29 Mart 2024

Cümə, 11:19

XƏZİNƏ AXTARAN ADAM

Sənubər BAĞIROVA: «Ölkənin siması onun mədəniyyətidir»

Müəllif:

01.09.2017

Sənubər Bağırova - sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və Mədəniyyət İnstitutunun aparıcı elmi işçisidir, Azərbaycanın Əməkdar incəsənət xadimidir. Musiqişünas alim və xalq musiqisi tədqiqatçısının adı ölkə sərhədlərindən kənarda da çox tanınır. Muğam problemlərinə həsr edilmiş ciddi işlərin müəllifidir, YUNESKO-nun eksperti, Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvüdür. O, beynəlxalq musiqi mühitində yalnız nəzəriyyəçi alim kimi deyil, həm də maarifçi və Azərbaycan musiqisini tanıdan insan kimi nüfuz qazanıb.

Sənubər Bağırova ikicildlik «Azərbaycan muğamı. Məqalələr və tədqiqatlar» kitabının, «Azərbaycan musiqisi və musiqiçiləri» toplusunun, yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 60-a yaxın elmi işin müəllifidir. O, tez-tez xaricdə nüfuzlu elmi konfranslarda məruzə ilə çıxış edir, həm də alim və aspirantlara Azərbaycan musiqisi ilə bağlı məsləhətlər verir.

«BBC Radio 3»də Azərbaycana və Azərbaycan xalq musiqisinə həsr edilmiş «World Routes» («Dünyanın yolları») silsilə verilişlərinin təşəbbüskarı və məsləhətçisi olub. Bütünlükdə o, xaricdə (Fransa, İtaliya, Britaniya, Avstraliya) və Azərbaycanda 27 audiodisk buraxıb, həmçinin azərbaycanlı uşaq - musiqiçilər barədə sənədli film çəkib.

- Sənubər xanım, Azərbaycan musiqisinin xaricdə təbliğatı nə dərəcədə vacibdir? Son vaxtlar bu istiqamətdə hansı işlər görülür?

- Mən təbliğatla deyil, Azərbaycan mədəniyyətinin tanıdılması ilə məşğulam. Fikrimcə, istər böyük olsun, istər kiçik, ölkənin siması onun faydalı qazıntıları və ya pulu deyil, onun mədəniyyətidir. Bu, dünyanın gördüyü simadır və dünayaya nə dərəcədə maraqlı görünməsi bizdən asılıdır. Əlbəttə, pullar və faydalı qazıntılar siyasətdə müəyyən rol oynayır, amma hansısa bir ölkəyə hörmət yalnız Tanrı tərəfindən bəxş edilmiş zəngin yeraltına görə edilmir. Marqaret Tetçerin nə vaxtsa dediyi bir ifadə çox xoşuma gəlir: «Ölkənin zənginliyi heç də onun təbii ehtiyatları üzərində qurulmur, bu ehtiyatlar olmadan da zəngiliyə nail olmaq mümkünlür. Ən başlıca resurs insandır».

Amma mədəniyyət də ölkənin belə vacib, həm də deyərdim ki, strateji ehtiyatıdır, xüsusilə də nisbətən yeni və özünü dünya birliyinin tamhüquqlu üzvü kimi bəyan etməyə can atan ölkələr üçün. Ölkənin çağdaş dünyanın mədəni müxtəlifliyinə töhfəsi nə qədər önəmli və keyfiyyətli olarsa, onun beynəlxalq imici və ona hörmət də bir o qədər yüksək olur. Amma tanınmışlıq amili var; məsələn, biz azərbaycanlılar kimi özünəməxsus, parlaq mədəni irsə mailk olmaq mümkündür, amma o, dünyada az tanınacaq və nəzərə çarpmayacaqsa, onda biz «yaratdığımız kitabxananın tək oxuyucusu olacağıq».

Xatırlayıram, 2010-cu ildə "BBC" radiosunun dəvəti ilə mən bir qrup musiqiçimizi Londona aparmışdım. Onlar radionun musiqi kanalında «World Routes» proqramının yubileyinə həsr edilmiş konsertdə çıxış etməli idilər. Dünyanın müxtəlif ölkələrindən bir neçə musiqi qrupunun çıxışından sonra, Britaniyanın nüfuzlu musiqi jurnalı «Songlines»ın baş redaktoru mənə yaxınlaşdı. Bu jurnal 20 min tirajla çıxır və bütün Avropada, Şimali Amerikada yayılır.

