29 Mart 2024

Cümə, 11:16

YAZIQ STATUSU

Rusiya Ermənistana nəyə layiq olduğunu bir daha göstərdi

Müəllif:

15.09.2017

2017-ci ilin sentyabrı Ermənistana növbəti dərs oldu - o, beynəlxalq münasibətlərdə nəyə layiq olduğunu bir daha gördü. Ermənistan yenidən "mənəm-mənəmlik" etmək istəyirdi, amma ölkənin əsl sahibi hayların ənənəvi təkəbbürünün qarşısını vaxtında alaraq, «qədim və başıbəlalı»lara forpost statusunun nəzərdə tutduğu aşağılayıcı yerini göstərdi.

 

Öz fikrindən vaz keçmək adəti

Ermənistan NATO-nun Gürcüstanda sentyabrın 3-dən başlamış «Agile Spirit 2017» təlimlərinə qatılacağını bəyan etsə də, son anda fikrini dəyişib. Rəsmi İrəvan bu qədər gözlənilməz dəyişikliyin səbəbini açıqlamayıb. Ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan ölkəsinin təlimlərdə iştirakdan son anda imtina etməsinin səbəbi ilə bağlı sualı cavablandırmaqdan boyun qaçırıb. Müdafiə nazirinin birinci müavini Artak Zakaryan isə İrəvanın, ümumiyyətlə, təlimlərə qatılacağına söz vermədiyini söyləməkdən ağıllı bir şey düşünə bilməyib. Lakin necə deyərlər, fakt-faktlığında qalır və müvafiq instansiyalarda, İlf və Petrovun təbirincə desək, «bütün gedişlər qeydə alınıb». Ermənistan Müdafiə Nazirliyinin NATO-nun sentyabrın əvvəlində keçirəcəyi təlimə qatılacağını dəfələrlə bəyan etdiyini görmək üçün tarixi eşələməyə ehtiyac yoxdur. Təlimlərə ev sahibliyi edən Gürcüstanın Müdafiə Nazirliyinin rəsmisi Georgi Kacarava da Ermənistanın «Agile Spirit 2017»yə qatılacağını bəyan etdiyini, lakin «son anda fikrini dəyişdiyini» təsdiqləyib.

Bununla yanaşı, bir müddət əvvəl, ötən yay Ermənistan NATO-nun tədbirlərində iştirak edib: əvvəlcə iyulda Rumıniyada keçirilmiş «Saber Guardian 2017» ümumqoşun təlimlərində, daha sonra isə Gürcüstanda təşkil olunmuş «Noble Partner» manevrlərində. Üstəlik, İrəvan bu NATOpərəst fəallığını KTMT üzvü olmasına, Rusiyanın regionda əsas müttəfiqi sayılmasına rəğmən nümayiş etdirirdi. Ermənistan qərb istiqamətində bu strateji irəliləyişə Rusiya ilə Avro-Atlantik məkanın mərkəzləri arasında qarşıdurmanın gündən-günə qızışdığı bir mərhələdə başlamışdı. Odur ki, Rusiyanın forpostu rolunu çoxdan üzərinə götürmüş Ermənistan rejiminin özündə belə, anti-Rusiya oyunları oynamaq cəsarəti təəccüb doğururdu. Hər halda, NATO təlimlərində iştirakı başqa cür adlandırmaq mümkün deyil. ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstanda bundan əvvəl keçirilmiş təlimlər zamanı bildirib ki, məqsəd alyans üzvlərinə Rusiyadan gələn təhlükənin qarşısının alınmasıdır. Buradan belə çıxır ki, ərazisində Rusiyanın hərbi bazası olan KTMT üzvü Ermənistan da Moskvanı özü üçün təhlükə sayır.

Rusiya, əlbəttə ki, İrəvanın bu cür, yumşaq desək, etibarsızlığını qəbul edə bilməzdi. Odur ki, Ermənistanın «Agile Spirit 2017» təlimlərində iştirakdan imtinasının Kremlin təzyiqinin nəticəsi olduğu şübhə doğurmur. Böyük ehtimalla, Ermənistan Prezidenti Serj Sarqsyan bu qərarı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra qəbul edib. Xatırladaq ki, tərəflər avqustun 23-də Soçidə bir araya gəlmişdi. Ona da şübə yoxdur ki, Kremlin Qərbin tərəfinə keçməyə hazır olan Ermənistan lideri ilə danışıqlarda əsas arqumenti Dağlıq Qarabağ münaqişəsində kənara çəkilə biləcəyi hədəsi olub. Yəni, Moskva bu məsələdə İrəvanı Bakı ilə təkbaşına qoya biləcəyini bildirib. Bu isə Azərbaycan ərazilərini kənar himayəçilərinin dəstəyi ilə işğal etmiş Ermənistan üçün ölümə bərabərdir.

