19 Aprel 2024

Cümə, 06:28

VASİTƏÇİSİZ QAZANC

Azərbaycan kripto-valyuta dəryasında «üzməyə» hazırdırmı?

Müəllif:

01.09.2017

Vaşinqtonun müxtəlif iqtisadi sanksiyalar tətbiq etməsi ilə bağlı ABŞ-ın, Avropa Birliyi (AB) ölkələrinin, Yaponiya, Çin və Rusiyanın iqtisadi maraqlarının toqquşması dünya iqtisadiyyatı üçün yeni böhran təhlükəsi yaradır. 2008-2009-cu illərdə baş vermiş qlobal maliyyə böhranı göstərdi ki, aparıcı ölkələr yeni bir şey fikirləşə bilmədilər və tənəzzülə uğrayan milli iqtisadiyyatları vəziyyətdən çıxarmaq üçün öz ölkələrinin mərkəzi banklarına kağız pulllar çap etməkdən başqa göstəriş verə bilmədilər.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Federal Rezerv Sistemi (FRS) də Amerika dollarının "çap"ında planı doldurdu. Əlbəttə ki, dünyanın inkişaf etməkdə olan ölkələrinin liderləri FRS-nin bu addımından narazılıq bildirdilər, lakin onların etirazlarına fikir verən olmadı, çünki dünya ticarətinin 80%-i ABŞ valyutası ilə aparılır.

Amma inqilabi meyillər, artıq iqtisadi həyatın bütün sahələrini, o cümlədən dünyanın valyuta memarlığını da əhatə etməkdədir.

 

Vasitəçilər olmadan

Dünyanın inkişaf etməkdə olan ölkələrinin liderləri ayrı bir dövlətin emissiya mərkəzinin nəzarəti altında olmayan vahid dünya valyutasını görmək istəyirlər. Ancaq bəşəriyyət, çətin ki, hətta uzaq gələcəkdə belə, maliyyə sahəsində bütün dünya dövlətlərinin maraqlarını nəzərə alaraq effektiv işləyə biləcək bir dünya hökumətinin yaradılmasına nail ola bilsin.

BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qəbul edilmiş dünya strukturlarının fəaliyyətinin səmərəsi də getdikcə daha çox şübhə altına düşür. Bu gün heç kim ABŞ-la atəş altına qalmış Suriya və ya İraqın dünya strukturlarında bərabər hüquqlu olmasından danışa bilməz. Hər şeydən öncə, BVF və Dünya Bankı kimi dünyanın aparıcı maliyyə qurumlarının daha çox inkişaf etmiş ölkələrin maraqlarına xidmət etdiyini etiraf etmək doğru olar.

Ancaq yenə də dolların inhisarını pozan "işıq şüaları" da var və bu gün artıq virtual elektron pulları bu sıradan saymaq olar. Yəni ABŞ dollarının yerinə iki tərəf arasında ödənişi xarici administrator (üçüncü tərəf) olmadan həyata keçirən pirinq ödəniş sistemli kripto-valyutalar gəlir.

Dövlətin tranzaksiyalara nəzarəti və onları dondurmaq imkanını itirməsi səbəbindən, əksər ölkələrin mərkəzi bankları qanunvericilik müstəvisində kripto-valyutaları ödəniş vasitəsi saymaqdan imtina ediblər. Mərkəzi banklar kripto-valyutanı pul bədəli elan ediblər, buna görə onlar real dəyərlə təmin olunmayıb və əksər ölkələrin ərazisində leqal alət kimi istifadə edilə bilməzlər.

 

Kripto-valyutaların qiyməti artmaqdadır

Kripto-valyutalara qarşı təkcə mərkəzi banklar deyil, bir sıra ekspertlər də çıxış ediblər. Onların sözlərinə görə, kripto-valyutalar valyuta bazarında yeni fırıldaqçılıq növüdür, postsovet məkanında yaxşı tanış olan MMM səhmlərinə və ya "xeyriyyə cəmiyyətləri"nə, maliyyə piramidalarının sxemlərinə bənzəyir. Kripto-valyutaların maliyyə piramidalarına və ya "sabun köpüklərinə" bənzəməsi barədə ittihamlar irəli sürməzdən əvvəl virtual elektron pulların nə olmasını aydınlaşdırmağa çalışacağıq.

Kripto-valyutalar - desentralizasiya olunmuş rəqəmsal ödəniş vasitəsidir və onların əsasında virtual elektron valyutalar yaradılıb. Kripto-valyutaların ənənəvi ödəniş sistemindən fərqi ödənişi gerçəkləşdirən bank vasitəçiliyinin olmamasıdır. Vasitəçinin olmamasına görə kripto-valyuta üçün blok yaradılır və koini (coin - «sikkə») ora göndərmək mümkün olur. Bu zaman hər bir tranzaksiya zamanı yeni blok yaradılır və bu bloklar bir-birinə bağlanır.

