24 Aprel 2024

Çərşənbə, 06:04

«BÖYÜK YENİDƏNQURMA»

Kürdlərin suverenlik qazanması Yaxın Şərqə nə vəd edir?

Müəllif:

15.07.2017

İraqın kürd muxtariyyətinə müstəqillik məsələsinin referenduma çıxarılması icazəsinin verilməsi beynəlxalq siyasi dairələrdə bu təşəbbüsün bütünlükdə Yaxın Şərqdəki vəziyyətə göstərə biləcəyi təsirlə bağlı qızğın müzakirələrə yol açıb. Qərb və müttəfiqləri öz geosiyasətlərində alət saydıqları kürdlərin «suverenlik» cəhdlərinə ümumilikdə xeyirxahlıqla yanaşırsa, bir sıra ölkələr bundan heç də məmnun deyil. Üstəlik, kürdlərin Suriyada illərdir davam edən qarşıdurmada oynadıqları rol bəllidir və İraqda olduğu kimi, burada da onlar parçalanma təhlükəsi yaradıblar.

 

İraqın şimalında referendum keçiriləcək

İraq Kürdüstanının rəhbərliyi 2017-ci il sentyabrın 25-nə müstəqillik referendumu təyin edib. Bir qədər sonra - dekabrın 6-da isə prezident seçkisi keçirilməidir. Odur ki, Ərbildə prezidentin, artıq müstəqil Kürdüstanda keçiriləcəyinə inanırlar.

Əslində, İraqın şimalındakı kürd muxtariyyəti de-fakto müstəqil qurum kimi yaşayır. Onun öz hakimiyyət strukturu var və başında prezident ranqında Məsud Bərzani dayanır. Muxtariyyətin öz hüquq-mühafizə orqanları da fəaliyyət göstərir. Bu da son deyil. Bir sıra ölkə və beynəlxalq təşkilatlar orada konsulluq belə açıb.

Amerika qoşunlarının Səddam Hüseyn rejimini devirməsi nəticəsində yaranmış İraq Kürdüstanı, artıq bir dəfə referendum keçirib. 2005-ci ildə ictimai qurumların təşkil etdiyi referendumda ciddi təbliğat nəticəsində İraq kürdlərinin, təxminən, 98%-i müstəqilliyə səs verib. Lakin 12 il əvvəlki səsvermədən fərqli olaraq, qarşıdan gələn referendumu muxtariyyət rəhbərliyinin özü təşkil edir. Üstəlik, o zaman referendum hazırda Bərzaninin rəhbərlik etdiyi ərazidən daha kiçik bölgədə keçirilmişdi.

İraq kürdlərinin liderləri əmindirlər ki, referendumun nəticəsi həyata keçiriləcək. Görünür, onlarda bu əminliyi yaradan əsas amil Ərbilə beynəlxalq dəstəyin güclü olmasıdır; məsələn: Ərbilin referendum keçirmək qərarını Vaşinqton diplomatikcəsinə, lakin kifayət qədər birmənalı qiymətləndirib. Dövlət Departamenti bəyan edib ki, ABŞ «vahid, sabit, demokratik İraqı dəstəkləyir», bununla yanaşı, «İraq Kürdüstanı xalqının qanuni istəyini də qiymətləndirir». Bu bəyanatda Ərbilin ünvanına məhəbbət də var: yəni, referendum diqqəti regionda «İslam Dövləti» kimi daha ciddi problemlərdən yayındıracaq.

Amma görünən odur ki, «cihadçılar»la müharibə müstəqil Kürdüstanın yaradılmasına mane olmaqdan çox kömək edir. Birləşmiş Ştatlar onu Yaxın Şərqdəki nüfuzunu artırmaq üçün vacib alət sayır. Yəni, bölgədəki «nəzarət olunan xaos»da onlar ənənəvi regional fövqəldövlətlərə əla təzyiq vasitəsidir. Söhbət Türkiyədən, İrandan, həmçinin hələ də qanlı müharibələr girdabında boğulan İraqla-Suriyadan gedir.

Maraqlıdır ki, mayın ortalarında Vaşinqtonda Kürdüstan Təhlükəsizlik Şurasının nümayəndə heyəti qəbul edilər-edilməz, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general Vinsent Styuart Senatdakı dinləmələrdə kürdlərin müstəqilliyi haqqında, artıq həll olunmuş məsələ kimi danışıb. Onun sözlərindən belə çıxıb ki, artıq söhbət müstəqilliyin elan olunub-olunmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir. Bununla yanaşı, ABŞ bir şeyi də anlamaya bilməz: İraq Kürdüstanının dəstəklənməsi, faktiki olaraq, İraqın parçalanmasının dəstəklənməsidir. Çünki İraq Kürdüstanının müstəqillik qazanması ilə İraqın şiə və sünni hissələri bir-birindən tam ayrılacaq. Amma amerikalı strateqlər regionun köklü şəkildə yenidən formalaşması layihəsinə malik olduqlarını da gizlətmir. Söhbət Vaşinqtonun elan etdiyi «Böyük Yaxın Şərq» dosyesindən gedir.

