24 Aprel 2024

Çərşənbə, 20:56

LİDERLƏRDƏN SİQNAL

Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki ölkə arasına nifaq salmağa çalışan qüvvələr üçün xəbərdarlıq olmalıdır

Müəllif:

01.08.2017

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putinin Soçidə keçirilən işçi görüşü bir sıra sual yaradıb: planlaşdırılmamış görüşə ehtiyac nədən yaranmışdı? Diskussiyaların kontenti nədən ibarət olub və s. Hər iki tərəfdən qısa verilmiş rəsmi açıqlamada bildirilir ki, iyulun 21-də keçirilmiş görüşdə prezidentlər ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

«Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var», - deyə AZƏRTAC Dövlət İnformasiya Agentliyinin məlumatına görə, Vladimir Putin bildirib.

Prezident İlham Əliyev, öz növbəsində, iki ölkə arasında münasibətlərin çoxplanlı xarakter daşıdığını söyləyib, əməkdaşlığın inkişafı üçün yüksək səviyyədə dialoqun vacibliyinə diqqət çəkib: «Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var».

Diqqətçəkən məqam görüşdən bir neçə gün keçməsindən sonra belə, rəsmi şəxslərin nəticələrlə bağlı heç bir şərh verməməsidir. Buna əsasən ekspertlər düşünür ki, müzakirələr daha çox regional təhlükəsizlik məsələlərinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə həsr olunub. «Rusiya-Azərbaycan münasibətləri kontekstində tam gizli saxlanılacaq kontent yalnız bir məsələ ola bilər - Qarabağ müharibəsinə son qoyulmasında diplomatik söz yığını yox, praktiki addımlar. Onun əsas və yeganə şərti isə erməni qoşunlarının Azərbaycanın işğal altındakı rayonlarından çıxarılmasıdır», - deyə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

O, hesab edir ki, İ.Əliyev ilə V.Putinin görüşü haqqında məlumatın çox qısa verilməsi onun dövlət başçılarından birinin şəxsi təşəbbüsü ilə baş tutduğunu düşünməyə əsas verir. Politoloqun fikrincə, təşəbbüskar, böyük ehtimalla, Putin olub. Görüşdə xarici siyasət idarələri rəsmilərinin iştirak etməməsi də yəqin ki, informasiya sızmasının qarşısının alınması istəyi ilə bağlıdır.

«Putin ilə Əliyevin bir-birlərini başa düşdükləri, hətta hər iki tərəfi qane edən hansısa razılaşma əldə etdikləri ilə bağlı nikbin fikirdəyəm. Hər halda, görüşün sonunda onların simasında bir razılıq hiss olunurdu - üzdəki belə ifadəni, gözlərdəki parıltını peşəkar fotoqraflardan gizlətmək mümkün deyil», - deyə O.Kuznetsov Vesti.az saytında dərc olunmuş məqaləsində bildirir.

Danışıqların müsbət əhvalla bitməsi həm də ona görə önəmlidir ki, liderlərin münasibətləri dolayısı ilə iki ölkə arasında bir çox məsələdə həlledici rol oynayır. Dövlət başçıları arasında dost münasibəti, onların bir-birinə etibar etməsi strateji tərəfdaşlığa kölgə salmaq istəyən qüvvələrin olduğu şəraitdə daha da önəmlidir.

«Rusiya ilə Azərbacanın arasını vurmaq istəyən qüvvələr var. Lakin prezidentlərimiz arasındakı əsl möhkəm kişi dostluğu şübhəsiz ki, buna imkan verməyəcək. Ölkələrimiz çoxəsrlik dostluq birləşdirir. Bütün məsələlərin həllində, indiki çətin dövrdə Rusiya ilə Azərbaycanın qarşısına çıxan çağırışların öhdəsindən gəlməkdə məhz bu, güclü əsasdır», - deyə Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelev Haqqin.az saytına müsahibəsində bildirib.

Rusiyalı politoloq Sergey Markov bu haqda daha ünvanlı danışıb. Onun fikrincə, Moskva-Bakı münasibətlərinin inkişafından məmnun olmayan qüvvələr var. Rusiyada onlar dövlət orqanlarında, o cümlədən Xarici İşlər Nazirliyində oturublar. «Onlar Rusiya ilə Azərbaycan arasındakı istənilən xırda problemi o qədər şişirdirlər ki, sanki münasibətlər son dərəcə gərgindir», - deyə Markov qeyd edib.

