29 Mart 2024

Cümə, 14:06

BAKI FİNALI

Azərbaycan paytaxtında yerləşən Bakı Olimpiya Stadionu futbol üzrə Avropa Liqasının finalına ev sahibliyi edəcək

Müəllif:

01.10.2017

Uzun illər Azərbaycan azarkeşi Avropanın nüfuzlu klub turnirlərinin final matçının Bakıda təşkil olunmasını arzulayırdı. Həmişə bütün dünyada maraqla izlənilən Çempionlar Liqası və Avropa Liqasının final matçının paytaxtımızda təşkilini istəmişik. Və budur, arzular reallaşdı. UEFA 2018-2019 mövsümündə qitənin ikinci ən nüfuzlu klub turniri Avropa Liqasının final matçını Azərbaycana həvalə etdi.

Ölkəmiz üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. Bir sıra vacib məsələlərin müzakirəsini aparan komitə üzvləri 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına hansı stadionların ev sahibliyi edəcəyini də müəyyənləşdirib. Cari ilin fevralın 2-də AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqasının final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun (BOS) namizədliyini irəli sürdü. İlkin mərhələdə ÇL-in həlledici oyununa ev sahibliyi etməyə 2 - BOS və "Vanda Metropolitano" (Madrid, İspaniya), Avroliqanın finalını keçirmək üçün isə 7 - BOS, Qlazqodakı “Hampden Park” (Şotlandiya), Sevilyadakı “Roman Sançes Pisxuan” (İspaniya), Tiflisdəki “Dinamo Arena” (Gürcüstan), İstanbuldakı “Vodafon Arena” (Türkiyə), Almaniyanın iki şəhərində – Ştutqart və Frankfurtdakı eyniadlı stadionlar da namizədlər siyahısında idi. Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş assosiasiyalara "Sifariş kitabı"nı təqdim etmək üçün iyunun 6-na qədər vaxt verib. "Sifariş kitabı"nı təqdim edən assosiasiyalardan ÇL üçün BOS və "Vanda Metropolitano"nun, AL üçün isə BOS, "Roman Sançes Pisxuan" və “Vodafon Arena”nın namizədliyi qeydə alınıb. Onu da xatırladaq ki, AFFA tərəfindən hər iki turnir üçün ayrı-ayrı "Sifariş kitabı" və videoçarx hazırlanıb. "Sifariş kitabı"nda müxtəlif mövzular əhatə olunub və "final qarşılaşması niyə Bakıda keçirilməlidi" sualına aydınlıq gətirilib. Belə ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən 17 yaşadək qızların Dünya Çempionatı (2012), futzal üzrə “dördlər finalı” (2014), U-17-lərin Avropa Çempionatı (2016) zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Olimpiya Stadionunda keçirilmiş qarşılaşmanı 33 min azarkeş izləyib. Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının varlığı, futbola marağın böyük olduğunun göstəricisi kimi qeyd olunub. Eyni zamanda "Sifariş kitabı" hazırlanan zaman dövlət qurumları tərəfindən təminat məktubları alınıb və UEFA-ya təqdim edilib, hotellər, yol infrastrukturu, hava limanı, məşq meydançaları, yarışı qəbul etməyə iddialı olan Bakı Olimpiya Stadionu haqda qitənin ali futbol qurumunun rəhbərliyinə ətraflı məlumat verilib. Qeyd edilib ki, BOS qalib elan edilərsə, bu təkcə Azərbaycanda yox, bölgədə futbola marağın artmasına təkan verəcək, yaxın ərazilərdə yerləşən ölkələrdən minlərlə azarkeş oyunu izləmək üçün Bakıya səfər edəcək. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi təqdimat olub, UEFA və AFFA rəhbərliyinin görüşü keçirilib, qitə futbol qurumunun İcraiyyə Komitəsinin namizəd stadionların imkanlarını obyektiv şəkildə araşdıracağına əminlik ifadə edilib.

Nəhayət, Nyonda baş tutan iclasda final qarşılaşmalarını qəbul edəcək stadionların adları açıqlandı. Qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, bir sıra tədbirlərin açılış və bağlanış mərasimlərinə evsahibliyi etmiş BOS iki il sonra keçiriləcək Avropa Liqasının final oyununu qəbul edəcək. Həmin il ÇL-in son qarşılaşması isə "Vanda Metropolitano"da reallaşacaq. Bu turnirlərin qalibi isə "Vodafon Arena"da üz-üzə gələcək. İstanbul digər namizədlər Tirana, Tuluza, Hayfa, Astana, Belfast və Qdanskı üstələyərək, daha çox səs toplayıb. Maraqlıdır ki, səsvermədən bir gün əvvəl İspaniya qəzetləri Madriddəki stadionun UEFA-nın tələblərinə cavab vermədiyini yazmış və bu üzdən hər kəsdə ÇL-in finalının Bakıda təşkilinə inam oyanmışdı. Lakin sonda Bakıya Avroliqanın finalı həvalə olundu.