Yadımdadır, o mənə bunları dedi: «Azərbaycan musiqisi, sanki gizli xəzinədir. Hind-Çin, İndoneziya, ərəb musiqisindən danışanda, insanlar, təxminən, söhbətin nədən getdiyini təsəvvür edirlər. Azərbaycan musiqisi isə dünyada barəsində çox az adamın nəsə bildiyi əsl dəfinədir».

Bizim xalqın mədəni töhfəsi - bizim musiqimiz, poeziyamız, xalçalar, rəsmlər, zərgərlik əşyaları əsrlərlə Azərbaycanın tərkibinə daxil olduğu və ya qonşu olduğu digər ölkələrin adına yazılıb. Yalnız bu yaxınlardan başlayaraq, biz onları öz adımızla rəsmiləşdirməyə başlamışıq. Yəni İran, Qafqaz və ya Rusiya adı altında deyil, məhz Azərbaycanın adı altında rəsmiləşdirmişik. Bizim milli mədəni töhfəmizin çağdaş çoxçalarlı dünyada tanınması və yadda qalması üçün daim və çox işləməliyik.

- Xahiş edirəm, sizin məşhur «Azərbaycanın ənənəvi musiqisi» adlı audiosilsilənizdən danışın. Onu xaricdə necə qarşıladılar?

- Bu silsilə tanınmış italyan şirkəti «Felmay Records»un leyblı altında çıxıb. O, yeddi diskdən ibarətdir və ümumi «Azərbaycanın ənənəvi musiqisi» adı altında birləşib. Bu layihə Mədəniyyət vəTurizm Nazirliyindən müəyyən maliyyə dəstəyi qazandı. Mən silsilə üzərində 2011-ci ildən 2013-cü ilə kimi işləmişəm.

Ona Azərbaycan musiqisinin, demək olar ki, bütün janrları və ənənəvi formaları daxildir - muğamlar, instrumental musiqi, aşıq musiqisinin müxtəlif janrları, xalq mahnıları və rəqs melodiyaları; başqa sözlə, bir növ, Azərbaycan milli musiqisinin audioantologiyası alınıb. Bu, Avropada nəşr edilmiş və Qərb auditoriyasına Azərbaycan musiqisini belə dodğunluqla təqdim edən ilk musiqi nəşridir. Bundan əlavə, mən yeddi diskin hər biri üçün Azərbaycan və ingilis dillərində giriş məqaləsi yazmışam.

Bu silsilədən olan disklər 3 il ərzində bir-birinin ardınca nəşr edilib və onların hər biri üçün Avropa musiqi mətbuatında, internet saytlarında ayrıca rəylər dərc olunub. Həmçinin, səsyazılarımın çoxu dünyanın bir çox radio kanallarında yayınlanıb. Təsəvvür edin, Kaliforniya radiokanalında Azərbaycan aşıqları Ağamurad İsrafilovun, Nemət Qasımlının, Aşıq Samirənin səs yazıları səslənir.

İspaniyada yayınlanan "Mundofonias" radiokanalının «İrlandiyadan-Azərbaycana qədər» verilişində səsyazılarım - gənc müğənnilər Rövşən Məmmədov və Kamilə Nəbiyevanın yazıları yayımlandı, Ramiz Quliyevin tarı səsləndi.

Mənim kompüterimdə nə qədər bu xarici radio pleylistləri və rəyləri toplanıb! Danimarka jurnalında dərc olunmuş rəyin müəllifi Qoçaq Əsgərovun ifasında muğamlar yazılmış diskin üzərinə qeyd olunub: «Azərbaycan musiqisini çox sevirəm və bu albom bunun səbəbini aydın göstərir. Fantastik müğənninin gözəl albomudur».

Məşhur Britaniya musiqi tənqidçisi Endryu Kronşau Xalq Artisti Nəzakət Teymurovadan götürdüyüm səsyazıları barədə qeyd edib: "Bu disk haqqında çox danışmağa ehtiyac yoxdur. Sadəcə, ona qulaq asmaq yetərlidir. Muğam qavrayış üçün çətin musiqidir, lakin bu müğənninin ifasında o, birbaşa ürəyə gedir».

