24 Aprel 2024

Çərşənbə, 04:22

GİRİŞ ZONASI

Bakının ictimai yerləri kütləvi hot-spot şəbəkələri ilə əhatə edilir

Müəllif:

01.09.2017

Son onillərdə “Wi-Fi” dəstəkləyən cihazların sayının sürətli artması ilə dünyanın böyük şəhərlərinin əksəriyyətində qlobal internet şəbəkəsinə pulsuz çıxışı təmin edən ictimai hot-spot zonaları yaradılır. Azərbaycanda da hər şeydən öncə elm və təhsil müəssisələrində, tarix-mədəniyyət və turizm mərkəzlərində, bağlarda və parklarda, nəqliyyat xablarında və s. yerlərdə ictimai hot-spot sistemi inkişaf etdirilir. Ancaq bütün dünyada olduğu kimi, ictimai “Wi-Fi” şəbəkələrinin inkişafı operatorların monetizasiyası, xidmətlərin yüksək keyfiyyətinin və istifadəçilərin təhlükəsizliyinin təmini problemlərini aktuallaşdırır.

Qlobal internet şəbəkəsinə çıxış sisteminə paralel olaraq kompüter avadanlıqlarının təkmilləşdirilməsi və miniatürləşməsi də inkişaf edib. Telefon xətləri vasitəsilə internetə qoşulan iri masaüstü kompüterlərdən tutmuş,

simsiz məlumat ötürülməsinə imkan yaradan yyığcam noutbuklara, mobil internetlə işləyən miniatür planşet və smartfonlara qədər.  

Kompüter avadanlıqlarının həcmi azaldıqca, mənzillərdən, ofislərdən, təhsil və elmi müəssisələrin hüdudlarından kənarda şəbəkəyə çıxış tələbi yarandı. İnternetə çıxış lokal xarakter daşımaqdan çıxıb və bu, mobil operatorların şəbəkə xidmətlərinin inkişafını stimulluşdıran önəmli bazar trendinə çevrildi, hazırda şəbəkə xidmətləri mobil şirkətlərin əsas gəlir mənbəyinə çevrilib və çox zaman ənənəvi səs rabitəsini arxada qoyur.  

Ancaq mobil operatorların interneti, xüsusən də “LTE” (“4G”) şəbəkələrinin ağır kontentlərini ötürmək üçün uyğunlaşan operatorların interneti hələ də optik kabel çıxışına malik yerli şəbəkə ilə müqayisədə nisbətən bahalıdır. Bu baxımdan belə amillərə görə son illərdə formalaşan “LTE”-şəbəkələri hələ Azərbaycanda geniş yayıla bilməyib, “4G” xidmətinə tələb, əsasən, Bakı və onun ətrafı ilə məhdudlaşır.

Amma bununla yanaşı, bu problem, artıq həllini tapıb və mobil rabitə vasitəsilə avtonom çıxışlı kabel birləşmələrinə xas ağır kontentlərin ötürülməsi zamanı nisbətən yüksəksürətli birləşdirməyə qadir kompromis variant tapılıb.

Söhbət hələ 1990-cı illərdə layihələndirilmiş və və bundan sonra dəfələrlə modernləşdirilmiş “Wi-Fi” sistemindən, radio kanallar ilə rəqəmsal məlumatların ötürülməsi üzrə bütöv nəsil standartlarının inkişaf etdirilməsindən gedir. İlk başdan “Wi-Fi” sistemi fərdi və korporativ seqmentlər (banklar, ofislər, böyük pərakəndə ticarət zəncirlər) üçün nəzərdə tutulmuşdu. Ancaq son onlliklərdə “Wi-Fi” standartı əsasında dünyanın iri şəhərlərində tarixi mərkəzləri, parkları, turizm zonalarını və otelləri, restoranları, kafeləri, vağzalları, hava limanlarını, ali məktbələri və kitabxanaları əhatə edən pulsuz giriş nöqtələri yaradılıb.

