20 Aprel 2024

Şənbə, 01:38

XAOS İNVESTORU

Milyarder Corc Sorosa dünyada niyə nifrət edirlər?

Müəllif:

15.09.2017

Ondördyaşlı yəhudi oğlan uşağı. 1944-cü ildə doğma Budapeşt şəhərinin Hitler ordusu tərəfindən işğalından sonra, könüllü olaraq nasistlərin tərəfinə keçir və onlarla çiyin-çiynə xidmətə başlayır. Onlara şəhərin zəngin yəhudilərinin ələ keçirilməsində yardım göstərir. Yüzminlərlə Macarıstan yəhudisinin ölüm düşərgələrinə göndərildiyi bir vaxtda, bu oğlan soyuqqanlılıqla onların mülkiyyətini müsadirə edən canilərlə işləyir. Bu «qəhrəman»ın adı Corc idi. O zaman Corc, artıq nəslindən gələn "Şvarts" soyadını daha avropasayağı "Soros" soyadına dəyişmiş, atası, vəkil və Budapeştin yəhudi icmasının görkəmli xadimlərindən olan Tividar Şvartsın israrı ilə xristianlığı qəbul etmişdir. Məşhur amerikalı spekulyant, maliyyəçi, investor və filantropun karyerası məhz belə başlayıb.

1998-ci ilin dekabrında, artıq maliyyəçi maqnat kimi şöhrətinin zirvəsinə çatmış Corc Soros Amerikanın "CBS" telekanalının «60 dəqiqə» verilişinə müsahibəsində «açıq danışaraq», həmin hadisələri belə xatırlayırdı: «Bəli, 14 yaşım var idi. Deyərdim ki, xarakterim elə onda formalaşıb. Çünki düşünməli, dərk etməli, yaşana biləcək hadisələri proqnozlaşdıra bilməli idim. Çox qorxu yaşamışam». Güman ki, elə bu hər şeyi itirmək qorxusu onun gələcək həyatının əsasını qoyub. Soros anlayırdı ki, baş verə biləcək olayları əvvəldən təxmin etmədən qazanc mümkün deyil. Aparıcının heyrət içərisində belə təcrübə yaşayan insanların çoxunun, yəqin ki, psixi xəstəxanaya üz tutduğunu deməsinə milyarder belə cavab verib: «Bu, mənim üçün çətin deyildi. Heç bir problem yox idi. Özümü günahkar saymıram».

İkinci Dünya müharibəsindən sonra, gənc Soros Londonda yaşayan qohumlarının yanına yollanır, orada London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə daxil olur. Bu tədris ocağında onun iqtisadi-siyasi baxışlarını və gələcək həyatını müəyyənləşdirən ikinci hadisə baş verir. Məsələ ondadır ki, məktəbdə ona dövrünün ən məşhur filosoflarından olan Karl Popper mühazirə oxuyur. Gənc Sorosun siyasi baxışları məhz bu filosofun ideyaları əsasında formalaşır. Onların əsasını isə «Açıq Cəmiyyət» nəzəriyyəsi təşkil edirdi. Popperin fikrincə, «Açıq Cəmiyyət» heç bir məhdudiyyət və tabunun olmadığı, insanların doğru saydığı hər şeyi etməkdə sərbəst olduğu, siyasi hakimiyyətin rolunun isə minimum olduğu bir məkandır. Başqa sözlə, «Açıq Cəmiyyət»in əsas amili maddi zənginlikdir və ona nail olmaq üçün hər şeyə getmək olar. Bununla yanaşı, bu ideyaya görə pul insanlar üzərində hökmranlıq edir, insanlar isə zaman keçdikcə ümumbəşəri dəyərlərdən daha çox uzaqlaşır, səlahiyyətləri minimuma düşmüş dövlət qarşısında heç bir məsuliyyət hiss etmir.

