19 Aprel 2024

Cümə, 10:27

SÖVDƏLƏŞMƏ İLƏ MÜHARİBƏ ARASINDA

İraqın şimalında keçirilən kürd referendumu daha bir regional gərginlik ocağının yaranmasına səbəb ola bilər

Müəllif:

01.10.2017

Qaynamaqda olan Yaxın Şərqdə yeni qanlı silahlı qarşıdurmaya yol aça biləcək hadisə yaşanıb. İraqın şimalında yerləşən kürd muxtariyyəti referendum keçirərək, müstəqilliyə qərar verib. Beləliklə, İraq dövlətinin ərazi bütövlüyü təhlükə altına düşüb.

 

«Müstəqil» Ərbil üçün problemlər

Sentyabrın 25-də keçirilmiş referenduma qatılmış 3,44 milyon insanın 90%-dən çoxu kürd muxtariyyətinə müstəqillik verilməsinin lehinə çıxıb. Üstəlik, səsvermədə yalnız rəsmən muxtariyyətə daxil olan Ərbil, Süleymaniyə və Dohuk əyalətlərinin əhalisi iştirak etməyib. Referendumda muxtariyyətdən kənarda yerləşən əyalətlərin, məsələn, Kərkük, Naynava, Səlahəddin kimi bölgələrin insanları da səs verib. Bundan başqa, İraqdan kənarda yaşayan kürdlər üçün onlayn səsvermə təşkil olunub. Lakin kürdlərin iradəsini ifadə etməsi prosedurunun incəlikləri o qədər də vacib deyil. Əsas odur ki, bununla vahid İraqın parçalanması prosesinə start verilib. İndi məsələ Bağdadın və İraqın ərazi bütövlüyünün qorunmasında maraqlı olan qüvvələrin buna müqavimət göstərə bilib-bilməyəcəyindədir.

Rəsmi Bağdad referendumu qeyri-leqal elan edib və bununla da, muxtariyyət rəhbərliyilə səsvermənin nəticələrinə dair danışıqlar aparmaq niyyətində olmadığını nümayiş etdirib. İraq parlamenti isə referendumda iştirak etmiş bütün kürd məmurların vəzifədən azad olunmasına səs verib. Parlamentarilər kürd muxtariyyətinin qonşularla sərhədlərinə nəzarətin Bağdada verilməsi tələbilə də çıxış edib, dünya ölkələrini neft sazişlərilə bağlı danışıqları yalnız İraq hökumətilə aparmağa səsləyib.

Bundan başqa, İraqın baş naziri Haydar əl-Abadi kürd muxtariyyətindən nəzarətində olan aeroport və sərhəd postlarını 72 saat ərzində mərkəzi hökumətə təhvil verməyi tələb edib. O, əks təqdirdə sərhədlərin və hava məkanının qapadılacağı hədəsi ilə çıxış da edib. Buna cavab olaraq, muxtariyyət rəhbəri Masud Bərzadi Bağdadı dialoqa, «referendumla əlaqədar, Kürdüstanın ünvanına hədələri dayandırmağa» çağırıb.

Bununla yanaşı, ərəb dövlətləri, BMT və bir sıra Qərb dövlətləri də kürdlərin referendumuna qarşı çıxıb. Rusiya da İraqın ərazi bütövlüyünü dəstəkləyib və «İraqdaxili problem»i dialoq yolu ilə həll etməyin vacibliyini bildirib. Məsələyə ən kəskin reaksiya Türkiyə və İrandan gəlib.

İslam respublikası Bərzani hökumətinin əməlini «qanunsuzluq» və «İraqın suverenliyinin, ərazi bütövlüyünün pozulması» kimi qiymətləndirib. İran hökuməti kürd muxtariyyəti ilə sərhədi, həmsərhəd ərazilərin hava məkanını bağlayıb, Ərbil və Süleymaniyə şəhərlərinə bütün reysləri ləğv edib.