“Wi-Fi”ya qoşulmağın üstünlükləri tamamilə aydındır: bu cür şəbəkə kabel olmadan yaradıla bilir ki, bu da şəbəkə yaradılması və genişləndirilməsi xərclərini azaldır. Kabel çəkməyin qeyri-mümkün olduğu yerlərdə, məsələn, binalardan kənarda və ya tarixi dəyəri olan binalarda simsiz şəbəkələr vasitəsilə xidmət göstərmək mümkündür.

Çünki “Wi-Fi”yı dəstəkləyən geniş yayılması və onların şəbəkəyə bu qoşulma standartına uyğunluğu cihazların tipindən və onların xüsusiyyətlərindən, yaxud telefona müxtəlif rabitə operatorlarının xidmət etməsindən asılı deyil.  

 “Wi-Fi”ya (şəbəkənin əhatə dairəsinə) qoşulmaq telefonlar və noutbuklar, planşet və başqa qurğularla mobil operatorlar şəbəkəsi vasitəsilə internetə qoşulmaqda olduğu kimi, eyni səviyyəli mobilliyi təmin edir. Ən əhəmiyyətlisi də odur ki, “Wi-Fi” cihazların elektromaqnit radiasiya təhlükəsi mobil telefonlarla müqayisədə dəfələrlə (10 dəfəyə qədər) azdır.  

“Wi-Fi” əsasında formalaşan hot-spotların üstünlüyü Qərbdə (əsasən, Şimali Amerika və Avropada) çox tezliklə yüksək qiymətləndirildi və tədricən universitet şəhərciklərinin kampuslarında və elmi müəssisələrdə yaradılan internet-girişi zonaları başqa istiqamətlərə genişlənməyə başladı.  

Əlbəttə ki, bu xidmətin pulsuz olması barədə yalnız müəyyən dərəcədə şərtilik daxilində danışmaq olar. Belə ki, hava limanları və təyyarələrin salonunda, dəmir yolu stansiyalarında və qatarlarda, banklarda, iri ticarət mərkəzlərində və turizm zonalarında, restoran və otellərdə pulsuz “Wi-Fi”yın xərci ya kommersiya şirkətləri xidmətlərinin qiymətinə daxil edilir, ya da mal və məhsulların  

reklam və ya promouşn elementi şəklində dotasiya kimi ödənilir.  

Azərbaycanda da buna uyğun işlər görülür: ölkənin istənilən hissəsində bu gün böyük restoran və ya otel müştəriləri üçün az-çox “Wi-Fi” giriş kodu təmin edilir. Şübhəsiz ki, bu xidmətin üzdə görünən pulsuzluğunun əvəzi həqiqətdə digər xidmətlərə ödənişlər hesabına çıxılır. Nəqliyyat sektorundakı "pulsuz internet"in xərcləri də eyni şəkildə geri qaytarılır.  

Xüsusilə, «Azal» şirkətinin biletlərinin qiyməti təyyarələrin salonunda “Wi-Fi” şəbəkəsinə sərbəst giriş təmin edir (bu xidmət «Azerfon» mobil rabitə operatoru tərəfindən təmin edilir). Bakı və Sumqayıt arasında hərəkət edən «Stadler Rail Group» şirkətinə məxsus «KISS» markalı yeni elektrik qatarında da eyni prinsip əsasında pulsuz internetin xərcləri ödənilir. Qatarın vaqonları “Wi-Fi”ya girişlə təchiz olunub.

