29 Mart 2024

Cümə, 09:22

KARAKAS ÜÇÜN «QARA DAMĞA»

Venesuela dünyanın növbəti «qaynar nöqtə»sinə çevriləcəkmi?

Müəllif:

01.09.2017

Dünya ictimaiyyətinin diqqəti Venesuelaya yönəlib. Bu Latın Amerikası ölkəsində vəziyyət getdikcə daha dramatik xarakter alır. Artıq buradakı olaylar ölkə hüdudlarını da aşaraq, ənənəvi Karakas-Vaşinqton qarşıdurması məkanına yayılıb.

 

Konstitusiya Assambleyası müxalifətə meydan oxuyur

Venesuelanı aprelin əvvəlindən bürümüş kütləvi etiraz aksiyaları nəticəsində, 120-dən çox insan həlak olub. Toqquşmaların səbəbi şişirtməyə yol vermədən əfsanəvi adlandıra biləcəyimiz Uqo Çavesin varisi olan Prezident Nikolas Maduro hökuməti ilə vaşinqtonpərəst sağ-liberal müxalifət arasındakı qarşıdurmanın kəskinləşməsidir.

İyulun sonlarında Venesuelada daxili qarşıdurma daha da qızışıb. Prezident Maduronun təşəbbüsü ilə Milli Müəssislər Məclisinə seçki keçirilib. O, müxalifətin nəzarət etdiyi parlamentə alternativ kimi formalaşdırılıb. Müxalifət isə Müəssislər Məclisinin çağırılmasının yalnız ümumxalq səsverməsi yolu ilə mümkün olduğunu deyərək, seçkinin nəticələrini tanımayıb. Onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi məlumata görə, səsverməyə yalnız 3,7 milyon seçici qatılsa da, rəsmən 8 milyon göstərilib. Konstitusiya Məclisinin əksər üzvləri açıq seçki ilə yox, Prezident Maduronun nəzarətində olan ictimai təşkilatlardan seçilib. Səs verənlər arasında isə iş yerlərini və ya ərzaq talonlarını itirməkdən qorxan dövlət qulluqçuları üstünlük təşkil edib.

Özünü Konstitusiya Assambleyası adlandıran Müəssislər Məclisi antihökumət qüvvələrinin mövqelərini zəiflətmək məqsədilə avqustun 18-də parlamentin buraxılması barədə qərar çıxarıb və qanunverici orqan səlahiyyətlərini öz üzərinə götürüb. Yeri gəlmişkən, belə hal müasir Venesuelanın tarixində bir dəfə də baş vermişdi. Uqo Çavesin prezident olduğu 1999-cu ildə də Konstitusiya Assambleyası ali qanunverici orqanın işini dayandırmışdı. Ondan biri neçə ay sonra referendum keçirilmiş və Venesuelanın yeni Konstitusiyası qəbul olunmuşdu. Daha sonra parlament buraxılmış və yerinə yenisi seçilmişdi. Lakin bu dəfə parlament Konstitusiya Assambleyasının qanunverici orqanın buraxılmasına dair qərarını qəbul etmir. Müxalifətin nəzarətində olan parlamentin vitse-spikeri Freddi Gevara qərarı «dələduzluq» adlandırıb və deyib: «Parlament qanunverici orqan kimi, öz səlahiyyətlərini özündə saxlayır».

Maduro hökuməti isə parlamentin iradəsinə məhəl qoyamayaraq, yeni Konstitusiya layihəsinin hazırlanmasına başlayıb. Onun referenduma çıxarılması nəzərdə tutulur. Qərar Müəssislər Məclisində təsdiqlənib (545 deputatın hamısı qərarı dəstəkləyib). Düşünmək olardı ki, bu qərarla ölkədə gərginlik yatacaq. Lakin Prezident Maduro və onun solçu hakimiyyətini devirmək niyyətini gizlətməyən Birləşmiş Ştatlar müxalifətə bütün lazımi dəstəyi verir.

