19 Aprel 2024

Cümə, 23:41

TANRI QULLARI ÜÇÜN MİSSİYA

İspaniyada imamın özünü partlatmasından bütün dünya xəbər tutdusa, erməni keşişinin anoloji cinayəti haqqında SSRİ-də belə heç kəsin məlumatı olmadı

Müəllif:

01.09.2017

İspaniyada məscidin imamının Kataloniyada terror aktına hazırlaşarkən özünü partlatması 1980-ci illərin sonlarında Azərbaycanda da bənzər hadisənin baş verdiyini yadıma saldı. O zaman eyni şeyi erməni kilsəsinin din xadimi etmişdi. Lakin imamın əməlindən bütün dünya xəbər tutdusa, erməni keşişinin anoloji cinayəti haqqında SSRİ-də belə, məlumatsız idilər.

 

«Danışan» soyad

1980-ci illərin sonlarında DİN-in binasında milli zəmində baş vermiş hadisələrlə bağlı sənədləri araşdıran zaman diqqətimi Stepan Davtyanın soyadı çəkdi. Söhbət xəncər və içərisində yandırıcı maddə olan butulka ilə Bakıda saxlanılmış erməni din xadimindən gedir. Soyad çox tanış gəldi və sanki kimisə xatırladırdı.Yalnız ad və ata adını dəqiqləşdirmək qalırdı. Lakin çox düşünmək lazım gəlmədi. Yadıma düşdü ki, sonradan Davtyan soyadlı bir erməni Qazax rayonunda Xalqlar dostluğu abidəsini partlatmaq istəyən zaman «bomba» öz əlində partlayıb və sən demə, bu, elə həmin adamdır. Lakin erməni keşişinin Qazaxdakı əməli, heç olmasa, respublika qəzetlərində yer almışdısa, onun daha əvvəlki «qəhrəmanlığı» tam gizli saxlanılıbmış - Azərbaycan SSR-in ozamankı rəhbəri Əbdürrəhman Vəzirov belə tapşırıbmış.

Səbəb? Azərbaycan rəhbərini erməni terrorçusunun cinayətə cəhdini gizli saxlamağa nə vadar edirmiş? Partlayışa hazırlaşan silahlı keşiş hansı səbəbdən dərhal azadlığa buraxılıbmış? Bu müəmmanın üzərindən pərdəni mütləq qaldırmaq lazım idi...

 

Terroru himayə edən kilsə

DİN-ə ünvanladığım sorğudan sonra məsələ ilə bağlı başqa maraqlı məqamlar da ortaya çıxıb. Sən demə, Stepan Davtyana görə Vəzirova şəxsən bütün ermənilərin katolikosu I Vazgen ağız açıbmış. Terroru himayə etmək, ruhlandırmaq erməni kilsəsinə xarakterik cəhətdir.

İspaniyadakı məscidin imamına görə heç kəs kimsədən xahiş etməyib. Çünki İslam Dünyasında hər kəs terroru və imamın bu əməlini pisləyir. Davtyanı isə şəxsən Eçmiədzinin rəhbəri nəinki pisləsməyib, əksinə, onun azadlığa buraxılmasını xahiş edib. Burada, təbii ki, Vəzirovun satqın səhlənkarlığı da öz yerində.

Makaravan monastrının baş keşişi Stepan atanın sonradan daha neçə belə əməl törətdiyi məlum deyil. Amma onun Vazgenin missiyası ilə Qazax «ezamiyyəti» sonuncu oldu.

Erməni keşişi Davtyanla bağlı hadisəni biz 1991-ci ildə Bakının «Kommunist» nəşriyyatı tərəfindən çap olunmuş «Elan olunmamış müharibə» kitabına da daxil etmişik.

Yeri gəlmişkən, həmin kitabın nəşrindən bir müddət əvvəl, DQMV-nin Əsgəran rayonunun ermənilər yaşayan Qılıçbağ kəndindəki kilsədə böyük silah arsenalı aşkarlanmışdı: 6 minaatan, kustar üsulla düzəldilmiş 16 mina, yenə kustar üsulla hazırlanmış 130 əl qumbarası, qumbaraatan üçün seriya istehsalı olan 7 qumbara, radiostansiyalar. Stepan atanın da elə öz kilsəsində silahlandığı aydındır. Allahın qulu üçün qəribə missiya deyilmi?

 

Tarix təsdiqləyir

Onu da xatırladaq ki, Eçmiədzin hələ Çar Rusiyası dövründə qanunazidd, dövlət əleyhinə və terror əməllərinə bulaşmışdı. Rus Pravoslav Kilsəsi Sinodunun üzvləri də daxil olmaqla, bir çox araşdırmaçılar, siyasi xadimlər bu faktları ortaya qoyublar; məsələn, amerikalı tarixçi Pol Vert yazırdı ki, Eçmiədzin katolikosu Rusiyanın verdiyi beynəlxalq siyasi rıçaqlardan erməni çarlığının yaradılması üçün istifadə edirdi. Məhz bunun nəticəsində 1903-cü ildə Eçmiədzin ləğv, onun mülkiyyəti isə müsadirə edilib.

Yəni, hələ XX əsrin əvvəllərində erməni kilsəsi dövlət əleyhinə əməllərin, terrorçuluğun tərəfdarı olub. Çar hökuməti bu fəaliyyətin təhlükəsini anladığından, onların fəaliyyətini qadağan edib.

Yeri gəlmişkən, bu qərarın səbəblərindən biri də erməni kilsələrindən böyük silah arsenallarının aşkarlanmısı olub. Odur ki, artıq ötən yüzilliyin sonlarında Əsgəranda və digər bölgələrdəki erməni kilsələrindən silah tapılması təəccüblü deyildi. Sovet İttifaqı dövründə erməni terror təşkilatı olan ASALA-nın missionerlərini belə, erməni kilsələrində axtarırdılar.

Bu gün erməni terroru dünya üçün təhdid olaraq qalır. Bu, ayrı-ayrı fanatikruhlu insanların əməli və ya terrorizmin ayrı-ayrı fraqmentləri deyil. Söhbət Eçmiədzin tərəfindən himayə olunan və ilhamlandırılan, bununla da dünyanı bürümüş hörümçək torundan gedir.



MƏSLƏHƏT GÖR:

427