25 Aprel 2024

Cümə axşamı, 21:16

BUDAPEŞT ZƏFƏRİ

Azərbaycan yığması tarixində ilk dəfə cüdo üzrə Dünya Çempionatında 4 mükafat qazandı

Müəllif:

15.09.2017

Macarıstanın paytaxtı Budapeşt bir həftə dünya cüdosunun diqqət mərkəzində oldu. Planetin ən güclü cüdoçularının toplaşdığı ilin əsas yarışı – Dünya Çempionatı, sözün əsl mənasında, liderlər üçün ciddi sınaq oldu. Son iki mundialda medal üzünə həsrət qalan Azərbaycan yığması bu dəfə tilsimi qırmaq əzmində idi. Heyətdə Yay Olimpiya Oyunları mükafatçılarının olması ümidləri daha da artırırdı.

 

Budapeştdəki Dünya Çempionatı həm məşqçilərin, həm də azarkeşlərin ümidini doğrultdu. Millimiz tarixində ilk dəfə mundialda 4 mükafat qazandı. 127 ölkənin iştirak etdiyi mötəbər yarışda Azərbaycan millisi 2 qızıl və 2 gümüş medalla yadda qaldı.

Yarışın ilk günündə 60 kq-da çıxış edən Orxan Səfərov fəxri kürsüdə yer aldı. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz finalda Yaponiya idmançısı Naoxise Takatoya uduzdu. Finalda görüşünə yaxşı başlayan Səfərovun sonradan üstünlüyü rəqibə verməsi yekun nəticəyə də təsirsiz ötüşmədi. Nəticədə, Takato qızıl, Səfərov isə gümüş medal qazandı. Bu mükafat, həm də Orxan Səfərovun gələcəkdə çəki dəyişmək istəyinə də son qoydu. "Rio-2016"dan sonra çəkisini dəyişmək istədiyini deyən cüdoçumuz 60 kq-da hələ də uğur qazanmağı bacardığını göstərdi. Bu isə onun növbəti yarışlarda da doğma kateqoriyada çıxış edəcəyini təsdiqləyir.

Avropa çempionu, Rio do Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov (73 kq) karyerasında ilk dəfə Dünya Çempionatında mükafatçılar sırasında yer aldı. Təəssüf ki, Orucov da finala qədər bütün görüşlərdə qələbə qazandığı halda, həlledici mübarizədə məğlubiyyət acısı yaşadı. Bu dəfə çempionluğa gedən yolda idmançımızın qarşısını yapon cüdoçusu kəsdi. Final görüşü bərabər səviyyədə keçsə də, Soiçi Haşimoto əlavə olunan vaxtda fənd işlədərək, görüşün taleyini xeyrinə həll etdi.

Azərbaycan millisində böyük ümid bəslənilən Hidayət Heydərov (73 kq) medalın bir addımlığında dayandı. Üç ay əvvəl Avropa çempionu olan 20 yaşlı cüdoçumuz yarımfinalda yapon Soiçi Haşimotoya uduzdu. Bürünc medal uğrunda görüşdə isə Monqolustan təmsilçisi Odbayar Qanbaratla bacarmadı. Bu görüşdə də idmançımız əlavə vaxtda ippon fəndi ilə məğlub oldu. Maraqlıdır ki, Avropanın ən güclü idmançıları ilə layiqli mübarizə aparan Hidayət Heydərov Asiya təmsilçiləri ilə mübarizədə özünü göstərməyi bacarmır.

100 kq-da çıxış edən Elmar Qasımovu da yapon cüdoçuları dayandırdı. Dörddə-bir finalda idmançımız sonradan mundialın qalibi olacaq Aaron Volfa təslim oldu. Bürünc medal uğrunda görüşdə tamaşaçılar Azərbaycanın iki güclü idmançısının duelini izlədi. Elmar Qasımov dünya çempionu olan komanda yoldaşı Elxan Məmmədovla üz-üzə gəldi. 2017-ci ildə Avropa Çempionatında, həm də İslam Həmrəyliyi Oyunlarında Elxana uduzan Elmar bu dəfə qələbə qazanmaqla fəxri kürsüdə üçüncü pilləni tutdu. Mundialda medalsız qalan Elxan Məmmədov bununla belə, ən xoş sözlərə layiqdir. 36 yaşlı cüdoçu gələn il Bakıda keçiriləcək Dünya Çempionatında da millinin heyətində yer almağa layiq olduğunu sübut etdi.

