26 Dekabr 2024

Cümə axşamı, 14:10

«MƏNİM KİMİ OLUN…»

Azərbaycanda neyrocərrahiyyənin banisi, görkəmli həkim Surxay Axundov dünyada tanınsa da, vətənində onun barəsində məlumat azdır

Müəllif:

01.09.2017

Surxay, Əliheydər Axundovun böyük ailəsinin ən kiçiyi idi. Bakıda doğulub, atası bura 1898-ci ildə böyük ailəsi ilə birlikdə Şamaxıdan köçüb. Bu oğlan gələcəkdə görkəmli həkim, Azərbaycanda neyrocərrahiyyənin banisi olmalı imiş. Ancaq, görünür, həyatının sonuna kimi təmənnasız xidmət etdiyi Vətənində çox məhdud sayda adamın onun barəsində məlumatı olmalı imiş.

Lakin bu gün tam əminliklə demək olar ki, tarixi ədalət qələbə çalıb. Bu yaxınlarda Dövlət Tibbi Universitetində böyük Azərbaycan neyrocərrahı, professor Surxay Əliheydər oğlu Axundovun anadan olmasının 120 illiyi ilə bağlı elmi konrfans keçirilib. Konfransda ölkənin aparıcı mütəxəssisləri, həkim Axundovlar nəslinin təmsilçiləri çıxış ediblər. Professorun həyat və peşə yoluna həsr edilmiş 20 dəqiqəlk sənədli film nümaiş etdirilib.

 

Uşaqları, ümidlərini doğrultdu

Atası Əliheydər Axundov səkkiz uşaq - beş oğlan və üç qız böyüdüb. O bilirdi ki, uşaqarın xoşbəxt və təminatlı gələcəyi üçün ata kapitalı yox, təhsil gərəkdir, çünki zamanından asılı olmayaraq, bilik və peşə təminatlı gələcəyin zəmanətidir. Hesab edirdi ki, zaman da dəyişir, quruluş da, hakimiyyət də, amma torpaq dəyişmir, torpaq həmişə doğma olaraq qalır. Onu sevən hər bir kəs, ilk növbədə, öz torpağına, öz xalqına xidmət etməlidir.

Uşaqlar onun ümidlərini doğrultdular. Hamısı təhsil aldı, öz ölkələrinin həyatında elə də gözəçarpan olmasa da, çox vacib rol oynayan insanlara çevrildilər.

Əliheydər Axundov böyük oğlu Sultan Mahmudu Kiyevə yola salıb. Orada Sultan Mahmud bəy İmperator II Aleksandr adına Kiyev Politexnik İnstitutunun kimya şöbəsini bitirib və 1911-ci ildən neft sənayeçisi Musa Nağıyevin neft mədənlərinin müdiri olub, inqilabdan sonra isə A.P.Serebrovskinin rəhbərliyi altında "Azneft"də mühəndis işləyib. 1922-ci ildən o, Səhiyyə Nazirliyinin tikinti şöbəsinə başçılıq edib. Onun fəaliyyətinin bu dövrü respubilka ərazisində sanatoriya və xəstəxanaların tikintisi ilə yaddaqalan olub. Yazının qəhrəmanı olmasa da, onu xatırlayırıq, çünki məhz Sultan Mahmud bəy öz kiçik qardaşı Surxay bəyin etik və estetik baxışlarının formalaşmasında çox vacib rol oynayıb. Bəs, Əliheydər bəyin qalan yeddi övladının taleyi necə olub?

