28 Mart 2024

Cümə axşamı, 17:48

ERKƏN VİDA

Azərbaycan şahmatçıları Dünya Kubokunun əvvəlində məğlub olsalar da, güclərini sonrakı turnirlərə saxlayıblar

Müəllif:

01.10.2017

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Dünya Kuboku Azərbaycan təmsilçiləri üçün iki mərhələdən ibarət oldu. Ölkəmizi mötəbər yarışda təmsil edən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov artıq 1/32 final mərhələsində uduzmaqla hamını təəccübləndirdi.

Əslində, şahmat üzrə Dünya Kuboku həmişə sürprizlərlə zəngin olur. Bəzi iddialı qrossmeysterlər FİDE-nin qaydalarına əsasən məcburi olaraq bu yarışda çıxış edir və erkən mərhələdə uduzmaqla mübarizəni dayandırır. Müxtəlif qitədən 128 şahmatçının iştirak etdiyi turnirdə finala qədər yarışmaq çox çətindir. Sıx qrafik şahmatçılardan yüksək fiziki hazırlıqla yanaşı, həm də layiqli oyun tələb edir. Bu mənada Tiflisdəki Dünya Kubokunda sürprizlər az olmadı. Sabiq dünya çempionu Vladimir Kramnik, planetin ən güclü şahmatçısı Maqnus Karlsen, hindistanlı dünya çempionu Vişvanatan Anand yarışı əvvəlki mərhələlərdə tərk etdilər.

Azərbaycan şahmatçılarına gəlincə, Şəhriyar Məmmədyarov debütdə Çin təmsilçisi Li Quandcunu üstələdi. İlk görüşdə qələbə qazanan Sumqayıt şahmat məktəbinin yetirməsi ikinci partiyada heç-heçə oynamaqla 1.5-0.5 hesabıyla növbəti mərhələyə adladı. Burada onu Ukrayna şahmatçısı Yuri Kuzubov gözləyirdi. Həm təcrübə, həm də reytinqə görə rəqibini üstələyən Məmmədyarov baş tutan hər iki partiyada heç-heçə oynadı. Bununla da, qalib tay-brekdə müəyyənləşməli oldu. Həlledici məqamda məğlub olan Şəhriyar Dünya Kubokuyla vidalaşdı.

Məmmədyarovun erkən məğlubiyyətinə çoxlu sayda səbəb göstərmək olar. Cari mövsüm sıx qrafiklə çıxış edən Şəhriyarın yorğun olması normal qarşılanmalıdır. Bu il Şəmkirdə baş tutan Vüqar Həşimov Memorialı, FİDE Qran-prisinin iki mərhələsində iştirak edən Şəhriyar, demək olar, bütün yarışlarda yüksək performans nümayiş etdirib. Adıçəkilən turnirlərdə qələbə qazanan təmsilçimiz iddiaçıların turnirində iştirak etməyə əsas namizəd hesab olunur. Ona görə Dünya Kubokunda məğlubiyyət idmançımızın planlarını pozmadı. Qeyd edək ki, oktyabrda klubların Avropa Kubokunda iştirak edəcək Şəhriyar ardınca Avropa Çempionatında Azərbaycan millisinin şərəfini qoruyacaq.

Teymur Rəcəbov ilk mərhələdə Farer adalarının təmsilçisi Helqi Ziskunu mübarizədən kənarlaşdırdı 1.5-0.5. Ardınca Rusiya şahmatçısı Vladislav Artemyevlə qarşılaşan həmyerlimiz hər iki görüşdə heç-heçə oynamaqla duelin taleyini tay-brekə daşıdı. Burada bir səhvə görə uduzan Teymur Dünya Kubokunu tərk etdi.

Əksəriyyət Teymur Rəcəbovdan daha yüksək nəticə gözləyirdi. Çünki FİDE-nin son Qran-pri turnirində qələbə qazanan qrossmeyster hazırda yaxşı formadadır. Sadəcə, Dünya Kubokunun sıx qrafiklə keçirilməsi Rəcəbovu bütün gücünü növbəti yarışlara saxlamağa məcbur edib. Hazırda Qran-pri üzrə yüksək reytinqə malik şahmatçımız noyabrda baş tutacaq  İspaniyadakı son mərhələdə ilk iki yerdən birini tutmaqla iddiaçılar turnirində iştirakını təsdiqləyəcək.

Teymur Rəcəbov Dünya Kubokunu erkən tərk etməsini belə izah edir: “Uduzmaq həmişə pis təsir edir. Amma etiraf etməliyəm ki, rəqib qələbəyə layiq oynadı. Tay-brekdə sürətli oynamaq tələb olunur. Bir səhv nəticəni müəyyənləşdirir. Səhvi sonradan sığortalamaq mümkün olmur. Ona görə tay-brekdə uduzmaqla Dünya Kubokunu tərk etdim”.

Beləliklə, 2019-cu ildə Azərbaycan şahmatçılarını Avropa Çempionlar Kuboku, komandalar arasında Avropa Çempionatı və FİDE Qran-prisinin son mərhələsi gözləyir. Klubların Avropa Çempionlar Kubokunda Şəhriyar Məmmədyarov Rusiyanın “Sibir” komandasında çıxış edəcək. Teymur Rəcəbov Qran-priyə hazırlaşacağından Türkiyədəki yarışa yollanmayacaq. Ənənəyə uyğun olaraq, Azərbaycan həm kişilər, həm qadınların yarışında təmsil olunacaq. Sadəcə kişilərin turnirində “SOCAR-Azerbaijan” komandası iddialı olmayacaq. Azərbaycan şahmatçılarından ibarət olacaq klubun yüksək yerlər uğrunda mübarizə aparacağına ümid bəslənilir.

Noyabrda əsas yarış Avropa Çempionatı hesab olunur. Kişilərdən ibarət Azərbaycan millisi iki dəfə qitə çempionu olduğu üçün bu dəfə də favoritlərin sırasındadır. Sadəcə hazırda komandanın mötəbər yarışa kimin rəhbərliyi altında yollanacağı sual altındadır. Bakı Şahmat Olimpiadasından sonra kapitansız qalan Azərbaycan millisində hələ də təyinat reallaşmayıb.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası 2018-ci ildə keçiriləcək dünya çempionluğuna iddiaçıların turnirinin Almaniyada baş tutacağını bəyan edib. Bakının da namizəd kimi göstərildiyi yarış gələn ilin martında Berlində təşkil olunacaq. Qaydalara əsasən mötəbər yarışda dünyanın ən güclü 8 şahmatçısı iştirak edəcək. Turnirin qalibi şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. Hazırkı vəziyyətə görə Azərbaycan şahmatçılarından həm Şəhriyar Məmmədyarov, həm də Teymur Rəcəbovun bu yarışda iştirakı real görünür. Məmmədyarov, demək olar ki, iştirakını rəsmiləşdirməyə çox yaxındır. Rəcəbov isə iddiaçılara vəsiqə qazanmaq üçün Qran-prinin son mərhələsində yüksək nəticə göstərməlidir.


MƏSLƏHƏT GÖR:

369