Təlimlərdə iştirak qərarının dəyişdirilməsinin Ermənistanın imicinə zərbə vurduğu haqqında danışan erməni ekspertləri ölkənin 4 il əvvəl də bənzər «qara sentyabr» yaşadığını xatırladır. Məsələ ondadır ki, 2013-cü il sentyabrın 3-də də Sarqsyan Putinin qəbuluna çağırılmış, Kreml rəhbərliyi ilə danışıqlardan yenə də alçaldılmış formada, mövqeyini dəyişərək çıxmışdı. O zaman Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamağa hazırlaşan Ermənistan Prezidenti nəinki bu addımından imtina etmiş, hətta ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulduğunu açıqlamışdı.

Ekspertlər 2009-cu ildə Türkiyə ilə Sürix protokollarının imzalanmasına az qalmış Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun erməni həmkarına nümayişkaranə şəkildə «Edik, imzala» dediyini də xatırladır. Nəticədə, Ermənistan Sürix protokollarını birbaşa Rusiyanın göstərişi ilə imzalamışdı.

Odur ki, yerli ekspertlər İrəvanın NATO təlimlərində iştirakdan son anda imtina etməsinin səbəbi haqqında danışarkən, milli mənlikləri üçün alçaldıcı olan bir etirafı səsləndirmək məcburiyyətində qalırlar: «Demək, nəinki qərarların qəbulu ilə bağlı Konstitusion, dövlət mexanizmi yoxdur, hətta qərarlar Ermənistandan kənarda, Rusiyada qəbul olunur».

Son dövrlərdə Ermənistan rəsmiləri Aİ ilə Assosiativ sazişin yeni versiyasını imzalamağa hazır olduqlarını tez-tez dilə gətirməyə başlayıblar. Odur ki, zaman-zaman rus «sahib»lərindən Qərbə tərəf qaçmağa cəhd göstərən Sarqsyanın tezliklə növbəti dəfə alçaldılacağı istisna deyil. Ola bilsin ki, Putinlə növbəti görüşdən sonra…

 

"Ağa deyir sür dərəyə", yaxud işğal bumeranqı...

Ermənistan rəhbərliyinin çapalamaları haqqında düşünərkən bir məqamı da diqqətdən kənarda qoymaq olmaz: erməni ictimaiyyətində ciddi anti-Rusiya isteriyası var. Bunun səbəblərindən biri kimi, Moskva ilə Bakı arasındakı hərbi-texniki əməkdaşlıq göstərilir. Görünür, Sarqsyan rejimi tapmacanın cavabını tapa bilmir: bir yandan məhz onun siyasəti nəticəsində Ermənistan Cənubi Qafqazın ən yoxsul ölkəsinə, Kremlin hərbi-siyasi müharibə meydanına çevrilib, digər tərəfdən, Rusiyanın Azərbaycana müasir silahlar tədarük etməsi iki ölkə arasında strateji tərəfdaşlığın gücləndiyini göstərir. Bu, eyni zamanda, Rusiyanın Ermənistanın, həm də onun Azərbaycan torpaqlarını işğal altında saxlamasının mütləq qarantı olduğuna dair ermənilər arasında hökm sürən fikrin nə qədər etibarsız olduğunu təsdiqləyir.

Ermənistanda anti-Rusiya əhvallı dairələr arasında Rusiya ilə bağlı tarixə yenidən nəzər salmağa dair çağırışlar daha çox eşidilir. Üstəlik, bu proses Ermənistanda heç də yeni başlamayıb. Hələ SSRİ-nin qürubu zamanı Ermənistanda rus dilinə məhdudiyyət qoyulmasına, praktik olaraq, sıxışdırılmasına başlanılmışdı. Rus məktəbləri bağlanır, «hay xalqının rus mədəniyyətinin təsirindən qurtulması» üçün bütün digər tədbirlər görülürdü. Ermənistandan yüzminlərlə azərbaycanlının və digər millətlərdən olan əhalinin qovulması fonunda kütləvi hal almış «rusluğun» aradan götürülməsi, İrəvanın ölkəni monoetnik məkana çevirməyə yönəlmiş siyasətinin əsas istiqamətlərindən biri idi.

