24 Aprel 2024

Çərşənbə, 00:36

ETİMAD SƏRMAYƏSİ

Azərbaycan əhalisi banklardan çıxardığı əmanətləri iqtisadiyyatın real sektoruna qaytarır

Müəllif:

15.09.2017

Azərbaycanda yeni bir meyil müşahidə olunmağa başlanıb. Əhali şəxsi vəsaitlərini bank sisteminə deyil, iqtisadiyyatın real sektoruna yatırır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında əhalinin əsaslı kapitala yatırdığı şəxsi vəsaitlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% artaraq, 387,1 milyon manat təşkil edib. Beləliklə, əsas kapitala qoyulan sərmayələrdən əhalinin şəxsi vəsaitlərinin payı il ərzində 3,3% -dən 4,4% -dək artıb.

 

Mənzil tikintisi bumu

Əsas kapitalda fərdi yatırımların həcminin artması əhalinin milli iqtisadiyyata olan inamının artmasını və bir sıra sahələrdə əlverişli sərmayə mühitinin yaranmasını göstərir. Özü də bu, ölkə iqtisadiyyatına investisiyaların azalması kimi mənfi fonda baş verib: 2017-ci ilin ilk yeddi ayı ərzində bütün mənbələrdən əsas kapitala 8,7 milyard manat sərmayə qoyulub ki, bu da ötən ilin eyni dövrünə görə 0,3% azdır.

Digər tərəfdən, əhalinin aktivləşməsi məcburi bir addım hesab edilə bilər, axı bir qayda olaraq, onlar əmanətlərini bank sektorunda saxlamağı üstün tuturdular. Ötən il başlamış böhran, demək olar ki, hər dördüncü bankın bağlanmasına gətirib çıxardı və nəticədə, əmanətçilər öz vəsaitlərini banklardan çıxarmağa başladılar. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 iyul 2017-ci il tarixinə əhalinin bank sistemindəki əmanətləri 6,9 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin 1 iyul tarixinə nisbətən 908 milyon manat və ya 11,7 faiz azdır.

Lakin əmanətləri «yastıq» altında saxlamaq və onların inflyasiya nəticəsində öz alıcılıq qabiliyyətini itirməsini də müşahidə etmək əlverişsizdir. Bu ilin ilk yeddi ayında inflyasiya 14% təşkil edib. Buna görə, optimal variantlardan biri, sərbəst pulları qeyri-neft iqtisadiyyatının müxtəlif sektorlarında biznes layihələrə yerləşdirməkdir.

İlk növbədə, mənzil şəraitinin yaxşılaşdırılması daha faydalı hesab olunur. Belə ki, bu ilin 7 ayının nəticələrinə görə, tikinti sahəsinə sərmayələr ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azalaraq 1.3 mlrd. manat təşkil edib. Amma mənzil tikintisinə 458,6 milyon manat yönəldilib ki, bu da illik hesablamada 42% artım deməkdir. Beləliklə, əsas kapitala sərmayələrdə mənzil tikintisinin payı il ərzində 4,1% -dən 5,2% -ə qədər artıb.

Bu sahədə sərmayələrin həcminin artması istifadəyə verilən mənzillərin həcminin artmasına gətirib çıxardı. 2017-ci ilin 7 ayının nəticələrinə görə, 973,7 min kvadratmetr mənzil istifadəyə verilib ki, bu, ötən ilin uyğun göstəricisindən 9,7% çoxdur. Bu il yaşayış binalarının tikinti templərinin belə yüksək səviyyədə olması göstərir ki, özəl biznes və əhali milli iqtisadiyyatın gələcəyinə inanır.

Uyğun olaraq, 2015-2016-cı illərdə əhali və biznes tərəfindən kapitalın çıxarılması üzündən cari ildə təhvil verilən yaşayış sahəsi həcminin kəskin azalması inşaat sektorunda yeni buma çevrilə bilər. Unutmaq olmaz ki, mənzil tikintisinə yatırılan hər bir manat inşaatla əlaqəli sənaye sahələrinə 4 manata qədər cəlb etməyə imkan yaradır.

