25 Aprel 2024

Cümə axşamı, 06:25

«SAKİT REJİM» AXTARIŞINDA

Ukrayna böhranında növbəti gərginlik dalğası yaşanır

Müəllif:

01.08.2017

Donbasdakı silahlı münaqişə zonasında vəziyyətin növbəti dəfə son dərəcə gərginləşdiyi bir vaxtda, «Normand formatı» çərçivəsində (Ukrayna, Rusiya, Almaniya və Fransa) danışıqlar da bərpa olunub. Lakin tərəflər arasında ziddiyyət o qədər dərindir ki, problemin prinsipial və uzunmüddətli həlli haqqında danışmaq, hələ ki, tezdir.

 

«Normand formatı»nda konkretlik

Qeyd olunan «dördlük» çərçivəsində ilk danışıqlar hələ 2014-cü ilin iyununda, müttəfiqlərin ordusunun Normandiyaya desantçıxarma əməliyyatının 70 illiyi qeyd olunan zaman aparılıb. «Normand formatı»nın işində irəliləyiş isə 2015-ci ilin fevralında əldə edilib. O zaman Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin (Pyotr Poroşenko, Vladimir Putin, Angela Merkel və Fransua Olland) 17 saatlıq danışıqlarından sonra, Minsk razılaşmasına əməl olunması ilə bağlı kompleks tədbirlər planı qəbul olunub. O, Donbasda problemin həllinin əsaslarından biri olmalı idi.

2016-cı ilin oktyabrında isə 4 ölkə liderinin növbəti görüşü keçirilib. Görüşdə Minsk razılaşmasına əməl olunmasının vacibliyi bir daha təsdiqlənib. Lakin o vaxtdan Ukraynanın cənub-şərqində dayanıqlı sülhün yaradılmasını nəzərdə tutan bu prosesdə real uğura nail olunmayıb.

Bununla yanaşı, son zamanlar «Normand formatı»nın iştirakçılarından olan Fransanın rəhbərliyi dəyişib. Eyni sözü Ukrayna böhranına bilavasitə cəlb olunmuş, Kiyevə ciddi siyasi dəstək verən ABŞ haqqında da söyləmək mümkündür. Birləşmiş Ştatların yeni Prezidenti Donald Tramp Pyotr Poroşenko ilə görüşündə Ukraynaya açıq dəstək verib və Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. Hətta "G20" ölkələrinin Hamburqda keçirilmiş sammitində Rusiya Prezidenti Vladimir Putin ilə apardığı danışıqlardan sonra belə, Tramp anti-Rusiya sanksiyalarının ləğv edilməyəcəyini deyib, bunun üçün Moskvanın Minsk razılaşmasının şərtlərinə əməl etməli olduğunu bildirib.

Vaşinqtonun Ukraynadakı vəziyyətə təsir imkanlarını artırmaq niyyətində olduğunu Kurt Volkerin ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilməsi də təsdiqləyib. Volker öz növbəsində, elə bu günlərdə Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrini Amerika silahları ilə təchiz edə biləcəyini hər kəsə göstərib. Onun fikrincə, «müdafiə silahları Ukraynanın özünü qorumasına kömək edərdi».

Vaşinqtonda «Ukraynanın müdafiəsi»ni Moskvanın Kiyev siyasəti ilə əlaqələndirməkdə davam edirlər. Amerikanın məsələyə yanaşması, ümumilikdə, Qərbin Ukrayna probleminə yanaşması ilə tam üst-üstə düşür və bu, Rusiya tərəfindən Kiyevə təhlükənin mövcud olması ilə əlaqələndirilir. Fransanın yeni Prezidenti Emmanuel Makronun mövqeyi də bunu təsdiqləyir.

Makron Pyotr Poroşenko ilə bu yaxınlarda keçirdiyi görüşdə Rusiyanı Ukraynaya qarşı təcavüzdə günahlandırıb. Lakin bu, onun «Normand formatı» çərçivəsində danışıqların bərpası təşəbbüskarı kimi çıxış etməsinə mane olmayıb. Minsk razılaşmasına əməl olunmasının yeni formulunu da Makronun adı ilə bağlayırlar. Yeni formul, ilk növbədə, Donbasda təhlükəsizlik probleminin həllini, yalnız bundan sonra regionun statusu ilə bağlı müzakirələrə başlanılmasını nəzərdə tutur. Başqa sözlə, Fransanın yeni lideri əvvəlcə əsas hədəfə nail olmağa çalışır. Söhbət «sakit rejim»in yaradılmasından, yəni, münaqişə zonasında yeni qurbanların qaçılmasından gedir.

Güman ki, «dördlük» ölkələri liderlərinin telefon danışığında da məhz bu məqam əsas müzakirə mövzusu olub. Bəzi məlumatlara görə, onlar arasında birbaşa görüş Putinin imtinası üzündən baş tutmayıb. Nəticədə, ekspertlər münaqişə tərəflərinin mövqeyinin yaxınlaşması üçün hər hansı real təşəbbüslərin olmadığı haqqında fikirlər səsləndirməyə başlayıb.