Bununla yanaşı, Ermənistanda tarixə yenidən nəzər salınması ilə bağlı getdikcə artan tendensiyaya ölkənin siyasi rəhbərliyində zaman-zaman baş qaldıran anti-Rusiya trendi kontekstində baxılmalıdır. Sarqsyan rejimini bundan çəkindirən yeganə səbəb, Azərbaycanla qarşıdurmada Kremlin himayəsini itirmək qorxusudur.

Bu yaxınlarda İrəvanda rus yazıçıları və ya kommunist xadimlərin adını daşıyan məktəblərin, küçələrin adlarının dəyişdirilməsi təşəbbüsü irəli sürülüb. Yerli siyasətçilər açıq şəkildə bildirir ki, bu, özünü tarixə yenidən qiymət verilməsində də göstərməlidir. Misal kimi, İrəvanın Leninqrad küçəsinin belə, adının dəyişdirilməsi təklif olunur. Erməni siyasətçiləri və ideoloqları İrəvanda bu cür küçələrin olmasını «absurd» sayır. Onların fikrincə, «işğalın rəmzləri ilə, onun görkəmli şəxslərinin adı ilə bağlı hər şeyi inkar edəcək ictimai mədəniyyətin formalaşdırılması» vacibdir.

Başqa sözlə, ermənilər Rusiyanı işğalçı dövlət gözündə görür. Halbuki, XIX əsrdə ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülrməsi ilə Qafqazda erməni elementinin yaranmasına, Azərbaycanın İrəvan regionunda «Yerevan» adlı dövlətin qurulmasına məhz ruslar kömək edib.

Ənənəvi olaraq tarixi saxtalaşdıran, indi isə ona yenidən qiymət vermək fikrinə düşmüş, faşizm üzərindəki Böyük Qələbənin əsas simvollarından olan «Leninqrad» adına qarşı çıxmış ermənilərin bu əməlinə təəccüblənməyə dəyərmi? Hər halda, bu yenidənqiymətləndirmə olmasaydı, İrəvanda nasistlərin əlaltısı olmuş Njdeyə heykəl ucaldılmazdı. Bu, Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqəli tarixi yaddaşa münasibətinin ən bariz göstəricisidir.

Ermənistanın, ümumilikdə, Rusiyaya münasibətinə gəlincə, o, əvvəldən istehlakçı xarakteri daşıyır. İrəvan üçün Moskva ilə müttəfiqlik, Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşməsi yalnız onun Azərbaycana qarşı təcavüzünün geosiyasi təmini kontekstində vacibdir. Cənubi Qafqazda Rusiyanın əsas, daha vacib tərəfdaşı qismində Ermənistanın deyil, Azərbaycanın çıxış etməyə başladığı indiki şəraitdə isə Ermənistan rəhbərliyinin əsəbləri gərginliyə dözmür. Nəticədə onların əsl, anti-Rusiya simaları ortaya çıxır.

Rusiya ilə müttəfiqliyi və onun nəticələrini Ermənistanın müstəmləkə şəklində idarə olunması kimi qiymətləndirən erməni ideoloqlarına isə bir həqiqəti acıyaraq etiraf etməkdən başqa yol qarmır: «Yeni düşüncə tərzi, gələcəyə baxış yalnız keçmişlə mübarizə fonunda formalaşmır. Xüsusilə də əgər bu keçmişlə indiki dövr arasında elə bir fərq yoxdursa». Onlar bir şeyi dəqiq dərk edir: Ermənistanın anti-Rusiya isteriyası onu heç də Kremlin forpostu kimi aşağılayıcı statusdan xilas etmir. Faktlarla güclənən bu həqiqət, yəni Ermənistanın gözlərimiz qarşısında növbəti dəfə alçaldılması Azərbaycana Qarabağ münaqişəsinin həlli üçün, əslində, kiminlə razılığa gəlməli olduğunu göstərir. Çünki İrəvan hələ də dərk etmir ki, Azərbaycan torpaqlarının işğalına son qoymadan de-fakto müstəmləkə statusundan qurtula bilməyəcək.

Qlobal və regional geosiyasi proseslər, Azərbaycan və Ermənistanın inkişaf göstəriciləri İrəvanın apriori gələcəyi ilə bağlı qorxu, təhlükə içərisində yaşamalı olduğunu göstərir. Və yeni sahib axtarışı ilə bağlı çapalamaların, xarici himayədar hesabına Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə ümidsiz cəhdlərin ona heç bir köməyi olmayacaq.



MƏSLƏHƏT GÖR:

391