Son illərdə Azərbaycanda “GSM” operatorları «Azercell Telecom» və «Bakcell» fəal şəkildə ali təhsil və elmi müəssisləri sistemində, eləcə də ticarət-əyləncə mərkəzlərində, parklar və Bakının ictimai yerlərində “Wi-Fi” şəbəkəsi yaradırlar. Mobil operatorların “Wi-Fi” şəbəkələrinə girişi kommersiya xarakterlidir və internet-paketin aktivləşdirilməsini tələb edir; amma bununla belə, bu, “G3”-“G4” şəbəkələri üzrə məlumatların ötürülməsindən daha ucuz başa gəlir. Bu cür sistemin çatışmazlıqları sırasında onu göstərmək olar ki, belə şəbəkələr yalnız konkret telefon şirkətinin müştərilərini əhatə edir; Məsələn, «Azercell Telecom» sim-kart ilə işləyən smartfonların sahibləri «Bakcell»in “Wi-Fi” giriş nöqtələri ilə internetə daxil ola bilmirlər və əksinə. Halbuki, Azərbaycanda hazırda “Wi-Fi” şəbəkələrinə tamamilə pulsuz və universal keçid təmin edən sistemlərin yaradılmasına böyük ehtiyac var.

ABŞ və Avropa bir sıra şəhərlərinin bələdiyyələri tərəfindən son onilliklərdə şəhərin tarixi yerlərində, dəmir yolu stansiyalarında, nəqliyyat qovşaqlarında, iri universitetlərin kampuslarında, ictimai kitabxanalarda belə, pulsuz hot-spotlar yaradılır və bu, əlbəttə, əhəmiyyətli ictimai qurumları və dövlət təşkilatlarını da əhatə edir.

Bundan əlavə, ötən ilin dekabr ayında Avropa Birliyi (AB) Şurası bələdiyyə binalarında, şəhər parklarında və Birləşmiş Avropanın digər ictimai mərkəzlərində AB-nin büdcədən maliyyələşdirilən "WiFi4EU" sistemi vasitəsilə pulsuz internetə daxil olmaq üçün lokal simsiz “Wi-Fi” sisteminin yaradılmasına kömək etmək barədə qərar qəbul edib. Avropa Birliyi Şurasında ehtimal edirlər ki, belə böyük bir sistemin yaradılması elektron hökumət kimi yerli rəqəmsal xidmətləri inkişafına yardım edəcək və vətəndaşların onlayn xidmətlərdən istifadəsinə tələbi artıracaq.

Əlbəttə ki, Azərbaycanda oxşar miqyaslı və yüksək kapital tutumlu layihələrin həyata keçirilməsi hələ ki çətindir. "Azərbaycanın bütün ərazisini əhatə edən pulsuz Wi-Fi elə də tezliklə yaradıla bilməz, çünki ölkəmiz maliyyə cəhətdən buna hələ hazır deyil. Azərbaycanın bütün şəhər və qəsəbələrində pulsuz internetin təmin edilməsi layihəsinin yalnız texniki hissəsinin həlli üçün 100 mln. manata yaxın vəsait tələb edilir", - deyə Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri, ekspert Nəriman Ağayev bildirir. Buraya cari xərclər - internetə daxil olmaq üçün provayder xidmətlərinə ödənişlər daxil deyil. Lakin ekspertin fikrincə, Bakının ictimai yerlərində pulsuz internet yaradılmasına ymid etmək olar.

Əslində, Bakıda son illərdə inkişaf etmiş ölkələrdəki kimi müəyyən bir mobil şəbəkəyə bağlı olmayan pulsuz hot-spotlar fəal formalaşır. Artıq uzun müddətdir, Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də «Baku Expo Centre» beynəlxalq sərgi-kompleksində pulsuz “Wi-Fi” girişi təmin olunub.  

Bakı Metropoliteninin stansiyalarında da “Wi-Fi” şəbəkəsi genişləndirilir.  Beynəlxalq “IREX” təşkilatının dəstəyi ilə 2011-ci ildən etibarən Bakının dörd universitetində pulsuz hot-spotlar yaradılıb. Hazırda Azərbaycanın 10 universiteti Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) «AzSjienjeNet» elmi kompüter şəbəkəsinə bağlanıb və onlara pulsuz “Wi-Fi” xidməti, «Eduroam» təhsil rouminq servisi, bulud servisləri, hostinq və digər xidmətlər təqdim edilib. Təhsil Nazirliyinin təşəbbüsü ilə paytaxtın "Elektron məktəb" layihəsində iştirak edən 32 orta məktəbdə də pulsuz “Wi-Fi” şəbəkəsi yaradılıb.