Fransanın nüfuzlu musiqi jurnalı «Trad»da dərc olunmuş rəydə aşağıdakı sözləri oxumaq bir musiqişünas kimi məni çox məmnun etdi: «Bu disk üçün musiqi seçimində gerçək musiqişünas istedadı hiss edilir. Dinləyici Azərbaycan rəqs musiqisinin müxtəlifliyi barədə hərtərəfli təsəvvür əldə edir».

Bir Britaniya nəşri mənim «Azərbaycanın sevgi mahnıları» diskimə rəydə yazmışdı: «İndiyə qədər bizim Azərbaycan musiqisi haqqında fikirlərimiz yalnız Alim Qasımovla bağlı idi, lakin aydın oldu ki, bu ölkədə çox sayda istedadlı musiqiçi və gözəl musiqilər var».

Bu silsilə haqqında ona görə çox danışıram ki, Azərbaycanda az adam bunu bilir; bu silsilədən olan disklər Azərbaycanda satılmayıb və bu layihə, beynəlxalq uğuruna baxmayaraq, Azərbaycan ictimaiyyətinə heç vaxt təqdim edilməyib.

- Sənubər xanım, biz bilirik, muğam «bizim hər şeyimizdir». Bəs, sizcə, muğam nədir?

- Milyonlara ünvanlanmış bir sualdır və tərkibində bir neçə sualı birdən əhatə edir: mənim üçün muğam nədir? Sizin üçün muğam nədir? Azərbaycanlılar üçün muğam nədir? Ümumiyyətlə, muğam nədir? Mən son iki suala cavab verməyə çalışacağam. Azərbaycanlıların böyük əksəriyyəti üçün muğam özünəməxsus, yalnız bu xalqa məxsus milli bədii dil və özünüifadə vasitəsidir. Mən Şərq musiqisində digər oxşar cərəyanlarla, məsələn, İran rədifi, Mərkəzi Asiya şaşmaqomu və ya İraq makamları ilə Azərbaycan muğamı arasında mövcud olan mədəni yaxınlıq haqqında danışmaq fikrində deyiləm.

Hətta onlar arasında qohumluq bağları olsa belə, bütün bu musiqi cərəyanları, istənilən halda, öz musiqi dilində «danışır» və bir-birlərindən öz bədii-psixoloji üslubları ilə fərqlənirlər.

Əslində, yalnız muğam deyil, həm də aşıq sənətimiz bizim emosionallıq tipimizi, həyatımızda nəyi gördüyümüzü, nəyi duyduğumuzu və nəyi yaşadığımızı əks etdirir. Yetərincə çox sayda azərbaycanlı var ki, bu musiqiyə elə də möhkəm bağlı deyil, amma şəxsi musiqi zövqlərindən və həvəslərindən asılı olmayaraq, muğamı və aşıq sənətini öz mədəniyyətlərinin doğma və köklü təzahürü, doğma milli-mədəni irsi kimi qəbul edirlər.

Bəs, ümumiyyətlə muğam nədir? Bu, şifahi ənənə vasitəsilə nəsildən-nəslə ötürülən və yaşayan bir musiqidir. Muğamı nota köçürmək mümkündür (və tez-tez də köçürülür), lakin heç kim bu sənəti notla öyrənmir. Muğam dinlənilməklə, müəllimin tələbəyə canlı ötürməsi ilə yadda qalır.

Ritmik özəlliklərinə görə, muğam erkən musiqi təəssüratı yaradır: muğam melodiyaları ritmsizdir və bəllidir ki, bu, ən arxaik melodiya növlərinə xasdır. Hər hansı bir ritmə bağlı olmayan melodiyalar xüsusi əhval yaradır: dinləyicini meditasiyaya kökləyir. Ritmsiz melodiyalar, məsələn, Qərbi Avropa və Bizansda orta əsr kilsə musiqisi kimi geniş yayılmışdı. Bu gün onlar hələ də bəzi ölkələrin kilsə musiqisi kanorlarında qorunur.

Muğam kilsə musiqisi deyil, lakin buna baxmayaraq, bəzi müsəlman dini və ya dəfn mərasimlərində səslənə bilər. Mərasim iştirakçılarının emosional çırpıntılarını gücləndirərək, insanın kədər sarsıntılarını və ya ruhi həyəcanını üzə çıxarmaqda yardımçı ola bilər. 

