20 Aprel 2024

Şənbə, 18:29

LİBASLARIN DİLİ İLƏ

«Azərbaycanın milli geyimləri olduğu kimi» sərgisi Bakının qonaqlarında böyük maraq oyatdı

Müəllif:

01.09.2017

Hər hansı bir xalqın mədəniyyət tarixində milli geyim - təkcə millətin tarixi və mədəni keçmişinin müəyyən identifikasiya elementlərindən biri olmaqla qalmır, həm də onun estetik və bədii mirasıdır. Milli Dövlət Xalça Muzeyində, Heydər Əliyev Mərkəzinin muzeyində daim fəaliyyət göstərən ekspozisiyalar açılıb və izləyiciləri Azərbaycanın doqquz iqlim zonasının kostyumlarının etnik və bədii xüsusiyyətləri ilə tanış edir.

İyulun əvvəlində isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Dövlət Tarix Muzeyində «Azərbaycanın milli geyimləri olduğu kimi» sərgisi açılıb və noyabr ayının əvvəlinə kimi, ictimai əsaslarla fəaliyyət göstərəcək. Məqsəd XXI əsrin qloballaşan dünyasında Azərbaycan-türk-islam mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

 

Vurğular

Qadın və kişi geyim eksponatları ilə yanaşı, muzeydə anın strukturunu gerçəklikdə qeydə almış rus fotoqraf, etnoqraf və şərqşünas Dmitri Yermakovun (1845-1916) tarixi fotoşəkilləri təqdim edilib. Bunlar bəylər, nəcib qadınlar və onların ailələri, həmçinin kəndlilərdir. Ümumiyyətlə, keçmişin digər fotoqraflarının, məsələn, F.Orden, A.Laursabov, L.Breqadze, A.Qaponenko kimi fotoqrafların, həmçinin rəssamlar Vasili Vereşşaginin və knyaz Q.Qaqarinin işləri bizim üçün əcdadlarımızın təkrarsız görüntülərini və şəhərin memarlıq görkəmini qoruyub-saxlayıblar. Biz bu gün də onlarla fəxr edirik.

Muzeyin bu ekspozisiyası turistlərin və şəhər sakinlərinin böyük marağını çəkib və ekskursiya rəhbəri Afət Kərimova bu barədə maraqla danışır. O, həmçinin kişi və qadın milli geyimlərinin xüsusiyyətləri, kişilər və qadınlar arasında etik əlaqə ənənələri, müxtəlif sosial təbəqələrin bir-birinə olan ismarışları ilə kodlandırılmış kostyum detalları haqqında danışır. Bundan əlavə, ekskursiya rəhbəri söyləyir ki, hər bir təbəqənin və yaş qrupunun kostyum geyinməsində, detal və atribut istifadəsində müəyyən şərtlər və şərtiliklər olub. Yəni bəzəklərin, baş geyimlərinin, silahların və s.-in daşınmasında.

 

Qadın geyimi

1972-ci ildə çap edilmiş "Azərbaycan milli geyimləri" kitabında deyilir ki, qadın üst çiyin geyimləri, əsasən, üst köynəyindən, arxalıqdan, çəpkəndən, ləbbadədən, küləcədən, kürdidən, eşməkdən və baharidən ibarət olub. Üst qurşaq qadın geyimləri toplusuna isə tuman və çaxçur daxil olub.

Qadın baş geyimlərinin sırasında isə kəlağayılar, naz-nazlar, qaz-qazlar və örpəklər - ipək yaylıqlar daha geniş yayılıbmış. Azərbaycanda kəlağayı yerli kustar istehsalat məhsulu olub. Əsas kəlağayı istehsalı mərkəzləri Gəncə, Şəki və Şamaxı şəhərləri imiş.

Azərbaycanın qadın geyimləri özəldir! Parçaların materialları, həndəsi proporsiyalar, rəng çuğlaşmaları qammaları, aksessuarlar - bütün bunlar qeyri-adi cəlbedici vizual ritmlər yaradır. Muğan - Ərdəbil, Gəncə - Qarabağ, Borçalı, Qazax, Şamaxı, Bakı zonaları qadınlarının geyimləri üslubca bir-birinə bənzəyir, bununla belə, tamamilə orijinal olaraq qalıblar. Kompozisiyalı qadın kostyumu üç hissədən ibarət imiş: köynək, tuman və üst çiyin geyimi. Sonuncunun da yüngül dondan sırıqlı pencəyə və ya xüsusən də Rusiyadan gətirilmiş safsar xəzi ilə haşiyələnmiş jiletə qədər çox sayda variantları olub.

