25 Aprel 2024

Cümə axşamı, 17:15

QANDZASARDA TƏLAŞ İÇİNDƏ KEÇƏN AYİN

İrəvan hay olmadıqlarını, Ermənistan və Dağlıq Qarabağ əhalisinin etnik baxımdan fərqli xalqlar olduğunu bəyan edən ermənilərin səsini təbliğat aksiyaları ilə boğmağa çalışır

Müəllif:

01.08.2017

Müqəddəs İohan kilsəsinin inşasının 777-ci ildönümü münasibətilə Qandzasar monastr-kompleksində təşkil olunmuş təntənəli liturgiya bütün dünyada ermənilərin kütləvi şəkildə hay olmadıqlarını bəyan etməsi ilə bağlı yaranmış vəziyyətin nəzarətə götürülməsinə uğursuz cəhd idi. Bunu bəyan edənlər Hayastan (Ermənistan) əhalisinin əksəriyyətindən fərqli olaraq, özlərini hay saymırlar. Bunu «İnterfaks-Azərbaycan»a politoloq Fuad Axundov bildirib.

«Hər halda, bu, belə təntənəli şəkildə qeyd olunacaq "yubiley" deyildi. Məqsəd aydındır - erməni işğalçıları bu addımla Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilərin «bir millət» olduğunu nümayiş etdirməyə çalışır. Çünki son zamanlar haylarla digər xalqların, erməni-qriqorian kilsəsi davamçılarının bir-birindən ayrılmasının vacibliyi barədə bəyanatlar artır. Bu, rəsmi İrəvanı qorxutmağa başlayıb. Lakin belə bəyanatlar, artıq kütləvi xarakter almağa başlayıb. Dağlıq Qarabağdan kənarda bir sıra ermənilər, o cümlədən Artur Ağacanov və Filipp Ekozyants bəyanatla çıxış edib, Eduard Vartanov isə haylarla erməni-qriqorian cərəyanına aid qıpçaq türkləri fərqləndirməyin vacibliyinə dair miqyaslı araşdırmalarını dərc etdirir. Əvvəllər Anastas Mikoyanın dövründə belə araşdırmalara görə, bir çox alimlər güllələnib, Qarabağda, Şimali Qafqazda və Donda yaşayan əhali isə erməni dilində danışmağa məcbur edilib. İndi, Rusiyada Stalin və Mikoyanın dövründən fərqli sivil düzən mövcuddur. Başqa ölkələr barədə isə danışmağa belə, dəyməz. Odur ki, «birlik» nümayiş etdirəcək tədbirlər düşünüb tapmaq lazım gəlir. Axı bütün ermənilərin hay olmadığını Azərbaycanın Elmlər Akademiyası demir. Ermənilərin özləri öz köklərini axtarmağa və erməni tarixşünaslığının postulatlarının yalan olduğunu anlamağa başlayıb. Bundan başqa, Azərbaycan Ordusunun cəbhədəki uğurlarının ardından Ermənistandan olan hərbçilərlə Dağlıq Qarabağ ermənilərindən olan çağırışçılar arasında baş verən qanlı qarşıdurmalar İrəvanı əməlli-başlı qorxudub. Odur ki, İrəvan guya «birlik» nümayiş etdirir. Halbuki, Ermənistanda Dağlıq Qarabağ ermənilərinə hər zaman «dönmə» kimi yanaşıldığı məlumdur. Çünki onların əksəriyyəti hay yox, erməni-qriqorian inancını daşıyan qıpçaq türkləridir. Dağlıq Qarabağ əhalisi bu aşağılayıcı münasibətə silah gücünə dözmək məcburiyyətindədir. Bundan başqa, Dağlıq Qarabağ əhalisini ac, sabaha ümidi olmadan yaşamağa məcbur edən də Ermənistan rəhbərliyinin işğalçı, faşist ideologiyasıdır», - deyə F.Axundov qeyd edib.

Bununla yanaşı, o bildirib ki, «birlik» ideyasını Ermənistanın özündə yox, Azərbaycanın işğal altındakı ərazilərində, məsələn, Kəlbəcərdə nümayiş etdirməyə çalışırlar. Halbuki, bu rayon heç Dağlıq Qarabağa da aid deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri bu rayonun erməni işğalçılarından dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir.

«Ermənilər belə tədbirlərlə beynəlxalq rəsmi tarix elmini və ən yüksək səviyyədə tanınmış beynəlxalq hüququ ayaqlar altına atmağa çalışır. Qandzasar kompleksi işğal olunmuş ərazidə yerləşməklə yanaşı, heç zaman erməni kilsəsinə və hay xalqına aid olmayıb. Qandzasar Alban kilsəsi abidəsidir. Akademik İosif Orbelinin hələ 1919-cu ildə buraxdığı «Qandzasar yazıları və Havostptuka»» kitabında Qandzasar kompleksinin divarlarına həkk olunmuş yazılardakı bütün yanlışlıqları və saxtakarlıqları göstərmişdi. Bu gün biz də Qandzasarda erməni saxtakarlarının bir çox qədim sal daşları dəyişdiyini müəyyənləşdirmişik», - deyə F.Axundov bildirib.

Onun sözlərinə görə, Qandzasardakı Müqəddəs İhoan kilsəsi daxilindəki əsas yazılarda alban katolikoslarının tam titulaturası aşkarlanıb: «Söhbət hayrapetuthetn nersisi aluanits katolikosi (patriarx Nerses, Alban katolikosu) titulundan gedir. Burada söhbət Ablaniyadan gedirsə, bunun Ermənistana nə aidiyyəti var? Liturgiya iştirakçıları da məhz bu yazının qarşısında dayanmışdılar. Lakin nədənsə, orada «erməni» yox, «alban» sözünün yazıldığını görmürdülər. Ümumiyyətlə, Qandzasar kompleksindəki yazılarda Ermənistan və erməni kilsəsi barədə bir dəfə də olsun, fikir yoxdur və Orbelinin araşdırmaları da bunu təsdiqləyir. Lakin erməni saxtakarları üçün daşları dəyişmək, hansısa şübhəli səbəblə bütün tarixi və müasir reallıqları fərqli şəkildə təqdim etmək çətin iş deyil».

«Xatırladaq ki, ermənilər yalnız Azərbaycan ərazisində deyil, Gürcüstan ərazisindəki alban kilsələrinə də iddia edir. Gürcüstan ərazisində 462 kilsəni Eçmiədzin erməni kilsəsi kimi təqdim edir, Gürcüstan hökumətinə onlarla bağlı iddia irəli sürür. Görünür, ermənilər gürcü kilsələrində də Qandzasar kompleksində olduğu kimi, «birlik» tədbiri keçirmək istəyir», - deyə F.Axundov bildirib.



MƏSLƏHƏT GÖR:

394