Rəqəmsal ödənişlərin həyata keçirilməsinin ən vacib hissəsi blokçeyn - mərkəzsizləşdirilmiş təhlükəsiz sistemdir, bu sistemə haker hücumuna cəhd edildikdə belə məlumatlar itirilmir. Blokçeynin perspektivləri o qədər genişdir ki, onu bir çox xarici şirkətlər də tətbiq etməyə başlayıblar; məsələn, İsveçdə onun əsasında torpaq kadastrı yaradılır, «Microsoft» və IBM isə servisin yaradılması üzrə öz xidmətlərini təklif edirlər.

Virtual kripto-valyutaların sırasında bitkoin, efirium, laytkoin və demək olar ki, hər il yaradılan bir çox yeni kripto-valyutaları göstərmək olar. Bu gün ən bahalı kripto-valyuta kimi ilk virtual valyuta olan bitkoini göstərmək olar, o, 2009-cu ilin yanvarında buraxılıb.

Hazırda bir bitkoinin qiyməti, təxminən, $3 mindir və bəzi ekspertlər tezliklə $5 minə qədər artacağını proqnozlaşdırır. İndi inanmaq çətindir ki, 2010-cu ilin may ayında 10 min bitkoin ilə yalnız iki pizza alınıb. Beş il sonra 1 bitkoinin orta qiyməti 360 dollara çatıb və 2016-cı ildə 1000 dolları keçib.

1 avqust 2017-ci ildən bitkoinlər iki hissəyə bölünüblər - klassik (“Bitcoin Classic Coin” - BTC) və keş (“Bitcoin Cash Coin” - VCS). Bu, pessimistlərə bitkoinin məzənnəsinin tezliklə sürətlə düşəcəyini ehtimal etməyə imkan yaradıb. Əslində, bitkoinlər sərmayə aləti BTC-yə və kütləvi istifadəçilərin ödənişlərin sürətlənməsi və komissiyaların azaldılması üçün istifadə etdiyi VCS-yə bölünüblər. Təəccüblü deyil ki, klassik bitkoinin qiyməti keş bitkoindən yeddi dəfə yüksəkdir.

 

Kripto-valyutaların artmasının xərcləri və perspektivləri

Kripto-valyutaların qiymətinin sürətlə artması, həmçinin yeni virtual elektron pul növlərinin ortaya çıxması maliyyə sektoru təmsilçilərinin onlara mənfi və etibarsız yanaşmasına səbəb olur.

Maliyyə sektorundakı son qalmaqalları getdikcə daha çox kripto-valyutalara bağlayırlar - bunların arasında yüz milyonlarla, bəzən milyardlarla dollar oğurluq var. Yunanıstanda Rusiya vətəndaşı Aleksandr Vinnikinin iyulun 25-də həbsini xatırlamaq kifayətdir. ABŞ qurumları onun bitkoin vasitəsi ilə 4 milyard dollar çirkli pulun yuyulmasında günahkar olmasından şübhələnirlər. Virtual valyutaların terrorizmin maliyyələşdirilməsində, narkotik ticarətində və digər çox şübhəli maliyyə əməliyyatlarında istifadə halları da qeydə alınıb.

Kripto-valyutaların əleyhdarları qeyd edirlər ki, onların qiymətinin arxasında hər hansı bir dəyər deyil, sadəcə sahiblərin etimadı dayanır.

Ümumiyyətlə, qeyri-qanuni maliyyə əməliyyatı elementləri olan mənfi məqamlar kripto-valyutaların formalaşması xərclərinə də aid edilə bilər. Unutmaq olmaz ki, 10 ildən az bir müddətdə bitkoinlərin kapitallaşdırılması 44 milyard dolları keçib. Bitkoinlərin maliyyə piramidalarından fərqləri çoxdur, bunlar sırasında kiçik məsrəflə xaricə pul köçürmələri imkanı da var, bankların vasitəsilə ənənəvi pul köçürmələri zamanı yetərincə yüksək komissiya haqqı ödənilir.

Ümumiyyətlə, bitkoin spekulyasiya obyektindən təkcə göstərilən xidmətlər üçün ödəniş alətinin kateqoriyasına deyil, həm də biznesdə istifadə edilə bilən yüksək likvidlikli alətə çevrilir.

Ən mühüm məsələ odur ki, kripto-valyutalar ətrafında yeni bir nəsil formalaşmaqdır. Bu nəsil kripto-valyutalar ı qazanmağın yollarını öyrənir və virtual kisələrin yardımı ilə onları internetdə mal və xidmətlərin haqqının ödənilməsi üçün istifadə edir.

