29 Mart 2024

Cümə, 14:09

PRAQANIN XÜSUSİ CAZİBƏSİ

Çexiya paytaxtında bir dəfə olan, yenidən oraya dönmək istəyəcək

Müəllif:

15.09.2017

Bəzən, su içmək üçün gecə saat 4-də ayılırsan və yarım saat sonra özünü əlində kamera şəhərin mərkəzində tapırsan. Bu, hamının başına gələ bilər, çünki istənilən səfərin ən yaxşı anları bu sözlərlə başlayır: "Axı, sən buraya yatmağa gəlməmisən...".

 

Tarixi fonda sevgi hekayəsi

Beləliklə, Praqa. Karlov körpüsü. Günün doğuşuna az qalıb. Praqa qalası və Mala Strana da daxil, sol sahili "Köhnə Şəhər" və Nove-Mest yerləşən sağ sahil arasındakı qovşaq. Əsrlərboyu Kral yolu buradan keçib. Bu yolda zadəganların və yoxsul sənətkarların, tacirlərin və keşişlərin, səlibçilərin və qusitlərin (Yan Qusun adını daşıyan dini inqilabi hərəkatın davamçılarının) müxtəlif istiqamətlərə yönələn izləri var.

Frans Kafka, Yaroslav Qaşek, Karel Çapek, Marina Svetayeva, Milan Kundera kimi məşhur yazıçılar, bəstəkar Antonin Dvorjak, kinorejissor Milos Forman, astronomlar Kepler və Tixo Braqe, kimyagər Edvard Kelli və bir çox başqaları dəfələrlə buradan keçərək, heyranıqla çayın gözəlliklərini seyr ediblər. Bu körpü 1945-ci ilin Praqa üsyanını, 1968-ci ilin Praqa baharını və 1989-cu ilin "məxməri inqilab"ını da xatırlayır.

Əfsanəvi IV Karl bu körpünün təməlini 9 iyul 1357-ci il səhər saat 05:31-də qoyub (yəqin, buna görə bu yer adamı erkən saatlarda özünə çəkir!). Beləliklə, Praqanın düz, ürəyində dayanaraq, həyatınızda ilk və son dəfə, cidd-cəhdlə ac-yuxulu şüurunuzla zamanın möhtəşəmliyini və mənasızlığını - insanın bu axında yerini qavramağa çalışırsan. Saniyələr anbaan keçmişə yollanır. Parıltılı-qara, alqırmızı daşlar. Onlar burada hər yerdədir...

Amma təəssüf. Orijinal olmaq və meditasiya etmək arzusu çiliklənir; anlayırsan ki, Çexiya paytaxtının turistləri arasında ən məşhur yeri günün istənilən vaxtı və istənilən havada insanlarla dolu olur. Səhərin qızılı çağında, ən azı, 10-a yaxın fotoqraf uğurlu kadr tutmaq ümidi ilə sıraya düzülüb. Elə «Allahım, bunlar niyə yata bilmirlər?" - deyə fikirləşirsən ki, gözün Vltavanın fonunda xoşbəxt təbəssümlə sevgi hekayəsi çəkdirən bəylə-gəlinə sataşır...

Özü də qız, havanın yetərincə sərin olmasına baxmayaraq, inamla öz dekoltesini və çılpaq çiyinlərini nümayiş etdirir. "Sevgi isidir". Və əlbəttə, həmişə olduğu kimi, yalnız o deyil, bir dəstə nazik geyinmiş gənc də - açıq-aydın bütün gecəni klubda keçirdikləri görünür - indi, demək olar ki, «idman"la məşğuldurlar, ya da ki, təmiz hava alırlar. Almanca danışan bir neçə yaşlı cütlük isə əllərində qəhvə fincanlarını tutaraq həvəslə yeriyir...

Küçə rəssamları molbertlərini açırlar. Aşağıdakı bir yerdə çay gəmiləri ən son (bəlkə də ən erkən) müştərilərini sahilə çıxarır. Qu quşları boyunlarını əyərək, qaranlıq suyu sakit-sakit qarışdırır. Günəş isə artıq təntənəli şəkildə binaların üzərindəki millərin və damların parlaq-qırmızı kirəmitlərinin üzərindən yüksəlir. Praqa yeni günü qarşılamağa hazırlaşır - tezliklə insan axınları bir böyük, çoxdilli, çoxrəngli və səs-küylü insan çayına daxil olacaq...

