18 Aprel 2024

Cümə axşamı, 22:29

QARŞILIQLI MARAQ

Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyni qeyd edirlər

Müəllif:

01.10.2017

"Əl əli yuyar, əl də üzü" - bu məşhur ifadə müasir dünyada iqtisadi münasibətləri düşündüyümüzdən də yaxşı səciyyələndirir. Qarşılıqlı maraqları təmin etmək, mənfəət əldə etmək - istənilən iqtisadi əlaqələrdə işgüzar "dostluğun" əsasını təşkil edir. Lakin, üstəlik, bu, həm də əsl "dostluq"dursa, onda mütləq yardımlaşma və qarşılıqlı dəstəyi də təmin edir.

Elə müstəqil Azərbaycanın iri beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı ilə münasibətləri də, təxminən, belə bir prinsip üzrə qurulub. Artıq 25 ildir ki, qarşılıqlı dostluq münasibətləri davam edir və bu, bütünlüklə hər iki tərəfi qane edir. Əks halda, əməkdaşlığın 25 illiyi bu cür təntənə ilə qeyd edilməzdi. Bu günlərdə Bakıda keçirilən təntənələrdə ölkə hökumətinin rəhbər şəxsləri və Dünya Bankının rəhbərliyi iştirak edirdi.

 

Qarşılıqlı razılıq

Azərbaycan və Dünya Bankının qarşılıqlı münasibətlərinin uğurlu olmasının kökündə qarşılıqlı fayda durur. Bəli, bank müstəqilliyin ilk illərində ölkəyə yetərincə güclü kömək edib, indi həyata keçirilən layihələr də çox vacibdir, amma Azərbaycan da "borclu qalmayıb."  

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Siril Müller Bakıda çıxışında bildirib ki, 25 il ərzində Azərbaycan onların nəzarət etdiyi regionda ən böyük artım göstərən ölkədir. Ən əsası odur ki, bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 10%-dən aşağı düşüb. "Dünya Bankı fəxr edir ki, 25 ildə Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə aidiyyatı var", - deyə S.Müller bildirib.

25 il ərzində Dünya Bankından Azərbaycana ayrılan vəsaitlərin ümumi həcmi 3,5 mlrd. $-a çatıb. Bunun hesabına 50-dən çox layihə həyata keçirilib və həyata keçirilməkdə davam edir. Hazırda Azərbaycanda Dünya Bankı toplam 1,4 milyard dollar dəyərində 10 layihə həyata keçirir. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 56 layihənin həyata keçirilməsi üçün ölkəyə 470 milyon $ məbləğində kredit təqdim edib.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun sözlərinə görə, Dünya Bankının Azərbaycan portfeli MDB üzrə ən böyüklərdən biridir. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə əlavə edib ki, Dünya Bankı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində ölkə tamamilə liberal bazara keçidi gerçəkləşdirə bilib.

Etiraf edilməlidir ki, heç də bütün beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqələr rəvan inkişaf etmir, bəzən mətbuatda problemlər haqqında məlumatlar verilir. Lakin ədalət naminə demək lazımdır ki, Dünya Bankı ilə bağlı hər hansı bir "böyük" narazılıq olmayıb, yalnız danışıqlarla həll edilən işgüzar məqamlar olub.  

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, əməkdaşlıq etdiyimiz bu illər ərzində hökumət DB-nin hər hansı bir qeyri-peşəkar işçisi ilə rastlaşmayıb, bütün missiyalar mütəxəssislərdən və öz işinin əsl peşəkarlarından ibarət olub. Bunun hesabına tərəflər arasında əməkdaşlığın elə effektiv mexanizmləri işlənib ki, Dünya Bankı sonradan bunu digər ölkələrdə istifadə edə bilib.  

Yeri gəlmişkən, DB və Azərbaycanın bu cür uzun dostluqdan qarşılıqlı məmnuniyyətini tərəflərin əməkdaşlığın 25 illiyinə həsr olunmuş yeni poçt markası təqdim etməsi də nümayiş etdirdi.

 

Milyard dollar yardım

Dünya Bankı ilə dostluq Azərbaycan üçün nə dərəcədə dəyərlidir? Ən vacibi odur ki, bank Azərbaycanın çətin dövrlərində ölkə üçün ictimai baxımdan vacib olan və

çox pul tələb edən layihələrə kredit verib. Məsələn, Dünya Bankının dəstəyi ilə Şirvanşahlar sarayı, Şəki Xan sarayı, Naxçıvanda Möminə Xatun məqbərəsi və Qarabağlar türbəsi kimi mədəniyyət abidələri bərpa edilib.

Bundan əlavə, Əli Həsənov bildirib ki, əməkdaşlığın əvvəlindən DB Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə 170 milyon $-a qədər vəsait ayırıb, bu vəsaitlərlə 910 infrastruktur mikrolayihəsi həyata keçirilib. Bundan əlavə, Dünya Bankı orta məktəblərə müasir dərsliklərin hazırlanmasına, tədrisin yeni metodlarına, imtahanların keçirilməsinə və tələbələrin nailiyyətlərinin qiymətləndirilməsinə kömək edərək təhsil proqramlarını dəstəkləyib.  

