" layihəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərdən danışıb, Tillerson isə bildirib ki, ABŞ bundan sonra da bu layihənin gerçəkləşdirilməsini dəstəkləyəcək.

«Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə, ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş etdi. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirdi», - deyə məlumatda vurğulanır.

"CQD" layihəsinin həm ABŞ tərəfindən, həm AB rəsmi şəxsləri və həm də ayrı-ayrı Avropa ölkələri tərəfindən hərtərəfli dəstəklənməsi layihənin düşmənlərini fəallaşmağa məcbur edir və yuxarıda qeyd edildiyi kimi, onların əsas hədəfi TAP-dır. Amma aydındır ki, sırf ekoloji iddialarla layihəni dayandırmaq mümkün olmayacaq, çünki həm şirkətlərin konsorsiumu, həm də layihəni maliyyənləşdirən banklar bunsuz da ekoloji normaların yerinə yetirilməsinə ciddi yanaşırlar.

Ümumiyyətlə, bu yaxınlarda Apuliya əyalətinə daxil Avetrana şəhərinin meri Antonio Minonun həbsi TAP-a qarşı etirazların həqiqi yolgöstərənlərini ortaya çıxara bilər. Bəllidir ki, Mino TAP-ın tikintisinin ən fəal düşmənlərindəndir, şəxsən bir neçə dəfə qaz kəmərinə qarşı aksiyalarda iştirak edib. Ən maraqlısı da odur ki, Minonun «Koza Nostra» mafiya ailəsinin yerli bosslarından biri olmasından şübhələnirlər və bu barədə İtaliyanın «La Republica» və «La Stampa» qəzetləri yazırlar.

Başqa sözlə, İtaliya karabinerlərinin bu əməliyyatı göstərir ki, İtaliyada TAP-a qarşı etirazların arxasında heç də ekologiyaya və zeytun bağlarına qayğı yox, iqtisadi və geosiyasi baxımdan yetərincə tutarlı amillər dayanır (hüquq-mühafizə orqanları tutarlı arqumentlər olmadan şəhər merini həbs etməzlər). Ancaq Azərbaycan ilk dəfə deyil ki, müəyyən dairələrin pulu ilə başlanmış belə uydurma etirazlarla üzləşir. Bu cür məzmunca kiçik olan problemlərin keçilən olması artıq dəfələrlə sübut olnub.

Və bu cür xırda iyrəncliklərlə tam sürətlə son məqsədə doğru irəliləyən çoxmilyardlıq maşını, çətin ki, dayandıra bilərlər.



MƏSLƏHƏT GÖR:

404