UEFA-nın qərarı əslində normal qəbul edilməlidir. Avropa futboluna rəhbərlik edən təşkilat, adətən, istənilən şəhərə əvvəlcə Avroliqa, bir neçə il sonra isə Çempionlar Liqasının finalını etibar edir. Çünki ÇL-dən sonra Avroliqanı keçirmək istəyən olmur. Digər tərəfdən 2018-ci ildə də ÇL-in final görüşünün postsovet məkanı ölkəsində, daha dəqiqi, Kiyevdə keçiriləcəyini nəzərə alsaq, hər şey aydın olar. ÇL-in finalının ardıcıl iki il sabiq SSRİ respublikalarına verilməsi inandırıcı deyildi. Düzdür, ÇL-in həlledici oyununun təşkilində yalnız bir rəqib vardı. Ancaq UEFA-nın birdən-birə belə önəmli turnirin finalının Bakıda keçirilməsinə razılıq verəcəyi bir qədər çətin görünürdü. Özü də son vaxtlar qitənin ən nüfuzlu klub turnirində rəqib tanımayan ispanlarla yolumuz kəsişdiyindən, işlər bir qədər də qəliz idi. Bu cür oyunlara ev sahibliyi etmək baxımından da qarşı tərəf daha təcrübəlidir. Ona görə də “Vanda Metropolitano” stadionunun BOS-dan daha şanslı olduğunu söyləməliyik.

Əslində, Bakıda AL-in finalının keçirilmə variantı daha real görünürdü. Baxmayaraq ki, rəqiblər daha çox idi. Lakin istər klublarımızın Avroliqadakı çıxışı, həmçinin bu yarışın ÇL-lə müqayisədəki nüfuzu paytaxtımızın şansını artırırdı. Qitənin ikinci dərəcəli klub turnirini həlledici oyununun Bakıya həvalə olunması müsbət haldır. Bu, həm də ən güclülərin final matçına ev sahibliyinə doğru önəmli addımdır. Hər halda, 2019-cu ildə AL-in finalının, növbəti il isə AÇ-nin oyunlarının Bakıda keçirilməsi ölkə futbolu adına sevindirici məqamdır. Təkcə finalın 120 ölkədə canlı yayımlanmasını xatırlasaq, bu matçın Azərbaycan üçün böyük təbliğat olacağını deməyə əsas verir.

Artıq UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının tarixlərini açıqlayıb. Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov “R+”a açıqlamasında 2019-cu ildə UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsini böyük uğur adlandırıb. Federasiya rəsmisi bu qərarın ölkədə futbolun inkişafına təkan olacağını deyib: "İlk növbədə, Azərbaycan futbol ailəsini təbrik edirəm. Avroliqanın final matçının ölkəmizə həvalə olunması böyük uğurdur, nailiyyətdir. Avroliqa qitənin ikinci ən önəmli klub yarışıdır. Bildiyiniz kimi, belə mötəbər oyunların evsahibliyinə nail olmaq asan deyil. UEFA tərəfindən həmişə olduğu kimi tender elan olunmuşdur. Tenderin sənədlərinə uyğun olaraq son 14 ay ərzində AFFA rəhbərliyi dövlət təşkilatlarıyla birlikdə bütün məsələləri düzgün, peşəkar olaraq icra etməyə çalışırdı.

İyunun 6-da bütün sənədlər UEFA-ya göndərildi. Sentyabrda isə AFFA-nın prezidenti Rövnəq Abdullayev İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiyanı UEFA prezidenti Aleksandr Çeferinə təqdim etdi. Çempionlar Liqasının final matçı uğrunda mübarizədə rəqibimiz Madrid şəhəri idi. Avroliqanın həlledici görüşünü təşkil etməkdə isə Bakı İstanbul və Sevilyaya rəqib olmuşdu. Sevindirici haldır ki, UEFA İcraiyyə Komitəsinin üzvləri Avroliqanın final matçını təşkil etmək uğrunda mübarizədə Bakını dəstəklədilər. 

 

Bu işdə bizə dəstək olan dövlət təşkilatlarına təşəkkür etmək istərdim. Azərbaycan dövlətinin dəstəyi olmasaydı, biz Avroliqanın finalını Bakıya gətirə bilməzdik. Çünki UEFA-nın ilk şərtlərindən biri dövlətin belə mötəbər matçın keçirilməsinə dəstək olmasıdır. Avroliqanın final görüşünün Bakıya həvalə olunması həm də UEFA-nın dövlətimizə, federasiyamıza etimadıdır. Avroliqanın final görüşü təkcə qitədə deyil, dünyanın əksər ölkələrində canlı yayımlanır. Bu oyunu izləmək üçün Azərbaycan paytaxtına futbol ictimaiyyətinin tanınmış simaları, çoxlu sayda azarkeşlər və turistlər gələcək. Final matçının yüksək səviyyədə təşkil olunacağına, əsl futbol bayramı kimi yadda qalacağına inanırıq. Qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi Bakıda məlum olacaq. Bu, Azərbaycan üçün böyük idman hadisəsidir".

Çempionlar Liqasının final görüşü Bakıda dörd ildən tez reallaşmayacaq. Yəni Azərbaycan ən tezi 2021-ci ildə baş tutacaq ÇL-in finalına iddialı ola bilər. Çünki 2020-ci il Avropa Çempionatının keçiriləcəyi 13 şəhərdə 2019-2020-ci il mövsümünün Avrokubok finalı keçirilməyəcək. Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Çempionlar Liqası və Avropa Liqasının həlledici qarşılaşmalarını digər ölkələrin təşkil etməsinə imkan yaratmaq istəyi göstərilib. Digər tərəfdən 13 şəhər AVRO-2020 öncəsi əlavə təzyiqlə üzləşməyəcəklər. Lakin bu qərar UEFA Super Kubokuna şamil olunmayacaq. Qeyd edək ki, AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Bunlar Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərləridir.


MƏSLƏHƏT GÖR:

413