Politoloq bununla faktiki olaraq, Rusiya XİN-in bu yaxınlarda verdiyi gözlənilməz, yumşaq desək, kobud bəyanatına ehyam vurub. Xatırladaq ki, həmin bəyanatda Azərbaycandan «iki ölkə arasındakı dostluğa yaraşmayan biabırçı ayrı-seçkilik təcrübəsinə son qoyması» tələb olunurdu. Ayrı-seçkilik dedikdə, bu ilin əvvəlindən 25 erməni soyadlı Rusiya vətəndaşının Bakıya buraxılmaması nəzərdə tutulurdu.

Azərbaycan Rusiya XİN-in bu bəyanatını diplomatik etikaya sığmayan, iki ölkə arasındakı strateji tərəfdaşlığın ruhuna uyğun gəlməyən bəyanat kimi qiymətləndirmişdi.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov RİA «Novosti»yə müsahibəsində Rusiya XİN-in azərbaycanlı körpə qızın və nənəsinin ermənilər tərəfindən vəhşiliklə qətlə yetirməsi ilə eyni vaxta təsadüf edən bəyanatının Bakıda «dərin təəccüb və anlaşılmazlıqla qarşılandığını» bildirmişdi.

«Erməni millətindən olan şəxslər - müxtəlif ölkələrin, o cümlədən Ermənistanın vətəndaşları dəfələrlə bu və ya digər səbəblərlə Azərbaycana gəlib. Lakin bütün bu səfərlər əvvəlcədən razılaşdırılmış, xüsusi hazırlıq görülərək həyata keçirilmiş səfərlər olub. Bu halda heç bir problem yaranmayıb. Biz bunu diplomatik kanallarla Rusiyanın da nəzərinə çatdırmağa çalışdıq», - deyə nazir bildirib.

Daha bir Bakı ermənisi Oksana Altunyanın «Azərbaycanla-Ermənistan arasında sülh platforması»na qoşulmaq üçün Azərbaycana səfər etməsi nazirin dediklərini bir daha təsdiqləyib. O, səfəri zamanı ermənilərin Azərbaycanın işğal altındakı ərazilərindən açdığı atəş nəticəsində dünyasını dəyişmiş körpə Zəhra ilə nənəsinin məzarını da ziyarət edib.

Ermənistanla Azərbaycan arasında münaqişənin olmasına rəğmən, erməni əsilli şəxslərin Bakıya ilkin razılaşma əsasında buraxılmasının yalnız onarın öz təhlükəsizliyinin təmini, müxtəlif təxribatlardan qaçılması məqsədi güddüyünü Rusiyanın ermənipərəst dairələrinə xatırlatmağa ehtiyac varmı? Güman ki, indi, Rusiya XİN-in məmurlarına bunu Prezident Putinin özü xatırladacaq.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, zaman-zaman ortaya çıxan ziddiyyətlər Rusiya-Azərbaycan münasibətlərinə müəyyən pərtlik yaratsa da, münasibətləri köklü şəkildə dəyişmək iqtidarında deyil. İki ölkənin strateji tərəfdaşlığı tarixi və coğrafi yaxınlıqla, geosiyasi və geoiqtisadi maraqlarla və bir sıra digər fundamental amillərlə bağlıdır.

«Bəli, iki ölkə arasında müəyyən problemlər var. Ayrı-ayrı ölkələrin bir sıra məsələlərdə fərqli mövqeyə malik olması təbiidir. Rusiya vətəndaşı, bloger Lapşinin həbsi, erməniəsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə qadağa qoyulması, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi kimi xırda problemlər iki ölkə münasibətlərində gərginlik olduğu anlamına gəlmir. Çünki bunlar çox xırda siyasi problemlərdir. Rusiya-Azərbaycan münasibətlərinə daha geniş aspektdə baxmaq lazımdır. Vladimir Putin ilə İlham Əliyevin Soçi görüşü bu suallara cavab verdi», - deyə S.Markov bildirib.

Onun fikrincə, Soçi məsləhətləşmələri boş yerə keçirilməyib: «Əminəm ki, görüşdə əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Məsələ ondadır ki, hazırda Ermənistanla Azərbaycan yeni münaqişənin astanasındadır. Danışıqlar dondurulub, çünki status-kvo Ermənistana sərf edir. Danışıqlar masası arxasına necə qayıtmalı? Münaqişənin həllilə bağlı yeni razılaşma necə olmalıdır? Bunlar Putinlə-Əliyevin müzakirə etdiyi məsələlər sırasında olub».

