24 Aprel 2024

Çərşənbə, 10:55

«MƏNİM HƏR ŞEYİM VAR»

Hacımurad YEGİZAROV: «Arzum budur ki, bütün müharibələr dayansın, uşaqlar, qadınlar, qocalar ölməsin»

Müəllif:

01.08.2017

Hacımurad Hacıəhməd oğlu Yegizarov - Azərbaycanın Xalq Artisti, teatr və kino aktyorudur. Populyarlıq, şöhrət və tamaşaçı sevgisi bir kino aktyoru kimi, hələ 1960-cı illərdən onun nəsibi olub. O, "Azərbaycanfilm", "Barrandovfilm" (Çexo-Slovakiya) kinostudiyalarında, Gürcüstanın Dövlət Kinostudiyasında rollara çəkilib. 2000-ci illərdən isə Almaniya kinostudiyalarında çəkilib. Onun yaradıcılıq arsenalında 40 film rolu var. Onların arasında Çoban Ayaz ("Ögey ana"), Süleyman ("Arşın mal alan"), Mustafa ("Birisigün gecəyarısı…"), Xəlifə Məmun ("Babək"), Atabəy ("Nizami"), Fəttah Fəttahov ("Qara gölün cəngavərləri"), müharibə naziri ("Qorxma, mən səninləyəm"), Vəzir ("Antim İveriano"), polkovnik Raginski ("Şpeyer və O ") və s. var. 1986-cı ildə "Birisigün gecəyarısı…" filmində oynadığı təhlükəsizlik işçisi Mustafa Məmmədov roluna görə SSRİ DTK-nın mükafatına və respublikanın Dövlət Mükafatına layiq görülmüşdü.

İsti yay günlərini harada keçirmək daha yaxşıdır? Biri deyə bilər: dənizdə, kurortda, turizm səfərində və s. Lakin Azərbaycanın Xalq Artisti Murad Yegizarov hesab edir ki, sizi sevən və sevdiyiniz adamların çevrəsində keçirdiyiniz istirahətdən yaxşısı yoxdur. Əgər onlar yanınızdadırsa, sizə dünyanın istənilən coğrafiyasında xoş istirahət təmin edilib. Ümumiyyətlə, aktyor iddia edir ki, istirahət etmək, yeni emosional təəssüratlar almaq, mədəni maarif kəşfləri etmək üçün ən yaxşı yer elə Odlar Yurdudur. Azərbaycan hələ qədim zamanlardan öz mehribanlığı və qonaqpərvərliyi ilə tanınır.

«R+» müxbiri onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb. Hazırda aktyor Vətənimizin gözəl guşələrinin birində istirahətdədir. Hacımurad müəllimin daha çox teatr adamı olmasına baxmayaraq, Azərbaycanın Milli Kino Günü ərəfəsində onunla danışmağa qərar verdik.

- Azərbaycanlılar unikal xalqdır. Düşünürəm ki, qonaqpərvərlik mədəniyyəti və tanış olmadığımız adamlara diqqət göstərmək baxımından bizim bərabərimiz yoxdur.

- Amma Şimali Qafqaz və bütün Cənubi Qafqaz da eyni rola iddia edir?

- İddia edirlər! Amma bizim qapımız qonaqlar üçün daha açıqdır. Biz dərhal onu bağrımıza basırıq və bu, bizim evdə olduğu bütün müddət rəzində davam edir. Halbuki, qədim zamanlarda Şimali Qafqazda, qonaq evdə 3 gündən artıq qalanda, bu, şübhəyə səbəb olurdu. Belə səyyahın nəsə pis bir şey planlaşdırdığını düşünürdülər.

- Siz tez-tez səyahət edirsiniz?

- Yox, az-az.

- Səfərlər baş tutanda, həyat yoldaşınız ilə birlikdə gedirsiniz?

- Baxır, necə alınır. Amma İrina yanımda olanda özümü daha rahat hiss edirəm.

- O, sizin ilham pərinizdir?

- Belə də demək olar. Otuz səkkiz il əvvəl tale onu mənə bəxş etdi. Bundan əvvəl isə qadınlarla münasibətlərdə elə də sabitliklə fərqlənmirdim. Amma həyatıma daxil olan İrina yalnız ilham pərim olmaqla qalmadı, həm də dünyaya baxışıma çox sayda düzəliş etdi. Buna və gözəl qızıma görə ona minnətdaram. İndi isə gözəl nəvəmə görə.

- Necə düşünürsünüz, aktyorluq peşəsini seçən insanın, bəlkə də, ailə qurmadan özünü bütünlüklə incəsənətə həsr etməsi daha doğrudur?