Bununla yanaşı, «Normand formatı» çərçivəsində telefon danışıqlarının ilhamvericisi olan Makron, deyəsən, bundan məmnun qalıb. Hər halda o, bunu cüzi də olsa, real nəticə kimi qiymətləndirib. Fransa Prezidenti telefon söhbətini «konkret əməllər naminə birbaşa dialoq» kimi xarakterizə edib.

Bu «konkret əməllər»in nədən ibarət ola biləcəyini isə «Normand formatı»nda telefon danışıqlarından sonra Makron ilə Merkelin birgə bəyanatından təxmin etmək mümkündür. Bəyanatda, ilk növbədə, Donbasda dərhal atəşkəs elan olunmasına çağırış yer alıb. Bundan başqa, Parislə-Berlin Donbasın silahlı qüvvələrin və hərbi texnikanın, ilk növbədə, çıxarılmalı olan rayonlarının siyahısını da təqdim ediblər. Həmçinin münaqişə tərəfləri arasında iqtisadi əlaqələrin bərpasına çağırıblar. Söhbət Kiyevlə-Donbasdakı separatçı qurumdan gedir. Bəyanatda ATƏT müşahidəçilərinin Donbasın bütün rayonlarına, o cümlədən separatçıların nəzarətində olan Ukrayna-Rusiya sərhədinə təhlükəsiz şəraitdə daxil ola bilməsinin vacibliyi də qeyd olunur.

Bununla yanaşı, Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, «Normand formatı» ölkələrinin liderləri Minsk razılaşmalarının «yol xəritəsi»nin hazırlanması üzərində işin davam etdirilməsi haqqında da razılığa gəlib. Bu məqsədlə avqustun ikinci yarısında «dördlük» ölkələri başçılarının xarici siyasət üzrə məsləhətçiləri arasında görüşün keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, dövlət başçıları Minsk razılaşmasına əməl olunması üzrə «yol xəritəsi»nin hazırlanması tapşırığı hələ 2016-cı ilin oktyabrında veriblər. Xarici işlər nazirləri isə məsələni həmin ildə müzakirə edib. Lakin onlar «yol xəritəsi»ni razılaşdıra bilməyiblər. Halbuki, «yol xəritəsi»nin hazırlanması son dərəcə vacibdir. Çünki tərəflər Minsk razılaşmasını müxtəlif formada şərh edir. Onlar Donbasda sülhə nail olunması üçün atılmalı olan addımların ardıcıllığını da fərqli görür; məsələn: Kiyev Moskvadan, ilk növbədə, Rusiya-Ukrayna sərhədinə tam nəzarətin onlara verilməsini tələb edir. Rusiya isə qarşı-qarşıya duran qoşunların təmas xəttindən çəkilməsini və Ukraynanın cənub-şərqində ölkənin qanunvericiliyinə deyil, Donbasın yeni statusuna uyğun seçkinin keçirilməsini istəyir.

Daha bir konkret ziddiyyət tərəflərin Ukraynanın cənub-şərqinə BMT-nin sülhməramlı missiyasının yerləşdirilməsi ideyasına yanaşmasındadır. Bu ideyanı Ukrayna Prezidenti irəli sürüb. Moskva isə bunun əleyhinədir. Çünki Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi münaqişəni «beynəlmiləlləşdirə» bilər. Moska isə bu problemi ukraynadaxili münaqişə kimi təqdim edir. Rusiya tərəfinin fikrincə, qarşıdurma zonasında artıq mövcud olan ATƏT missiyası yetərlidir.

«Normand formatı» çərçivəsində iyulun 24-də baş tutmuş telefon danışığının daha bir vacib nəticəsi Ukraynanın, həmçinin Almaniyanın Fransanın son günlərin ən səs-küylü təşəbbüslərindən birini qəti şəkildə rədd etməsi olub. Söhbət Donbas separatçılarının «Malorossiya» adlı dövlət elan etməsindən gedir. Fransa Prezidenti və Almaniya kansleri bu cür bəyanatların yolverilməz olduğunu deyib, onu Ukraynanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.

 

Xəyali ideyalar və real çətinliklər

«Normand dördlüyü» arasında telefon danışığı tanınmamış «Donetsk Xalq Respublikası»nın («DXR») lideri Aleksandr Zaxarçenkonun "Malorossiya" dövlətini elan etməsindən bir neçə gün sonraya təsadüf edib. Bəyanatda bildirilir ki, tanınmamış dövlət özünü Ukraynanın varisi sayır və bloklara qoşulmamaq siyasəti yürüdür. Bununla yanaşı o, Rusiya ilə əlaqələrin bərpasını, Rusiya-Belarus İttifaqı Dövlətinə qoşulmağı vacib sayır. Bundan başqa o, Krım istisna olmaqla, bütünlükdə Ukrayna ərazisinə iddialıdır.

