25 Aprel 2024

Cümə axşamı, 05:02

CİNAYƏT və CƏZA

Prezident İlham Əliyev: «Biz Ermənistanın cavabını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik»

Müəllif:

15.07.2017

Dünya, erməni hərbçilərinin Azərbaycanın işğal altındakı torpaqlarında törətdiyi növbəti vəhşiliyinin şokunu yaşayır. İyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə, kəndin 55 yaşlı sakini Sahibə Allahverdiyeva və onun yaşyarımlıq nəvəsi Zəhra Quliyeva həlak olublar. Daha bir qadın - Səlminaz Quliyeva qəlpə yaraları alaraq xəstəxanaya yerləşdirilib.

 

Üstəlik, bütün bunlar ATƏT-in şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, cəbhə xəttinin Füzuli rayonu istiqamətində atəşkəs rejiminə əməl olunmasının monitorinqinin aparılmasıdan dərhal sonra baş verib.

Azərbaycan ermənilərin dinc əhaliyə, qocalara, qadın və uşaqlara barbar hücumu ilə ilk dəfə rastlaşmır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, atəşkəs illərində «erməni terrorundan 32 uşaq zərər çəkib. Onlardan 13-ü həlak olub, 19-u müxtəlif dərəcədə yaralanıb». Erməni terrorçularının özlərinin də etiraf etdiyi Xocalı qətliamını, orada da uşaqların vəhşicəsinə qətlə yetirildiyini xatırlatmaq isə yəqin ki, artıq olar. Yeri gəlmişkən, bu insanlar arasında Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan da var.

Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun erməni snayperinin qurbanı olduğu da yaddaşlardadır. Erməni əsgərləri analara bu qanlı «hədiyyə»ni 2011-ci il martın 8-də, Azərbaycan və Ermənistan prezidentlərinin məşhur Kazan görüşü ərəfəsində etmişdi. Elə həmin ilin yayında isə erməni hərbçiləri içərisinə partlayıcı quraşdırılmış oyuncağı çaya buraxmaqla, Azərbaycanın Tovuz rayonunun 13 yaşlı sakini Aygün Şahmalıyevanın həyatına son qoymuşdu.

Gözlənildiyi kimi, Alxanlıdakı son insidentdən dərhal sonra rəsmi İrəvan kəndi, guya, «düşmənin atəş nöqtələrini susdurmaq üçün atəşə tutduğunu» bəyan edib. Lakin erməni tərəfinin yalanı 12 dövlətin 15 hərbi atteşesinin xarici KİV təmsilçiləri ilə Alxanlıya səfər etməsi ilə ortaya çıxıb. Onlara Alxanlıda Azərbaycan Silahlı Qüvvələri bölüklərinin və atəş nöqtələrinin olmadığına dair sübutlar təqdim edilib.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan isə hadisədən bir neçə gün sonra, son illərdə ön cəbhədə Ermənistanda ciddi şəkildə narahatlıq yaradacaq eskalasiyanın yaşanmadığını etiraf edib. «Ön cəbhədə vəziyyət kifayət qədər sakitdir. İl ərzində düşmənin hər hansı fəallıq göstərməsi üçün imkan olmayıb», - deyə Akopyan bildirib.

Azərbaycan tərəfi isə il ərzində erməni tərəfinin atəşkəs rejimini pozduğuna, diversiya əməllərinə dair kifayət qədər fakt açıqlayıb. İyunun sonlarında Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilmiş erməni diversant Zaven Karapetyan İrəvanın münaqişə zonasında gərginliyin qorunub-saxlanmasında nə qədər maraqlı olduğunu təsdiqləyən daha bir sübutdur.

Bakı, əlbəttə ki, körpə qızın qətlini cavabsız qoymayıb və eyni zamanda, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Akopyana Azərbaycan Ordusunun imkanlarını bir daha nümayiş etdirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni hərbi birləşmələri növbəti diversiya aktının həyata keçirilməsi məqsədilə hərbi hazırlıq vəziyyətinə gətirilibmiş. Diversiyanın qarşısının alınması üçün Azərbaycan SQ Ermənistan bölmələrinin müəyyən olunmuş müdafiə zonalarına dəqiq zərbələr endirib. Nəticədə, düşmənin xeyli sayda canlı qüvvəsi, həmçinin bir neçə hərbi texnikası məhv edilib, digər hərbi obyektləri dağıdılıb. Müdafiə Nazirliyi həmin zərbələrin videogörüntüsünü də yayıb.

«Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi», - deyə Azərbaycan Prezidenti İlham Əliyev hökumətin iyulun 12-də keçirilən iclasında bildirib.