Və bununla belə, muğam sevgi musiqisidir; sevginin müxtəlif hallarını - onun maddi təcəssümündən mənəvi təcəssümünə qədər bütün hallarını əks etdirən musiqidir. Bu, bir tərəfdən, xüsusilə də onun bədii dil və koduna tanış olmayanlara qavrayış üçün çətin musiqidir. Digər tərəfdən, bu musiqidə inanılmaz emosional güc, insana sehrli təsir gücü var. Mən bizim musiqiçilərlə Avstraliya və Yeni Zelandiyadan Tayvana, Amerikadan və Avropadan Çinə, İsrailə kimi bütün dünyanı gəzmişəm. Hər dəfə bu musiqinin dinləyicini necə valeh etdiyini müşahidə etmişəm. Onların sarsıntısının, həyəcanının şahidi olmuşam. Hər şey olub, amma sakit maraq göstərmələrini görməmişəm.

- Bəs aşıq musiqisi, onun xarakteri, çağdaş Azərbaycan mədəniyyətində rolu barədə nə deyə bilərsiniz?

- Azərbaycan muğamı kimi, Azərbaycan aşıqlarının sənəti beynəlxalq səviyyədə tanınıb. Bildiyiniz kimi o, 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilib. Populyarlıq dərəcəsinə və Azərbaycanda coğrafi yayılmasına görə, bəlkə də onun bərabəri yoxdur. Aşıq sənəti mərkəzləri və ocaqları cüzi istisnalarla Azərbaycanın bütün bölgələrində, ölkənin qərbində və şərqində, Cənubi Azərbaycanda, həmçinin digər dövlətlərin ərazisində - Gürcüstan, Dağıstan və nisbətən yaxın zamanlara qədər Ermənistanda azərbaycanlıların etnik anklavlarında mövcuddur. Bu, bizim türk təbiətimizin incəsənətidir, genetik olaraq, bizim mədəniyyəti bütün Türk Dünyası ilə birləşdirir.

Aşıq sənətinin özəlliyi onun sinkretizmindədir, yəni eyni zamanda, bir neçə bədii yaradıcılıq fəaliyyətinin birləşməsindədir. Aşıq oxuyur, şeir deyir, qəhrəmanlıq, sevgi və ya ibrətamiz nağıllar (dastanlar) danışır, bundan əlavə, saz adlı simli alətdə çalır, həm də bir sıra bölgələrdə çıxışı zamanı rəqs də edir.

Maraqlıdır ki, Azərbaycan aşıq sənətinin tarixinə, həm də XVIII-XX əsrlərə aid qadın aşıqların adları yazılıb. Onlar Azərbaycanda bu gün də çoxdurlar. Hesab edirəm ki, bu, digər müsəlman ölkələrinə nisbətən qadınların daha çox azadlığa malik olduğu Türk Dünyasına aid olmağımızla bağlıdır.

Siz məndən Azərbaycan mədəniyyətində aşıqların rolu barədə soruşdunuz. Bu, yaxşı sualdır. Aşıqlar həmişə Azərbaycan dili və bu dildə yaradılmış milli ədəbiyyatın qoruyucuları olublar və olmaqda davam edirlər; onların yaradıcılığı, necə olmasından asılı olmayaraq, ovqatı korlamayan bir refleksiya ilə, ən yüksək səviyyədə azərbaycanlıların milli, xəlqi xarakterini və energetikasını, həyatı qavramasını özündə cəmləşdirir və ötürür.

Azərbaycan ədəbiyyatı tarixində dövrlər olub ki, bizim şair və yazıçılar əsərlərinin böyük hissəsini başqa dillərdə - ərəb, fars, türk və rus dillərində yaratmışlar. Aşıqlar isə həmişə yalnız Azərbaycan dilində şeirlər yazıb və öz xalqına yalnız bu dildə müraciət ediblər. Buna görə də, bu gün biz aşıq şeirini 5 əsr əvvəl və ya yalnız dünən yazılmasından asılı olmayaraq, eyni dərəcədə asan anlayırıq.

- Amma sizcə, niyə aşıq musiqisi gənclər arasında populyar deyil?

- Məncə, siz yanılırsınız. Əlbəttə, Bakıda şəhər gəncləri, əsasən də rusdilli gənclər arasında müəyyən çevrələr var ki, estrada musiqisinı, cazı və ya roku muğamdan və aşıq sənətindən üstün tuturlar. Amma bu gənclər ölkənin ümumi əhalisinin nisbətən kiçik faizini təşkil edirlər.