«Biz yeni dövlətin «Malorossiya» adlandırılması ilə razıyıq. Çünki Ukrayna adı özünü tam gözdən salıb», - deyə Zaxarçenkonun bəyanatında bildirilir. «Malorossiya»nın paytaxtının Donetsk olması, Kiyevə isə tarixi-mədəni mərkəz statusu verilməsi nəzərdə tutulur. Zaxarçenkonun sözlərinə görə, «Ukrayna Dövləti əvvəlki formada bərpa oluna bilməz». O, hesab edir ki, Donbasda vəziyyət «çıxılması mümkün olmayan dalana dirənib» və artıq «bu düyünü açmaq mümkün deyil».

Maraqlıdır ki, «DXR» lideri "Malorossiya" ideyasını «Luqansk Xalq Respublikası» («LXR») ilə razılaşdırılmış məsələ kimi təqdim etsə də, sonuncuların rəhbərliyi məsələnin onlarda müzakirə olunmadığını bildirib.

Kreml isə Zaxarçenkonun bəyan etdiyi planlara heç bir aidiyyətinin olmadığını bəyan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Malorossiya" ideyasını Zaxarçenkonun şəxsi təşəbbüsü adlandırıb. Görünən odur ki, Rusiya «DXR» liderinin ideyasına rəğbətlə yanaşsa belə, bu məsələdə ehtiyatlı tərpənmək niyyətindədir. Çünki əks-təqdirdə Moskvanı Minsk razılaşmasını pozmaqda günahlandıracaqlar. Minsk razılaşması isə Donbasda sülh prosesinin irəli aparılması üçün yeganə əsasdır. Bununla yanaşı, Moskvanın "Molorossiya"nın elan olunmasından Qərbə və Kiyevə təzyiq vasitəsi kimi istifadə edəcəyi də istisna deyil. Ruslar bununla qarşı tərəfi Moskvanın «oyun şərtləri» ilə oynamağa məcbur etməyə çalışa bilər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Fransa ilə Almaniyaya Zaxarçenkonun bəyanatından dərhal sonra ünvanladığı çağırış da bunun təsdiqi sayıla bilər. O, Parislə-Berlini Minsk razılaşmasının tezliklə reallaşdırılması üçün Ukraynaya təzyiq göstərməyə çağırıb.

Lakin bütün bu baş verənlərdə ən maraqlı məqam, «Malorossiya»nın «Ukraynanın varisi» kimi təqdim olunmasıdır. Yeni yaradılan qurumun adı da maraqlıdır - onu bir neçə il əvvəl «Novorossiya» adlandıran Donbas separatçıları indi «Malorossiya»ya üstünlük veriblər. Güman olunur ki, «Novorossiya» özü üçün daha məhdud coğrafi arealı nəzərdə tutur, «Malorossiya» isə Rusiya ictimaiyyətində Ukraynanın tam ərazisi kimi assosiasiya olunur. Bu üzdən «Malorossiya»nın müəllifləri iddialarında bütün Ukrayna ərazisindən (təbii ki, Moskvanın öz «suveren hüququ»nu tətbiq etdiyi Krım istisna olmaqla) danışır. Bu yerdə Rusiya Prezidentinin məsləhətçisi Vladislav Surkovun bir bəyanatını xatırlatmaq yerinə düşər. O, «Malorossiya ideyası» haqqında danışarkən deyib ki, Donbas Ukraynadan ayrılmaq üçün deyil, onun bütövlüyü uğrunda mübarizə aparır. Buradan belə qənaətə gəlmək olar ki, «Malorossiya»nın elan olunması daha çox bu ideyanın reallaşmasına deyil, Donetsk və Luqanskdakı tanınmamış «xalq respublikaları»nın separatçı xarakter daşımadığının nümayişinə hesablanıb. Guya onlar bütünlükdə Ukrayna əhalisinin maraqlarını qorumağa çalışır.

Amma «Malorossiya» ideyasının bir də əks tərəfi var. İdeya heç Donbasın özündə belə, ciddi həvəs yaratmayıb. Donbasın aşkar rusiyapərəst əhalisinin bir hissəsi, yəni regionun Rusiyaya birləşməsini istəyənlər bu ideyanı Ukraynanın tərkibinə qayıtmaq üçün «əlyeri» kimi qiymətləndirib. Donetsklə-Luqanskın Ukraynanın nəzarətinə qayıdacağına ümid edənlər məhz bu səbəbdən «Malorossiya» ideyasını qəbul etmir.

Kiyevə gəlincə, o artıq Ukrayna ərazisində heç bir «Malorossiya»nın olmadığını və olmayacağını bir neçə dəfə bəyan edib.

Beləliklə, Donbas münaqişəsi tərəflərinin mövqeyi tam əks olaraq qalır. Bunu zaman-zaman ortaya atılan «xəyali ideyalar»a reaksiyalar və danışıqlar prosesindəki real çətinliklər də təsdiqləyir.

Ümid edək ki, tərəflər, nəhayət, Donbasda və bütünlükdə Ukraynada dayanıqlı sülhə nail olunmasına imkan verəcək «formul»u və «yol xəritəsi»ni razılaşdıracaq.



MƏSLƏHƏT GÖR:

377