19 Aprel 2024

Cümə, 21:59

MEHRİBAN DÜŞMƏNLƏR

ABŞ və Rusiya prezidentlərinin bir-birinə kompliment söyləməsi fonunda, onların başçılıq etdiyi dövlətlər arasında münasibətlər sürətlə pisləşir

Müəllif:

01.09.2017

Sentyabrın əvvəlindən etibarən, ABŞ-a turist vizasının alınması ilə bağlı yalnız bu ölkənin Moskvadakı səfirliyinə müraciət etməli olacaqlar. Daha Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlar bu işlə məşğul olmayacaq. Amerikanın diplomatik nümayəndəliklərində işçi çatışmır - 1 200 nəfərdən yalnız 455-i qalıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dediyi kimi, bu, Moskvanın «Vaşinqtonun silsilə düşmənçilik addımları"na cavabıdır.

İndi, hər iki tərəfin diplomatik nümayəndəliklərində əməkdaşların sayında tam paritet yaranıb. Donald Tramp, hətta həmkarına büdcəyə qənaətə yardım göstərdiyi üçün təşəkkür də edib. Ağ ev nümayəndəsi isə dərhal bunun istehza olduğunu bildirib.

Rusiyalı qanunvericilər Vaşinqtona eyni cavabın veriləcəyini deyirlər - amerikalıların viza alması prosesi çətinləşdiriləcək. Lavrovun fikrincə, viza məsələsində amerikalıların məqsədi «Rusiya vətəndaşlarını öz hökumətlərindən narazı salmaqdır».

Ötən il 190 mindən artıq rusiyalı Amerikaya turist vizası alıb. Qarşı tərəfdə bu, xeyli az olub - 95 min. Bu məsələdə, əlbəttə ki, paritet olmayacaq. Lakin indi, ABŞ-a səfər etmək istəyən ruslar evlərindən kilometrlərlə uzaqda yerləşən səfirliyə yollanmalı, orada aylarla növbə gözləməli olacaqlar. Bu arada belaruslara da ziyan dəyib - onlar ilk dəfə viza almaq üçün indi Varşava, Kiyev və ya Vilnüsə yollanmalıdırlar. Yeri gəlmişkən, onlar vizanı Minskdən almaq imkanını 2008-ci ildə ABŞ-ın diplomatik nümayəndəliyindən 35 nəfərlik ştatın 5 nəfərə endirilməsini tələb etdikdən sonra itiriblər. 

 

Qanun uğrunda savaş

Formal olaraq Amerikanın diplomatik missiyasının 60% azaldılması tələbi ötən ilin dekabrında 35 rusiyalı diplomatın Birləşmiş Ştatlardan ekstradisiyasına gecikmiş cavabdır. Xatırladaq ki, onlar ölkədən prezident seçkisinin gedişinə müdaxilə etmək ittihamı ilə çıxarılıblar. Faktiki olaraq isə bu, ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyalar haqqında qanunun qəbuluna reaksiyasıdır.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya sanksiyalar tətbiq etməyə başladığı 2014-cü ildən bu yana məsələ ilk dəfədir ki, qanun şəklinə salınır. O, son illər ərzində verilmiş sanksiya tətbiqi qərarlarının hamısını özündə cəmləyib. Üstəlik, bəzi sahələrə sanksiyaların sərtləşdirilməsini də nəzərdə tutur. Bundan başqa, qanunda diplomatik sanksiyaların hansı hallarda avtomatik tətbiq olunacağı da göstərilib.

Doğrudur, qanun layihəsi Senatdan Nümayəndələr Palatasının müzakirəsinə verildikdən sonra ona müəyyən dəyişikliklər edilib, Amerika və Avropa şirkətlərindən rusiyalı tərəfdaşlarla əməkdaşlığa dair edilən tələblər bir qədər yumşaldılıb; məsələn, Rusiya şirkətlərinin beynəlxalq layihələrdə iştirak imkanı 10%-dən 33%-dək artırılıb.

Bundan başqa, prezidentin qanunun icrasına dair fəaliyyəti şərti fellərlə qeyd olunub - burada daha çox «etməlidir» yox, «edə bilər» yazılır. Avropa layihələrinə gəlincə, sənəddə vurğulanır ki, hansısa məhdudiyyətlərin tətbiqi «yerli iqtisadi tərəfdaşlar"la razılaşdırılmalıdır.

