29 Mart 2024

Cümə, 12:52

BÖLÜNMÜŞ ADA

Politoloq Hüseyn İŞIQSAL: «Yunan tərəfinin Kiprin birləşdirilməsinə dair danışıqlardan imtinası, tərəflərin mövqeyindəki ciddi ziddiyyətlərin nəticəsidir»

Müəllif:

15.07.2017

Kipr probleminin həllinə növbəti cəhd də uğursuzluqla nəticələnib. Halbuki, məsələ çözümə çox yaxın idi. Adanı bölən xəttin hər iki tərəfində Kipr Federasiyasının yaradılması müzakirə olunurdu. Lakin nəticə olmadı. İsveçrənin Kran-Montana şəhərində aparılan danışıqlarda BMT-nin Baş katibi Antoniu Qutyerriş, adanın türk icmasının lideri Mustafa Akıncı, yunan icmasının rəhbəri, Kiprin Prezidenti Kikos Anastasidias, Böyük Britaniya, Yunanıstan, Türkiyə və Avropa İttifaqının təmsilçiləri iştirak edirdilər. Lakin danışıqlar dalana dirəndi.

Yaxın Şərqin Şimali Kipr Universitetinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri Hüseyn İŞIQSAL «R+»a müsahibəsində danışıqların fiaskoya uğramasının nəticələri barədə danışıb.

- Kipr probleminin həllinə dair Kran-Montanada aparılan danışıqların iflası nə ilə bağlıdır?

- Danışıqların uğursuzluğa düçar olmasının bir neçə səbəbi var. İlk növbədə, onu qeyd etmək lazımdır ki, yunan tərəfi beynəlxalq arenada 5 razılaşdırılmış prinsip ətrafında təbliğat kampaniyası aparırdı: torpaqların bölüşdürülməsi, mülkiyyət, Aİ ilə münasibətlər, iqtisadiyyat və hakimiyyət bölgüsü və idarəçilik. Lakin bu prinsiplərlə bağlı tərəflər arasında kifayət qədər ziddiyyətlər var. Yunanlar türk icmasının növbəti prezident hakimiyyəti və dövlət qərarlarının qəbulu mexanizmi ilə bağlı təklifini qəbul etməyib. Onlar deyirdi ki, bu məsələlər torpaq problemlərinin həllindən sonra razılaşdırıla bilər. Ərazilərə sahib çıxmaq məsələsi ilə bağlı da ciddi fikir ayrılıqları var idi. Adada tərəflərin sahib olduğu ərazilər, təxminən, eynidir - cəmi 1% fərq var. Lakin türk tərəfi Gözəlyurd regionunun zəngin su resurslarından, sitrus plantasiyalarından, həmçinin adanın şərqində yerləşən strateji əhəmiyyətli Karpazi regionundan imtina etməyi düşünmür. Yunan icması isə Gözəlyurdun qeyd-şərtsiz onlara verilməsini tələb edir. Daha bir ziddiyyət Avropa İttifaqının 1 nömrəli hüququ olan yaşayış yeri azadlığı ilə bağlı idi. Yunanlar Aİ-nin bütün hüquq və azadlıqlarının Kiprdə tətbiq olunmasını istəyirsə, türklər etnik azlıq kimi, adanın şimalında türk çoxluğunun demoqrafik statusunun qorunub-saxlanılmasına tərəfdardır.

Kiprdə yaşayan türklərə Aİ vətəndaşlarının hüquq və azadlıqlarının verilməsi məsələsində də problem var. Türk icması Türkiyə vətəndaşlarına Aİ-nin «əlverişli şərait» statusunun verilməsini istəyir. Kipr yunanları isə buna qəti etiraz edir.

Lakin ən ciddi ziddiyyət təhlükəsizlik və zəmanət məsələsində ortaya çıxıb. Yunan tərəfi bir prinsipdə qəti israr edir: başqa ölkələrin hərbçilərinə «yox!», təhlükəsizlik zəmanətinə «yox!». Türk icması isə ötənlərin kədərli təcrübəsinə əsaslanaraq, məsələyə belə yanaşmanı qəbul etmir. Kipr türklərinin əksəriyyəti hesab edir ki, Kiprdə təhlükəsizliyin qarantı Türkiyə Ordusudur. Yeri gəlmişkən, bu məsələdə türk tərəfi kompromisə gedirdi. Danışıqlarda bəyan olundu ki, müəyyən dəyişikliklərə razılıq verilərsə, Türkiyə təhlükəsizlik zəmanəti prinsiplərinə yenidən baxa bilər. Ankara adadakı hərbi kontingentini ciddi şəkildə azaltmağa, 15 il sonra isə ordunun oradan ümumiyyətlə çıxarılması məsələsinə baxmağa da razı idi. Lakin yunan tərəfi ardıcıllıq göstərmədən, danışıqlar zalını tərk etdi.

- Belə düşünmək olarmı ki, artıq Kiprin birləşməsi üçün heç bir şans qalmadı?

- Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Mustafa Akıncı tərəflərin razılığa heç zaman bu qədər yaxın olmadıqlarını deyir. İkinci belə şansın əldə edilməsi çox çətin olacaq. Yeri gəlmişkən, hələ 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın Kipr probleminin həllinə dair planı var idi.