 

Nağıl gerçəkləşir

Çexiyanın paytaxtı Avropanın ən cazibədar turizm məkanlarından biridir. Yerli statistika bürosunun məlumatına görə, 2016-cı ildə şəhərə 7,07 milyon turist gəlib. Qonaqların əksəriyyəti qonşu Almaniya və Slovakiyadan gəlir, lakin Asiyadan, xüsusilə də Çindən gələn turistlərin payı daim artır. Eyni zamanda, ölkənin digər regionlarında yaşayan çexlər də həvəslə öz paytaxtlarına gəlirlər. Səfərlərin orta uzunluğu da artır, bu da təəccüblü deyil, çünki bu şəhərdə çox sayda yer var ki, orada bir az daha çox qalmaq istəyirsən.

Praqa, həqiqətən, turizm üçün ideal bir şəhərdir. İnanılmaz gözəldir və sevgililər üçün romantik abhavası var. Uşaqlarla yola çıxmaq istəyənlər üçün təhlükəsizdir (amma küçələrində polis görmək mümkün deyil). Gənclər üçün əyləncəli və sərfəlidir (çox sayda mənzil-studiyalar, hostellər və əyləncə yerləri var). Yaşlılar üçün sakit və rahatdır. Nəhayət, pivə həvəskarları üçün sadəcə, bir xəzinədir (lakin bu məsələ, əlbəttə, fərqli bir hekayədir).

Axı şəhərin bütün tarixi mərkəzi - Karlov körpüsü, müqəddəs Vita kilsəsi (Praqanın müxtəlif yerlərindən görünən daha bir məşhur simvoldur), Barıt qülləsi,

Praqa loretosu, Straqov monastırı, Kampa adasının obyektləri və s.-dən ibarətdir. Staromest meydanında istənilən səkidə, ya da ki, orta məktəbdən yaxından tanıdığımız Yan Qusun heykəlinin yanında sadəcə oturmaq, tələsmədən xətləri qotikadan-barokkoya, oradan da haradasa İntibah dövrünə aparan bina fasadlarına baxmaq, kilsə zənglərinin səsini dinləmək əvəzolunmazdır. 

Və ya məşhur astronomik saatın (Orlanın) altında toplanan kütlənin içindəsən. Hər saatbaşı üst pəncərələr açılır və 12 həvarinin taxta fiqurları görünür. İspaniyadan olan turist onları tanıdı və adlarını çəkdi. Amma postsovet məkanından olanlara bu, nədənsə, həmişə uşaq filmi "Elektronikin macəraları"nın son seriyasını xatırladır. Bu cür qavrayış çox qəribədir.

Praqanın bütün gözəlliklərini sadalamaq çətindir - şəhər, sadəcə, saraylar, qüllələr, kilsələr, sinaqoqlar, kostellər, muzeylər və teatrlarla doldurulub. Günün qaranlıq saatlarında ustalıqla seçilmiş işıqlandırma bütün binalara və çoxsaylı heykəllərə həcm və canlılıq verir. Onlar içəridən parıldamağa başlayırlar. Bu, elə bir atmosfer yaradır ki, bəzən yoldan keçənlər özləri tarixi film və ya nağıl personajına bənzəyirlər.

Sehr hissi, hətta Praqa evlərinin adlarından da görünür: "Qızıl ilan", "Daş su pərisi", "Qızıl quyu", "Üç qızılgül", "Beş tac", "Üç zınqırov"... Əgər turist cığırından aralanaraq, məsələn, Staromest ratuşasının katakombalarında, qədim zəng qüllələrində, səssiz daxili həyətlərdə, gizli kimyagər küçəsində olsanız, pasaj və yeraltını ziyarət etsəniz, yaşı 200-300 il olan pivə sexini və dəyirmanı görsəniz, sizə elə gələr ki, hətta çoxdan ölmüş insanların ruhlarını da görə bilərsiniz. Onda sizdə, artıq şübhə qalmaz ki, bu ciddigörünüşlü körpü hələ də cəngavər atlarının dırnaqlarının şaqqıltısını və at arabalarının cırıltısını xatırladır.