Soros təhsilini başa vurduqdan sonra uzun müddət iş axtarıb. O, qalantereya fabrikində və kommivoyajor da işləyib. İngiltərədə karyera qurmağa uğursuz cəhdlərdən sonra, 1956-cı ildə Mayer adlı londonlu dostunun atasının dəvətilə Nyu-Yorka yollanır. O zaman Corcun dostunun atası dünyanın maliyyə mərkəzi olan Uoll-stritdə kiçik broker şirkətinə sahib idi. Soros karyerasına beynəlxalq arbitraj sahəsində başlayır, qiymətli kağızların beynəlxalq spekulyasiyası ilə məşğul olur. 1963-cü ildə ABŞ-ın ozamankı prezidenti Con Kennedi qlobalqiymətli kağız spekulyantları ilə savaşa başlayır və bəzi versiyalara görə, onun qətlinin səbəbi də məhz budur. Soros biznesini qapatmaq məcburiyyətində qalır. Lakin 1970-ci illərin sonlarında hansısa möcüzə sayəsində 10 milyonlarla dollara sahib olur və iş ortağı Cim Rocerslə birlikdə 10 ildə bir dəfə də zərər etməməsi ilə məşhurluq qazanır. Bu, qiymətli kağızların spekulyasiyası sahəsində, sadəcə, fantastikadır. Bəs bu uğurun səbəbi nə idi? Soros doğrudanmı, beynəlxalq hadisələrin gedişini bir möhtəkirin belə fantastik karyera qurmasına imkan verəcək qədər öncədən görürmüş? Yoxsa hansısa gizli qüvvələr və himayədarlar ona hansı anda hansı gedişin lazım olduğunu xəbər verirmiş?

Qərbdə, guya xüsusi istedadlı insanlar, onların yalnız şəxsi keyfiyyətləri və istedadları hesabına nəhəng varidata sahib çıxması haqqında uydurmaları çox sevirlər. Lakin bunun hamısı gözə kül üfürməkdir. Əslində, heç də hər şey bu qədər sadə deyil. Təsəvvür edin ki, hansısa dövlət və ya son dərəcə nüfuzlu insanlardan ibarət qrup planetin hansısa hissəsində və ya regionunda yerli əhalinin iradəsinin əleyhinə olaraq, öz maraqlarını təmin etmək istəyir. Ordu yeridilməsi, açıq təcavüz əksər hallarda çox baha başa gəlir. Üstəlik bu, kifayət qədər səs-küylü, düşmənin gücündən asılı olaraq, həm də təhlükəli yoldur. Belə olan təqdirdə, xaos və qeyri-müəyyənlik yaratmaq, qonşuları üz-üzə qoymaq, bununla da iqtisadi və geosiyasi maraqlarını təmin etmək daha asan deyilmi? Əgər rifah, ümumbəşəri dəyərlər adı altında arzularınızı yerinə yetirə bilirsinizsə, özünüzü təqdim etməyə, arzularınızı dilə gətirməyə ehtiyacınız qalmayacaq. Belə əməliyyatlarda isə nüfuzlu agentlərdən istifadə olunur. Lazımi anda müəyyən insana və ya insanlar qrupuna "kozır"lar, təsir rıçaqları verilir, bununla da onlar, sanki müstəqil qüvvə kimi çıxış etməyə başlayıb.

1979-cu ildə Soros ABŞ-da özünün ilk qeyri-hökumət təşkilatını yaradıb və onu müəllimi Popperin xatirəsinə hörmət olaraq, «Açıq Cəmiyyət» fondu adlandırıb. Təşkilat dərhal Polşanın müxalifətçi «Həmrəylik» qrupunu dəstəkləməyə başlayıb. Qeyd edək ki, həmin vaxt «Həmrəylik» ölkədə siyasi hakimiyyətin dəyişməsinə, Polşanın sosialist düşərgəsini tərk etməsinə çalışırdı. Təsdiqlənməmiş məlumatlara əsasən, Soros Fondu MKİ tərəfindən hazırlanmış və reallaşdırılmış «Siklon» əməliyyatını da maliyyələşdirib. Məqsəd sovet müdaxiləsinə qarşı vuruşan əfqan mücahidlərinin dəstəklənməsi idi. Əməliyyatın ilhamvericisinin ABŞ-ın ozamankı Prezidenti Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi Zbiqnev Bjezinski, əfqanlar tərəfindən kuratoru isə məşhur Üsəma ben Laden olduğu hər kəsə bəlli faktdır.