Türkiyəyə gəlincə, o, kürdlərin referendumunu «separatçılıq» kimi qiymətləndirib. Ankara bəyan edib ki, bu addım «yalnız İraqda deyil, bütünlükdə regionda sülh və sabitliyə təhdiddir». Türkiyə referendumun nəticələrinin həyata keçirilməsini əngəlləmək əzmində olduğunu bildirir. Bunun göstəricilərindən biri Türkiyənin xarici dövlətlərə referendumun nəticələrinin tanınmaması ilə bağlı ünvanladığı müraciətdir. Türkiyə xüsusilə kürd muxtariyyətinin İraqdan ayrılaraq müstəqil olmasına açıq dəstək verən İsrailə mesaj verir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, bununla bağlı, deyib: «Referendumu kim dəstəkləyib? Onun nəticələrini kim tanıyır? Biri İsrail. Nə olsun? Kosovonu onlarla ölkə tanısa da, o, hələ də dövlətə çevrilə bilməyib. İsrailin tanımağı nə verəcək? Düşünürsünüz ki, referendum keçirdiz, hər şey həll olundu?»

Ərdoğan muxtariyyəti embarqolar və aclıqla hədələyib. «Biz sanksiyalara əl atan kimi, neft ventilini bağlayan kimi, sonunuz gələcək. Bununla da, bütün gəlirləriniz kəsiləcək. Yük maşınlarının Şimali İraqa hərəkəti dayanan kimi, orada yeməyə heç nə tapılmayacaq. İsrail onlara nə göndərəcək, necə göndərəcək? Buyursunlar, yoxlasınlar».

Qeyd edək ki, bütünlükdə İraq kimi, kürd muxtariyyəti də əsasən neft ixracı hesabına yaşayır. 2014-cü ilədək Bağdad Ərbilə 12 milyard dollaradək vəsait ayırıb. Bu, kürd muxtariyyətinin ümumi büdcəsinin, demək olar ki, 80%-dir. Lakin sonradan «qara qızıl»ın satışı ilə bağlı ziddiyyətlərin dərinləşməsi ilə İraq hökuməti muxtariyyətin maliyyələşdirilməsini dayandırıb və bununla da, sosial sahədə onlar üçün ciddi problemlər baş qaldırıb. Muxtariyyətin Bərzaninin başçılıq etdiyi hökuməti dərhal nəzarətində olan ərazilərin karbohidrogen ehtiyatlarını müstəqil şəkildə satmaq qərarına gəlib. Ərbil Bağdadın etirazlarına baxmayaraq, «kürd nefti»nin Türkiyənin Ceyhan limanına ixracına başlayıb. Maraqlıdır ki, Türkiyə kürd muxtariyyətinin bu əməlinə heç bir etiraz bildirməyib. Əksinə, son illərdə Ankara Ərbillə kifayət qədər mehriban münasibətlər qurub, hətta Bərzaninin terrorçu PKK-dan üz döndərməsinə nail olub. Bununla yanaşı, Ankara kürd muxtariyyətinin İraqdan ayrılması ideyasına hər zaman qəti etiraz edib. O, haqlı olaraq, bunda öz təhlükəsizliyi üçün ciddi təhdidlər görür. İraq kürdlərinin suverenləşməsinin bütünlükdə kürd hərəkatının birləşməsinə yol açacağına şübhə yoxdur. Demək, Türkiyəyə qarşı döyüşən ekstremist qüvvələr daha da fəallaşacaq. Üstəlik, söhbət heç də yalnız PKK-dan getmir yox, həm də «filial»larından gedir. Misal kimi, faktiki olaraq Ankaraya qarşı daha bir terror cəbhəsi yaratmış Suriyanın kürd təşkilatlarından gedir.

Ərdoğanın «hər hansı məsləhətləşmə aparmadan referendum keçirdiyi üçün» Məsud Bərzanini satqınlıqda ittiham etməsi də təəccüblü deyil. «Biz son anadək Bərzaninin belə səhv edəcəyini gözləmirdik. Görünür, yanılmışıq», - deyə Türkiyə prezidenti qeyd edib.

