29 Mart 2024

Cümə, 17:17

QARIŞIQ «İYİRMİLİK»

"G20" sammitinin əsas nəticələrini iştirakçılardan başqa kimsə bilmədi

Müəllif:

15.07.2017

"G20"nin sammitlərini, adətən, 2 şərti hissəyə ayırırlar - rəsmi və qeyri-rəsmi. Rəsmi hissə hər zaman əvvəlcədən elan olunmuş gündəliyə həsr edilir, adətən, yekun bəyannamədə əksini tapır və o qədər də maraq doğurmur ki, buna da lazımi qədər əsas var. Birincisi, «iyirmilik»in bütün qərarları deklarativ xarakter daşıyır; ikincisi, dünyanın ən nüfuzlu dövlət başçılarının 2 gün ərzində əhatə etmək istədiyi məsələlər o qədər genişdir ki, onların əksəriyyəti ilə bağlı effektiv razılığa gəlmək, sadəcə, mümkün deyil. Odur ki, KİV üçün ən maraqlısı, qeyri-rəsmi hissənin nəticələridir. Burada məsələlər, əsasən, sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə razılaşdırılır.

 

Mətbuatın diqqətini hər dəfə antiqlobalistlərin etirazları da cəlb edir. Onlar "G20" sammitinin dəyişməz "bəzəyi"dir. Yeri gəlmişkən, bu dəfə etiraz aksiyaları görünməmiş xarakter almışdı.

Beləliklə, birliyin iyulun 7-8-də Hamburqun Sərgi mərkəzində keçirilən növbəti, sayca 12-ci toplantısı heç bir cəhətdən istisna deyildi.

 

İqlim ədavəti

Hamı sanki unudub ki, əslində, "G20"nin (dünyanın aparıcı 19 dövlətinin, Avropa İttifaqının və nəhəng beynəlxalq maliyyə strukturlarının qeyri-formal birliyi) əsas vəzifəsi dünya iqtisadiyyatının problemlərinin həlli yollarının tapılmasıdır. Lakin hər zaman əsas iqtisadi məsələlərə standart beynəlxalq mövzular da əlavə olunur - iqlim, korrupsiya, səhiyyə, miqrasiya, beynəlxalq terrorçuluq, qadın haqları, rəqəmsal təhlükəsizlik və s. Müşahidəçilərin sözlərinə görə, bu dəfə yekun kommünike həmişəkindən daha gec ərsəyə gəlib. Səbəb, ABŞ-ın iqlim məsələsindəki mövqeyi olub. Yayın əvvəlində Donald Tramp vəd etdiyi kimi, ölkəsini Paris razılaşmasından çıxarıb. O, bu razılaşmanın ədalətsiz olduğunu, ABŞ-ın milli sərvətlərinə qəsd etdiyini düşünür. Trampın fikrincə, bu razılaşmada qalmaq 2025-ci ilə amerikalılara 2,7 milyon iş yerinin itirilməsi bahasına başa gələ bilər. Trampı fikrindən daşındırmaq cəhdləri heç bir nəticə verməyib (Merkelin israrı belə, işə yaramayıb). Hətta ABŞ Prezidenti "G20"nin rəsmi hissəsinin iqlim problemlərinə həsr olunmuş iclasını nümayişkaranə şəkildə buraxıb - bu zaman o, Putinlə danışıqları davam etdirirdi. Nəticədə, yekun sənəddə iki fərqli mövqe yer alıb - bir yanda ABŞ, digər tərəfdə «iyirmilik»in digər üzvləri. Almaniya kansleri Paris razılaşmasının istənilən halda qüvvədə qalacağını desə də, aydındır ki, ABŞ-sız o, qüvvəsini ciddi şəkildə itirir. Daha təhlükəlisi digər iştirakçıların da razılaşmadan çıxa biləcəyidir; məsələn, Türkiyə, artıq buna eyham vurur. O, müqavilənin şərtlərinə əməl etməyə razı olsa da, bu məsələdə ön cərgədəki sənaye dövləti kimi çıxış etmək istəmir. Yaxud götürək Rusiyanı - Moskva nizamlayıcı sənədlərdə karbon qazına dair emissiyalar müəyyənləşərkən Rusiya meşələrinin bu qazları «udmaq» qabiliyyətinin nəzərə alınmasında israr edir.