Şübhəsiz, bü düzəlişlər üzərində Respublikaçılar Partiyasından olan konqresmenlər çalışıb və bu zaman onların Avropadan olan həmkarlarının tələbləri nəzərə alınıb. Bunu heç kəs gizlətmir. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker amerikalı konqresmenlərin Avropa İttifaqının istəyini nəzərə alaraq, sənədə dəyişikliklər etdiyini bildirib. O, Aİ-nin Amerika sanksiyalarının Avropa şirkətlərinin maraqlarına toxunmasına imkan verməyəcəyini də deyib.

Amma istənilən halda, yumşaldılmasına rəğmən, sanksiyalar qanun şəklinə salınıb. İndi, prezident onları dəyişdirmək və ya ləğv etmək üçün hər iki palatanın profil komitələrinə əsaslı sorğu göndərməlidir. Onlar isə 30 gün ərzində məsələyə baxmaq, bundan sonra müsbət və ya mənfi cavab vermək hüququna malikdirlər. İnsan haqlarının pozulduğu ölkələrlə (bu, daha çox SSRİ-yə aid idi) ticarətin məhdudlaşdırılmasını nəzərdə tutan Cekson-Venik düzəlişi ilə bağlı olay bunun nə qədər çətin məsələ olduğunu sübut edib. Bu düzəliş anoloji Maqnitski qanununun qəbulu naminə yalnız 2012-ci ildə ləğv edilib. Halbuki, o zaman SSRİ-nin dağılmasından artıq 20 il keçirdi.

 

Arxadan zərbə

Qanun layihəsi imzalanması üçün Prezidentə çatdıqda Tramp çox düşünməyib və bir neçə gün sonra onu imzalayıb. Bununla yanaşı, prezident sözügedən qanunun Konstitusiyaya zidd olduğunu da bildirib.

O, haqlıdır. ABŞ-da xarici siyasət prezidentin səlahiyyətindədir və Konqresin «yorğanı öz üzərinə çəkmək cəhdi» ölkə tarixində son dərəcə nadir hadisədir. Bu qanunun qəbulu daha çox daxili siyasi qeyri-sabitliklə bağlıdır. İndi, prezidentin heç namizədliyini irəli sürmüş partiyasında belə, 100%-lik dəstəyi yoxdur. Tramp parlamentin hər iki palatasındakı respublikaçılarla daim «savaşdadır». Bu günlərdə isə o, Nümayəndələr Palatasının spikeri Pol Rayanı və Senatdakı respublikaçı çoxluğun rəhbəri Mitç Makkonnelli sərt tənqid edib. Səbəb, onların Konqresdə Prezidentin təşəbbüslərini dəstəkləməməsidir.

Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalamağa isə (o, eyni zamanda, İran və Şimali Koreyaya qarşı da müəyyən addımların atılmasını nəzərdə tutur) prezidenti əksəriyyəti öz partiyasından olan qanunvericilər vadar edib. Trampın həm «veto» hüququ, həm də «cib vetosu» hüququ (prezident qərarı tətilə qədər uzada bilərdi) var idi. Bu halda Konstitusiyaya əsasən, qanun layihəsi qüvvəsini itirəcəkdi və sentyabrda qanunvericilər yeni layihə yazmalı, onu müxtəlif komissiyalardan keçirməli olacaqdılar. Lakin Trampın partiyadaşları hiylə işlədiblər - onlar tətil dövründə… növbətçilik yaradıblar və bununla da, formal olaraq parlament fəaliyyətini davam etdirib. Odur ki, Trampın düşünmək üçün vaxtı qalmayıb - onu dalana dirəyiblər. Prezidentin tərəfində olanlar ümid edir ki, zaman keçdikcə rusların ötənilki prezident seçkisinə müdaxiləsi ilə bağlı ittihamlar aradan qalxacaq və Konqres qanuna dəyişiklik edərək, icraedici hakimiyyətin müstəqil şəkildə sanksiya tətbiq etmək və onu aradan qaldırmaq səlahiyyətini özünə qaytaracaq. Hələliksə, qanunvericilər Trampın Putinlə kiçik bir məsələ ilə bağlı belə, razılığa gəlməsini əngəlləmək üçün əllərindən gələni edir.

İndi, tətildən dərhal sonra, Senat prezidentə Konqresin razılığı olmadan Rusiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı qadağan edən qanun layihəsinə baxacaq. O, Trampın Hamburqda keçirilən "G20" sammitində həmkarı ilə bu istiqamətdə birgə fəaliyyətə dair razılığa gəldiyini bəyan etməsindən dərhal sonra hazırlanıb.