Amerikanın yanaşmasını onun Yaxın Şərqdə ən yaxın müttəfiqi olan İsrail də dəstəkləyir. İsrail kürdlərin müstəqillik qazanmasını yalnız düşmən ərəb dövlətlərinin əhatəsində dost dövlətin yarana biləcəyinə görə dəstəkləmir. İraq Kürdüstanının ərazisini neftlə zəngin Kərkükün hesabına böyütməsindən sonra, Ərbil regionun əsas neft hasilatçısından birinə çevrilib. Kürd neftinin alıcısı isə İsraildir…

Regionun ən nəhəng neft hasilatçısı olan Səudiyyə Ərəbistanı da qeyri-formal səviyyədə Vaşinqtonun kürd referendumu ideyasına dəstək verib. Güman ki, ər-Riyad, artıq demək olar ki, hazır olan kürd dövlətindən Türkiyə və İranla qarşıdurmada istifadə etməyi düşünür.

Məlum olduğu kimi, səudiyyəlilər bu iki dövlətlə İslam Dünyasında liderlik uğrunda mübarizə aparır.

Bütün bunlarla yanaşı, kürdlərin müstəqilliyinin ABŞ və onun qərbli müttəfiqləri, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsinə, həmçinin ümumilikdə, Rusiyanın bu perspektivə loyal münasibətinə Ərbil üçün əlverişli beynəlxalq fon kimi baxmaq mümkün olsa da, Ankara ilə Tehranın mövqeyi Məsud Bərzaninin müstəqillik yolunda əngələ çevrilə bilər. Hər halda, Türkiyə və İranın müstəqil Kürdüstanı qəbul etməməsi onsuz da qarışıq regionda vəziyyəti daha da qəlizləşdirəcək.

 

Türkiyənin prinsipi

Türkiyə ilə İran İraq Kürdüstanının suverenlik qazanmasında, ilk növbədə, ona görə maraqlı deyillər ki, onların öz ərazilərinin bəzi hissələri kürd separatçılığı ideyası ilə «zəhərlənib». Bu, xüsusilə onilliklərdir terrorçu PKK ilə mübarizə aparan Türkiyəyə aiddir.

Rəsmi Tehran da qəti şəkildə İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Amma Ankara İraq Kürdüstanında keçirilməsi planlaşdırılan referenduma daha kəskin münasibət bildirib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərbilin qərarını «səhv» adlandırıb. «Şimal İraq rəhbərliyinin bəyanatı bizi çox məyus etdi. Bu, İraqın ərazi bütövlüyünə təhlükə yaradan səhv addımdır. Bu, heç kəsə fayda gətirməyəcək», - deyə Türkiyə Prezidenti bildirib.

«Müstəqillik referendumunun keçirilməsini dəhşətli səhv sayırıq. İraqın ərazi bütövlüyünün və siyasi birliyinin qorunub-saxlanılması Türkiyənin bu ölkə ilə bağlı siyasətinin fundamental prinsipidir», - deyə Türkiyə XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunur.

Bəlkə də Ərdoğan 2003-cü ildə Amerika İraqa girən zaman bu işğal olunmuş ölkənin şimalına Türkiyə qoşunu yeritməkdən imtina etdiyi üçün peşmandır. Çünki Ankara bu addımı atsaydı, orada kürd muxtariyyətinin yaradılmasını əngəlləyə, daha önəmlisi, İraqın şimaında yaşayan qardaş türkmənlərin təhlükəsizliyini təmin edə bilərdi. İraqı işğal edən koalisiya qüvvələrindən kənarda qalmaqla, Türkiyə faktiki olaraq, nəinki bölgədə kürd müxtariyyətinin yaradılmasına imkan verib, həm də sonradan onun türkmənlərin yaşadığı ərazilər hesabına genişlənməsini əngəlləyə bilməyib.

Rəsmi Ankara Kərkük əyaləti və şəhərinin kürdlərə məxsus olduğunu heç zaman qəbul etməyib və bunu dəfələrlə dilə gətirib. Qeyd edək ki, bu bölgə əhalisinin əhəmiyyətli hissəsini türkmənlər təşkil edir. Şəxsən Ərdoğan Ərbilin Kərkükə siyasi iddialarını sərt şəkildə pisləyib, şəhərdəki Kürdüstan bayrağının endirilməsini tələb edib. Bununla yanaşı, ümumilikdə, Ankaranın kürd muxtariyyəti ilə münasibətləri heç də pis deyil. Türkiyə İraq Kürdüstanından neft alır, Bərzani ilə dialoqla onun PKK terrorçularından uzaq durmasına belə, nail olub. Lakin kürd muxtariyyətinin İraqın tərkibindən çıxması ideyası Türkiyənin təhlükəsizliyinə təhdiddir. Çünki İraq kürdlərinə suverenlik verilməsinin kürd hərəkatını birləşdirəcəyinə şübhə yoxdur. Demək, Türkiyə dövləti ilə mübarizə aparan kürdlər daha da fəallaşacaq. Söhbət yalnız PKK-dan yox, həm də onunla müttəfiq olan Suriya kürdlərinin təşkilatlarından gedir. Onlar, faktiki olaraq, Ankara üçün daha bir cəbhə açıb.