Hüseyn özünü inqilaba həsr eləyib. Onun xidməti fəaliyyəti "NKVD" ilə bağlı olub, orada uzun illər məsul vəzifələr tutub. O cümlədən, mərkəzi idarəetmə aparatında işləyib. Öz əmək fəaliyyətini qızıl və əlvan metalların hasilatı üzrə mədənlərin müdiri vəzifəsində başa çatdırıb. Rüstəm gözlənilmədən xəstələnib və gənc yaşlarında dünyadan köçüb. 20-dən azca çox yaşı vardı! Ağalar bəy, Suma xanım, Səfurə xanım və Tamara xanım isə həkim olublar. Bəlkə də, onların bu sənətə üz tutmasına səbəb qardaşlarını vaxtından əvvəl itirməkləri olub. İstənilən halda ailədən bu yolu birinci tutan Surxay olub. Axundovlar ailəsində öz həyatını insanların müalicəsinə həsr etmək ənənəsinin banisi də məhz odur.

 

Moskvaya!

1917-ci ildə Surxay bəy Nikolayevsk küçəsindəki realnı məktəbini (indiki İqtisad Universiteti, İstiqlaliyyat küçəsində) bitirir, 1 sentyabr 1919-cu il tarixdən isə Azərbaycan Demokratik Respublikası (ADR) Parlamentinin qərarı ilə 1919-cu ildə təsis edilmiş Bakı Universitetinin tibb fakültəsinin tələbəsi olur.

Surxay bəyin onda heç ağlına belə gəlmirdi ki, ixtisas kimi neyrologiyanı seçəcək. Nevrologiya ilə maraqlana-maraqlana o, professor Sergey Nikolayeviç Davidenkovun, daha sonra professorlar - Q.İ.Rossolimo və L.S.Minorun sevimli tələbəsinə çevrilir. İstedadlı tələbə özünü elmi araşdırma və tədqiqatlara həsr edir. Amma 1925-ci il gəlir və professor Davidenkovu Moskvaya aparırlar. Orada V.A.Obux adına Peşə Xəstəlikləri İnstitutunda nevrologiya şöbəsinə rəhbərlik edir. Professor sevimli tələbəsini oraya ordinatorluğa dəvət edir. Surxay sevinclə razılaşır. Artıq onun öz nəzəri biliklərini təcrübədə tətbiq etmək imkanı yaranır! Onun ilk təqdiqatları professor Davidenkov ilə birlikdə yerinə yetirilib, sinir sisteminin irsi və peşə xəstəliklərinə həsr edilib.1930-cu ildə isə Surxay Axundov Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunun aspiranturasına daxil olur. Burada onun müəllimləri sırasında Nikolay Niloviç Burdenko və Qriqori İvanoviç Kramer yer alır - institutu onlar yaratmışdılar. Çox illər sonra alim öz albomunda onlar barədə qürurla yazacaq: «Mənim müəllimlərim!». Surxay bəy onları unutmayacaq və bütün həyatıboyu onlarla qürur duyacaq.

 

Fitri istedad

Surxay bəy neyrocərrahiyyə sahəsində çox sayda əsərlər yazmış alim, böyük tələbat olan təcrübəli neyrocərrah olmaqla yanaşı, həm də gözəl diaqnost idi. Bu insanın fitri istedadı olub: zədələnmiş yeri səhvsiz tapırmış.

Fəridə İsmayılzadə, həkim-nevropatoloq, Azərbaycan Tibbi Bərpa ETİ-nin böyük elmi işçisi, Surxay Axundovun bacısı nəvəsi:

«Bəlkə də mənim indi deyəcəklərim pafoslu səslənəcək, amma həmin vaxtlar o, insan orqanizminin zədəli yerini səhvsiz müəyyən edən kompüter tomoqrafı rolunu oynayıb. Birbaşa deyək, misilsiz vergisi olub - Tanrı vergisi. Onun müəllimi, akademik Nikolay Niloviç Burdenko həmişə deyib ki, zədələnmənin yeri və xüsusiyyəti barədə Surxay Axundovun dəqiq tomoqrafik diaqnozu olmadan, hətta onun özü də daxil olmaqla, təcrübəli cərrahlarda belə, əməliyyatqabağı müəyyən qərarsızlıq və narahatlıq müşahidə olunurmuş».