Ankaranın İraq Kürdüstanının iqtisadi blokadaya salınacağı haqda hədələri, əlbəttə ki, boş söz deyil. Üstəlik, Tehranın mövqeyi də Türkiyənin bu blokadanı İranla birlikdə həyata keçirə biləcəyini göstərir. Bu qərarın Ərbil üçün nəticələri, həqiqətən də, çox acınacaqlı ola bilər. Burada söhbət heç də yalnız əsas idxalçısı Türkiyə olan «kürd nefti»nin satışından getmir. Söhbət həm də İraq Kürdüstanının ərzaq sektorundan gedir. O, ərzaqla əsasən Türkiyə və İrandan tədarük olunan məhsullar hesabına təmin olunur. Odur ki, bu ölkələrlə sərhədlərin bağlanacağı təqdirdə, kürd muxtariyyətinin iqtisadiyyatını ciddi problemlər gözləyir. Üstəlik, onun dənizə çıxışı da yoxdur.

 

Ərdoğanın «variantları çoxdur»

Türkiyənin kürdlərin keçirdiyi referendumla bağlı mövqeyində daha bir məqam var ki, o, bütünlükdə Yaxın Şərqin təhlükəsizliyi üçün ciddi fəsadlar verə bilər. Ərdoğan birmənalı olaraq bildirib ki, Ankara iqtisadi tədbirlərlə yanaşı, Ərbilə təzyiq üçün hərbi vasitəyə də əl ata bilər. «Bizim variantlarımız çoxdur və onların hamısını nəzərdən keçiririk», - deyə prezident açıq şəkildə bildirib. O, İraq Kürdüstanı ərazisində hərbi əməliyyatlara başlayacaqlarını (istər havadan, istər qurudan) istisna etməyib.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın ərazi bütövlüyünün qorunması məsələsində Bağdada dəstək verməyə hazırdır. Bunun üçün iraqlıların Türkiyəyə müraciət etməsi kifayətdir. Bu perspektivin Türkiyənin baş naziri Binəli Yıldırımla iraqlı həmkarı Haydar əl-Abadi arasında sentyabrın 27-də baş tutmuş telefon danışığında müzakirə edildiyi istisna deyil. Çavuşoğlunun bəyanatına gəlincə, orada əsas diqqət kürdlərdən İraqın şimalında yaşayan etnik türkmənlərə gələn təhlükəyə yönəldilib. Türkiyə bunu da hərbi əməliyyatların başlanılması üçün əsas hesab edə bilər.

Bu yerdə rəsmi Ankaranın Kərkükün şəhər və əyalətlərinin kürdlərə mənsubluğunu tanımadığına dair dəfələrlə səsləndirdiyi bəyanatları yada salmaq lazımdır. Məsələ ondadır ki, həmin əyalətlərin əhalisinin əhəmiyyətli bir hissəsini türkmənlər təşkil edir.

Ərdoğanın özü də Ərbilin Kərkükə siyasi iddialarını qəti şəkildə pisləyib və şəhərdəki kürd bayrağının endirilməsini tələb edib. İraq Kürdüstanının açıq şəkildə İraqdan ayrılmaq yolunu seçdiyi indiki şəraitdə isə türkmənlərin təhlükəsizliyi məsələsi həyati vacib xarakter alır. İndi türkmən xalqının yaşaması praktik olaraq Ankaranın onun müdafiəsinə nə qədər hazır olmasından asılıdır.

Maraqlıdır ki, ABŞ kürdlərin birtərəfli qaydada referendum keçirməsini pisləsə də, onun «regionda stabilliyi poza biləcəyni», Kürdüstan rəhbərliyinin İraq hökuməti və qonşu dövlətlərlə münasibətlərini korlayacağını bəyan etsə də, Ankaranın mövqeyindən də narazılıq edib. ABŞ Dövlət Departamentinin rəsmisi Xizer Nauert bildirib ki, Türkiyənin İraqın ərazi bütövlüyünü sözdə yox, əməldə müdafiə etməyə hazır olduğunu açıqlaması hədə kimi səslənir.