Qadınların yarışında Azərbaycan millisi uzun fasilədən sonra mükafat əldə etdi. 78 kq-dan yuxarı çəkidə təmsil olunan İrina Kindzerskaya yarımfinalda çinli Sonq Yuya uduzsa da, təsəlliverici görüşlərdə layiqli çıxış edərək, milliyə bürünc medal qazandırdı.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Çempionatının yekununa əsasən müəyyənləşən Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq siyahısı Azərbaycan millisi üçün uğurlu alınıb. Belə ki, komandamızın yarışa qatılan aparıcı idmançılarının əksəriyyəti mövqelərini yaxşılaşdırıblar. Mundialı bürünc medalla başa vuran İrina Kindzerska (+78 kq) 10 pillə irəliləyib. Reytinq xalını 2263-ə çatdıran cüdoçu 8-ci yerə yüksəlib. Budapeştdən gümüş medalla qayıdan Rüstəm Orucov (73 kq) 2-ci pillədəki mövqeyini qoruyubsa, Orxan Səfərov 4 rəqibini qabaqlamaqla, 2-ci yerə qalxıb. Mundialda 7-ci olan Məmmədəli Mehdiyev (90 kq) də 4 pillə irəliləyib. O, siyahıda 12-dir. Dünya Çempionatında bürünc medal alan Elmar Qasımov (100 kq) 2, onun 3-cü yer uğrunda məğlub etdiyi Elxan Məmmədov 1 pillə yüksəlib. Onlar, müvafiq olaraq, 3-cü və 2-dir. Hidayət Heydərov (73 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) isə mövqelərini qoruyublar. Onlar, müvafiq olaraq, 5-ci, 21-ci və 35-ci yerdədirlər. 

Dünya Çempionatının gümüş mükafatçısı Rüstəm Orucov "R+" jurnalına açıqlamasında uşaqlıq arzusunu həyata keçirdiyini bildirib: "Uşaqlıq arzumu yerinə yetirdim. Uşaqlıqda, nə vaxtsa, Dünya Çempionatında medal qazanmağı arzulamışam. Budapeştdəki gümüş medal arzumu həyata keçirdi. Əlbəttə, qızıl olsaydı, daha yaxşı alınardı. Bəlkə inanmayacaqsınız, amma yarışdan əvvəlki gecə gözümə yuxu getməyib. Çox həyəcanlı idim. Ən güclü idmançılar mənim qrupumda yer almışdı. Ona görə həyəcanlı idim. Yekunda çempiondan başqa fəxri kürsüdə yer alan bütün idmançılar mənim qrupumdan idi. Finala qədər görüşlər asan olmadı. Yaxşı hazırlaşmışdıq deyə,  görüşləri yüksək səviyyədə keçirdik. Final görüşünə tam hazır idim. Sadəcə, alınmadı. Sonda rəqibin etdiyi fənd mübahisəlidir. Bununla belə, təkrara baxandan sonra, hakimin belə fəndə vazari xalı verməsində səhv görmürəm. Cüdoda qaydalar çox dəyişdi. İndi çox diqqətli olmaq lazımdı. Təkrarda gördüm ki, hakim bu fəndə xal verməklə səhv etməyib. Yəni xal vermək də olardı, verməmək də. Ona görə etiraz etmədim. Məğlubiyyətdə günahkar özüməm”.      
Bürünc medal uğrunda görüşdə komanda yoldaşı Elxan Məmmədova qalib gələn Elmar Qasımov təəssüratlarını "R+"la bölüşdü. O, qazandığı medalı oğluna həsr etdiyini dedi: “Macarıstana gəlməzdən öncə, ancaq qızıl medal haqqında düşünürdüm. Dünya çempionu olmaq istəyirdim. Sadəcə, yarışdan əvvəl kiçik zədələrim olduğu üçün bütün gücümlə məşq edə bilmirdim. Yalnız son bir ay ərzində bərpa olunaraq məşqlərdə iştirak edirdim. Fikrimcə, bürünc medal pis nəticə deyil, amma daha yaxşısına nail ola bilərdim. Dünya Çempionatında bütün görüşlər çətindir. Elxan Dünya Çempionatının qalibidir. Güclü idmançıdır. Mənə qarşı da tam gücü ilə mübarizə aparırdı. Asan görüş olmadı. Son görüşlərdə onunla mübarizəm alınmırdı. Avropa Çempionatında və İslam Oyunlarında məğlub olduğumdan, bu dəfə yalnız qələbə haqqında düşünürdüm. Həm də qələbə qazanmaqla, Dünya Çempionatının medalına layiq görülürdüm.  Dünya Çempionatında mənə dəstək olmaq üçün ailə üzvlərim də gəlmişdi. Adətən, idmançıların bəzilərinə bu amil mənfi təsir edir. Amma mən həm də onları sevindirmək istəyirdim. Bürünc medalı qazananda ailəmin sevincini görmək xoş oldu. Millinin uğurları naminə çalışan federasiya rəhbərliyi və məşqçilərə təşəkkür edirəm. Qazandığımız mükafatlar xalqımızındır. Bürünc medalı istərdim, həm də oğlum Adəmə həsr edim. Avqustun 9-da dünyaya gəlib. Adəm ailəmizə gələndən sonra ilk yarışım idi.
Ona görə medalı ona həsr edirəm.

Məlum olduğu kimi, 2018-ci ildə cüdo üzrə Dünya Çempionatı Bakıda keçiriləcək. Bunula bağlı Macarıstanın Budapeşt şəhərində mötəbər yarışın bayrağının Azərbaycana təqdimetmə mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu il dünya birinciliyini qəbul edən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək, rəmzi bayrağı onlardan təhvil alıb və gələn il çempionatın təşkilatçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. Bayrağın təqdimetmə mərasimindən sonra, 2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə Dünya Çempionatının təqdimat videosu azarkeşlərə nümayiş etdirilib.

 

Beləliklə,  növbəti cüdo üzrə Dünya Çempionatı 2018-ci ilin sentyabrında Bakıda baş tutacaq.



MƏSLƏHƏT GÖR:

376