 

 

Mistika: miflərdən-müasirliyə

Qədim slavyan ənənələri ilə qotik hekayələrin və mason sirlərinin çuğlaşdığı Praqa mistika və şəhər əfsanələri həvəskarları üçün sadəcə, Yer üzündə bir cənnətdir. Petrşinsk təpəsi, xüsusilə «tutulur», orada bütpərəstlik dövründə Peruna (slavyanların ildırımsaçan tanrısına) ibadət edirdilər və IX əsrdə öncəgörən knyagina Libuşe (müdrik hökmdar və Çexiya krallarının birincisi) bu şəhərin əsasını qoyub.

Öz qayınanasını boğmuş və ən sonda (əlbəttə!) yerin altına, cəhənnəmə düşmüş ifritə Draqomir haqqında qorxulu hekayələr də demək olar ki, eyni zamana aiddir.

Ola bilsin, bu, sadəcə, məişət mübahisəsi olub; lakin əsrlərboyu Praqa sakinləri şəhərin "dəhşət hekayələr"ini yaşadırlar, qonaqların çoxu bu hekayələrin mifik əsasını başa düşsələr də, yenə də onları dinləməyə hazırdırlar.

Zaman keçir, lakin məşhur gil nəhəng Qolem (rəvayətə görə, onu yəhudi xalqını qorumaq üçün mömin ravvin Lyov yaradıb), kədərli su kabusu Kaburek (məşhur kabusdur, pivə və balıqçılıq həvəskarıdır, gecələr Kampa adasının ətrafında gəzir), doktor İohann Faust, Dəmir adam, cəhənnəm köpəkləri - xəzinə gözətçiləri, cəngavərlərin, kralların, kahinlərin, fahişələrin və kimyagərlərin çoxsaylı kabusları sədaqətlə turizm şirkətlərinin nümayəndələri xidmət etməyə davam edirlər. Kimsə də buna etiraz etmir.

Amma bununla belə, od olmadan tüstü də əlbəttə ki, olmaz. Müqəddəs Roma Dövlətinin imperatoru II Rudolfun hakimiyyəti dövründə (18 iyul 1552-ci il, Vyana - 20 yanvar 1612-cı il, Praqa, Bohemiya) Praqaya, həqiqətən, dünyanın hər yerindən kimyagərlər, ara həkimləri, alimlər və həm də sadəcə, şarlatanlar axın etməyə başladı.

Hətta onların bir yerdə yaşadıqları küçələr indiyə kimi qalıb. Kabbala (orta əsrlərə aid mistik yəhudi doktrinası, hər şeyin əsasını saylarda və qədim yəhudi əlifbasının hərflərində axtaran təlim) ilə də çox maraqlanan Rudolf XV əsrdə İspaniya və Portuqaliyaya qaçan çox yəhudiyə sığınacaq vermişdi. Deyirlər ki, Avropadakı ən qədim sinaqoqun - Staronova sinaqoqunun çardağında hələ də Qolemin ruhunu görmək mümkündür. Ümumiyyətlə, köhnə şəhərin düz mərkəzində yerləşən yəhudi məhəlləsi Yozefov kədərli yəhudi gettosunun hekayəsini qoruyur və çox sayda ibadət yerlərini özündə saxlayır ki, bu da ayrıca bir hekayəyə layiqdir.

Praqada tarixi heykəllərin (yalnız Karl körpüsündə 30-u var) müasir incəsənət nümunələri ilə bir yerdə, qonşuluqda olmasında da müəyyən mistika var. Onların içində epataj heykəltəraş David Çernının bir çox işləri yer alıb:

"Çevrilmiş at" (Müqəddəs Vaslavın atlı heykəlinə parodiya), "Embrion" (axıntı borusu göbək bağı şəklində olan bina təsəvvür edin), "İnsansız plaş" (Motsarta və onun "Don Juan" operasına həsr olunub), "Frans Kafkanın başı", "Asılı insan" (evin damının bir tərəfindən yapışıb və dəfələrlə gerçək sayılıb), Vltavanın üzərindən keçən pinqvinlər (təkrar emal edilmiş plastik qablardan düzəldilib və təbii resursların səmərəsiz istifadəsinə etiraz edir), kommunizm qurbanlarının xatirəsinə abidə (Petrşin təpəsinin ətəyində yeddi bürünc fiqur), "Harmoniya" (ənənəvi hind geyimində kişi meditasiya zamanı), Kampa parkında sürünən sifətsiz "Körpələr" (sifətsizlik abortlara qarşı etiraz deməkdir).