Bəlkə də özəl mənzil tikintisinin artması, həm də Azərbaycana gələn xarici turistlərin axınının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Bəzi sakinlər tətil və bayram günlərində paytaxtda və regionlarda tikdirdikləri evlərini və villalarını həm yerli vətəndaşlara, həm də xarici qonaqlara kirayəyə verərək, əlavə gəlir əldə etməklə pul qazanırlar.

 

 

Regionlarda yenilənən infrastruktur

Prezident İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində yeni avtomobil yollarının açılması, içməli su təchizatı və kanalizasiya şəbəkələrinin, telekommunikasiya qovşaqlarının və elektrik yarımstansiyaların, məktəblərin, körpələr evlərinin və uşaq bağçalarının, səhiyyə müəssisələri və idman obyektlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi yaxşı ənənəyə çevrilib. Nəticə də özünü gözlətməyib və Bakı, artıq bir maqnit kimi bölgələrin əhalisini özünə cəlb etmir, hətta paytaxtın bəzi sakinləri yaşayış şəraitinin yaxşılaşması ilə əyalətlərə köçmək qərarına gəliblər.

«Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb»,- deyə dövlət başçısı çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində bildirib.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayı ərzində kənd təsərrüfatına sərmayələrdə keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım müşahidə edilib və sərmayələr 135.2 milyon manata çatıb.

Bir qayda olaraq, paytaxtın səs-küyündən qaçıb regionlara qayıtmağa qərar verənlər öz şəxsi vəsaitlərini fındıq, nar, üzüm, sitrus meyvələri və s.kimi bağların salınmasına yönəldirlər. Daha doğrusu, özlərini kənd təsərrüfatı işləri ilə çox yükləməməyə yox, əmək fəaliyyətlərinin sonuna yaxın işlə istirahəti birləşdirməyə çalışırlar.

Bu baxımdan, əhalinin vəsaitlərinin xeyli hissəsi müasir anbar binaları və nəqliyyat parklarının yaradılmasına yönəldilə bilər. Hakimiyyətin dəstəyi ilə ölkənin müxtəlif bölgələrində (Yalama və Şəmkirdə) müasir aqroparklar açılmağa başlayıb, digər bölgələrdə də uyğun işlər aparılır. Bu aqroparklarda kənd təsərrüfatı məhsullarının saxlanması və emalı ilə yanaşı, məhsulun yaxın ölkələrə də ixracı üçün avtoparkların təşkili nəzərdə tutulur.

Anbarlarda müasir soyuducu sistemlərinin mövcudluğu ölkə üçün sosial önəm daşıyan meyvə-tərəvəz məhsullarının qiymətlərinin qış aylarında gözəçarpacaq səviyyədə qalxmasına imkan vermir.

Cari ilin 7 ayının nəticələrinə görə, nəqliyyata və anbarlara sərmayələrin həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 36,1% artaraq 971,4 mln. manata çatıb. Özü də, il ərzində əsas kapitala yatırımlarda nəqliyyat və anbar sərmayələrinin payı artaraq 8,3%-dən 11,1% -ə çatıb.

Qeyri-neft sektoruna sərmayələrin artımı regionlarda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına imkan yaradacaq, regionlarda və paytaxtda təklif edilən xidmətlər arasında keyfiyyət fərqini azaltmaqda yardımçı olacaq.

Nəticədə, regionlarda biznesin inkişafı və kənd təsərrüfatı məhsullarının hesabına ixrac potensialının artırılması iqtisadiyyatın dünya bazarlarında neftin qiymətinin dəyişməsindən asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Bu, həm də milli valyutanı gücləndirəcək ki, nəticədə ölkənin artan sosial-iqtisadi inkişafına inam qazandıracaq.



MƏSLƏHƏT GÖR:

394