20 Aprel 2024

Şənbə, 05:03

YAŞAMAQ HAQQI OLMADAN

Myanmada, əslində, nə baş verir?

Müəllif:

15.09.2017

Bəziləri hesab edir ki, Nobel sülh mükafatını insanlara ölümündən sonra vermək lazımdır. Elmdə və ya mədəniyyətdə əldə olunan nailiyyətləri müəyyən mənada qiymətləndirmək mümkündür və buna görə insanın həyatda olduğu vaxt mükafatlandırılması doğrudur. Bəs sülhün bərqərar olunmasına verilən töhfəni necə qiymətləndirmək olar? Əgər mükafata layiq görülmüş şəxsin indi və ya gələcəkdə hər hansı insanpərvər olmayan, bəzən isə cinayət sayılacaq əmələ birbaşa və ya dolayısı ilə aidiyyəti varsa? Hər halda, nə Qorbaçov, nə Obama, nə Karter, nə də bu mükafatın bir sıra digər laureatları mələyə bənzəyirdər.

Bu mükafata Myanmanın (Birma) 1989-2010-cu illəri ev dustağı kimi keçirmiş hazırkı rəhbəri Aun San Su Çji də layiq görülüb. 1988-ci ildə Oksfordda təhsil aldıqdan sonra, Avropadan vətəninə qayıdan bu şəxs 3 il BMT-də çalışıb. Mahmata Qandinin, Martin Lyuter Kinqin qeyri-zorakılıq təlimləri ilə, buddist konsepsiyası ilə maraqlanan Aun San Su Çji sonda «Demokratiya uğrunda milli liqa» partiyasının əsasını qoyub. 1991-ci ildə «Demokratiya və insan haqları uğrunda qeyri-zorakı yolla mübarizə» apardığı üçün Nobel mükafatına layiq görülüb.

İndi isə məlum olub ki, qeyri-zorakılıq təlimləri, əslində, hakimiyyət uğrunda mübarizə ilə uzlaşmır. Onun rəhbərlik etdiyi siyasi təşkilatın hakim partiyaya çevrilməsindən cəmi ilyarım sonra, yüzminlərlə insan bu şəxsin sülh mükafatından məhrum edilməsi üçün ərizəyə imza atır. Nobel Komitəsi mükafatın geri alınması prosedurunun olmadığını desə də, Aun San Su Çji, artıq dünyanın heç bir yerində demokratiyanın rəmzlərindən biri kimi qəbul olunmur. Halbuki, onilliklər ərzində bu, məhz belə idi. Bundan başqa, o, müasir dövrün ən nəhəng humanitar fəlakətlərindən birinə görə cavabdeh sayılır.

 

Rohinca faciəsi

Avqustun sonlarına, artıq 100 minlərlə Myanma sakini doğma evini tərk etməli olub. Onlar qarşısına çıxan hər şeyi məhv edən azğın ordudan xilas olmaq üçün daha təhlükəsiz yer axtarışındadırlar. Beynəlxalq hüquq müdafiəsi təşkilatı olan «Human Rights Watch» tərəfindən yayılmış, peyk vasitəsilə çəkilmiş fotolarda onlarca yandırılmış yaşayış məntəqəsini görmək mümkündür. Qurbanların sayı gündən-günə artır, çaxnaşma içərisində qonşu Banqladeşə üz tutmuş insan kütləsi bitmək bilmir.

Bəs bu insanların hakimiyyət qarşısında qəbahəti nədir? Özlərini Myanmanın köklü sakini saymaları və benqalların tələb etdiyi kimi, özlərini «benqal» yox, «rohinca» adlandırmaları? Sayı 1 milyondan artıq olan bu insanlara cəza olaraq, vətəndaşlıqları ləğv olunur, sivilizasiyanın müasir nemətləri onlara qadağan edilir - ölkədə sərbəst hərəkət, təhsil, səhiyyə və mülkiyyət toxunulmazlığı.

BMT-nin «etnik təmizləmə» kimi qiymətləndirdiyi son hadisələr rohincalıların həyatında heç də ilk acınacaqlı durum deyil. Myanma Silahlı Qüvvələri Ali Baş Komandanı Min Aunq Xlaynın ordunun «İkinci Dünya müharibəsində yarımçıq qalmış işi başa çatdırmağa çalışdığını» bəyan etməsi isə bizi bu münaqişənin tarixinə nəzər salmağa sövq edir.