ABŞ, Fransa, Rusiya, Türkiyə - praktik olaraq dünya siyasətinin bütün aparıcı dövlətləri, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar da yaşyarımlıq körpə ilə nənəsinin qətlini pisləyib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə iki bəyanatla çıxış edib. İkinci bəyanatda onlar baş verənləri açıq şəkildə «Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair gözlənilən danışıqları poza biləcək təxribat» adlandırıb.

Bununla yanaşı, demək olar ki, bütün bəyanatlarda yenə də «bərabərçilik» müşahidə olunub - sülhə, Cenevrə Konvensiyasına əməl etməyə bilavasitə təcavüzkar olan Ermənistan deyil, hər iki tərəf çağırılıb. Halbuki, bu qanlı münaqişənin həllinə məhz təcavüzkarın zərərçəkmiş tərəflə eyni cərgəyə qoyulması mane olur. Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi faktı BMT, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələrində dəfələrlə təsdiqlənib. Bütün bu sənədlərdə erməni qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Qalır Suriya və Ukrayna böhranlarında olduğu kimi, sadəcə, İrəvandan beynəxalq qərarlara əməl olunmasını tələb etmək. Məntiqlə körpə Zəhranın qatilləri Suriyada öldürülərək dalğaların qoynuna atılmış uşağın qatilləri kimi, pislənməli və məsuliyyətə cəlb edilməlidir. Lakin gördüyümüz kimi, bu, baş vermir.

Yeri gəlmişkən, Ermənistan Alxanlıdakı təxribatı «Böyük İyirmilik» ölkələrinin Hamburq görüşü ərəfəsində törədib. Bu sammitdə ABŞ və Rusiya prezidentlərinin də görüşü gözlənilirdi. Lakin deyəsən, Qarabağ məsələsi dünya güclərinin prioritetləri sırasına düşməyib. Sanki Ermənistan-Azərbaycan münaqişəsinin həlli Rusiya, ABŞ və Fransadan olan 3 orta ranqlı diplomata həvalə olunub. Onlarsa uğur dedikdə, sadəcə, tərəfləri danışıqlar masası arxasına əyləşdirməyi nəzərdə tutur.

Həmsədrlərin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyanın iyulun 11-də Brüsseldə baş tutmuş görüşündən sonra verdikləri bəyanat da bunu təsdiqləyir. Bəyanatdan məlum olur ki, yeganə razılaşma XİN başçılarının sentyabrda Nyu-Yorkda yenidən görüşəcəyi ilə bağlıdır. BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir araya gəlməli olan nazirlər vasitəçilərlə birlikdə iki ölkə prezidentlərini ilin sonunadk görüşdürmək üzərində çalışacaqlar.

Halbuki, erməni tərəfinin konstruktivlik nümayiş etdirməsi halında ATƏT-in Minsk qrupu tərəfindən təklif olunmuş planın - erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsinin müzakirəsinə çoxdan başlamaq olardı. Ermənistan XİN başçısı E.Məmmədyarovun Brüssel görüşündə dediyi kimi, regionda gərginliyi məhz bu azalda bilər.

Yəni, masa üzərində vasitəçilərin konkret həll planı olmasına rəğmən, erməni tərəfi diqqəti insidentlərin araşdırılması mexanizminin tətbiqi kimi məsələlərə çəkməkdədir. Azərbaycan və beynəlxalq ictimaiyyət, o cümlədən Minsk qrupu və hətta NATO isə tərəfləri dərhal substantiv danışıqlara başlamağa çağırır. Beləliklə, sülh prosesinin irəliləməsinə var gücü ilə mane olmağa çalışan Ermənistan danışıqların hər raundu ərəfəsində və ya ondan sonra cəbhə xəttində təxribata əl atır, bu zaman terrordan, dinc əhalini bombalamaqdan belə çəkinmir. «Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik», - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı erməni tərəfinin münaqişənin həlli prosesini pozmaq üçün bundan əvvəl də belə təxribatlara əl atdığını xatırladıb. Danışıqların indiki raundunun perspektivlərinə gəlincə, İlham Əliyev danışıqların bərpasının özünü müsbət fakt kimi qiymətləndirib. Azərbaycan düşməni danışıqlar masası arxasında saxlaya bilmək üçün hərbi potensialını artırmalı, təxribatlara adekvat cavab verməli olur.