Markovun sözlərinə görə, yaxın zamanlarda Rusiya Prezidenti Ermənistanın dövlət başçısı ilə də görüşəcək. «Görüşdə ya yeni müqavilənin imzalanması müzakirə ediləcək, ya da yeni hərbi əməliyyatlar başlayacaq. İndi, məsələ daha sərt qoyulub», - deyə Markov qeyd edib.

Vəziyyətin gərgin olduğunu Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündən sonra verdikləri birgə bəyanat da təsdiqləyir.

«İrəvanın qeyri-konstruktiv əməlləri regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Münaqişəyə son qoyulması və sülhün, sabitliyin bərqərar olunması üün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması vacibdir… Bir daha bəyan edirik ki, Ermənistanın təxribatlarına, Azərbaycan ərazilərinin işğalının davam etməsinin mümkün nəticələrinə görə bütün məsuliyyət İrəvanın üzərinə düşür», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, nazirliklərin birgə bəyanatında bildirilir.

Sənəddə bildirilir ki, Ermənistanın iyun və iyul ərzində məqsədli şəkildə atdığı təxribatçı addımlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərilə, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair keçirilən vacib görüşlərlə, vasitəçilərin və beynəlxalq birliyin tərəfləri substantiv danışıqlara başlamağa çağırması ilə eyni vaxta təsadüf edib.

Yeri gəlmişkən, dərhal substantiv danışıqlara başlanılmasının vacibliyini ATƏT-in Minsk qrupunun həmsədrlərilə yanaşı, NATO və BMT rəhbərliyi də bəyan edib.

Ermənistan isə bundan qaçmaq üçün əlindən gələni edir. Azərbaycanın XİN başçısı E.Məmmədyarov bildirib ki, onun erməni həmkarı E.Nalbandyanla Brüsseldə apardığı danışıqların nəticəsi «İrəvanın Dağlıqo Qarabağ münaqişəsi ilə bağlı substantiv danışıqlara başlamağa hazırlaşdığına ümid etməyə imkan vermir».

Substantiv danışıqlara başlamaq niyyətindən tam uzaq olduğunu faktiki olaraq, Ermənistan Prezidenti Serj Sarqsyan da təsdiqləyib. O, Azərbaycan Prezidenti ilə payıza planlaşdırılan görüşündən ciddi nəticə gözləmədiyini bildirib. Bundan başqa, İrəvan münaqişə zonasında vəziyyəti qarışdırmaqla, diqqəti əsas məsələlər ətrafında danışıqlardan yayındırmağa çalışır.

Erməni tərəfinin destruktiv və təxribatçı əməllərinin növbəti nümunəsi «Artsax respublikasında prezident seçkisi», Ermənistanın Müdafiə naziri Vigen Sarqsyanın işğal olunmuş ərazilərdəki ordu hissələrinə baş çəkməsi, XİN başçısı Edvard Nalbandyanın Azərbaycanın Kəlbəcər rayonu ərazisindəki Qandzasar monastırında liturgiyaya qatılmasıdır.

Erməni separatçılarının seçki oyunu barədə danışmaq belə, artıqdır. O, növbəti dəfə bütün dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən rədd edilib. Nalbandyanın Qandzasardakı liturgiyada iştirakına gəlincə, İrəvan bununla Azərbaycanın işğal olunmuş toraqlarında yaradılmış «respublika»nı dünyaya təqdim etməyə, münaqişə zonasında status-kvonu uzatmağa, həmçinin ermənilərin birliyi barədə xülyalar yaratmağa çalışır.

Lakin Azərbaycanın işğal olunmuş torpaqlarındakı erməni hərbi hissələrində yaşananlar ermənilərin «ideya birliyi» haqda real mənzərəni ortaya qoyub. Məlum olub ki, Ermənistandan çağırışçılar Vanand Xaçaturyan ilə Erik Arutyunyan Qarabağdan olan hərbçilər tərəfindən döyülərək, ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Bundan başqa, Hadrutda yerləşən hərbi hissələrinin birində məhz Ermənistan erməniləri ilə Qarabağdan olan ermənilər arasındakı münaqişə üzündən əslində Ermənistandan olan zabit yerli çavuş, müqavilə ilə hərbi xidmət keçən şəxsi itaətsizlik səbəbi ilə döyüb. Üstəlik, bütün bunlar Ermənistanın Müdafiə naziri Vigen Sarqsyanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində yerləşən mövqelərini ziyarət etdiyi vaxtda baş verib.

