29 Mart 2024

Cümə, 01:33

"G7" İLƏ "G20" ARASINDA

«Böyük yeddilik» ilə «Böyük iyirmilik»ə BRHÇC-ni nəzərə almamaq çətin olacaq

Müəllif:

15.09.2017

Son aylarda dünya geosiyasətində diqqətlər Asiya-Sakit okean regionuna yönəlib. Söhbət sentyabrın əvvəlində keçirilmiş BRHÇC və Şərq İqtisadi Forumundan (ŞİF) gedir. Bu görüşlər, xüsusilə beynəlxalq münasibətlərdə çoxqütblü sistemin qurulması baxımından əlamətdardır. Bəs BRHÇC-nin buna gücü çatacaqmı?

BRHÇC bu il Çinin liman şəhəri olan Syamendə toplanıb. Yerli KİV bu birliyin üstünlüklərini göstərmək üçün rəqəmlərdən istifadə edir - «beşlik» ölkələri özündə 3 milyard insanı birləşdirir. Onların birlikdə ÜDM-i 16,8 trilyon dollar təşkil edir. Birliyin mövcud olduğu dövr ərzində onların ticarət dövriyyəsi 94%, xarici investisiyalar 7%-dən 12%-dək artıb. Hazırda bu ölkələrin dünya iqtisadiyyatındakı payı 50%-i ötür. Tərəfdaşların sayı da artır; məsələn, bu il Çinin təşəbbüsü ilə görüşə Misir, Tacikistan, Meksika, Qvineya və Tailand rəhbərləri də qatılıb. Sammitin gündəliyi genişləndirilib. Bu dəfə dövlət başçıları təhlükəsizlik və humanitar sahələrə, kosmosa, səhiyyə, informasiya təhlükəsizliyi və alternativ enerjiyə dair də müzakirələr aparıblar.

Görüş qapalı keçib və KİV yalnız 68 maddədən ibarət birgə yekun bəyannamə və rəsmi şərhlərlə kifayətlənməli olub. Toplantıda qəbul edilmiş ən maraqlı qərarlardan biri kimi, məqsədəuyğun sayılacağı halda, birbaşa investisiyalarda milli valyutalarla hesablaşma və digər ödəmə alətlərinə alternativ olaraq, BRHÇC-nin kriptovalyutasının yaradılması qərarlarını göstərmək olar. Bundan başqa, birlik üzvləri transsərhəd onlayn ticarətin genişləndirilməsi və ümumi telekanalın yaradılması barədə razılığa gəlib.

Birliyin bəzi qərarları, bəyanatları açıq-aydın Qərbin mövqeyi ilə ziddiyyət təşkil edir; məsələn, BRHÇC Paris iqlim sazişinə əməl olunmasına çağırış edib. Atlantik okeandakı qasırğanın ABŞ-a vurduğu ziyan fonunda indi bu, xüsusilə böyük önəm daşıyır. İndi, nəinki adi amerikalılar, ölkənin icitimai xadimləri, tanınmış şəxsləri və siyasətçiləri də Donald Trampı Vaşinqtonun sözügedən sazişdən çıxması ilə əlaqədar daha ciddi tənqid etməyə başlayıb.

Bununla yanaşı, BRHÇC proteksionizm və birtərəfli sanksiyalara da qarşı çıxıb. «Syamen bəyannaməsi»ndə İranın nüvə proqramına dair birgə ümumi fəaliyyət planına, Suriya probleminin həlli üzrə Astana formatında danışıqlara və Yəmənlə bağlı danışıqların bərpasına dəstək də yer alır.

