25 Aprel 2024

Cümə axşamı, 04:01

TEYMURUN QAYIDIŞI

Uzun fasilədən sonra, Rəcəbov nüfuzlu turnirdə qalib gələrək, şahmat tacına iddialarını ortaya qoydu

Müəllif:

01.08.2017

İsveçrənin Cenevrə şəhərində təşkil olunan şahmat üzrə Qran-pri turnirinə yekun vurulub. Azərbaycan azarkeşlərinin həyəcanla izlədiyi yarışın son turunda təmsilçimiz Teymur Rəcəbov (2724) qara fiqurlarla Yan Nepomnyaşi (Rusiya, 2742) ilə heç-heçə edib. Aleksandr Qrişukun (Rusiya, 2761) Aniş Girinin (Hollandiya, 2775) müqavimətini qıra bilməməsi həmyerlimizin çempionluğunu rəsmiləşdirib. Beləliklə, Cenevrədə möhtəşəm mübarizə sərgiləyən Rəcəbov uzun fasilədən sonra beynəlxalq yarışda titul qazanaraq uğursuz gedişə son qoyub. İsveçrədə əldə olunan çempionluq Teymura həm də 20 min avro qazandırıb.

Qran-pridə çıxış edən digər şahmatçımız Şəhriyar Məmmədyarov (2800) ağ fiqurlarla Çao Li (Çin, 2735) ilə “sülh bağlayıb”. Aleksandr Ryazantsev (Rusiya, 2654) – Maykl Adams (İngiltərə, 2736), Pentala Harikrişna (Hindistan, 2737) – Dmitri Yakovenko (Rusiya, 2703), Ernesto İnarkiyev (Rusiya, 2707) – Boris Gelfand (İsrail, 2728) və Pavel Elyanov (Ukrayna, 2739) – Riçard Rapport (Macarıstan, 2694) görüşlərində də qalib müəyyənləşməyib. Pyotr Svidler (Rusiya, 2749) Yifan Hounu (Çin, 2666), Levon Aronyan (Ermənistan, 2809) isə Səlim Salehi (BƏƏ, 2656) məğlub edib.    
Bununla da Qran-pri seriyasında 3-cü mərhələ başa çatıb. Sonuncu 4-cü mərhələ isə noyabrın 16-dan 27-dək İspaniyanın Palma şəhərində təşkil olunacaq. Bildiyiniz kimi, 24 iştirakçının hər biri 3 mərhələdə mübarizə apara bilər. Belədə hər mərhələdə 6 qrossmeyster kənarda qalır. Artıq ilk 3 yarışda qüvvəsini sınayan Məmmədyarov, Qrişuk, Nepomnyaşi, Adams, Hou və Səlim Qran-pridə çıxışını başa vurub. Adları çəkilənlərdən ilk ikisi bu seriyadan şahmat tacına İddiaçıların turnirinə qatılmağa real namizədlər hesab olunur. Bu yerdə xatırladaq ki, Qran-prinin yekununda toplanan xallara əsasən, ilk 2 yeri tutan şahmatçılar iddiaçıların turnirinə vəsiqə qazanacaq. Məmmədyarov və Qrişukla yanaşı, Rəcəbov, Dinq və Vaşye-Laqravın iddiaçıların turnirində çıxış etmək şansı var. Ancaq bunun üçün mütləq İspaniyadakı turnirdə ilk “3-lük”də yer almalıdırlar. Hətta vəziyyətdən asılı olaraq, 2-3-cü yerlər də bu 3 zəka sahibini qane etməyə bilər. Reqlamentə əsasən, 1-ci yerin sahibi 170, 2-ci yeri tutan 140, 3-cü pillədə qərarlaşan şahmatçı isə 110 xal qazanır. Ancaq bir yeri bir neçə qrossmeyster tutsa, o zaman bu xallar azalır. Rəcəbova 100 xal lazımdır ki, hədəfinə çatsın. Amma bir şərtlə ki, son mərhələdə Çin və Fransa təmsilçiləri ondan yüksək nəticə göstərməsin. Müqayisə aparsaq, Şəhriyarın böyük ölçüdə vəsiqəni təmin etdiyini söyləyə bilərik. Teymurun şansları da yüksək qiymətləndirilir. Cenevrədəki çıxış təsadüfi uğur deyilsə, şahmatçımız həqiqətən yüksəlişdədisə, o zaman Palmada da bunun məntiqi davamını gətirmək olar.