İqtisadiyyata gəlincə, dünya liderləri açıq bazarların, proteksionizmlə mübarizənin və beynəlxalq ticarətin prinsiplərinin müəyyənləşdirilməsində ÜTT-nin normalarının aliliyinin vacibliyini bir daha bəyan ediblər. Beynəlxalq maliyyə sistemi maksimum şəffaf şəkildə dəstəklənəcək - 2018-ci ilin sonuna maliyyə hesabatları haqqında informasiya mübadiləsinə başlanılmalıdır. Maraqlıdır ki, təşkilatçılar bu məsələdə də Trampın etirazı ilə qarşılaşacaqlarından ehtiyatlanırdılar. Məsələ ondadır ki, ABŞ Prezidenti indiyədək, əsasən, Çin və Meksikaya qarşı proteksionizm tədbirlərinə əl ata biləcəyini dəfələrlə bəyan edib. Lakin Trampdan etiraz gəlməyib. Ekspertlər ümumi müddəaları elə şəkildə formalaşdırmağı bacarıblar ki, hər kəs razı qalıb - iştirakçı ölkələr, sanki azad ticarəti dəstəkləməyə hazırdır, lakin onların öz bazarlarını da qorumaq hüququ var.

«İyirmilik» terrorçuluqla əvvəlkitək mübarizə aparacaq - sərt! Kibertəhlükəsizlik də prioritet istiqamətlərdən elan olunub. Miqrasiya böhranının "yerlərdə həll olunması"na, yəni, miqrant tədarükçüsü olan əsas ölkələrə iqtisadi və humanitar yardımların göstərilməsi ilə çözülməsi qərara alınıb. Nəticədə, Afrika da yardım alacaq. Ümumiyyətlə, «Qara Qitə» haqqında istənilən ciddi beynəlxalq tədbirdə danışılır - orada iş yerləri açmağa, münaqişələri çözməyə, iqtisadiyyatı və kənd təsərrüfatını inkişaf etdirməyə, səhiyyənin vəziyyətini düzəltməyə çalışırlar. Lakin hələlik elə bir ciddi nəticə görünmür.

«İyirmilik» liderlərinin bəyanatları və bəyannaməsinin "G20" sammitlərini fanatın rok ulduzunu izlədiyi kimi izləyən antiqlobalistləri bərk qəzəbləndirməsi təəccüblü deyil. Fəallar çadırlarda yaşayır, polis məntəqələrində gecələyir, nəhəng plakatlar hazırlayır, çıxışlar edir, avtomobilləri çevirərək od vurur, dalaşır, hər yanı daşlayır, fişəng, məşəl yandırır, bir sözlə, «vaxtlarını yaxşı» keçirir. Özü də bunu planet üçün son dərəcə vacib iş kimi qələmə verirlər. Bəs onların fəaliyyəti «iyirmilik» üzvlərinin əhvalına hər hansı təsir göstərirmi? Yox. Bundan başqa, bəzən elə təəssürat yaranır ki, antiqlobalistlərsiz darıxdırıcı olar. Belə deyilsə, "G20" niyə toplantılarını uzaq, gedilməsi çətin olan yerlərdə deyil, hər zaman böyük şəhərlərin mərkəzində keçirir və hər dəfə oranın mühafizəsi üçün çox sayda polisə ehtiyac yaranır. Hər dəfə yüzminlərlə əhalinin arasında yüzlərlə radikal da tapılır. Hamburqda isə əksəriyyət, ümumiyyətlə, solçuların tərəfdarıdır. 2015-ci ildə yerli parlamentə keçirilən seçkidə Merkelin təşkilatı - XDİ burada cəmi 3%, solçular isə 10 dəfə artıq səs yığmışdı. Odur ki, etirazların daha güclü olacağına şübhə yox idi. Sammit günlərində baş vermiş qarşıdurmalarda 213 polis və onlarca nümayişçi müxtəlif dərəcəli yara və zədə alıb, etirazların əsas şüarlarından biri isə belə olub: «Cəhənnəmə xoş gəlmisiniz!». Etirazçılar «Porsche» avtosalonunu yandırıb... Zərərçəkənlər arasında ABŞ-ın birinci xanımı Melanya Tramp da var. İğtişaşlar onun "G20" liderləri xanımlarının tədbirinə qatılmasına imkan verməyib.