1980-ci ildən sonra Soros müxtəlif «demokratik proses»lərə hər il, təxminən, yarım milyard dollar xərcləyib. 1987-ci ilin sentyabrında SSRİ-də onun təşəbbüsü ilə «Mədəni təşəbbüs» sovet-amerikan fondu yaradılıb. Onun işi elmə, mədəniyyətə və təhsilə dəstək idi. 1988-ci ildə isə SSRİ-nin təsərrüfat kompleksinin dünyanın iqtisadi sisteminə qoşulması məqsədilə fond «sovet iqtisadiyyatında açıq sektor»un yaradılması təklifi ilə çıxış edib. Bundan başqa, Soros Fondu Şərqi Avropa ölkələrində sosialist düşərgəsinin sonunu gətirən «məxməri inqilab»ları fəal şəkildə dəstəkləyib. Soros səylərinə görə, tezliklə mükafatını da alıb. 1992-ci il sentyabrın 16-sı tarixdə «qara çərşənbə» kimi qalıb - məhz həmin gün funt-sterlinqin bir gündə dəyərini alman markasına nisbətdə sürətlə itirib. Nəticədə, Soros 1 milyard dollardan artıq qazanc əldə edib. Bundan bir müddət əvvəl Corc Sorosun Almaniya Milli Bankının prezidenti Helmut Şlezingerlə görüşdüyü məlumdur. Daha bir populyar versiya isə Sorosu bu çətin oyunda növbəti dəfə dəstəkləmiş son dərəcə güclü qəyyumları ilə bağlıdır. 1996-1998-ci illər arasındakı qısa vaxtda Tailand, Malayziya, İndoneziya, Yaponiya və Rusiya kimi ölkələrdə maliyyə böhranı baş qaldırıb, milyonlarla insan yoxsulluq dərəcəsinə düşüb. SBS telekanalına müsahibəsində Soros bütün bu iqtisadi təlatümlərə aidiyyətinin olub-olmadığı barədə suala məğrurcasına gülümsəyərək cavab verib və bu proseslərdə iştirakını etiraf edib. Üstəlik, Soros bütün bu fəlakətlərin sosial fəsadlarının onu maraqlandırmadığını da deyib.

Sorosun hibrid müharibənin yalnız maliyyə deyil, həm də siyasi meydanında uğurlarını görən sahibləri onun əlinə daha əhəmiyyətli kart verib. 2000-ci ilin oktyabrında dünya siyasi proseslərin yeni dalğası ilə tanış olub - «rəngli inqilablar». Söhbət mövcud hakimiyyətlərin zor tətbiqi olmadan devrilməsindən gedirdi. Onların birincisi Serbiyada, daha sonra isə Gürcüstan və Ukraynada baş verib.

Mövcud hakimiyyətlərin devrilməsi ilə eyni anda bir neçə hədəfə nail olunurdu: qlobal kapital üçün yaramayan siyasi qüvvənin səhnədən - hakimiyyətdən kənarlaşdırılması, qonşu, bəzən isə qardaş xalqlar arasına nifaq salınması (Rusiya-Ukrayna), sonradan düşmənin ərazisinə yayılması üçün xaosun yaradılması. Serbiya Prezidenti Slobodan Miloşeviç Rusiyanın yaxın müttəfiqi idi və Avropa strukturlarına inteqrasiyadan imtina edirdi. Nəticədə o, «buldozer inqilabı» vasitəsilə devrildi. Gürcüstan Prezidenti Eduard Şevardnadze hər zaman Qərbə loyallığı ilə tanınsa da, onun balanslı siyasəti Qərbi tam qane etmirdi. Üstəlik, Şevardnadzenin rəhbərliyi ilə dövlət aparatının bir çox sahələrində dərin islahatlara hazırlıq gedirdi. Yəni, «inqilab»ı təxirə salmaq olmazdı. Gürcüstan Rusiya ilə həmsərhəddir və demək, onun sərhədində ruslara düşmən ölkə yaratmaq sərfəlidir. Nəticədə, Şevardnadze hakimiyyəti müxalifətə təhvil verməyə məcbur edildi. Müxalifətin rəhbərliyində isə əsasən, qrantlar hesabına xaricdə təhsil almış şəxslər dayanırdı.

Növbə Rusiya ilə həmsərhəd olan daha bir ölkəyə - Ukraynaya çatdı. Burada «narıncı inqilab» prezident seçkisindən sonra baş tutdu. Ölkə rəhbərliyi isə müxalifətin təzyiqi ilə görünməmiş addım atdı: ölkədə prezident seçkisinin üçüncü turu keçirildi və Yuşşenko-Timoşenko tandemi hakimiyyətə gəldi. Bunun ardınca Qırğızıstanda da 2 inqilab oldu.

