20 Aprel 2024

Şənbə, 17:40

AZƏRBAYCAN OLİMPİYA HƏRƏKATININ LİDERİ

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan idmanda böyük uğurlara imza atıb

Müəllif:

01.09.2017

İyulun 31-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən 20 il ötdü. Bu müddət ərzində ölkə idmanında köklü dəyişikliklər baş verdi, Azərbaycan idman ölkəsi kimi özünü dünyada təsdiqləmiş oldu.  

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından yollana bilmirdi. Dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra, bu sahədə vəziyyət kökündən dəyişdi. 1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. İdmanın inkişafı ilə bağlı əsas yük dövlət strukturlarının üzərinə düşürdü.  

1996-cı ildə Atlanta Olimpiadasına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Olimpiya Oyunlarına hazırlıq və respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə yalnız dövlət strukturları cəlb olundu. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmiş, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yoxdur. Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.  

MOK, ilk növbədə, mövcud durumu düzgün qiymətləndirməklə, idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya Hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü. İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvondo, güləş, boks, karate və Olimpiya növlərinə daxil olan digər idman yarışlarının məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, ötən il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməsi, 2015-ci ildə Avropa oyunlarının kecirilməsi, “Formula-1” Yarışlarına ev sahibliyi etməsi, futbol üzrə “Avro-2020”nin final mərhələsinin 4 oyununun Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasını növbəti dəfə sübut etdi.              

Azərbaycanın başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənmişdir.

Qurumun fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafı və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu. MOK 1999-cu ildən öz idman obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi oldu. Paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 40-dan çox Olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.     

Sevindirici haldır ki, Azərbaycan hazırda Avropada ən böyük idman qurğularına sahibdir. Belə ki, 2015-ci ildə tarixdə ilk dəfə paytaxtımızda təşkil olunan Avropa Oyunlarında bir-birindən möhtəşəm yarışlara ev sahibliyi edən 18 arena maraqlı idman mübarizələrinin şahidi oldu. Bu arenalar dünya standartlarına cavab verdiyindən istənilən miqyaslı yarışı qəbul etmək imkanına malikdir. 

Dövlət başçısı İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. 199 ölkənin qatıldığı XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. Stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova, güləşçi Namiq Abdullayevqızıl medal, boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldular.

İki qızıl və bir bürünc medal qazanan Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu.

“Afina-2004” Olimpiya Oyunlarında 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı.

Yunan-Roma güləşçisi Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, “Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova, boksçular Ağası Məmmədov və Fuad Aslanovbürünc medallar qazandı.

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli qazandırdı. Gümüş medalları yunan-Roma güləşində Rövşən Bayramovla Vitali Rəhimov qazandı. Sərbəst güləşçimiz Xetaq Qazyumov, qadın güləşində Mariya Stadnik, boksda Şahin İmranov və cüdoda Mövlud Mirəliyev bürünc medala layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

London Olimpiya Oyunlarında Azərbaycan idmançıları rekord sayda - 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdə idi.

Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

İdmançılarımız Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Olimpiadada davam etdirərək adlarını Milli Olimpiya Hərəkatının tarixinə qızıl hərflərlə yazdılar. Ümumilikdə, millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yenilədi. Bu dəfə yeganə qızıl medalı- taekvondoçu Radik İsayev qazanıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov, Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində məğlub olublar və gümüş medal qazanıblar. Taekvondoçu Patimat Abakarov, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Kaneo və kayakda İnna Osipenko-Radomskaya isə bürünc medal qazanıb. 

Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğısı tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında növbəti dəfə özünü doğrultdu. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. İlk oyunların standartlarını müstəqil Azərbaycan müəyyənləşdirdi və Avropada yeni tarix yazdı. Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərdi.  

Yay Olimpiya Oyunları üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Bu müddət ərzində Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırdı.

Cəmi iki il yarımdan da az bir vaxtda 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya bəyan etdi ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar. Təkcə qitə miqyasında deyil, dünyada bu ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçsə də, Avropa Oyunlarının təşkil olunduğu bütün ölkələrdə Bakının adı yada düşəcək.  

2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında komandamız 162 medalla yeni rekord müəyyənləşdirdi. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi. 

Dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə qurumla Gənclər və İdman nazirliyi eləcə də bütün federasiyalar arasında əməkdaşlıq yarandı. İdmanın inkişafı istiqamətində müvafiq təşkilatlar vahid komanda kimi fəaliyyət göstərməyə başladı.

Ev sahibliyi etdiyimiz yarışlar və əldə etdiyi uğurlar sayəsində artıq Azərbaycan idman ölkəsi kimi tanınır. Hər bir yeniyetmə idman məşğul olmaqla gələcəkdə Vətənini beynəlxalq arenalarda təmsil etməyi arzulayır. Milli Olimpiya Komitəsi 20 il ərzində dünya standartlarına cavab verənidman infrastrukturunu yaratmaqla yanaşı idmanda kütləviliyə nail oldu. Bu gün paytaxtdan kənarda da yeniyetmə və gənclərin idmanla məşğul olması üçün şərait yaradıldı.

20 il ərzində qazanılan nəticələr Azərbaycanın gələcəkdə daha böyük uğurlar əldə etməyə qadir olduğunu göstərir. Bu gün Azərbaycanın hər bir idmançısı Milli Olimpiya Komitəsinin qayğısını hiss edir və çıxış etdiyi istənilən yarışdan Vətənə mükafatla qayıtmağa çalışır. Dövlət başçısı İlham Əliyev olimpiya hərəkatının lideri kimi Azərbaycanın idman nüfuzunu bütün dünyaya tanıtdı. Buna görə də Azərbaycan idmançıları inanır ki, onları qarşıda daha böyük qələbələr gözləyir.



MƏSLƏHƏT GÖR:

433