Hərdən tumanın üstündən çaxçur geyiniblər. Bunlar aralarında tikiş olmayan şalvarlar olub. Onlar qadın ətəyinin kəmərinə öz yuxarı iti küncləri ilə bərkidilib. Tumanın ətəyi yanlardan düzəldilirdi, öndən və arxadan maraqlı kompozisiya alınırdı. Tumanın uzunluğu elə olub ki, pis havalarda onu palçıqdan qorumaq lazım gəlirdi. Çaxçurlar bir qayda olaraq, qalın ipəkdən tikilir və manjetlə qadının topuğunu əhatə edirdi. Manjetin üzərindən isə təmiz qoyun yunundan toxunmuş corab geyinilirdi. Naxışlar və sapların rəng qamması ölkənin hər bir konkret regionuna uyğun olurdu.

Ustalar yalnız ipək və yun parçalar toxumurdu, həm də çox sayda ucuz, amma gözəl və keyfiyyətli olub ki, onlar Azərbaycan mədəniyyətinin elementləri sırasında yer alıb.

Tarixi məlumatlara görə, «Azərbaycanda aşağıdakı parçalar - zərbaft, parça, atlas, tafta, qanovuz, kam­ka, kiseyi, məxmər, dərayi, mahud, şal, tirmə, pestrəd, mitkal, bez və s. parça növləri istehsal edilib. Onların bəziləri Azərbaycan danışıq dilində dəbdə olan başqa adlar daşıyırdı; məsələn: “Hacı, mənə bax”; “Gecəgündüz”; “”Gendə dur”; “Alışdım- yandım”; “Küçə mənə dar gəlir” və s. Bu parçalara yerli əhalinin də tələbi vardı, ölkədən xaricə də aparılırdı».

İndiki şəhər sakinlərinin gözləri Bakı zonasının geyim variantlarına daha çox alışıb. Başmaqdan kəlağayıya qədər burada hər şey tanışdır. Hamısı cəlbedicidir. Hamısı! Aksessuarlara qədər - gənc və yaşlı ərli qadınlar öz aksessuarları ilə öyünməyi çox seviblər. Onların köynəklərinin aşağı haşiyəsinə qızıl pullar və ya qızıl lövhələr tikilirdi. Bu qızıl pullar və ya Günəşə bənzəyən qızıl lövhələr nə qədər çox olurdusa, bu qadının ərinin sosial statusu da bir qədər yüksək olurdu. Əslində, ötən əsrlərin varlı kişiləri qadınlara belə bahalı bəzəklər hədiyyə etməklə, öz gəlirləri və var-dövlətləri barədə məlumatları kodlaşdırırdılar. İndi də insanla-cəmiyyət arasında bu ünsiyyət dili elə də ciddi dəyişməyib. Sadəcə, bəzəklərə qacetlər, ayaqqabılar, saatlar və bahalı ətirlər əlavə olunub.

Muğan - Ərdəbil etnik zonasının qadın geyimləri çox qeyri-adi və cəlbedici görünür! Həm rəng qammasına, həm də kostyumların kompozisiyasına görə. Çünki başqa zonalardan fərqli olaraq, bu kostyumların kompozisiyasını üst bürüncək bəzəyir, paltarı arxadan və öndən örtərək döşlüyə bənzəyir. Çağdaş qadın geyimi dizaynerləri bu variantı rahatlıqla mənimsəyə bilərdilər! Orijinal, gözəl və cəlbedicidir.

Ümumiyyətlə, milli qadın geyimlərində bu gün çox sayda variant tapmaq olar ki, bizim dizaynerlərə kütləvi pret-a-porter dəbi istiqamətində sifətsizləşdirmədən qadınlar üçün çağdaş geyimlər yaratmağa, əksinə, onları məişət səviyyəsindən yuxarı qaldırmağa imkan yarada bilər. Axı keçmişdə azərbaycanlı qadınların gündəlik geyimləri onların özəlliyini cizgiləyirdi.

 

Kişi geyimləri

Onlar həddindən artıq asketikdirlər. İlk baxışdan elə bir özəlliyi yoxdur: Şimali və Cənubi Qafqazda kişilərin geyindiyi ənənəvi paltardır. Onları da aşağı və yuxarı - çiyin və qurşaq geyimlərinə ayırmaq mümkündür. Yuxarı geyimlər köynəkdən, çiyin geyimlərindən, arxalıq və çuxadan, qurşaq geyimləri şalvardan ibarət olub. Bu geyim tipi bütün Azərbaycanda qəbul edilib. Yalnız müxtəlif etnik zonalarda çiyin geyimlərinin detallarda ifadə edilən özəllikləri vardı. Kişi geyimlərinin əsas özəlliyi sahibinin sosial mənsubiyyətini tamamilə aydın göstərirdi. Geyimin vacib kod elementi papaq idi.

1972-ci ildə çap edilmiş həmin kitabda deyilir ki, «kişi baş geyimlərinin ən çox yayılmış növlərindən biri, müxtəlif növ xəz papaqlar idi: buxarapapaq və çərkəzipapaq (qara, boz və qəhvəyi qaragüldən tikilirdi), qoyun dərisindən şələpapaq (çobanlar geyinirdi) və s. Araqçınlar - tirmə və ipəkdən üzərindən daha çox qızılı saplardan müxtəlif tikmələr olan baş geyimləri geniş yayılmışdı. Yaşlı kişilər və qocalar xəz papağın altından təsək - ağ çitdən kiçik sırıqlı araqçın da geyinirdilər. Gecələr isə kişilər başlarına şəbqulaq - konusvari, sırıqlı və tikməli, astarlı qalpaqlar qoyurdular».