Sadalanan bu hadisələrdə ümumi cəhətlər çoxdur: KİV, xüsusilə sosial şəbəkələr və internet vasitəsilə böyük qrupların şüuru ilə manipulyasiya edilməsi üçün xüsusi hazırlanmış üsullar, Serbiyada «Otpor», Gürcüstanda «Kmara», Ukraynada «Pora» kimi təşkilatlarda gənclərin prioritet rolu… Şüarlar, üsullar və s. eynidir. Hər şey birmənalı şəkildə üst-üstə düşürdü. Bütün bu təşkilatlarda ideyanın özəyini bu və ya digər formada Soros məktəbinin formalaşdırdığı heç kəs üçün sirr deyil; məsələn, Ukraynada ölkənin müstəqillik qazanmasından dərhal sonra, Soros təşkilatının himayəsi altında 100-dən artıq müxtəlif struktur yaradılmışdı. Bu, kimə və nə üçün lazım idi?

Beləliklə, Soros və sahibləri bu əməliyyatların pərdəsi altında öz məqsədlərini həyata keçirirdi. Ukrayna və Gürcüstandakı «inqilab»lardan sonra, Sorosla əlaqəli təşkilatlar misli görünməmiş dividendlər əldə edib.

Qırğızıstana gəlincə, burada inqilabdan sonra Oş şəhərində etnik özbəklərlə-qırğızlar arasında iğtişaşlar baş qaldırmışdı. Hər zaman Əfqanıstandan narkotrafikin əsas qapısı sayılan regionu xaos bürümüşdü. Sorosun sifarişçilərinə gəlincə, onların əsas hədəflərindən biri, regionda onlara hər cür tabe olacaq hakimiyyətin qurulması, həmin hakimiyyətin beynəlxalq maliyyə strukturlarından asılılığının təmini idi.

Sorosun işləri sanki yaxşı gedirdi və indi, onun qarşısında növbəti «yağlı tikə» - Azərbaycan var idi. Ölkənin zənginliyi haqqında danışmaq artıq olardı. Onun gənc prezidenti İlham Əliyev isə ölkəyə rəhbərliyə başlar-başlamaz, müstəqil siyasət yürütmək fikrində olduğunu göstərmişdi. Yəni onun «əl prezidenti» olmaq niyyəti qətiyyən yox idi. Bununla yanaşı, Azərbaycan coğrafi baxımdan Rusiya ilə İranın arasında yerləşir. Söhbət Sorosun, belə demək mümkünsə, siyasi, hətta zooloji nifrət bəslədiyi iki dövlətdən gedir.

Beləliklə, əvvəllər də istifadə olunmuş üsulla ciddi şəkildə «rəngli inqilab» planlanmasına başlanılmışdı. İş gənclərdən ibarət qruplar və müxalifət təmsilçiləri ilə aparılırdı. Əməliyyatın 2005-ci ilin parlament seçkisi vaxtı həyata keçirilməsi nəzərdə tutulurdu.

Lakin Soros ilə sahiblərini məhz Azərbaycanda iflas gözləyirdi. Burada onların əməliyyatları darmadağın oldu. Bunun bir neçə səbəbi var idi. Bundan əvvəl inqilabların baş verdiyi bütün ölkələrdə uğurun əsas səbəblərindən biri, hakimiyyət strukturlarında gizli qrupların olması idi. Son anda onlar qarşı tərəfə keçmişdilər. «Rəngli inqilab»ların ssenarisinə diqqətlə nəzər saldıqda, hakimiyyət strukturlarına yeridilmiş «beşinci kolon»lardan istifadə olunduğu aydın şəkildə görünür. Onlar əksər hallarda müxalifətlə iş birliyini uğurla həyata keçirirdilər. Azərbaycan hakimiyyəti isə 2005-ci ildə birlik nümayiş etdirdi, hakimiyyətdə yer alan, ABŞ səfiri ilə danışıqlar aparmış, qarşı tərəfi dəstəkləməyi düşünən bəzi şəxslər isə operativ şəkildə aşkarlanaraq zərərsizləşdirildi.