Azərbaycandan gəlmiş bu gənc alimin istedadı Moskvada onu yalnız tibbi dairələrdə populyar etməklə qalmadı: azərbaycanlı doktor barədə eşidən pasiyentlər onun qəbuluna düşməyə çalışdılar.

...1960-cı illərin əvvəllərində o, Bakıya döndükdən sonra da daimi elmi müşavir kimi, Moskva Neyrocərrahiyyə İnstitutu ilə əməkdaşlığını davam etdirib.

Bu yaxınlara qədər kliniki neyrocərrahiyyə şöbəsinə rəhbərlik etmiş neyrocərrah Rəşid Musayev danışır:

«Professor Surxay Axundov bizim üçün yalnız istedadlı praktik həkim və alim olaraq qalmır. Bu insan, demək olar ki, bütün sovet ölkəsini gəzdi və Sovet İttifaqının çox sayda klinika və institutlarında çalışdı, amma yalnız Azərbaycanda neyrocərrahiyyənin inkişafı barədə düşündü. Mən Surxay müəllimin səyləri nəticəsində yaradılmış kliniki neyrocərrahiyyə şöbəsinə rəhbərlik etmişəm».

1947-ci ildən 1952-ci ilə kimi Surxay Axundov Azərbaycan Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının dosenti olub. 1952-ci ildə doktorluq dissertasiyası müdafiə edib və professor olub. Həmin illərdə Sovet respublikalarına çox səfərlər edir: elmi qurultay və konfranslarda çıxış edir, məruzələr oxuyur, Perm, Düşənbə və Daşkənd tibb institutlarında nevrologiya kafedralarının müdiri olur. Leninqrad (İndiki Sankt Peterburaq), Kişinyov və Moskvadan olan həmkarları ilə fəal əməkdaşlıq edir. Baş beyin və onurğa şişlərinə həsr edilmiş elmi əsərlər yazır. Bu əsərlər indiyə kimi neyrocərrahların və çağdaş tələbələrin masaüstü kitabı olaraq qalır. Professor Surxay Axundovun məktəbini keçmiş praktikant həkimlərdən çox sayda istedadlı həkimlər, o cümlədən professorlar çıxıb və onlar bu gün də postsovet məkanında uğurla işləyirlər.

 

Arzu

Neyrocərrah, tibb elmləri namizədi Rəşid Vəlibəyov danışır:

«Professor Surxay Axundova bütün İttifaq səviyyəsində tələb vardı, fəal elmi və praktiki fəaliyyətlə məşğul idi, neyrocərrahiyyə kafedrasına gözəl rəhbərlik edirdi. Əsas istəyi, Azərbaycanda neyrocərrahiyyənin inkişafı və kliniki neyrocərrahiyyə şöbəsinin açılması idi. 1966-cı ildə Moskvada növbəti elmi konfransda olan zaman gənc, perspektivli həkim-neyrocərrah Ağaverdi Şatibəy oğlu Vəlibəyovla tanış olur və ona Bakıda ilk neyrocərrahiyyə şöbəsini açmağı təklif edir. Onun təklifi qəbul olunur və 1967-ci ildə akademik Mirqasımov adına Respublika Xəstəxanasında Azərbaycanın tibb tarixinin ilk neyrocərrahiyyə şöbəsi açılır. Surxay müəllim onun yaradılmasında və işləməsində fəal iştirak edir, bütün həyatı boyunca əvəzsiz elmi müşavir kimi qalıb. Şöbənin ilk iş ilində 68 mürəkkəb əməliyyat edilib! Gözəl insan və Azərbaycan neyrocərrahlar nəslinin müəllimi Surxay Axundovun xatirəsi əzizdir və ona minnətdarıq!».