Rakhayn (Arakan) ştatının şimal hissəsində əhalinin əksəriyyəti müsəlmandır. Onlar özlərini XVI əsrdə Hind okeanı sahillərini müstəmləkəyə çevirmiş ərəblərin nəslindən, bu ərazilərin köklü etnosu sayır. Ərazinin adına əsasən, onlar özlərini «rohinca» adlandırır.

İkinci Dünya müharibəsi illərində Yaponiyanın ölkəni işğal etməsi zamanı Birmanın çoxluq təşkil edən buddist əhalisi yaponlarla əməkdaşlığın onları Britaniya imperiyasının köləliyindən xilas edəcəyini düşünərək, qarşı tərəfə keçib. Rohinca isə Böyük Britaniyanın onlara müstəqillik veriləcəyi haqda vədinə inanaraq, britaniyalıları dəstəkləyib. Nəticədə, hər iki tərəf bir-birinə qarşı keçirilən qanlı əməliyyatlarda iştirak edib.

Birma ordusu 1941-ci ildə general Aun San (Aun San Su Çjinin atası) tərəfindən yaponların dəstəyilə yaradılıb, müharibənin sonunda isə britaniyalılarla ittifaq qurub. 1947-ci ildə general Böyük Britaniya ilə Birmaya müstəqillik verilməsinə dair danışıqlara başlayıb. Eyni vaxtda o, vahid dövlətin qurulması üçün milli qruplaşmaların rəhbərlərilə də müzakirələrə start verib. 1947-ci ilin iyulunda general Aun San sui-qəsd nəticəsində dünyasını dəyişib.

1946-1947-ci illərdə rohinca Britaniya Hindistanının parçalanması nəticəsində yaradılmış Pakistan rəhbərliyinə müraciət edərək, Arakanın şimal hissəsinin Pakistanın Şərqi Benqal əyalətinə (gələcəkdə Banqladeş) birləşdirilməsini istəyib. Lakin istəyinə müsbət cavab almayıb.

1948-ci ildə elan olunmuş müstəqillikdən sonra Birmanın bir-birini əvəzləyən hərbi rejimləri rohincanıni hər hansı vətəndaş hüququnu tanımaqdan qəti şəkildə imtina edib. Onları gəlmə əhali sayıblar və sayırlar. Hesab edirlər ki, rohinca 18-ci əsrdə Britaniya müstəmləkəçiləri tərəfindən Arakana ucuz işçi qüvvəsi kimi gətirilib.

1982-ci ildə qəbul edilmiş vətəndaşlıq haqqında qanun Myanmada yaşayan bütün 130 etnosa, həmçinin müsəlmanlara şamil olunsa da, rohincaya aid edilməyib. Onların bu etnos adında yaşama haqqı tanınmayıb. Üstəlik, bəyan olunub ki, onların istənilən nümayəndəsi sənədlərlə üçüncü nəslə aid olduğunu sübuta yetirərsə, «benqal» kimi vətəndaşlıq alacaq və ölkənin digər hissəsinə, Arakandan uzağa köçürüləcək.

Ucqarda, sivilizasiyadan uzaqda yerləşən kəndin bitib-tükənmək bilməyən müharibələrdən, məhrumiyyətlərdən keçmiş sakininin 3 nəsli təsdiqləyəcək lazımi sənədlərə malik olmasını təsəvvür belə, etmək çətindir. Belələri olsa da, nadir halda olur. Onlarında heç də hamısı hökumətlə razılığa getmək istəmir. Bəzisi etnosuna bağlı olduğundan, bəzisi yaraqlılardan ehtiyatlandığından.

 

Bitmək bilməyən vətəndaş müharibəsi

Lakin Myanma rəhbərliyinin problemi yalnız rohinca ilə bağlı deyil. Ölkə yaranandan bəri onun bir çox hissəsində vətəndaş müharibəsi bitmək bilmir. Orada hətta rəsmi hakimiyyətin nəzarətində olmayan Şan, Va, Kokan, Karen vilayəti və s. kimi kvazi-dövlətlər də var.