Qərb mətbuatı isə BRHÇC sammitini daha çox onun zəif tərəflərindən işıqlandırıb. Söhbət, xüsusilə birlik üzvlərinin iqtisadi inkişaf səviyyəsinin bərabər olmamasından, onların ümumi ideyasının yoxluğundan gedir. Qərb mətbuatı yazır ki, «beşlik»də əsas iqtisadi «lokomotiv», sadəcə, Çindir və birliyin ümumi rəqəmlərinin bu qədər böyük olması məhz Pekinin hesabınadır; məsələn, 2030-cu ilin əvvəllərinə BRHÇC ölkələrinin birgə iqtisadi gücü inkişaf etmiş ölkələrin göstəricisini geridə qoyacaq. Lakin bu, əsasən ona görədir ki, 2020-ci ilə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını ötəcəyi gözlənilir.

Bununla yanaşı, BRHÇC-də iqtisadi bərabərsizliklə yanaşı, kifayət qədər ciddi siyasi ziddiyyətlər də var. Hər halda, dünya arenasındakı nüfuzuna görə, Çinlə-Rusiyanı yalnız CAR və Braziliya ilə yox, heç Hindistanla da müqayisə etmək olmaz. Birliyin perspektivinə üzvlər arasındakı ziddiyyətlər də kölgə salır; məsələn, son sammitə az qalmış Çinlə-Hindistan arasında Doklam yaylasında yerləşən sərhəddə münaqişə baş verib. Ümumiyyətlə, Çinlə-Hindistan köhnə rəqiblərdir və bu rəqabət Hindistanla-ABŞ-ın, eyni zamanda, Çinlə-Pakistanın «istənilən halda dostluğu» üzündən daha da dərinləşir. Bu, nümunələrdən yalnız biridir. Dehli ilə Pekin bu barədə suala Syamendə bir dəfə də olsun, Doklamın xatırlanmadığını deməklə cavab verib. Yerli jurnalistlər isə praqmatik münasibətlərin səmərəsindən, beynəlxalq münasibətlərdə çoxqütblü sistemin vacibliyindən danışmaqdan yorulmur.

Maraqlıdır ki, BRHÇC sammitindən dərhal sonra Vladivostokdakı Russki adasında üçüncü Şərq İqtisadi Forumu keçirilib. Orada Vladimir Putinə Cənubi Koreya və Yaponiyanın liderləri - Mun Çje İn ilə Sindzo Abe də qoşulublar. Seul ilə Tokio şərqlisayağı, Rusiyaya dost münasibətini, marağını gizlətməyə çalışmayıb. Lakin ÇXR lideri Vladivostoka gəlməyib. Bunu Çin lideri üçün belə bir formata «soxulmağın» o qədər də rahat olmaması ilə izah etmək mümkündür. Bundan başqa, Si Cinpini real olaraq nəhəng iqtisadi layihələrin maraqlandığı şübhə doğurmur. ŞİF-in gündəmində isə belə layihələr yoxdur. Rusiya, Cənubi Koreya və Yaponiya indi bir-birlərinə daha çox siyasət sahəsində bağlıdır, nəinki maliyyə. Bununla yanaşı, Mun Çje İn və Sindzo Abe Putinin Uzaq Şərq regionunun inkişafı layihəsinə tam dəstək verirlər. Yaponiyanı daha çox ərazi məsələsi və Çinin regiondakı ekspansiyası, Cənubi Koreyanı isə təbii ki, problemli Şimal qonşusu maraqlandırır.