Məlum olduğu kimi, referendum keçirildi və Kipr yunanlarının əksəriyyəti həmin planı rədd etdi. Türklərin əksriyyəti isə planı dəstəkləmişdi. Yunanların budəfəki danışıqlardan imtinasının səbəbi də tərəflərin mövqelərində dərin ziddiyyətlərin olmasıdır.

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu düşünür ki, Kran-Montana görüşü son belə görüş ola bilər. Nəzərə alsaq ki, 2018-ci ildə yunan tərəfi prezident seçkisi keçirəcək, yaxın zamanlarda birləşmə şansının yaranacağı inandırıcı görünmür.

- Kipr yunanlarının liderləri danışıqların pozulmasında Türkiyəni günahlandırır. Nikosiyanın bəyanatında bildirilir ki, Türkiyə ordu və müdaxilə hüququnun qorunub-saxlanması vasitəsilə adaya hərbi-siyasi nəzarət etməyə çalışır…

- Bu ittihamlar əsassızdır. Maraqlıdır ki, 5 prinsip üzrə fikir ayrılıqlarının olduğu bir halda, yunan tərəfi diqqəti yalnız bir məsələyə - türk ordusu məsələsinə çəkir. Bu, yunan icması liderlərinin strategiyasıdır. Türk icmasının istəyi və regional təhlükəsizliyin qorunub-saxlanılması baxımından Türkiyə Ordusunun adadan çıxarılması yolverilməzdir.

- Türkiyə-Aİ münasibətlərinin Kipr probleminin həllinə təsiri varmı? Yunan Kiprində əmindirlər ki, Ankaranın mövqeyi Aİ ilə münasibətlərin inkişafından asılıdır...

- Bu suala «Bəli» və ya «Xeyr» deyə cavab vermək olmaz. Əslində, birbaşa əlaqə yoxdur. Türkiyə-Aİ münasibətlərində yaşanmaqa olan hazırkı gərginlikdə Kiprlə heç bir əlaqə görünmür. Bu münasibətlərdəki problem Prezident Ərdoğanın mövqeyi, kürd separatizmi, Türkiyədəki fövqəladə vəziyyət, FETÖ, Türkiyədə insan haqlarının durumu və digər məsələlərlə bağlıdır. Düşünürəm, Aİ bir çox məsələlərdə ikili standartdan çıxış edir və Türkiyəyə münasibətdə qərəzli davranır; məsələn, Türkiyənin Aİ-yə qəbulu məsələsində. 1959-cu ildən Türkiyə quruma üzvlüyə ilk namizədlərdən biridir. O zaman Aİ Avropa İqtisadi Birliyi adlanırdı. 58 ildir danışıqlar aparılsa da, heç bir nəticə yoxdur. 1995-ci ildə Türkiyə Gömrük İttifaqı ilə müqavilə imzalayıb. İlk illərdə onun Türkiyə iqtisadiyyatına təsiri son dərəcə dağıdıcı olub. Müqavilədə iki subyekt arasında idxal-ixrac balansını avropalı tərəfdaşların xeyrinə pozan maddələr var idi. Razılaşmanın əsasında ixrac və idxal imkanlarında asimmetriya dayanırdı. Konkret nümunələr də gətirə bilərəm. Türkiyə ilə Gömrük İttifaqı müqaviləsindən kənd təsərrüfatı və toxuculuq sənayesi sahələri çıxarılmışdı. Bundan başqa, Türkiyə ilə müqaviləyə Gömrük İttifaqında 1973-cü ildən nəzərdə tutulmuş məqam - maliyyə yardımı və əməyin, yəni işçilərin sərbəst hərəkəti maddələrini də çıxarmışdılar. Türkiyə Gömrük İttifaqının maliyyə yardımı almayan yeganə ölkəsidir. Anoloji sosial-iqtisadi vəziyyətdə olan bütün digər ölkələr - Portuqaliya, Yunanıstan, İspaniya, Aralıq dənizi ölkələri - Gömrük İttifaqı haqqında müqavilə imzaladıqdan sonra, Aİ-yə qəbul olunublar. Türkiyə bu müqaviləni imzalasa da, tunelin sonunda işıq görünmür. 2005-ci ildə imzalanmış və Aİ-yə üzvlüyün şərtlərinin yer aldığı çərçivə sazişində Türkiyəyə qarşı xüsusi tələblər irəli sürülüb. Başqa namizəd ölkələrin heç birinə qarşı belə tələblər olmayıb. Üstəlik, sazişdə Türkiyənin həmin şərtlərə əməl edəcəyi təqdirdə Aİ-yə qəbul olunacağına qəti zəmanət də yoxdur. Maraqlıdır ki, Ankara Aİ üzvü olarsa belə, Türkiyə vətəndaşları müəyyən müddət ittifaq ərazisində hərəkətdə məhdudiyyətlər yaşayacaq. Bu, onların Aİ-nin ümumi siyasətində iştirakına da aiddir. Türkiyənin kənd təsərrüfatı siyasəti, yaşayış yeri azadlığı, Türkiyə vətəndaşlarının Aİ ölkələrində işləməsi kimi sahələrə də məhdudiyyətlər nəzərdə tutulub.



MƏSLƏHƏT GÖR:

478