 

Şəxsi və dövlət simpatiyası

Təəccüblüsü odur ki, Trampın Ağ evə rəhbərliyə başlamasından bu yana Rusiya ilə dövlətlərarası münasibətlər durmadan pisləşir, prezidentin ritorikası isə dəyişməzdir. O, hələ də əməkdaşlıq qurmağa nail olacağını deyir. Tanınmış respublikaçı siyasətçi, sabiq konqresmen, hazırda nəhəng konsaltinq şirkətinin rəhbəri olan Maykl Flanqan hesab edir ki, «ABŞ ilə Rusiya arasında rəsmi münasibətlər çox pis olsa da, prezidentlər Tramp ilə Putinin şəxsi münasibətləri Obama dövründəki ilə müqayisədə xeyli yaxşıdır».

Dövlət Departamentinin Rusiya təbliğatının qarşısının alınması üçün Konqres tərəfindən ayrılmış 80 milyon dolları xərcləməkdən imtinası da məhz Moskva ilə münasibətləri korlamamaq arzusu ilə izah oluna bilər.

Atlantikanın digər tərəfində isə ABŞ-dakı hakimiyyətdaxili qarşıdurmanı Trampa acıyaraq izləyirlər. Orada sözügedən qanunun imzalanmasını belə şərh edirlər: «O, Konqresin və anti-Rusiya isteriyasının girovudur» (Dövlət Dumasının deputatı Aleksey Puşkov).

Ola bilsin, vəziyyəti Putin də belə qiymətləndirir. O, sanksiyalara sanksiya ilə cavab versə də, Trampla aralarında şəxsi ədavətin olmadığını dəfələrlə dilə gətirib. Hər iki prezident Hamburqda baş tutmuş ilk və hələlik yeganə görüşləri haqqında fərəhlə danışır və bir-birlərini o ki var tərifləyirlər. Tramp, həmişəki kimi, xalqla Twitter vasitəsilə daışıb: «Reks (Tillerson) və mən dünən prezident Putinlə möhtəşəm görüş keçirdik». «Amerikanın indiki prezidenti fərqlidir, o, həmsöhbətinə, arqumentlərə reaksiya verir, diskussiyaya girir. Xoşuna gəlməyən məsələlər olsa belə», - deyə Putin öz növbəsində qeyd edib.

Bəzi ekspertlərin fikrincə, həmin görüşdə prezidentlər protokola uyğun qarşılıqlı lütfkarlıqlarla yanaşı, praktik addımlar haqqında da danışıblar. Sammitdən cəmi 1 gün sonra, Tramp administrasiyası MKİ-nin Suriya Prezidenti Bəşər Əsədə qarşı döyüşən qiyamçı qrupların təchizatı və hazırlanmasına dair məxfi proqramını dayandırıb. Ağ ev məmurlarından birinin sözlərinə görə, bu, administrasiyanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərinin bir hissəsidir. Lakin qərarın dəqiq nə vaxt qəbul olunduğu müəmma olaraq qalır. Ölkə başçısının Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi və MKİ-nin direktoru Mayk Pompeo qərarın Almaniya görüşündən əvvəl razılaşdırıldığını deyirlər.

 

Bu arada isə…

Bir həftə əvvəl ABŞ Şimali Koreyaya qarşı sanksiyaların siyahısını artırıb. Oraya bir neçə rusiyalı biznesmen də daxil edilib. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov dərhal Moskvanın buna cavab verəcəyini bəyan edib.

Elə həmin günlərdə ABŞ-ın Müdafiə naziri Ceyms Mettis ölkəsinin Ukraynaya müdafiə silahlarının tədarükü imkanlarını nəzərdən keçirdiyini bildirib. Moskvanın bu reaksiyası sərt olub. «Ukraynaya Amerika silahlarının tədarükü barədə söhbətlər təəssüf doğurur. Çünki bu, münaqişənin hərbi yolla həllinin dəstəklənməsi deməkdir», - deyə Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov bildirib.

Onun həmkarı Leonid Slutski daha sərt danışıb: «Obamanın prezidentliyi dövründə olduğu kimi, Kiyev hakimiyyətinin indiki amerikalı kuratorlarına da Ukraynada sülh lazım deyil».

Bir sözlə, ABŞ və Rusiya prezidentlərinin bir-birinə kompliment söyləməsi fonunda onların başçılıq etdiyi dövlətlər arasında münasibətlər sürətlə pisləşir.



MƏSLƏHƏT GÖR:

451