Və ya məsələn, Kampa adasında Con Lennon divarı. Bütün hər şey nə vaxtsa əfsanəvi musiqiçinin ölümündən sonra peyda olmuş fanat qraffitisi ilə başlayıb və kimsə uğursuz şəkildə onu boyamaya cəhd edib. Amma divarın müdafiəsinə "The Beatles"in fanı olan Fransa səfiri qalxdı və insanlar indi də orada sevgi arzularını və dünyanı daha da yaxşı etmək istəklərini qeyd edirlər.

Beləliklə, adi beton parçası pərəstiş yerinə çevrilib və Praqanın bütün yol bələdçi kitablarında işarələnib, bütün yerli (və yerli olmayan) fanları, pasifistləri, hippiləri, küçə musiqiçilərini, rəssamları və sadəcə, yoldan keçənləri özünə çəkir.

İnanılmazdır, amma divardan sanki bir sakitləşdirici dalğa gəlir və insanın ruhu dinclik tapır. Bu bir daha sübut edir ki, bu cür "ibadət" və energetikası güclü olan yerlər kollektiv xeyirxahlıq və müsbət fikirlər nəticəsində yaranır.

 

 

Yenə və yenə

Praqaya tramvaylar xüsusi cazibə verir - rahat və sürətlidir, onlar dar küçələrdən asanlıqla keçir və çox saylı körpülərin üzərindən sanki uçurlar... Hətta xüsusi bir gecə tramvayı da var ki, onda məqsədsiz şəkildə dolaşa bilərsiniz. Bunu dostlarla birlikdə etmək daha yaxşıdır, lakin sakit, pəncərədən görünənləri düşünmədən, telefon və fotoaparatı gizlədərək, sadəcə, baxmaq və necə deyərlər, atmosferi udmaq üçün.

Əlbəttə, şəhəri bu incəadlı Vltava çayı olmadan təsəvvür etmək də mümkün deyil - şəhər "qeydiyyat"ı olanlar üçün kifayət qədər təmizdir, çox sayda istirahət gəmiləri, qayıqlar və katamaranları, qu quşları və adaları var. Lakin təpələr üzərində yerləşən Praqanın çoxsaylı baxış meydançalarında gözəllikdən zövq almaq lazımdır, meydançalrın çoxu möhtəşəm parklarda yerləşir.

Bu sətirlərin müəllifinin işi bir az gətirməyib - yalnız Prajski Qraddakı baxış meydançasına düşə bilib; orada ən əlverişli baxış nöqtəsinə çıxmaq üçün kifayət qədər yüksək divara dırmaşmaq lazımdır. Özü də anlayırsan ki, səhər saat 4-də necə durmaq və gəzintiyə getmək olar; bundan zövq də alırsan, amma gündüz saatlarında camaatın ortasında maneələrə hücum etmək arzuolunan deyil.

Elə şəhərlər var ki, yadda qalır - ancaq sən ona "burada da olmuşam", - deyə bir "quş" qoyur və bununla da sakitləşirsən. Amma şəhərlər var ki, səni təkrar-təkrar cəlb edir - Moskva və ya İstanbul kimi. Onları ilin digər vaxtlarında və başqa insanlarla birlikdə görmək istəyirsən ki, yaxınlarınla və ya dostlarınla öz təəssüratlarını bölüşəsən. Çexiya paytaxtı tam belə bir yerdir. Deyirlər, Karl körpüsü qar altında daha gözəl görünür və Miladda bütün Praqa tam bir nağıla çevrilir. Payızda isə yarpaq tökümü və dumanlar çağında mistika və romantizm dərəcəsi yetərincə yüksəlir.

Praqada yaşamış ekspressionist yazıçı, dramaturq və mistik, şəhəri dəfələrlə öz romanının qəhrəmanına çevirmiş Qustav Mayrink yazır ki, Praqa "öz sakinlərini marionet kuklalar kimi idarə edir, ilk nəfəslərindən son nəfəslərinə kimi ipləri onun əlindədir".

Görünür, şəhərin qonaqlarını da eyni tale gözləyir. Yeri gəlmişkən, bəlkə elə buna görə Praqanın suvenir mağazalarında belə çox marionet kukla satılır? Bu da mistikadır? Hər şey mümkündür ...



MƏSLƏHƏT GÖR:

386