 

Suriya növbəti zərbə qarşısında

Güman ki, Suriya kürdləri də müstəqillik qazanmaq üçün Ərbilin təcrübəsindən yararlanmağın əleyhinə deyil. Hələ 2013-cü ilin noyabrında Suriyanın şimalında kürdlərin yaşadığı rayonlar keçid hökuməti yaratmışdı. 2016-cı ilin martında isə Suriya kürdləri Şimali Suriyada federativ Rojava regionunun yaradıldığını elan edib. Suriya kürdlərinin suverenlik qazanması prosesində növbəti mərhələnin İraq Kürdüstanının gedişinin anoloqu olacağı istisna deyil. O, geniş səlahiyyətlərə malik muxtariyyətə çevrilə bilər.

Türkiyə üçün isə problem Suriyada Rojava muxtariyyətini kürdlərin «Demokratik Birlik» (PYD) partiyası ilə kürd özünümüdafiə dəstələrinin (YPG) irəli çəkməsindədir. Ankara onları PKK-nın filialları sayır. Odur ki, Türkiyə Suriya Kürdüstanında da muxtariyyət ssenarisinin təkrarlanmasını əngəlləməyə çalışır. Belə ssenarinin mövcudluğunu isə ən azı, Birləşmiş Ştatların Suriya kürdlərinə dəstəyi sübut edir. Ankara Rakkada İŞİD-lə savaşda Suriya kürdlərinin iştirakına qəti etiraz etsə də, Vaşinqton buna məhəl qoymamışdı və bu, heç də təsadüf deyil. Üstəlik, amerikalılar Rakkanın azad olunmasından sonra, Suriya kürdlərinə verdiyi silahları geri yağmamışdı. Halbuki, Türkiyə «onları silahlandıran istənilən dövlətin məsuliyyətə cəlb olunacağı» ilə hədələyirdi.

ABŞ-ın kürdlərlə hərbi-siyasi ittifaqı gücləndirdiyi şəraitdə, Ərbil İraq kürdlərinin müqəddəratını təyinetmə referendumu keçirməyə hazırlaşır, Suriya kürdləri muxtariyyətə can atır, Türkiyənin isə proseslərə güc tətbiqi ilə müdaxilədən başqa yolu qalmır. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi «PKK-nın qanadı olan YPG və PYD yaraqlılarının istənilən hücumuna tutarlı cavab vermək planının hazırlandığını» bildirib. Türkiyə Prezidenti Ərdoğan isə Suriyanın şimalında yerli kürdlərin hərbi-siyasi mövqelərini gücləndirəcəkləri təqdirdə, orada miqyaslı hərbi əməliyyatlara başlayacaqlarını bəyan edib. Ekspertlər düşünür ki, Türkiyənin bu yeni hərbi əməliyyatı miqyasına görə, 2016-cı ilin avqustundan 2017-ci ilin martınadək Ankaraya Suriya ilə sərhəddə 3000 kvadrat-kilometrədək ərazini nəzarətə götürmək imkanı vermiş «Fərat qalxanı»nı geridə qoya bilər.

Suriya kürdlərinin muxtariyyət əldə etmək cəhdləri rəsmi Dəməşqi narazı salıb. Üstəlik, YPG ilə PYD İraq Kürdüstanının referendum qərarını dəstəkləyir. Ərbilin əməllərinin İraqın dezinteqrasiyası və parçalanmasına yönəldiyi kimi, Suriya kürdlərinin iddiaları da Suriyanın ərazi bütövlüyünə təhdiddir. Lakin hər iki halda xalqların - suriyalıların və iraqlıların - taleyi daha çox xarici güclərin maraqlarından asılıdır.

Suriya probleminin həlli meydanlarından biri Rusiya, Türkiyə və İranın birgə səyləri ilə aparılan Astana prosesidir. Bu günlərdə Qazaxıstan paytaxtında danışıqların beşinci raundu başa çatıb və orada Şərqi Qut, Şimali Homs və İdlibdə deeskalasiya zonalarının yaradılması müzakirə olunub. Söhbət mötədil və radikal müxalifət qüvvələrinin bir-birindən ayrılmasından, onların mövcud olduqları ərazilərin sərhədlərinin müəyyənləşdirilməsindən gedir. Görüş iştirakçıları hər hansı razılaşma imzalaya bilməsə də, görüşü nəticəsiz də saymaq olmaz. Çünki danışıqlar nəticəsində bilavasitə deeskalasiyaya hazırlıqla məşğul olacaq işçi qrupun yaradılması razılaşdırılıb.

Beləliklə, həm Suriyada, həm də İranda problemin tam həllindən, xüsusilə də sabitliyin bərqərar olmasından danışmaq çox tezdir. Xüsusilə nəzərə alsaq ki, dünya gücləri Yaxın Şərqdə öz maraqlarına uyğun olaraq, «böyük yenidənqurma» planının icrasına başlayıb…



MƏSLƏHƏT GÖR:

451