- Niyə? Mən belə düşünmürəm. Baxmayaraq ki ... bütün bunlar çox fərdi məsələdir. Elə aktyorlar var ki, mifik "azadlıq"larını qoruyaraq, saçları ağarana qədər evlənmirlər. Pensiyadan əvvəl evlənirlər, uşaqlar dünyaya gəlir. Bunu peşə tələb etmir. Mənə elə gəlir ki, onlar bunu sənət üçün şəxsi fəzalarını azad tutmaq üçün eləmirlər, sadəcə, özlərini məsuliyyətlə yükləmək istəmirlər. Amma bu mənim subyektiv baxışımdır.

- Bu peşə üçün hər hansı bir yaş senzi varmı? Və ya pensiya həddinə çatmış insanlar səhnəni tərk etməlidirlərmi?

- Hər şey nisbidir. Əgər bir adamın əla yaddaşı varsa və yaxşı formadadırsa, o, məsələn, Zeldin kimi 100 yaşına qədər işləyə bilər. Amma əgər aktyor mətni unudursa, mizan-səhnəni qarışdırırsa, səhnədə karıxırsa, onun getməsinin vaxtı çatıb. İncəsənət sözün hərfi və məcazi mənalarında qocalığa dözmür.

- Bu sual həmişə məni düşündürür: kişilər niyə, əslində, qadın peşəsi olan "aktyor"luğu seçirlər?

- Mən bu mövzu ilə bağlı psixoloji tədqiqatlarla maraqlanmamışam. Amma mənə aid olanlarla bağlı cavab verəcəyəm: çox sayda həyat yaşamaq imkanını əldən buraxmaq istəmədim. İnsana bir həyat, aktyora isə çox həyat verilir. Bu, məni çox cəlb etdi.

- Elə gəlir ki, kişilər cəmiyyətin diqqətini cəlb etmək üçün bu peşəni seçirlər. Qızların da diqqətini həmçinin. Bu, xüsusi seçilmiş və hamıdan yüksək görünmək arzusundan irəli gəlir...

- Gülməlidir! Bilmirəm. Yəqin ki, belə də olur. Amma məndə belə olmayıb. Artıq instituta girmişdim, idmanda müəyyən uğurlarım vardı ­- olduqca əhəmiyyətli uğurlarım. Buna görə qarşı cinsin diqqətindən məhrum deyildim.

- Sizin professional taleyiniz üzünüzə gülüb - həm kino, həm də teatrı bəxş edib. Ümumiyyətlə, nə qədər rolda oynamısınız?

- Teatrda, təxminən, 200 rol, mənim fikrimcə. Kinoda isə 40 rol...

- Peşə baxımından onların hansını "təlim" master-klassı saymaq olar?

- Teatra gəldikdə, yəqin ki, aktyorluq peşəsinin dərinliklərini anlamağa yardımçı olub. Bu, "Valentin və Valentina" tamaşasında kapitan-leytenant Qusevin rolu ilə bağlı olub. Kiçik roldur. Yalnız bir çıxışı var. Mətni də kiçikdir. Amma bu rol mənə necə gözəl bir peşəyə sahib olduğumu intellektual, fiziki və əqli səviyyələrdə anlamağa imkan yaratdı.

- Bəs kinoda?

- Kinoda - bu, "Arşın mal alan" filmində Süleyman roludur. Amma kinonun başqa xüsusiyyəti var. Orada peşəni başqa tərəfdən açırsan, çünki prosesin ani inkişafı olmur. Bu səbəbdən, orada işin qiymətləndirilməsi və işə münasibət bir qədər fərqlidir.

- Tofiq Tağızadənin "Arşın mal alan" filmindəki Süleyman rolunuza necə baxırsınız?

- Gözəl baxıram! Rejissor mənə Süleyman kimi xaricdə təhsil almış əcdadlarımın tərcümeyi-halını ekrana çıxarmaq üçün unikal imkan yaratdı. Onlar daxilən Avropa mədəniyyətini mənimsəmiş çox ziyalı insanlar olublar, özlərində çox uğurla milli mədəniyyəti və Avropa mədəniyyətini birləşdiriblər. Yəni ssenarini oxuduqdan sonra anladım ki, Süleyman mənə maraqlı, mühüm və zəruri olan roldur. İlk başdan isə rejissor mənə Əsgər rolunu vermək istəyirdi.

- Nadir hallarda səhnəyə çıxan aktyor özünü aktyor kimi hiss edirmi?