 

Yeni dəyərlər dünyası

Bəşər tarixinin indiki dönüş nöqtəsində valyutanın gerçək dəyərini qiymətləndirə biləcək yeni bir vasitə axtarılır. Son vaxtlara qədər bu vasitə qızıl - bu metal fiziki xüsusiyyətləri və nisbətən nadir tapılması sayəsində mövcud valyutalara ölçü vasitəsi kimi xidmət edib.

Lakin 15 avqust 1971-ci il tarixdən dolların qızıl ehtiyatı ilə təmin edilməsi dayandırıldı. Və bütün dünya indi öz istəyi ilə lazımi həcmdə pul emissiyası həyata keçirən FRS-in öhdəliklərinə etibar etməyə məcburdur.

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrin bir sıra liderləri vahid dünya valyutasının vacib olduğunu iddia edərək, pul vəsaitlərinin emissiyası məsələsində ölkənin istehsal güclərinin potensialını və təbii sərvətlərini nəzərə almağı təklif ediblər. Yəni bu etimad məsələsi də hazırda müəyyən qədər kripto-valyutaların buraxılmasına oxşardır.

Söhbət kompüter texnologiyasında irəliləyişlər və yerinə yetirilən işlərin mükafat hesablanan sübutları sistemindən gedir. Yəqin ki, indiki informasiya texnologiyaları dövründə vahid dünya valyutası üçün hesablama güclərinin həcmindən daha ədalətli bir ölçü tapmaq çətindir. Və dəyərlərin yaradılması dollarların çapı ilə deyil, lazımi bilik toplusu və müasir informasiya texnologiyalarından istifadə yolu ilə baş verir.

İndi kripto-valyutalar bir reallıqdır və qazanılan bitkoinlərlə yetərincə uğurlu biznes qurmaq mümkündür. Əlbəttə, kripto-valyuta qazanmağa başlamaq (mining - hasilat) üçün uyğun avadanlıq əldə etmək lazımdır. Yəni «mayninq» üçün riq (rig - təchizat) yığılmalıdır - video kartları olan kompüter və müvafiq əlavə avadanlıqlar yığmaq gərəkdir.

Çoxsaylı riqlər özünə məxsus mayninq fermaları yaradır. Müxtəlif hesablamalara görə, bir serverın qiyməti 1-2 min dollar arasında dəyişir. Çin rəhbərliyinin kripto-valyuta dövriyyəsini sərt tənzimləməsinə baxmayaraq, kripto-valyutalar üzrə hesablama güclərinin 50% -dən artığı bu ölkənin payına düşür.

 

Hələ ki, entuziastlar öndədir 

İlk baxışdan, dünya kripto-valyuta dalğalarının Azərbaycandan yan keçdiyini və mayninq fermalarının bizə tanış olmadığını düşünmək olar. Amma bu, ilk baxışdan belədir. Müxtəlif mənbələrə görə, artıq Azərbaycanda da mayninqlə məşğul olurlar. Lakin internetdə kripto-valyuta qazanmaq istəyən azərbaycanlıların dəqiq sayını demək çətindir.

İnformasiya texnologiyaları sahəsində bir sıra mütəxəssislər qeyd edir ki, bəzi postsovet ölkələrində kompüter mağazalarında videokartlar tükənib, onları maynerlər alıblar. Bu, onların qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı. Yeri gəlmişkən, video kartlarda son iki ayda müşahidə olunan qiymət artımı əvvələr 2 min dollara başa gələn riqin indi ən azı 3 min dollara yığılmasına səbəb olub. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, yerli mütəxəssislərin fəaliyyəti daha çox öyrənmək məqsədi daşıyır və əsas məqsəd informasiya texnologiyalarının inkişafından geri qalmamaqdır.

Eyni zamanda, Gürcüstanda «BitFury» şirkəti tərəfindən mayninq ferması yaradılıb ki, bu, gürcüstanlı sahibkarlara virtual valyuta bazarında fəal iştirak etməyə imkan verəcək. Azərbaycan da informasiya texnologiyaları sahəsində son nailiyyətlərə, o cümlədən kripto-valyutaların inkişafına daha çox diqqət yetirməlidir.

Ölkəmiz dünya ictimaiyyətinə getdikcə daha çox inteqrasiya olunur. Ola bilər ki, müəyyən bir müddətdən sonra kripto-valyutaların istifadəsi yalnız internet mağazalardan mal alınması ilə məhdudlaşmayacaq və dünya ticarətinin əhəmiyyətli bir hissəsi onun vasitəsi ilə həyata keçiriləcək. Kripto-valyutalarla hesablaşmalar elə də uzaq perspektiv deyil - hökumət sürətlə dəyişən dünyanı nəzərə almaqla bir sıra hazırlıq tədbirləri həyata keçirməlidir ki, ölkədə bitkoinlərin və digər virtual valyutaların peyda olması ölkənin maliyyə sistemində problemlər yaratmasın.


MƏSLƏHƏT GÖR:

419