«Cəbhədə məğlubiyyət Ermənistandan olan işğalçı ordu ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri arasındakı dərin ziddiyyəti daha da dərinləşdirəcək», - deyə politoloq Fuad Axundov bu haqda danışarkən bildirib.

Onun fikrincə, Ermənistan rejimi işğalçı siyasətini davam etdirmək üçün istənilən zorakılığa hazırdır. Halbuki, artıq xalqı uzun müddət avtomat qarşısında saxlamağın mümkün olmayacağını anlayır. «İşsiz, çörəksiz, əhalisiz, əvəzində «İsgəndər»lə - Serj Sarqsyanın dayaz düşüncəsi budur», - deyə Fuad Axundov qeyd edib.

Yeri gəlmişkən, Ermənistan rəhbərliyinin «dınqıldatdığı» «İsgəndər»lər haqda. Dünya ölkələrinin hərbi gücünü qiymətləndirən «Global Firepower Index»in reytinqinə görə, Azərbaycan Ordusu hazırda dünyada 59-cu, Ermənistan ordusu isə 95-ci yerdədir.

Belə olan təqdirdə, Ermənistanın strateji müttəfiqi olan Rusiya ilə hərbi əməkdaşlığa bel bağlamaqdan, Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmaq qərarına gələcəyi təqdirdə, KTMT-nin məsələyə müdaxilə edəcəyinə dair xülyalar qurmaqdan başqa yolu qalmır. Ermənistanda Rusiya ilə birgə hərbi qrupun yaradılması haqda razılaşmaya da bu konteksdə baxılır. Yeri gəlmişkən, razılaşma Vladimir Putin tərəfindən bu yaxınlarda ratifikasiya olunub.

Bununla yanaşı, İrəvanda sağlam düşünən şəxslər Moskvanın Bakı ilə qarşıdurmaya cəlbinin mümkün olmadığını anlayır. Çünki Rusiyanın Cənubi Qafqazda Ermənistan kimi forpostu və belə yüklə yanaşı, Azərbaycan kimi strateji tərəfdaşa da ehtiyacı var. Moskva Azərbaycanla praqmatik münasibətlər qurarkən, Ermənistan tərəfə baxmır. İrəvanın etirazlarına rəğmən, Rusiya silahlarının Azərbaycana tədarükü də bunu təsdiqləyir.

«Jamestown Foundation» ekspertləri isə hesab edir ki, İrəvan Moskvanın Azərbaycana silah satmasından narazılığını bir sıra səbəblərdən açıq dilə gətirə bilmir: «Birincisi, Ermənistanın enerji sektorunun 60-80%-i Rusiyanın dövlət şirkətlərinin əlində cəmlənib. İkincisi, Ermənistanın maliyyə sektorunda Rusiya bankları mövcudluğunu nəzərəçarpacaq dərəcədə artırıb. Üçüncüsü, İrəvan əvvəlkitək, hərbi sahədə Moskvadan çox asılıdır. Misal kimi, Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasını göstərmək olar. Beləliklə, Rusiya silahlarının Azərbaycana tədarükü ilə əlaqəli artan narazılığa baxmayaraq, İrəvanın Moskva ilə ehtiyatla davranmaqdan başqa yolu yoxdur».

Bunu Sarqsyanın özu də dərk edir. O, Rusiyanın Azərbaycana silah tədarükü üzündən Moskva ilə münasibətlərə yenidən baxılmasına dair çağırışlar edənləri ehtiyalı danışmağa çağırıb. «Bu, son dərəcə təhlükəli sözlərdir. Bu fikir çox pis vəziyyət yarada bilər. Yalnız sözdə yox, həm də əməldə. Münasibətlərə üenidən baxmaq haqda danışarkən, kiminlə münasibətlərə yenidən baxaraq yaxşılaşdırmağı nəzərdə tutursunuz? Türkiyə ilə? Yoxsa NATO-da hər kəs Ermənistana qucaq açıb? Yoxsa biz hər kəslə düşmən olmalı və belə deməliyik: Azərbaycana kömək edirsinizsə, biz də bütün dünyaya qarşı çıxırıq?» - deyə o, bildirib.

Göründüyü kimi, ümumilikdə vəziyyət status-kvonu uzatmağa çalışan Ermənistanın xeyrinə deyil. Azərbaycan və Rusiya prezidentlərinin görüşünə də Qarabağ nizamlanması kontekstindən yanaşsaq, Rusiya və Azərbaycan ekspertlərindən gələn müsbət qiymətləndirmələr prosesin ölü nöqtədən tərpənəcəyinə ümidlər yarada bilər.



MƏSLƏHƏT GÖR:

397