Uzun fasilədən sonra mötəbər yarışda qələbə qazanan şahmatçımız Teymur Rəcəbov təəssüratlarını "R+"la bölüşüb: “Əlimdən gələn hər şeyi edirəm ki, İddiaçıların Turnirinə qatılmaq şansımla bağlı düşünməyim. Qarşıdakı hələ bütöv bir mərhələ var. Hər şey baş verə bilər. Buna qədər iddiaçıların turnirində iştirak etmişəm. Bu təcrübəyə sahibəm. Deyə bilmərəm ki, yeganə məqsədim sırf bu yarışa vəsiqə qazanmaqdan ibarətdi. Sadəcə, turnirdən turnirə nəticələrimi yaxşılaşdırmağı və ustalığımı yüksəltməyi düşünürəm. “Qran-pri” seriyasında topladığım xalları hesablamayacam. Yalnız öz oyunumu nümayiş etdirəcəm.

Ümumilikdə, Cenevrədə çıxışımı yaxşı qiymətləndirirəm. Nepomnyaşi və Qrişukla partiyaları nəzərə almasaq, digər görüşlərdə üstünlüyüm var idi. Yarışa hazırlıq zamanı seytnota düşməmək üçün çox düşünmüşdüm. Əvvəlki yarışlarda vaxtla bağlı problem olurdu, bu amil də oyunuma təsirsiz ötüşmürdü. Hazırlıq Şəmkirdəki Vüqar Həşimov Memorialından əvvəl keçirilib. Sadəcə, Şəmkirdə tam olaraq optimal formanı bərpa etməmişdim. Üstəlik, Vladimir Kramnik və Uesli So kimi rəqiblərə qarşı qara fiqurlarla oynamaq heç vaxt asan olmayıb. Şahmat ciddi yanaşmanı sevir. Vaxta nəzarət etmək vacibdir. Əks halda, bir neçə saniyə ərzində oyun qurmağa çalışırsan.

Qran-pridə ilk turda Aniş Girini məğlub etdim. Sözsüz ki, start çox önəmlidir. Maraqlıdır ki, 19-cu gedişdə rəqib heç-heçə təklif etdi. Vaxtımın çox olduğunu görərək, qara fiqurlarla heç-heçə etməkdən imtina etdim. Oyunda üstünlük qazanmaq real görünürdü. Nəticədə, Giriylə partiyada qələbə qazandım”.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Cenevrədəki çıxışı haqqında yalnız xoş sözlər söyləmək olar. Qələbə qazanmaqla yanaşı, qrossmeyster bütün partiyalarda inamlı oyunu, sona qədər mübarizə aparması ilə diqqəti cəlb etdi. Aniş Giriylə oyunda heç-heçədən imtina edən Rəcəbov həmişə qələbə barədə düşündüyü barədə söylədiyi fikirləri təsdiqlədi. Əminliklə söyləmək olar ki, Qran-prinin son mərhələsi onun üçün böyük əhəmiyyət kəsb edir. Teymur qazandığı yüksək nəticə ilə iddiaçılar turnirinə vəsiqə əldə edəcəyi halda, karyerasında yeni dönəm başlayacaq.

Qeyd edək ki, Teymur Rəcəbov sentyabrda Tiflisdə keçiriləcək Dünya Kubokunda iştirak edəcək. Şahmatçımızın iştirakı təşkilatçı ölkə tərəfindən nominant kimi irəli sürülüb. Eyni zamanda, Dünya Kubokunda Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Ardınca Rəcəbov klublar arasında Avropa Kuboku və yığmaların Avropa Çempionatında çıxış edəcək. Noyabrın sonlarında isə İspaniyada FİDE Qran-pri turnirinin son mərhələsi baş tutacaq.



MƏSLƏHƏT GÖR:

367