Sorosun planının pozulmasının digər səbəbləri arasında müxalifətin tam gərəksiz sayılması, Azərbaycan xalqının onlara inanmaması da var idi. Məhz bu üzdən xalq müxtəlif psixoloji manipulyasiyalara aldanmadı. Azərbaycan özünün «narıncı inqilab»ını hələ 90-cı illərin əvvəllərində yaşamışdı və o vaxtdan ölkənin belə avantüralara qarşı özünəməxsus immuniteti yaranıb.

Nəticədə, bir müddət sonra Sorosun təşkilatları Azərbaycanda fəaliyyətini dayandırmalı oldu. Üstəlik, indi onların əməyinə dünyanın digər bölgələrində ehtiyac var idi. 2010-cu ilin sonlarından Yaxın Şərq və Şimali Afrika sonradan «ərəb baharı» adlandırılan hadisələrlə qaynamağa başladı. Bir sıra ölkələrdə hakimiyyət devrildi, xaos başladı, bəzi ölkələrdə isə bu «bahar», ümumiyyətlə, vətəndaş müharibəsinə çevrildi. Tunis, Misir, Liviya və Suriyada da ilkin mərhələdə yuxarıda qeyd olunan xarakterik Soros mexanizmləri nəzərə çarpırdı. Ən maraqlısı isə odur ki, guya «liberal dəyərlər»ə sadiq olan keçmiş yəhudi, sonradan xristianlığı qəbul etmiş və nəhayət, hazırda ateist olan Soros öz məqsədlərinə çatmaq üçün çəkinmədən cihadçılarla razılığa getdi. «Ərəb baharı»nın fəsadları isə hər kəsə məlumdur: Liviya, Suriya və Yəməndə parçalanma, vətəndaş müharibələri və aclıq nəticəsində heç bir günahı olmayan milyonlarla insan həyatını itirdi. Dünyanın ən zəngin regionu isə apokalipsis filmlərinin kadrlarını xatırladan dəhşətli meydana - fövqəldövlətlərin öz silahlarını sınaqdan keçirdiyi, öz problemlərini həll etməklə məşğul olduğu bölgəyə çevrildi.

Bundan sonra alovun bürüdüyü müsəlman Şərqindən uzaqlaşan «oyun sahibləri» yenidən diqqəti Ukraynaya yönəltdilər. Avromaydan zamanı Soros yeni üsulu sınaqdan keçirmək qərarına gəldi - bu dəfə liberal dəyərlərin daşıyıcıları ultramillətçi qruplaşmalarla danışıqlara getdi və onların köməyi ilə, demək olar ki, silahlı yolla hakimiyyət devrildi. Bunun da nəticəsi bəllidir: ərazi itkisi, sosial problemlər. Sorosun sevimli yetirməsi olan Mixail Saakaşvilinin sözlərinə görə, Ukrayna iqtisadiyyatı Qabon iqtisadiyyatının səviyyəsinə düşüb. Əvəzində, Soros tez-tez Kiyevə səfər edir, mehmanxanalarda təmtəraqlı ziyafətlər qurur, öz layihələrini həyata keçirir və özünü bu ölkənin əsl sahibi sayır. Üstəlik o, Avropanı açıq şəkildə sonuncu ukraynalı uğrunda da Rusiya ilə savaşmağa çağırır.

Lakin bütün bu dövrdə Soros öz planlarını Azərbaycanda reallaşdırmaq ideyasından əl çəkməyib. Davos sammiti zamanı o, Azərbaycan Prezidentindən ölkədə özünün əsas «rəngli iğtişaşlar» mənbəyi olan «Açıq cəmiyyət» institutunun açılmasını istəyib. Lakin prezident onun təklifini rədd edib və Soros bundan incik düşüb. Nəticədə, 2015-ci ildə keçirilmiş Avropa Oyunları zamanı sahibi elə bu spekulyantın özü olan «The Guardian» qəzeti Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb. Qəzetin saxta materiallarının biri də bilavasitə «Region+» jurnalı tərəfindən ifşa olunub və nəticədə Britaniya nəşri öz «səhv»ini düzəldib. Lakin məsələ bir iftiradolu materialla bitməyib.