Görünən odur ki, münaqişə bölgəsində status-kvonun dinc yolla yaxın zamanlarda dəyişəcəyi ilə bağlı nə rəsmi Bakı, nə vasitəçilər, nə ekspertlər xülyalar qurur. Rusiyalı politoloq Andrey Yepifansevin fikrincə, bunun üçün vasitəçi dövlətlər Ermənistana kifayət qədər təzyiq göstərmir. «Siyasi iradə çatışmazlığı tək Ermənistanda deyil. Bu, beynəlxalq siyasətin önündə gələn dövlətlərə, Minsk qrupu ölkələrinə və onun həmsədrlərinə də aiddir», - deyə politoloq qeyd edib.

Bu kontekstdə Qarabağ danışıqlarının moderatoru kimi, digər həmsədrlər ABŞ və Fransadan daha böyük üstünlüklərə malik Moskvanın əməlləri xüsusi diqqət çəkir; məsələn, Edvard Nalbandyanın Brüsseldə azərbaycanlı həmkarı ilə görüşdən əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla «saatlarını tutuşdurduğu» məlumdur. Bu, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Mauerbaxdakı qeyri-formal görüşü çərçivəsində baş verib.

«Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalara əməl olunmasının vacibliyi vurğulanıb», - deyə Ermənistanın xarici siyasət idarəsindən bildiribər.

Aydındır ki, İrəvan Vyana və Sankt-Peterburq razılaşmaları dedikdə, sadəcə, təmas xəttində insidentlərin araşdırılması mexanizminin tətbiqini və danışıqlar prosesinin digər törəmə detallarını nəzərdə tutur. «Lavrov planı» haqqında isə danışılmır. Deyəsən, heç Lavrovun özü də Nalbandyana Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğalına son qoyulması haqqında verdiyi təklifini xatırlatmayıb.

Əvəzində, Rusiyanın xarici siyasət idarəsi Azərbaycana qarşı o qədər də anlaşılmayan mövqe ortaya qoyub. Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsinin səhəri gün Rusiya XİN bəyanat yayaraq, Azərbaycandan «iki ölkənin dostluğuna uyğun gəlməyən biabırçı ayrı-seçkiliyə son qoyulmasını» tələb edib. Ayrı-seçkilik dedikdə, bu ilin əvvəlindən Bakıda erməni soyadlı 25 Rusiya vətəndaşının girişinə icazə verilməməsi nəzərdə tutulur. Rusiya XİN bunu insan haqlarının və iki ölkə arasındakı müvafiq razılaşmaların pozulması kimi qiymətləndirib. Üstəlik, eyniməzmunlu bəyanat növbəti gün də yayılıb və bu, Bakıda anlaşılmazlığa səbəb olub.

«Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməniəsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblüdür və başadüşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir», - deyə Azərbaycan XİN-in mətbuat xidmətinin bəyanatında bildirilir.

Rəsmi Bakı bəyan edib ki, Azərbaycanla-Rusiya arasında 25 illik diplomatik münasibətlər dövründə bu məsələ heç zaman gündəmə gətirilməyib. «Odur ki, Rusiya tərəfinin bu məsələdə belə fəallıq nümayiş etdirməsni izah etmək çətindir», - deyə XİN-dən verilən açıqlamada qeyd olunur.

Nazirlik bildirir ki, indiyədək erməniəsilli yüzlərlə Rusiya və digər ölkə vətəndaşı Bakını əvvəlcədən məlumatlandırmaqla, Azərbaycana dəfələrlə səfər edib.

«Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq, Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən, öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb-buraxılmamasına dair özü qərar verir», - deyə bəyanatda vurğulanır.

XİN-in açıqlamasında o da deyilir ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Azərbaycan ərazisinin 20%-nin illərdir, Ermənistanın işğalı altında qaldığını, məhz Ermənistanın etnik təmizləmə siyasəti üzündən 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini yaxşı bilir.

Nazirlik 2017-ci il iyulun 4-də 2 yaşlı körpənin və nənəsinin Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olmalarını İrəvanın Azərbaycan ərazilərindən dinc əhaliyə qarşı terrorçu-təxribatçı fəaliyyətinin sübutu kimi qiymətləndirib.

«Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur», - deyə bəyanatda bildirilir. Nazirlik başqa dövlətlərin bu məsələyə, ümumiyyətlə, diqqət ayırmaması fonunda məhz Rusiyanın bununla bağlı belə ciddi maraq ortaya qoymasının anlaşılmaz olduğunu bəyan edib: «Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanəsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir».

Rəsmi Bakı sülh prosesinin vasitəçisi olan Moskvadan gözləntilərini də açıqlayıb. Azərbaycan vasitəçilərdən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması üçün fəallığın artırılmasını gözləyir. Qarabağda sülh və sabitlik yalnız bu yolla bərqərar ola bilər və bundan həm münaqişə tərəfləri, həm də maraqlı oyunçular qazanar.



MƏSLƏHƏT GÖR:

405