Fəridə İsmayılzadə: «1966-cı ildə öz mövqeyindən, adından və nə gizlədək, əlaqələrindən istifadə edərək, Respublika Kliniki Xəstəxanasının tərkibində bizim ölkədə ilk olan 40 yerlik neyrocərrahiyyə şöbəsinin yaradılmasına nail olub».

Bu belədir. Surxay Əliheydər oğlu Axundov Azərbaycanda neyrocərrahiyyə xidmətinin banisi olub. Bəs onda niyə onun adı banilər arasında yoxdur? Axı o, bir müşavir kimi, klinikanın ixtisaslaşmış avadanlıqla təchizatında iştirak edib! Ölkədə yeni işin inkişafına sevinərək, klinikanın Moskvadan mütəxəssislərlə təmin edilməsində böyük rol oynayıb və həm də şöbəyə o vaxtlar üçün unikal olan bir hədiyyə bağışlayıb: bir qutu cərrahiyyə aləti! Sovet dövrünün total qıtlıq illərində bu addımı yalnız əsl vətənpərvər ata bilərdi!

Fəridə İsmayılzadə: «O, unikal adam idi. Bizim ailənin yaşlı adamları həmişə bundan danışırdılar. İndi də Axundovlar ailəsindən çoxları elə əhvalatlar danışırlar ki, onun qeyri-adi insan olduğunu ortaya çıxarır.

Surxay dayı da bütün sovet insanları kimi tramvayla işə gedirmiş. Halbuki, özünə maşın ala bilərdi. Amma o, hesab edirdi ki, bu onun tərəfindən qeyri-təvazökarlıq olar. Bir dəfə həmişəki kimi, işə gedərkən fikir verir ki, vaqon həddindən antisanitar vəziyyətdədir! Oturacaqlara bulaşmış çirkdə bit, birə, hər şey ola bilərdi. O, etiraz əlaməti olaraq ayağa qalxır və təyinat nöqtəsinə çatdıqdan sonra tramvay parkına gedir, bir həkim kimi, bütün antisanitar problemləri düzəltməyi tələb edib. Onu tələbinə əməl edilir və vaqonu tamamilə dəyişirlər.

O, bütün işlərində belə idi: çox doğru, prinsipial və vicdanlı. Bir dəfə Tibb İnstitutunda oxuyan qohumlarımızın birindən imtahan götürürmüş. İmtahan biletindəki bütün suallara cavabı dinlədikdən sonra, tələbədən anasına salam söyləməyi xahiş edir və …ona "3" qiyməti qoyur. Deyir ki, sən bundan artığına layiq deyilsən. Həm də xahiş edir ki, yadında saxlasın: tibb insana yuxarıdan gəlib, həkim Tanrının silahıdır, buna görə də həkim ya yaxşı peşəkar olmalıdır, ya da buna uyğun gəlməsə, həkimlikdən getməlidir.

Surxay dayı çox ziyalı adam idi. Nadanlığa və kobudluğa dözmürdü. O, hamı ilə hörmətlə danışırdı. Hətta öz körpə bacısı uşaqları, tələbələri və həmkarları ilə də. Nümunə kimi bir əhvalat danışacağam. Bir dəfə onun şagirdi və işçisi olmuş bir qadın güc-bəla ilə doktorluq müdafiə edən kimi, onun yerinə kafedra müdiri keçməyə çalışıb. Surxay müəllimin xasiyyətini bildiyi üçün onu hamının gözü qarşısında xəstəyə baxış zamanı təhqir edib. Bu, təbii ki, karyerist bir qadının təxribatı idi. Amma dayım heç nəyi analiz etmək istəməyib. Həmin vaxt kafedra müdiri olsa da, sakitcə palatadan çıxıb və kabinetinə gedib. Öz əşyalarını götürüb və bildirib ki, bir dəqiqə olsun burada qala bilməz. Heç bir müzakirəyə qatılmadan birdəfəlik oradan gedib.