Əslində, KXDR son zamanlar bütün dünyanı gərginlikdə saxlayır və BRHÇC ilə ŞİF-in bu problemə xeyli vaxt ayırması təəccüblü deyil. Toplantılarda Şimali Koreyanın avqustun 28-də atdığı və Yaponiya ərazisinədək gedib-çatmış raket, həmçinin sentyabrın 3-də keçirdiyi yeni nüvə sınağı müzakirə olunub. Rusiya ilə Çin Pxenyanın nüvə statusunu tanımır. Lakin onlar problemin yalnız siyasi-diplomatik yolla həll edilməli olduğunu bildirir. Putin Çində keçirilən yekun mətbuat konfransında da deyib ki, Şimali Koreya rəhbərliyinin inadkarlığının səbəbi ABŞ və Qərbin dünya birliyi ilə əməkdaşlığa razılıq vermiş avtoritar rejimlərə münasibətdəki mənfi təcrübəsi ola bilər. Bu səbəbdən də Pxenyada hesab edirlər ki, nüvə silahı təhlükəsizliyə ən yaxşı qarantdır. Bununla yanaşı, Putin KXDR-ə qarşı raket əleyhinə sistemdən istifadəni «mənasız» adlandırıb. Çünki bu ölkə uzaqmənzilli artilleriyaya, 60 kilometrədək məsafəni vurmaq qabiliyyətinə malik reaktiv yaylım atəşi sisteminə də malikdir. Rusiya Prezidentinin fikrincə, Şimali Koreyanı «küncə sıxmaq» lazım deyil.

Maraqlıdır ki, ABŞ-da bu yaxınlarda sanksiyalarla bağlı qəbul olunmuş yeni qanunda Rusiyanın adı KXDR və İranla eyni cərgədə çəkilir. Sentyabrın 11-də isə ABŞ prezidentinin administrasiyasında, xüsusilə Rusiya və Şimali Koreyanın qarşısının alınması məqsədilə yığcam nüvə silahının hazırlanması imkanları nəzərdən keçirilir. Tramp administrasiyasında düşünürlər ki, yeni silah baha, onun düşmənə vura biləcəyi zərər isə ciddi olmamalıdır. Bəlkə də bu, Şimali Koreya böhranının region dövlətlərinə öz geosiyasi maraqlarını təmin etmək üçün lazım olduğuna dair fikirləri bir daha təsdiqləyir. ABŞ-ın Cənubi Koreyada THAAD sistemi yerləşdirilməsi də bu sxemə uyğun gəlir. İddialara görə, sistem kiçik və ortamənzilli raketlərin tutulması üçün nəzərdə tutulur. Formal olaraq bu, Seulun KXDR-dən qorunması kimi təqdim edilsə də, məsələ Çin və Rusiyada ciddi narahatlıq yaradır. Yaşananlar Amerikanın İran raketlərindən qorunmaq məqsədilə Avropada HHM sistemləri yerləşdirməsini xatırladır.

Çin rəhbəri BRHÇC sammitində bildirib ki, birlik üzvləri qlobal inkişaf və sülhün dəstəklənməsi ilə bağlı problemlərin həllində vahid mövqedən çıxış etməli, beynəlxalq münasibətlərin yeni formasının yaradılması üzərində birgə çalışmalıdır. Bu mənada, Şimali Koreya böhranı BRHÇC üçün çağırış sayıla bilər. Onun mövcudluğu regionu gərginlikdə saxlayır, digər yandan isə milyonlarla qaçqın nə Çinə, nə də Rusiyaya lazımdır. Onlar istənilən qüvvənin əlinə keçə biləcək nüvə silahını, sərhədləri yaxınlığında Amerika ordusunun yerləşdirilməsini də arzulamır.

Bununla yanaşı, Şimali Koreya məsələsi qətiyyən BRHÇC qüvvələri hesabına çözülə biləcək problem deyil. Burada söhbət, güman ki, təşkilata üzv ölkə liderlərinin «saatları tutuşdurmasından» gedir. BRHÇC siyasi və hərbi birlik deyil və belə təşkilata çevrilməyi də arzulamır. Lakin «beşlik» üzvlərinin iqtsiadi və siyasi potensialının müxtəlif olmasına, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə, dil və mədəniyyət fərqlərinə rəğmən, birliyin gələcəyi var. Onun öz yerini "G7" ilə "G20" arasında tapdığını demək olar. Yaxud, "G7" və "G20" üçün BRHÇC-ni nəzərə almamaq çətin olacaq...



MƏSLƏHƏT GÖR:

361