Bir neçə il bundan əvvəl London Universitetinin multimilli elmi layihəsi çərçivəsində "Qədim muğam və aşıq sənəti XXI əsrdə» adlı 90 dəqiqəlik sənədli film çəkmişəm. Film uşaq və yeniyetmə musiqiçilərdən bəhs edir, Azərbaycan dilində çəkilib və ingilis dilində titrlərlə göstərilir.

Mən Bakı məktəblərində, Şamaxı və Gədəbəydə gənc aşıqları (və muğam öyrənənləri) dərs zamanı çəkmişəm. Gədəbəydə bu uşaqların bəziləri ekrandan bildirirdilər ki, onlar özlərinə saz almaq üçün valideynlərindən xahiş ediblər.  

Sadəcə, təsəvvür edin, körpə ağlayır və valideynlərindən saz istəyir - oyuncaq, tüfəng və qacet əvəzinə. Yaşca böyük olanlar isə xüsusi olaraq ətraf kəndlərdən avtobusla şəhər musiqi məktəbində saz dərsi almaq üçün gəlirlər. Mən xatırlayıram, Moskvada Rusiya Musiqi Akademiyasınında bu filmi göstərdim və bizim musiqiçi uşaqların istedadına, tərbiyəsinə heyran qaldılar. Yalnız orada deyil, Londonda da, Yerusəlimdə də, İsfahanda da, Astanada da belə oldu.

Bu filmin çəkilişi ilə əlaqədar olaraq, Azərbaycanın işğal edilmiş rayonlarından gəlmiş qaçqın ailələri ilə çox ünsiyyət qurdum, bu rayonlarda tarixən məhsuldar aşıq mərkəzləri, ocaqları və məktəbləri olub.

Bu ailələrdə valideynlər, hətta uşaqlarının gələcəyini bu sahəyə bağlamasalar belə, övladlarına və nəvələrinə aşıq sənətini öyrənmək üçün onları musiqi məktəbinə göndərirlər. Sadəcə, onlar üçün aşıq sənəti ənənəvi həyat tərzinin bir hissəsidir. Çalışırlar, yeni yaşayış mühitində onu dirçəldib-qorusunlar və istəyirlər ki, onların ailələrinin yeni nəsilləri öz mədəni köklərinə bağlı olsunlar.

- Hazırda nə üzərində işləyirsiniz?

- Bu yaxınlarda yeni disk üzərində işi başa çatdırdım. Diskə fransız caz müğənnisi Pyer de Treqomanın və Azərbaycan müğənnisi Qoçaq Əsgərovun duet ifasında muğam-caz üslubunda mahnılar daxildir.

Pyer Paris Milli Kitabxanasında Qoçağın 2011-ci ildə İtaliyada nəşr olunmuş diskinə rast gəlib. Onun səsinə və vokal texnikasına heyran qalıb, ondan muğam ifası sənətini öyrənmək istəyib. Ortaq tanışlar vasitəsilə o, məni tapdı və bir aylıq Bakıya gəlmək istədiyini yazdı, onu Qoçaqla tanış etməyimi xahiş etdi. Əlbəttə, onların görüşünü təşkil etdim.

Bir ay ərzində Pyer səy göstərdi və Qoçaqla birlikdə vokalla məşğul oldu. Məşğələ vaxtı onlar caz ilə muğam improvizələrini birləşdirmək qərarına gəldilər. Birlikdə kiçik bir proqram hazırladılar və onlara qulaq asmaq, kompozisiyalar barədə rəy bildirmək üçün məni dəvət etdilər. Açığı, onların musiqisinə və ifa tərzinə heyran qalmışdım. Onlara qulaq asan zaman əllərim titrəyirdi, ürəyim sanki dayanmışdı. Bu, musiqinin sizə zövq verməsi ilə yanaşı, ruhunuzu yerindən oynadıb fərqli bir reallığa götürməsi halı idi.

Onların uğur qazanağacına əmin idim. Gerçəkdən, keçən ilin noyabr ayında Bakıda Beynəlxalq Muğam Mərkəzinin ağzına kimi dolu zalında onların konserti böyük uğur qazandı. Konsertin birbaşa zalda yazılmış görüntüsü əks edilmiş disk də tezliklə işıq üzü görəcək. Diskə ingilis dilində geniş giriş məqaləsi yazmışam. Müəyyən başqa tədqiqat planları da var, amma onlar plan olaraq qaldığı zaman, bu barədə danışmaq istəmirəm.

- Müsahibə üçün təşəkkür edirik.



MƏSLƏHƏT GÖR:

433