Qalmaqallar və kobudluq onun üslubu deyildi. O, həmkarları arasında yalnız peşəkar müzakirələri qəbul edirdi. İnsanların bir-biri ilə toqquşmasına dözmürdü. Deyirdi ki, işçiləri insanların həyatını qısaltmalı yox, uzatmalı olan birə kafedrada belə şeylər ola bilməz. Münaqişə başlayan yerdə tibb yoxa çıxır. Bu, ümumi işə, həkimin özünə və onun pasiyentinə zərər vurur. Surxay dayı həm də belə idi».

Ədalət Hacıyev, Rus Dram Teatrının direktoru: «Uşaqlıqda biz tez-tez dünyaya böyüklərin gözləri ilə baxırıq. Məni və qardaşımı öz nəvəsi sayan Surxay dayıya münasibətimizi anam formalaşdırmışdı. O həmişə onun barəsində çox hörmətlə danışırdı və təkrarlayırdı ki, Surxay dayıgildə mənzildə qaçmaq, rəflərdəki əşyalara əl vurmaq olmaz. Çünki o, professordur və ona mane olmaq olmaz. Mən onda bilmirdim ki, «professor» nədir və ona bir İlahi varlıq kimi baxırdım. Biz qardaşımla onlara bir muzeyə gedən kimi gedirdik. Surxay dayıya isə nüfuzlu bir avtoritet kimi baxırdıq. Amma bu, uzun sürmədi və gəlişimizdən bir neçə dəqiqə sonra, özümüzü evimizdəki kimi hiss etdik. Yaşlı dayı isə heç də qorxulu professor yox, mehriban və anlayışlı dost idi. O, bizimlə yoldaş kimi danışır, bizim uşaqlıq problemlərimizi başa düşürdü. Başqa böyüklərə isə başa sala bilmirdik. O, biz uşaqlarla dostluq etməyi bacarırdı».

 

Surxay Axundovun şövqü 

Onda səyyah ruhu vardı - ixtiraçı və tədqiqatçı ruhu. O, bütün dünyanı gəzirdi, müxtəlif xalqların mədəniyyətini öyrənirdi, başqa qitələrdə elə humanitar ideya zərrəcikləri tapırdı ki, onun bütün bəşəriyyətin eyni mənəvi kökləri və humanist idealları olması barədə ideyalarını dəstəkləsin.

Səyahətə və incəsənətə, xüsusilə də opera sənətinə sevgi onun həyatını dolğun və harmonik edib. Səfərlərdən o, qeyri-adi heykəllər, böyük əsərlərin yazısı olan vinil plastinkalar, nadir kitablar gətirirdi. Bunu qohumlarına göstərərək, olduğu ölkələrdən və insanlardan danışırdı. Onun çini heykəllərdən, hind vazalarından, fil sümüyü üzərində Vyetnam oymalarından, Drezden və Çexiya farforundan, reproduksiya albomlarından, açıqcalardan, nişanlarından və kuklalarından ibarət kolleksiyası barədə şəhərdə əfsanələr danışırdılar.

Həkim-kolleksioner bakılılarda gerçək maraq oyadırdı. Onun yanına jurnalistlər gəlirdi, müsahibə götürürdülər və öz oxucularına tanınmış cərrahın maraqlı hobbisindən danışırdılar. Onları heyrətə salan bu idi ki, tibb kitabları düz, kolleksiyanın yanında idi. Amma kolleksiyanın yiyəsini bu cür qonşuluq heç də narahat etmirdi. Əksinə o, bunu çox təbii qarşılayırdı. Zarafatla deyirdi ki, öz unikal kolleksiyasının öz zamanı var, pensiyaya gedəndən sonra, bütün dünyadan dənə-dənə yığdığı bu gözəllikdən həzz alacaq. Deməli, onda təkrarsız emosional təəssürat yaratmış həmin yerlərə xəyalında yenidən dönəcək.