ABŞ Dövlət Departamenti Venesuelanın Konstitusiya Assambleyasını «hakimiyyəti qəsb etməkdə» günahlandırıb. «ABŞ qeyri-qanuni Müəssislər Məclisinin qanunvericilik səlahiyyətlərini öz üzərinə götürməsini qəti şəkildə pisləyir. Bu hakimiyyət qəsbi demokratik yolla seçilmiş Milli Assambleyanın qanunsuz fəaliyyət göstərən avtoritar komitə ilə əvəzlənməsi məqsədi güdür», - deyə Dövlət Departamentinin rəsmisi Xizer Nauert bildirib. Ən əsası isə Vaşinqton aydın şəkildə göstərir ki, o, «Maduro rejimi avtoritar diktatura kimi davranmağa davam etdmikcə, Venesuelanın antihökumət qüvvələrini dəstəkləmək üçün bütün iqtisadi və diplomatik gücündən istifadə edəcək».

ABŞ Prezidenti Donald Tramp isə daha da irəli gedərək bildirib ki, o, Venesuela ilə bağlı bütün mümkün senariləri, həmçinin hərbi əməliyyatlar variantını nəzərdən keçirə bilər.

Bu bəyanat beynəlxalq siyasi dairələrdə əməlli-başlı ajiotaj yaradıb. Bəzi dairələr Vaşinqtonun növbəti dəfə xarici ölkədə bəyənmədiyi hakimiyyəti devirmək, onu güc yolu ilə özünə tabe etmək yolu seçdiyinə dair fikirlər səsləndirməyə başlayıb.

Rəsmi Karakas da Ağ evin ünvanına kəskin fikirlər səsləndirir. Prezident Maduro bildirib ki, Donald Trampın əməlləri «faşizmə yol açır». Görünən odur ki, Venesuela lideri Trampın hədələrini lazımınca qiymətləndirib. Maduronun Roma Papası Fransiskə müraciəti də bunu təsdiqləyir. O, Papanı ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini əngəlləməyə çağırıb. Karakasın baş yepiskopu Savino da böhranda olan Venesuelaya «Amerikanın yardımı» haqda sərt danışıb. Onun fikrincə, bu «yardım» Venesuela xalqı üçün daha bir təhlükədir və hərbi müdaxilə ölkənin problemlərini daha da ağırlaşdıracaq.

 

«Bolivar» «iqtisadi təzyiqlər»ə sinə gərəcək?

İndiki mərhələdə ABŞ Venesuela hökumətinə iqtisadi təzyiqlərə üstünlük verir. Hər halda, Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin Latın Amerikası ölkələrinə bu yaxınlardakı turnesi zamanı Karakasdakı siyasi böhranın dinc yolla həllinin vacibliyinə dair çox fikirlər səsləndirilib. Qeyd edək ki, turne çərçivəsində o, Kolumbiya, Argentina, Çini və Panamada olub. Doğrudur, Pens Vaşinqtonun Venesuela ilə bağlı bütün mümkün ssenariləri nəzərdən keçirdiyini təsdiqləyib. Lakin o, diplomatiya və dinc yolun prioritet olduğunu bildirib. «İqtisadi təsirlərə» gəlincə, Pensin sözlərinə görə, söhbət ilk növbədə Maduronun özünə və yaxın ətrafına qarşı «məqsədyönlü sanksiyaların» tətbiqindən gedir. Amma son illər neftin ucuzlaşması üzündən onsuz da böhran içərisində olan venesuelalılar Amerikanın sanksiyalarını daha çox hiss edəcək. Onu da qeyd edək ki, bu məsələdə Cənubi Amerika dövlətləri ABŞ-la həmrəydir; məsələn, Venesuela Cənubi Amerika ölkələrinin iqtisadi-ticari birliyi olan Mercosur-dan qeyri-müəyyən müddətə kənarlaşdırılıb. Bu, Argentina, Braziliya, Paraqvay və Uruqvayın XİN başçıları arasında San-Pauluda keçirilən görüşdə bəyan olunub.

Hazırda Venesuelanın ciddi ərzaq böhranı yaşadığı sirr deyil. Ölkədə, hətta rəsmən humanitar fəlakət elan olunub. Bir çox ekspertlər Venesuelada defolt yaşanacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2016-cı ildə Venesuelada ÜDM 18% azalıb, inflyasiya 550%-ə çatıb, işsizlik isə 21% təşkil edib. Büdcə kəsiri ÜDM-in 17%-i səviyyəsində qiymətləndirilir. Xarici borc 130 milyard dolları ötüb, qızıl valyuta ehtiyatları 6 milyard dollar azalaraq, 10,6 milyard dollara düşüb.