Eyni zamanda, hot-spotlar paytaxtın mühüm istirahət və turizm nöqtələrində də yaradılır: bu prosesə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində altı il əvvəl “Wi-Fi” şəbəkəsi yaradılması ilə başlanılıb. Orada 33 giriş nöqtəsi yaradılıb (avadanlıqların təchizatçısı ZTE şirkətidir); bu, iki mindən çox qoşulmaya xidmət etməyə imkan verir. "İçərişəhər" simsiz şəbəkəsi turistlərə və istirahət edənlərə elektron bələdçiyə və internet resursların məhdud siyahısına pulsuz çıxış imkanı yaradır.

Başqa bir irimiqyaslı layihə "Eurovision" mahnı müsabiqəsinin hazırlıqları çərçivəsində 2012-ci ildə başlayıb və Dənizkənarı Milli Parkın ərazisini əhatə edir. Bu gün bulvar və Dövlət Bayrağı Meydanında 122 simsiz “Wi-Fi” giriş nöqtəsi quraşdırılıb və eyni zamanda, təxminən, 8 000 istifadəçiyə xidmət etməyə imkan verir. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) bu layihəsinin avadanlıqlarının təchizatçısı və layihənin gerçəkləşdirilməsində tərəfdaşı Çinin «Huawei» şirkətidir.  

«Huawei» şirkəti Rabitə Nazirliyinin Bakıda və regionlarda həyata keçirdiyi «Ağıllı şəhər» layihəsinin gerçəkləşdirilməsinə yardım edir. "İctimai “Wi-Fi" layihəsi turistləri maraqlandıra bilən elementlərdən biridir. Bakı turist cəlbi baxımından Barselona və ya Dubay ilə eyni potensiala malikdir, orada da oxşar layihələr artıq həyata keçirilib", - deyə «Huawei» şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Marko Hu bildirib.

Son bir ildə "Bakı Telefon Rabitəsi" İB (“Baktelecom”) paytaxt sakinlərinin istirahət yerlərinin pulsuz “Wi-Fi” ilə əhatə dairəsini xeyli genişləndirib. Bu proses Bakıda IV İslam Həmrəyliyi Oyunları ərəfəsində nəzərəçarpacaq dərəcədə sürətləndirilib, o cümlədən Hüseyn Cavid parkı, Heydər Əliyev Mərkəzi Parkı, Qış parkı, Zabitlər parkı və Sahil parkı, Axundov, Sabir və Xaqani parkları ərazisində pulsuz hot-spotlar yaradılıb. Yaxın vaxtlarda “Wi-Fi” şəbəkəsinə pulsuz giriş "Dədə Qorqud" parkının ərazisini də əhatə edəcək.

Pulsuz hot-spota qoşulmaq kifayət qədər sadədir: daxil olmaq üçün mobil cihaza “Wi-Fi” aşkar edən əlavə yükləmək, «Baku loves you» şəbəkəsini seçmək və mobil telefon nömrəsi ilə identifikasiya olunmaq lazımdır, bundan sonra istifadəçi internetə daxil olmaq üçün kodu göstərən SMS alacaq.  

Amm sabit və ya mobil girişdən fərqli olaraq Bakıda pulsuz hot-spotlar vasitəsilə internetə daxil olmaq bir məhdudiyyətlər və çətinliklərlə müşaiyət olunur. Xüsusilə də alınan avtorizasiya kodu cəmi üç saat ərzində qüvvədə olur və yalnız bir cihazda istifadə edilə bilir. Bundan əlavə, istifadəçi yalnız bir saat ərzində pulsuz “Wi-Fi” istifadə edə bilər. Əgər bu vaxt kifayət deyilsə, istifadəçi yenidən oxşar avtorizasiya proseduru keçməlidir və gün ərzində əlavə giriş yalnız iki dəfə mümkündür.  