2015-ci ildə Myanma ordusu Kokan ərazisində genişmiqyaslı hərbi əməliyyatlar keçirib. Bu bölgənin sakinləri olan etnik çinlilərə qarşı aviasiyadan və böyük kalibrli artilleriyadan da istifadə olunub. Qeyd edək ki, onlar tərəfindən də hökumət qüvvələrinə qarşı ölkənin bir neçə etnik qrupuna aid qanunsuz silahlı birləşmələr döyüşüb. Söhbət həm də hakimiyyətin hazırda Banqladeşlə sərhəddə baş qaldırmış münaqişəni qızışdırmaqda günahlandırdığı «Arakan rohincasının xilası ordusu» qruplaşmasından gedirdi. Müharibə hökuməti qane etməyən razılaşmanın əldə olunması ilə başa çatıb.

2016-cı ilin noyabrında, artıq Aun San Su Çji hökumətinin dövründə Şan ştatının şimal-şərqində də ciddi hərbi toqquşmalar baş verib. Buradakı toqquşmada da «Şimal qardaşlığı» ittifaqını yaratmıq həmin separatçı qruplaşmalar iştirak edib.

Avqustun 25-dən hərbi əməliyyatlara Arakan ştatında başlanılıb. «Amnesty International» bildirir ki, bu əməliyyatlar «məhkəmə hökmü olmadan edamlarla, zorakılıqlarla, yaşayış məntəqələrinin atəşə tutulması, əraziyə humantar yardımın çatdırılmasının əngəllənməsi halları ildə müşayiət olunur».

Sentyabrın 10-da «Arakan rohincasının xilası ordusu» 1 ay müddətinə atəşkəs elan edib və hökumət qüvvələrindən də eyni addımın atılmasını istəyib. Myanma rəhbərliyi isə təklifi rədd edib. «Bizim siyasətimiz terrorçularla danışıqları nəzərdə tutmur», - dnyə Myanmanın dövlət katibinin nümayəndəsi bildirib.

 

Hüquq müdafiəçisi iqtidarda

Bəs Nobel sülh mükafatı laureatı olan Aun San Su Çji nədən belə edir? Məsələ ondadır ki, o, artıq müxalifətdə deyil. O, indi, hüquq müdafiəçisi də deyil. İndi vətəninin taleyinə, bütövlüyünə və çiçəklənməsinə görə məsuliyət onun çiyinlərindədir. Və xeyli yaşı olan bu gənc siyasətçi (iyulda Aun San Su Çjinin 72 yaşı tamam olub) əvvəlki əqidəsi ilə kompromisə getməli olub.

Etiraf etmək lazımdır ki, o, orhincanı «Banqladeşdən olan benqallar» yox, «Arakan müsəlmanları» adlandıran ilk liderdir. Lakin o da bu insanları «rohinca» etnosu kimi qəbul etmir. Ötən ilin avqustunda Sun San Su Çji Rakhayn ştatının problemləri ilə bağlı məşvərət komissiyası yaradıb və BMT-nin sabiq baş katibi Kofi Annana komissiyaya rəhbərlik etməsi ilə bağlı təklif ünvanlayıb. «Myanmar Times» yazırdı ki, komissiya Arakan ştatındakı münaqişənin həlli üçün dövlət katibinin əsas məşvərət orqanı olacaq və hökumətə problemin həlli üçün ən doğru siyasi yolun müəyyənləşməsində kömək edəcək.

Lakin hələlik Aun San Su Çiji Myanma ordusunun Arakanda, Şanda və ölkənin digər qaynar nöqtələrində cəza əməliyyatlarını davam etdirir. Biryandan bu, ölkə əhalisinin böyük əksəriyyətinin, demək, onun elektoratının bu əməliyyatları dəstəkləməsi ilə bağlıdır. İkincisi və ən əsası isə o, ölkəsində real hakimiyət rıçaqlarına malik deyil və hərbçilərlə necəsə razılığa getməlidir.

 

Konstitusiya uğrunda mübarizə

2011-ci ildə hakimiyyəti formal olaraq mülki şəxslərə ötürmüş ordu ölkənin idarə olunmasında bütün rıçaqları öz əlində saxlayır. Ölkənin ilk prezidenti, hətta istefada olan general Teyn Seyn, yəni, Ali Baş Komandanın əlaltısı idi. 2015-ci ildə keçirilmiş seçkidə Aun San Su Çji qalib gəlsə də, hərbçilər bundan o qədər də məyus olmayıb.