Venesuelanın iqtisadi problemlərində hakimiyyət də günahkardır. Çünki bütün bu illər ərzində ölkədə normal rəqabət qabiliyyətli iqtisadi siyasət yürüdülməyib, nəticədə, neftdən asılılığı aradan qaldırmaq mümkün olmayıb. Buna əsaslanan ABŞ, deyəsən, Venesuelaya son dərəcə ağır zərbə vurmağa hazırlaşır - hədəfdə onun iqtisadiyyatının ən vacib sahəsi olan neft sektorudu. Ağ ev Venesuelanın hələ 1970-ci illərdə tam milliləşdirilmiş neft sektoruna qarşı məhdudiyyətlər tətbiq etmək niyyətini gizlətmir. Venesuela neftinin əsas hissəsinin ABŞ-a ixrac olunduğunu nəzərə alsaq, Vaşinqtonun sanksiyaları Bolivar Respublikasının təsərrüfatını birdəfəlik laxlada bilər.

Vaşinqton, eyni zamanda, Venesuelanın xarici valyutaya çıxışını məhdudlaşdıracaq sanksiyaların tətbiqi haqda da düşünür. Amerikanın nüfuzlu «The Wall Street Journal» nəşrinin yazdığına görə, Maduroya yeni zərbə Amerika banklarının Venesuelanın dövlət borcu ilə əməliyyatlarına qadağa qoyulması ola bilər - istər dövlətə məxsus istiqraz vərəqələrilə, istərsə də PDVSA dövlət neft şirkətinin qiymətli kağızları ilə. Dövlətin dollar gəlirlərinin 95%-ni isə but əmin edir. Odur ki, bunun Venesuelanın maliyyə sistemi üçün hansı fəsadlara yol aça biləcəyini təsəvvür etmək mümkündür. Üstəlik, ilin əvvəlindən valyuta çatışmazlığı yerli pul vahidinin (bolivar) 4 dəfə ucuzlaşmasına, vaxtilə Latın Amerikasının ən zəngin ölkəsində inflyasiyanın illik 80%-ə çatmasına səbəb olub.

Venesuelanın BMT-dəki daimi nümayəndəsi Rafael Ramiresin ABŞ-ın sanksiyalar siyasətini «digər dövlətlərə qarşı təcavüz» kimi qiymətləndirməsi təəccüblü deyil.

 

Çaves-Maduro prinsipi

Venesuelada vəziyyətin gərginləşməsindən danışan zaman onun Latın Amerikasındakı geosiyasi proseslərin bir hissəsi olduğu da nəzərə alınmalıdır. Burada artıq onilliklərdir ki, ayrı-ayrı dövlətlərlə Birləşmiş Ştatlar arasında qarşıdurma davam edir. Qarşıdurmanın səbəbi Vaşinqtonun bütünlükdə Amerika qitəsi üzərində nəzarəti ələ almaq cəhdidir. Ayrı-ayrı Latın Amerikası ölkələrində solçu, sosialist yönümlü hökumətlər bununla miübarizə aparır. Bu mübarizənin önündə son illərdə əlbəttə ki, Venesuela gəlir (kommunizmin «sonuncu əsgəri» olan Kastro Kubası istisna olmaqla).

Vaxtilə Uqo Çaves antiamerikanizmi Karakasın dövlət siyasəti səviyyəsinə qaldırmışdı. Bu, özünü ilk növbədə ABŞ-ın Venesuela neftinə nəzarət iddialarının rədd olunması ilə göstərirdi. Çavesin varisi Maduro da eyni prinsipdən çıxış edir: Venesuelanın sərvətləri, o cümlədən «qara qızıl»ı onun özünə məxsus olmalıdır. Karakasla Vaşinqton arasındakı münaqişənin əsasında Venesuelada demokratiya yox, məhz bu məqam dayanır. Bu münaqişə isə Amerika rəsmilərinin bəyanatından da göründüyü kimi, Venesuelanı çoxsaylı silahlı münaqişələrin yaşanmaqda olduğu dünyada növbəti «qaynar nöqtə»yə çevirə bilər.



MƏSLƏHƏT GÖR:

429