Mayda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) tərəfindən açıqlanmış əhatəli hesabatda Avropa Şurasında Corc Sorosun başçılıq etdiyi "kölgə şəbəkəsi"nin iş mexanizmi detalları ilə əks olunub. Sənəddə qeyd olunur ki, Soros Avropa Şurasının ermənipərəst deputatları ilə birlikdə Azərbaycana qarşı hücumlar təşkil edir. Lakin bu, başqa söhbətin mövzusudur. Yalnız onu qeyd edək ki, Avropa Şurasında Azərbaycana qarşı çıxan, demək olar ki, bütün nümayəndələr bu və ya digər şəkildə Soros Fondu ilə əlaqəli şəxslərdir. Avropa Şurasının insan haqları üzrə komissarı, latviyalı deputat, tez-tez İrəvanda qonaq olan Nil Muyjnieks, Kristofer Ştrasser, Cerald Knaus və Azərbaycana qarşı aşkar düşmənçilik nümayiş etdirən digər avrodeputatlar Sorosun qeyri-hökumət təşkilatının himayəsi altında ya işləyib, ya da təhsil alıb. Lüksemburqdan olan mənfur avroparlamentari Frank Engel isə hətta əlinə silah alaraq, Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşməyə hazır olduğunu bildirir. Özünə Azərbaycanın işğal olunmuş ərazisində toy etmiş bu şəxs Sorosla sıx əlaqələrə malikdir. Soros ondan öz tarixi vətəni olan Macarıstana qarşı növbəti avantürası zamanı istifadə edib.

Amma bütün sirlər gec və ya tez ortaya çıxır. Bu şər mücəssiməsinin «payız»ı da Donald Trampın ABŞ-da keçirilmiş prezident seçkisində qələbə qazanmasından sonra başlayıb. Xatırladaq ki, seçki zamanı Soros bütün gücünü digər «demokratik dəyərlər yayıcısı» - Hillari Klintonun qələbəsi uğrunda səfərbər edib və… uduzub. Yəqin ki, bu, onun həyatında üzləşdiyi əsas məğlubiyyətdir. Trampın qələbəsindən sonra o, bütün gücünü yeni prezidentə qarşı yönəldib. Həmişə olduğu kimi, nəzarətində olan KİV vasitəsilə qarayaxmalar, küçə nümayişləri, sosial şəbəkələr vasitəsilə manipulyasiya. Amma bunların hamısı əbəsdir - prezident administrasiyasından gələn bəyanat qəti olub: «ABŞ Ukrayna deyil ki, Soros burada dövlət çevrilişi təşkil etsin». Bu yaxınlarda isə ABŞ Prezidenti Donald Trampa 100 mindən artıq insanın imzası ilə ərizə ünvanlanıb: onlar amerikalı milyarder Corc Sorosun terrorçu kimi tanınmasını istəyir. İndi, ərizəyə Ağ evdə baxılmalıdır. Ərizənin mətni Ağ evin saytında dərc olunub.

Maraqlıdır ki, dünyadakı bütün yəhudilərin müdafiəçisi kimi ad çıxarmış İsrail dövləti belə, Sorosa mənfi münasibətini gizlətmir. İsrail Xarici İşlər Nazirliyinin bu ilin iyulunda yaydığı bəyanatda deyilir: «Bu şəxs yəhudi dövlətinə qarşı yalan məlumatlar yaymaqla məşğul olan, onu özünümüdafiə hüququndan məhrum etməyə çalışan müxtəlif təşkilatlara dəstək verməklə, dəfələrlə İsrailin demokratik yolla seçilmiş hakimiyyətinin ayağının altını qazmağa cəhd göstərib».

Soros bütün həyatıboyu spekulyant olub və bu gün də belədir. Onun milyardlarla ölçülən varidatı və məşhur maliyyəçi karyerası isə başqasının kartları ilə oynanan oyundan başqa bir şey deyil. Əks təqdirdə, onun bütün varidatının xeyriyyəçiliyə xərclənməsinə dair vəsiyyətini necə qiymətləndirmək olar? Başqa sözlə, söhbət varidatın əsl sahiblərinə qaytarılmasından gedir. Soros özündən sonra günahı olmadan öldürülmüş milyonlarla insan, milyonlarla şikəst tale və lənət qoyub gedəcək. Hər şeyin əsası isə 1944-cü ilin soyuq macar yazında bir gənc budapeştli oğlanın iblislə «ittifaqa» getməsi ilə qoyulub…



MƏSLƏHƏT GÖR:

419