Ölkənin yeni prezidenti Aun San Su Çjinin partiyadaşı Txin Çjodur. Aun San Su Çji isə şəxsən onun üçün yaradılmış xüsusi vəzifəyə - dövlət müşaviri postuna yiyələnib. Məsələ ondadır ki, o, Konstitusiyaya əsasən, ölkə prezident iola bilməz. Səbəb, övladlarının Britaniya vətəndaşı olmasıdır.

İndi, Aun San Su Çjinin əsas məqsədi 2011-ci ildə qəbul edilmiş Konstitusiyanın dəyişdirilməsidir. Məhz bu Konstitusiyaya əsasən, ölkədə bütün hakimiyyət rıçaqları ordunun əlində cəmləşib. Hətta parlamentə səslərin 75%-nə malik «Demokratiya uğrunda milli liqa» belə, hər hansı qərarı Ali Baş Komandanın təyin etdiyi 25%-in razılığı olmadan qəbul edə bilmir. Müdafiə, daxili işlər və sərhədlər üzrə nazirlərin formal olaraq təsdiqlənməsi üçün namizədləri də prezidentə onlar təqdim edir.

Konstitusiyaya görə, onun qarantının ordu olduğunu, məhz ordunun ölkənin ərazi bütövlüyü və suverenliyinə görə məsuliyyət daşıdığını, demək, yəqin ki, artıq olar. Elə bu səbəbdəndir ki, müəyyən şəraitdə ordu hakimiyyəti tam ələ götürə bilir.

Və Aun San Su Çjinin ilk ciddi xətası. Parlamentin təcrübəsizliyi üzündən ölkənin iki vitse-prezidentindən «daha böyüyü» istefada olan general Min Sve olub. Konstitusiyaya əsasən, hər hansı qeyri-adi hallarda prezidentin səlahiyyətlərini məhz o öz üzərinə götürə bilər.

Üstəlik, ölkənin sənaye və maliyyə elitası hərbi rejimin mövcud olduğu uzun illər ərzində hərbi dairələrlə sıx əlaqə qurub.

Beləliklə, Myanmanın müasir tarixinin ilk əsl mülki hakimiyyəti qarşısında belə ciddi problemlər var. Aun San Su Çji isə xəbərdarlıq da alıb - onun yaxın silahdaşı, müsəlman hüquqşünas və hüquq müdafiəçisi Ko Ni bu ilin yanvarında qətlə yetirilib. Yəqin ki, bir müddət əvvəl ordunun səlahiyyətlərinin məhdudlaşdırılması üçün konkret təkliflərlə çıxış etdiyi üçün.

 

Xüsusi yanaşma

Aun San Su Çji qələbədən dərhal sonra «XXI əsrin Panlon konfransı»nın (1947-ci ildə atasının təşkil etdiyi forumun anoloqu) keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, hesab edirdi ki, bu konfransda Myanmada yaşayan müxtəlif etnosların nümayəndələri bütün milli azlıqların maraqlarının nəzərə alınacağı dövlət quruluşu sistemi hazırlana bilərdi.

2 belə konfrans da keçirilib - ötən ilin sentyabrında və bu ilin mayında. Toplantılarda hakimiyyətin səlahiyyətlərinin tam desantralizasiyası şərtilə demokratik federativ dövlətin yaradılması ideyası dəstəklənib. Lakin hələlik desantralizasiyanın səviyyəsilə bağlı vahid mövqe olmadığından müzakirələr davam etdirilir. Minimal hədəf etnik hərbi qruplaşmaları Atəşkəs rejimi haqda ümumilli razılaşmanı imzalamağa razı salmaqdır.

Lakin bu forumda rohinca xalqının taleyi müzakirə edilməyib. Onlarla danışıqlar masasına hələ də nə mülki, nə də hərbi rəhbərlik əyləşməyə hazırdır. Hələlik prinsip əvvəlki kimi qalır - rohinca yoxdursa (Myanmada), problem də yoxdur.

Myanma rəhbərliyinin BMT-nin baş katibi Antoniu Qutyerrişin rohincaya vətəndaşlıq, yaxud «onların normal yaşayışını təmini edəcək» müvəqqəti hüquqi status verilməsi çağırışına əməl edib-etməyəcəyini yaxın gələcək göstərəcək.



MƏSLƏHƏT GÖR:

371