Səhiyyə sahəsində Dünya Bankının vəsaitləri ilə Şəkidə və Ağdaşda iki yeni xəstəxana tikilib, 10-dan artıq tibb müəssisəsi təmir edilib, bütünlükdə tibbi xidmətlərin səmərəliliyinin artırılmasına dəstək verilib. Məhz Dünya Bankının dəstəyi ilə hökumət 2005-ci ildə "Pensiya" haqqında yeni qanun hazırlayıb və 2006-cı ildə sosial yardım proqramı qəbul edib.  

Ətraf mühit məsələlərinə də xüsusi diqqət yetirilir. Bu baxımdan, "Bərk məişət tullantılarının idarə edilməsi üzrə vahid sistem"in icrası artıq başa çatdırılır. Bu çərçivədə Balaxanı poliqonunun bərpası, bərk məişət tullantılarının zərərsizləşdirilməsi gerçəkləşdirilib.  

"Bu layihə Dünya Bankının xüsusi mükafatını alıb", - deyə Şahin Mustafayev bildirib. O, əlavə edib ki, Azərbaycan hökuməti bərk tullantıların idarə olunması sisteminin bütün ölkə üzrə genişləndirilməsində və bu istiqamətdə Dünya Bankı gələcək əməkdaşlıqda maraqlıdır.

Xatırladaq ki, bu layihəyə Dünya Bankı ilk başdan 29,5 mln. $ kredit ayırmışdı, qalan 11,5 mln. $ vəsaiti ölkə hökuməti əlavə etmişdi. 2013-cü ilin iyun ayında Dünya Bankı bu layihə üçün Azərbaycana əlavə olaraq 47,1 mln. $ məbləğində kredit ayrılmasına qərar verib, daha 8 milyon $ vəsaiti isə hökumət ayırıb.  

DB-nin 1,8 milyard dollardan artıq sərmayəsi Azərbaycanın nəqliyyat sektoruna yatırılıb, Şərq-Qərb nəqliyyat dəhlizinin və əsas yolların təkmilləşdirilməsinə yönəldilib.  

Başqa bir böyük proqram - "Azərbaycanın kənd sərmayələri"dir (AzRIP), layihə çərçivəsində kənd yerlərində infrastrukturun yaradılması və fermerlərin gəlirlərinin artırılması üçün tədbirlər görülüb.  

Ümumilikdə, AzRIP layihəsinin iki mərhələsinə 100 milyon dollar ayrılıb. Layihə nəticəsində Azərbaycanda, təxminən, 1,5 milyon kənd əhalisi infrastruktur və sosial xidmətlərə daha geniş çıxış əldə edəcək. İndi bank və hökumət proqramın üçüncü mərhələsi barədə danışıqlar aparırlar.

Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının iki böyük sektoru - maliyyə və enerji sektorları da diqqətdən kənarda qalmayıb. Birincidə Dünya Bankı qanunvericilik bazasının formalaşdırılmasında, qiymətli kağızlar bazarının tənzimlənməsində, yeni listinq prosedurlarının hazırlanmasında və s.-də fəal iştirak edib.  

Dünya Bankı həm də Azərbaycan üçün çox vacib olan Dövlət Neft Fondunun yaradılmasını dəstəkləyib. Bu yaxınlarda Azərbaycan qazını Avropaya çatdıracaq TANAP qaz kəmərinin tikinti layihəsi üçün 400 milyon dollar həcmində kredit ayrılması qərarı təsdiqlənib.

 

Ardı var  

Yuxarıda göstərilənlər heç də Dünya Bankının Azərbaycandakı bütün layihələrini və proqramlarını tam əhatə etmir. Proses hələ gedir, hər il yeni hədəflər müzakirə olunur, əhəmiyyətli qərarlar qəbul edilir, vəsaitlər ayrılır. İndi də bankın ölkəyə dəstəyi xüsusilə vacibdir.  

Dünya Bankının vitse-prezidenti Siril Müllerin sözlərinə görə, son iki il düşən neft qiymətləri fonunda Azərbaycan iqtisadiyyatı üçün çətin keçib. "Hesab edirəm ki, hökumət bu şəraitdə lazım olan bütün addımları atıb", - deyə S.Müller vurğulayıb.

Eyni zamanda onun sözlərinə görə, Azərbaycan hazırda dörd əsas məsələni həll etməlidir. Bu, "institusional islahatların gücləndirilməsi və insan kapitalının inkişafı, biznes mühitinin yaxşılaşdırılması və maliyyə sektorunun dəstəklənməsi, əmək kadrlarının inkişafı, dövlət sektorunda şəffaflığın artırılmasıdır".

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının qarşısında duran yeni vəzifələrin həyata keçirilməsində Dünya Bankının yardımına ümid edir: "Bu, makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadi artımda yeni modellərin tətbiqi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, maliyyə sektorunun yenidən qurulmasının başa çatdırılması ilə bağlıdır."

S. Müller dərhal cavab verib və vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün əsas prioritetlər olmalıdır. "Biz öz tərəfimizdən yoxsulluğun azaldılması və Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirləri dəstəkləməyə hazırıq", - deyə bankın vitse-prezidenti bildirib.

Belə ki, əməkdaşlığın növbəti ildönümünə DB və Azərbaycanın birgə proqramlarının sayı açıq-aydın artacaq.



MƏSLƏHƏT GÖR:

387