 

«Tramputin»

Amma bəlkə də sammit üçün daha uzaq yer ona görə seçilmir ki, toplantı sanki qapalı, «doğmaların klubu» təsiri bağışlamasın. "G20" meydanı kifayət qədər geniş xarakter daşıyır və məhz hələ bir-birlərinə rəsmi səfər etmək üçün «yetişməmiş» liderlərin söhbətləşmək imkanı qazanması üçün də keçirilir. Bu mənada, Hamburqun əsas görüşü Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında baş tutub.

İki lider planlaşdırılandan xeyli uzun söhbətləşib və hətta bəzi razılıqlar da əldə edib. Amerika-Rusiya münasibətlərinin indiki vəziyyətini, Trampın təxminedilməzliyini və onun Putin üçün artıq üçüncü «yeni» Amerika Prezidenti olduğunu nəzərə alsaq, görüşə KİV tərəfindən son dərəcə böyük diqqət var idi. Prezidentlərin özlərinin sözlərindən bəlli olur ki, onların arasında «pozitiv kimya» formalaşıb və «şəxsi münasibətlər yaranıb». Sonradan Tramp Twitter sosial şəbəkəsində yazıb ki, «Rusiya ilə konstruktiv dialoq şəraitində irəli getməyin vaxtıdır». Putin isə «Hamburq danışıqlarının diskussiyaların yalnız başlanğıcı olduğunu» bildirib. Putinin sözlərinə görə, televiziyalardan görünən Tramp reallıqdakı Trampdan çox fərqlənir və o, həmsöhbətini tamamilə adekvat anlayır.

Görüş qapalı keçirildiyindən, başqa nəsə demək çətindir. Amerikalı jurnalistlər üçün əsas mövzu, əlbəttə ki, Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsi məsələsi idi. Tillerson ilə Lavrovun sonradan dedikləri kimi, Tramp bu sualı təkrar-təkrar səsləndirməklə, «Putini dəfələrlə sıxıb». Rusiya Prezidenti isə hər dəfə deyilənləri «qəti şəkildə təkzib edib».

Daha sonra prezidentlər Suriya məsələsinə keçib. Onlar bu ərəb ölkəsinin cənubunda (Derea, əl-Kuneytra və Suveyda) atəşkəs rejiminin hökm sürdüyünü, atəşkəsə əməl olunmasının Rusiya hərbi polisinin amerikalı və iordaniyalılarla birlikdə göstərəcəyi səylərlə təmin ediləcəyini deməklə, dünya birliyini sevindirib. Bundan başqa, humanitar əməliyyatlar təşkil olunur, müxalifətçilərlə İordaniya paytaxtında yaradılan monitorinq mərkəzi arasında əlaqə qurulur. Bu razılaşma, əlbəttə ki, çox müsbət qarşılanıb. Odur ki, Suriyanın ən problemli bölgəsinin, əslində, cənub yox, şərq və şimalı olduğuna çoxu diqqət etməyib. "İD"nin «paytaxtı» sayılan Rakka şəhəri məhz orada yerləşir. Suriya münaqişəsinin müxtəlif, çoxsaylı iştirakçılarına kürdlər də məhz həmin bölgədə qoşulub. Odur ki, Putin ilə Trampın cəmi 1 görüşünün nəticəsinə görə, Suriya ilə bağlı müsbət proqnozlar vermək tezdir.