- Bəli. Deyirlər ki, aktyorluq peşə deyil, diaqnozdur. Mən özümü həmişə peşədə hiss edirəm. Həyat, peşəni, dərketməni daxilən yenidənqiymətləndirmə heç zaman kəsilmir. Ağıl və ruhun analitik işə tələbatı istəkdən asılı olmayaraq, ürəkdə yaşayır. Bu proses aktyor peşəsi ilə proqramlaşdırılıb.

- Belə çıxır ki, sonucda, peşə müəyyən mənada hobbiyə çevrilir?

- Əgər onu yalnız tətbiqi mənada götürdükdə: kitablar, muzeylər, filmlər, musiqi - klassik və populyar musiqi, səyahət, insanlarla ünsiyyət. Həqiqətən, gənc yaşlarımda mənim hobbini praktiki mənimsəmə ilə bağlı təcrübəm vardı. İncəsənət İnstitutunun teatr və kino aktyorluğu fakültəsini bitirdikdən sonra, Milovanov adlı pedaqoqun yanında vokal öyrənməyə başladım. Dörd il təhsil aldım, lakin bu barədə sənədli təsdiq əldə edə bilmədim. Çünki şəxsi səbəblərə görə tədris prosesini yarımçıq kəsdim.

- Siz özünüzü romantiklərə, yoxsa praqmatiklərə aid edirsiniz?

- Romantik olmuşam. Amma yeniyetməlik başa çatdı, həyatla bağlı kitab anlayışları gerçəkliklə toqquşdu. Onun yükü nisbətən "həyat" adlanan prosesə tərəf dəyişdi.

- Bakıda çox sevdiyiniz bir yer varmı?          

- Uşaq vaxtı bulvar idi, biz müharibə dövrünün uşaqları orada çox vaxt keçirirdik. İndi isə mənim üçün sevimli yer dostlar ilə görüşmək, onlarla oturub-danışmaq, bir qədər yaxşı şərab içməyin mümkün olduğu yerdir. Ünsiyyət insan həyatının ən mühüm parçasıdır. Yaşlandıqca, bunu anlayıb-qiymətləndirməyə başlayırsan.

- İndi insan xarakterində ən çox nəyə dəyər verirsiniz?

- İndi də, həmişə də: əxlaqa və mənəvi saflığa. Sanıram ki, bu keyfiyyətlər insanda özünəhörmət hissi yaradır və cəmiyyətdə nüfuzunu qorumaq imkanı yaradır.

- Siz kitab çap edərək, özünüz və zamanınız haqqında danışmısınız. Yeni kitab üzərində işləyirmisiniz?

- Kitab kimi nəşr edilənə qədər kinopovest yazdım və "Ədəbi Azərbaycan" jurnalında dərc olundu. Yeni kitab yazmaq heç ağlıma da gəlmir. Necə alınsa, elə də olacaq. Bəlkə də sabah belə bir ideya ağlıma gələ bilər. Bilmirəm...

- Deyirlər, sizin ulu babanız Şamaxı xanı Mahmud ağa Əliyevdir?

- Bu doğrudur...

- Şamaxı çöllərində gəzən zaman "Ögey ana" filmində oynadığınız Ayaz kimi qoyun otarmaq istəyiniz olubmu?

- Yəqin ki, süjetin gözəlliyi üçün "Bəli" deməli idim. Amma yox, istəməmişəm. Bundan başqa (vegetarianlar məni bağışlasın!), etiraf edim ki, yaxın dostların əhatəsində gözəl söhbətlər edib, yaxşı Şamaxı şərabı içən zaman masanın üstündə quzu kababı görməyi daha çox arzulayıram.

- Sualımız sadədir: bu gün sizin arzunuz nədir?

- Çətin ki, orijinal cavab verə biləcəyəm. Amma mən bunu hiss etdiyim kimi sizə deyəcəyəm.

- Əla. Açıqlamalarınıza hazırıq...

- Mən adi insan Murad Yegizarovun və aktyor Murad Yegizarovun arzulaya biləcəyi hər şeyə sahibəm: dostlarım, qohumlarım, ailəm, ad-sanım, yaşamağa evim, tamaşaçı rəğbətim və dövlətin mənim peşə fəaliyyətimi qiymətləndirməsi. Bunun üçün həmişə işlədiyim teatrın rəhbərliyinə və ölkə rəhbərliyinə minnətdaram və təşəkkür edirəm. Amma televizorla gündəlik xəbərlərə baxan zaman, özümlə dünya arasında harmoniyanın dayandığını hiss edirəm. Buna görə arzum budur ki, bütün müharibələr dayansın və müdafiəsiz uşaqlar, qadınlar və qocalar ölməsin.

- Amin!



MƏSLƏHƏT GÖR:

451