Kişi baş geyimlərinə böyük önəm verirdilər. Onlarsız gəzmək biabırçılıq sayılırdı. Kişilər tez-tez münasibətlərini müəyyən eləmək üçün Avropa cəmiyyətində qəbul edilən duellərin əvəzinə, düşməninin başındakı papağı vurub salırdılar. Başından papağı düşmüş adam həmişəlik biabır olmuş sayılırdı. Belə uğursuz kişiyə papaq əvəzinə, başına yaylıq bağlamaq məsləhət görülürdü. Bu, bəxti gətirməmiş duel iştirakçısına «arvad» demək kimi bir şey idi.

Axundlar - ruhanilər insanlar çalma geyərdilər. Çalmanın rəngi, eləcə də kəmər cəmiyyəti onun sahibinə hansı dini cərəyana məxsus olduğu barədə məlumatlandırırdı. Kişi geyimlərinin daha bir kod elementi silah və vəznələr - metal və ya taxta yuvalı patrondaşlar idi, onlar çərkəzi çuxanın sol və sağ döşlərinə cərgə ilə tikilirdi. Yalnız yuxarı təbəqəyə aid insanların döyüşçü və qoruyucu olmaq imkanı vardı. Bəylərin nazik dəri kəməri üstündə soyuq silah - yaxın məsafəyə zərbə vurmaq üçün kiçik qılınc, həm də uzaq məsafəyə zərbə vurmaq üçün böyük qılınc görmək olurdu. Bu kəmərdən kiçik tapança asırdılar. Vəznələrdə odlu silah üçün barıt gəzdirirdilər.

Atmagül - əsas qolun üzərindən aşağı uzanırdı, yuxarı təbəqə sakinlərinin döyüş zamanı isti silahı tutan zaman əllərini yandırmaması üçün istifadə edilirdi. Bu elementləri kəndli paltarlarında görmək mümkün deyildi. Kəndi geyimləri sadi olurdu. Baş geyimləri bahalı qargüldən deyil, adi qoyun dərisindən hazırlanırdı. Əgər ovçu və ya qoçu deyildisə, sadə adamın silahı olmazdı. Ən azından, fotoşəkillər, Vereşşagin və Qaqarinin rəsmləri bundan xəbər verir.

Bu fakt ondan xəbər verir ki, Azərbaycan cəmiyyətinin yuxarı təbəqələri XX qədər döyüş hazırlığı ənənələrini qoruyub və bu ailələrdə doğulan oğlan uşaqlarına döyüş sənəti öyrədilib. Təsadüfi deyil ki, «Vəhşi diviziya»nın Azərbaycan (tatar) alayının tərkibinə məhz aristokrat ailələrin təmsilçiləri daxil olurdular.

 

Qadın zinət əşyaları

Bu mövzu mənə elə gəlir, xüsusi diqqət tələb edir. Təkcə ona görə yox ki, zinət əşyaları paltara ifadəli əlavə kimi xidmət edib. Bakıda, Gəncədə, Şamaxıda, Şəkidə, Naxçıvanda və Şuşada zərgərlik sənətinin gerçək incilərini yaradıblar: boyunbağılar, sırğalar, paltar üçün asma yaxalıqlar, qızıl, gümüş, yaqut, brilyant, almaz, zümrüd, firuzə, əqiq, mirvari üzüklər. 

Bu gün bu işləri yalnız Azərbaycan Tarix Muzeyində deyil, həm də çoxsaylı əntiq mallar mağazalarında da görmək olar. Turistlər onları çox həvəslə alırlar. Bizim tarixin və incəsənətin bir hissəsini özləri ilə aparırlar. Əgər bu, İçərişəhər ətrafında baş verirsə, əntiq əşyalar alverçisindən Azərbaycanın zərgərlik sənətinin tarixi barədə qısa ekskurs-hekayə də dinləyə bilərlər. Özü də orada həmişə nəyin bizim mədəniyyətə aid olduğunu, nəyin olmadığını həmişə qeyd edirlər; məsələn: bizə çox vaxt Dağıstandan gətirilən həm qadın, həm də kişi gümüş kəmərləri, əslində, Kubaçi ustalarına məxsusdur.

İnsan boyu hündürlüyündə eksponatlarla təqdim edilən kostyum ekspozisiyaları və muzey kolleksiyasında olan fotoşəkillər bu xalqın mədəniyyətinin özünəməxsusluğunu açıq sübut edir. Çünki bu xalq öz ruhunu gündəlik və bayram paltarlarını geyinmək mədəniyyəti vasitəsilə ifadə etməyi bacarıb. Bu isə çağdaş geyim dizaynerləri üçün tükənməz mənbədir.



MƏSLƏHƏT GÖR:

488