O, bir vəsiyyət kimi, öz albomunun səhifələrində övladlarına yazıb: «Tibbdən olduğu kimi, incəsənətdən də eyni həzzi alıram. Mənim kimi olun və həmişə öz ixtisasınızı eyni zamanda incəsənətlə çuğlaşdırın». Tarix kimi 10 yanvar 1968-ci il qeyd edilib.

Surxay həkim bir qədər fənd işlətdi. Fənd işlətdi ona görə ki, 76 yaşına çatsa da, skamyada nərd oynayan pensiyaçıya çevrilmədi. 1970-ci ildə doğma kafedrasını tərk etsə də, ömrünün sonuna kimi ölkənin əsas klinikalarında - Travmatologiya və Ortopediya İnstitutunda, Bərpa Cərrahiyyəsi İnstitutunda aparıcı məsləhətçi-neyrocərrah kimi qaldı.

 

Surxay Axundovun şövqü

Nə vaxtsa, atası və böyük qardaşı Surxaya aşılamışdılar ki, insanın gücü onun biliyindədir. O, bu fikri öz tələbələrinə və bacısı uşaqlarına vəsiyyət olaraq qoyub. Buna görə də o, hətta imtahanlarda tibbə aid olmayan suallar verib; məsələn, klassik musiqi əsərləri barədə. İncəsənət barədə heç bir suala cavab verə bilməyən tələbələrdən biri təəccüblə bildirib ki, gələcək neyrocərraha bu, lazım deyil. Qoy Çaykovski, Bax, Mosart, Bethoven və Şopenlə sənətşünaslar məşğul olsunlar.

Amma professor Surxay Axundov cavab verib ki, tələbə qız çox yanılır. Bu biliklər, ən azından, ona görə lazımdır ki, tələbə qız insan orqanizminin beyni kimi çox vacib və hələ öyrənilməmiş orqanının həkimi olmaq istəyir. Böyük incəsənət haradasa insan beyninin dərinliklərində yaranır, bunu yalnız bilmək yetərli deyil, həm də anlamaq və bütün ruhunla hiss etmək gərəkdir.

O, öz bacısı və qardaşı uşaqlarında incəsənətə sevgi aşılamağa çalışırdı, çünki tale elə gətirmişdi ki, onun özünün uşaqları yox idi. O, öz bacısı və qardaşı uşaqlarını adbaad tanıyırdı. Onların xasiyyətinin bütün özəlliklərini bilirdi. O, dayanmadan deyirdi ki, insan bütün həyatıboyu oxumalı, dünyanı öyrənməli, incəsənəti sevməli və öyrənməli, öz işinə və insanlara xidmət etməlidir.

«Mənim kimi olun!» - deyə fotoalbomda yazıb. Ona görə yox ki, özünü əvəzsiz ideal sayıb. Sadəcə, öz təcrübəsini bölüşmək istəyib. Bütün həyatıboyu tutduğu fotoalbom göstərir ki, o, haqlıdır: ziyalı insan üçün mümkün olmayan heç nə yoxdur.

 

Epiloq

Professor Surxay Axundov - Azərbaycan tibbinə bütün sovet ölkəsində şöhrət gətirmiş bir alimdir. Onun elmi əsərlərinə bu gün də tələb var. Özü də təkcə Azərbaycanda deyil. İndi də bizimlə olmadığı bu günlərdə onun işi yaşayır və inkişaf edir, ona görə biz, sadəcə, tarixi ədaləti bərpa etməli və onun adını ölkə tibbinin tarixinə qaytarmalıyıq. Mərhumların naminə deyil, dirilərin naminə bunu etməliyik. Şərq müdrikliyi deyir ki, öz köklərini unutmuş və ya ondan imtina etmiş adam əvvəlki həyatından heç nə xatırlamayan manqurta çevrilir - soysuz və elsiz, keçmişsiz, deməli, həm də bugünsüz və gələcəksiz adama...



MƏSLƏHƏT GÖR:

616