Ancaq bu, ictimai hot-spotların tək problemi deyil. Birincisi qeyd etmək lazımdır ki, pulsuz “Wi-Fi " ağır kontentləri izləmək üçün nəzərdə tutulmur. Xəbərləri oxumaq, servis xidməti saytlarına daxil olmaq, sosial şəbəkələrlərdə və ya «WhatsApp» kimi messencerlərdə ünsiyyət qurmaq - istifadəçinin əldə edə bildiyi maksimum imkan budur. HD dərinlikli çox giqabaytlı filmlər izləmək, xüsusilə də yükləmək sizə nəsib olmayacaq. Bundan başqa, şəbəkənin dolu vaxtlarında adi bir səhifəyə daxil olmaq niyyəti brauzerin donmasına səbəb ola bilər: əfsus ki, Bakıda pulsuz hot-spotlar, yumşaq deyilsə, sürətli məlumat ötürmələri baxımından ümidverici deyil.

Lakin pulsuz internetə çıxışın daha ciddi problemləri var. Pulsuz “Wi-Fi” istifadə edərək internetə qoşulmaq heç də təhlükəsiz deyil, çünki yaxşı qorunmayan

kanal vasitəsilə ötürülən fərdi göstəricilər hakerlər tərəfindən tutula bilər. "Kaspersky Laboratoriyası”nın statistikasına görə, Tayland və Fransa kimi populyar turizm ölkələrində ictimai şəbəkələrə qoşulma zamanı təhlükə səviyyəsi yetərincə yüksəkdir - uyğun olaraq 43% və 40%-dir.  

İctimai “Wi-Fi”ların məlumatlarının izlənməsi inandırıcı deyil, amma kimlərsə bu zəiflikdən məlumatların oğurlanması üçün istifadə edə bilər ki, məqsədli şəkildə istifadəçinin hot-spot xidmətlərinin hesab yazıları haqqında məlumat əldə edə bilər. Bu məlumatları oğurlayan hakerların əsas məqsədi bank hesabları və PayPal-a daxil olmaqdır.

Öz “Wi-Fi”nı provayderi vasitəsilə idarə edən kafe və mağazaların “Wi-Fi” şəbəkələrinə qoşulmaq da həmişə təhlükəsiz olmur. Tez-tez bu provayderlər doğum tarixi, istifadəçinin tam adı, telefon nömrəsi və istifadə etdiyi cihaz barədə məlumat istəyirlər. Bu məlumatlar marketinq şirkətləri üçün çox qiymətlidir, təəssüf ki, tez-tez istifadəçilərə kütləvi reklam təklifləri və digər spamların göndərilməsi ilə nəticələnir.  

Mütəxəssislərin fikrincə, ictimai “Wi-Fi” şəbəkələrinə qoşularkən yaranan problemlərin qarşısını almaqda təhlükəsiz virtual xüsusi şəbəkə VPN yardımçı olur, o, şəbəkə trafikini maskalayır və hər kəs üçün əlçatmaz edir. Lakin VPN da 100% qorunmasına zəmanət vermir, belə ki, yüksək keyfiyyətli antivirus proqramları yükləmək, yüklənmiş bütün proqramları vaxtında yeniləmək və ictimai şəbəkəyə qoşulduqda sayıqlığı itirməmək lazımdır.

İstənilən halda, Azərbaycanda yaradılmış hot-spotlar və “Wi-Fi” şəbəkələrinin digər formaları artıq qlobal informasiya məkanına girişin mühüm elementinə çevrilib. Ümid etmək olar ki, ictimai hot-spotların inkişafı Azərbaycan vətəndaşlarının internetə çıxışını asanlaşdırar və "rəqəmsal qeyri-bərabərliyi" azaldar. Bu, 2011-ci ildə BMT-nin qəbul etdiyi qərarda təsbit edilib və göstərilib ki, internet ayrılmaz insan hüquqlarından biridir.


MƏSLƏHƏT GÖR:

405