Eyni sözləri iki liderin müzakirə etdiyi digər məsələ - Ukrayna problemi haqqında da söyləmək olar. Amerika tərəfi Ukrayna böhranının həllinə kömək etmək üçün xüsusi nümayəndə təyin edib. Bu, Kurt Volkerdir. O, yaxın zamanlarda Moskvaya baş çəkməlidir. Rusiya nümayəndələri ilə amerikalı arasında kanalın yaradılması nəzərdə tutulur. Bir sözlə, ABŞ Ukraynanın cənub-şərqindəki böhranla ciddi məşğul olmaq qərarına gəldiyini nümayiş etdirir. Yeri gəlmişkən, Vaşinqtonun anti-Rusiya sanksiyalarının səbəbi məhz bu problemdir. Bu problem tam həll olunmadan, Moskva ilə Vaşinqtonun münasibətləri tam əvvəlki səviyyəsinə qayıtmayacaq. Tramp ilə Putin arasındakı «kimya» da hələ heç nə demək deyil - «Tramputin» ittifaqı, sadəcə, bəzi politoloq və jurnalistlərin sərsəm fantaziyasıdır. Rusiya ilə ABŞ bir çox sahədə rəqib olaraq qalır. Rusiyaya məxsus bort №1 Hamburqa istiqamət alarkən, NATO blokuna daxil olan ölkələri yan keçmək üçün 500 kilometrlik dövrə vurub. Trampa gəlincə o, Hamburqa çatanadək Polşaya baş çəkib. Söhbət, artıq Amerikanın mayeləşdirilmiş təbii qazının ilk partiyasını almış və tezliklə ABŞ-a məxsus 8 ədəd «Patriot» HHM kompleksinin qurulacağı ölkədən gedir.

 

«Makerel»

Sammitin digər maraqlı görüşləri arasında Angela Merkel ilə Fransanın yeni Prezidenti Emmanuel Makronun danışıqlarını göstərmək olar. Bütün Avropa KİV bu görüşün "isti keçməsi"ndən yazır. Parislə-Berlində isə ümid edirlər ki, Fransa-Almaniya əməkdaşlığı bütünlükdə Aİ-nin rifahı naminə yeni səhifə aça bilər. «Brexit»dən və Trampın iqlimlə, Avropa ilə ABŞ arasında Azad Ticarət Zonası ilə bağlı qalmaqallı qərarlarından sonra, Merkel Avropanın yalnız özünə güvənməli olduğunu bəyan etmişdi. Makron onun bu fikrini dəstəkləyir. Bu ittifaqla bağlı yeni ifadə də yaranıb: «Makerel» (Mackerel). Yeri gəlmişkən, «Makerel» Avropaya mümkün qədər çox Çin investisiyasının cəlbinə çalışır. Böyük Britaniyanın Baş naziri Tereza Mey isə öz növbəsində, Yaponiya, Çin və ABŞ, həmçinin Aİ-yə üzv olmayan bütün digər ölkələrlə ciddi əlaqələr qurmağa çalışır.

Görünən odur ki, ən çətin dialoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Angela Merkel arasında keçib. Kanslerin sözlərinə görə, Ankara ilə Berlin arasında «dərin fikir ayrılıqları var». Yeri gəlmişkən, Avropa Parlamenti Türkiyənin Aİ-yə qəbulu ilə bağlı danışıqların dayandırılmasına növbəti dəfə çağırış edib.

"G20" 2017-nin ümumi nəticələri bunlardır. Ondan ciddi siyasi nəticələr gözlənilmirdi. Lakin eyni zamanda, sammit vacib tendensiyaların ortaya çıxmasına imkan yaradıb; məsələn: iqlim məsələsində iflas göz qarşısındadır ki, bu da gözlənilən idi. İqtisadiyyata gəlincə, burada hər şey hər bir ölkənin öz maraqlarına uyğun aparacağı gələcək danışıqlardan asılıdır. Odur ki, hər zaman olduğu kimi, hələlik, heç kəs birmənalı və qəti addım atmağa tələsmir. ABŞ Prezidenti, artıq Avropa liderləri ilə həmrəylik nümayiş etdirmir və bu, onları çox qıcıqlandırır və çaşdırır. Beləliklə, unikal vəziyyət yaranıb: Qərb heç bir beynəlxalq meydanda vahid mövqedən çıxış etmir. Əvəzində, deyəsən, yeni Fransa-Almaniya əməkdaşlığı yaranır. Daha bir maraqlı məqam: yaxın vaxtlarda Amerika-Rusiya münasibətlərinin Putinlə-Trampın şəxsi münasibətləri əsasında qurulacağı istisna deyil. Bu «ittifaq»ın nəyə aparıb-çıxaracağını ehtimal etmək belə, çətindir. İstənilən halda, nəzərə almaq lazımdır ki, KİV-ə çıxan informasiyalar yalnız aysberqin görünən tərəfidir. Sammitin əsas nəticələrini isə iştirakçıların özlərindən başqa kimsə bilmir...



MƏSLƏHƏT GÖR:

393