Vaşinqtonun məsələyə münasibəti, şübhəsiz ki, Ankaranı kürd separatçılarının «suverenlik» cəhdlərinin arxasında hansı güclərin dayandığına bir daha əmin edir. İndi kürd qüvvələrinə (yalnız İraqda deyil, həm də Suriyadakı) ciddi hərbi-siyasi dəstək verən Birləşmiş Ştatların Ankara və Tehranın Ərbilə tətbiq edə biləcəyi sanksiyaların nəticələrinin yumşaldılması üçün əlindən gələni etdiyi istisna deyil.

 

Bərzani «istənilən məsələni» müzakirə etməyə hazırdır

ABŞ-ın diplomatiya idarəsinin bəyanatında Ankaranın mövqeyindən narazılıq, «ABŞ ilə İraq Kürdüstanı xalqı arasındakı münasibətlərin dəyişməyəcəyi» fikrilə yanaşı, bir məqam da diqqət çəkir. Bəyanatda «İslam dövləti»nə qarşı davam etməkdə olan savaşa da diqqət çəkilir. Görünən odur ki, Vaşinqton müttəfiqləri olan Ankara ilə Ərbil arasında ziddiyyəti yumşaltmağa çalışır, bu məqsədlə İD yaraqlılarının «qeyri-sabitlikdən, parçalanmadan istifadə etməyə çalışacaqlarına» eyham vurur.

Amma İD-yə qarşı müharibənin antiterror mübarizəsinin önəmli iştirakçılarından biri kimi kürd elementinin güclənməsinə səbəb olduğunu nəzərə alaraq, digər faktoru da unutmamalıyıq. Bərzani hökuməti kürd muxtariyyətinin suverenlik qazanması istiqamətində qəti addımı Mosulda İD üzərində əldə olunmuş qələbədən sonra atıb. Bu qələbə isə İraq hökumətinin xalq özünümüdafiə dəstələrini, faktiki olaraq, leqallaşdırması fonunda baş verib. Bu qələbə Bağdadın mövqeyini bütün İraq miqyasında ciddi şəkildə gücləndirib. Faktiki olaraq, İraq hökumətinə tabe olmayan rayonlar yalnız ölkənin şimalında qalıb və Bərzaninin qrupu da məhz onlara daxildir. Kürd muxtariyyətində belə tələsik referendumun keçirilməsi də əsasən İraq hökumətinin «şimala tərəf» gözlənilən həmləsinə mane olmaq cəhdi kimi qiymətləndirilir. Sonuncuların rəhbərləri Bağdad tərəfindən siyasi səlahiyyətlərinin məhdudlaşdırılacağından, eyni zamanda İraq hökumətinin muxtariyyətin özbaşına əhatə etdiyi rayonların, ilk növbədə, neftlə zəngin Kərkükün onlara qoşulmasına imkan verməyəcəyindən narahat idi. Bununla əlaqədar olaraq, meydana bir sual da çıxır: müstəqilliyini elan edəcəyi təqdirdə, iqtisadi blokada ilə üzləşəcəyinə, kənardan hərbi-siyasi təzyiqlərə məruz qalacağına əmin olan Bərzani hökuməti, həqiqətən də, kürd muxtariyyətinin müstəqilliyinəmi çalışır? Yoxsa Bərzani referendum kimi siyasi gedişlə sadəcə «mübahisəli ərazilər»in kürdlərin nəzarətində qalacağına beynəlxalq təminat almaq istəyir? Bəlkə, o, bununla sadəcə muxtariyyətin de-fakto müstəqil qurum kimi yaşamasını, de-yure isə İraqın tərkibində qalmasını istəyir? Bununla yanaşı, Bərzani, əlbəttə ki, öz hakimiyyətini də gücləndirmək istəyir. Məsələ ondadır ki, Bərzaninin muxtariyyətə qanuni rəhbərlik müddəti başa çatır. Bunadək o, səlahiyyət müddətini bir neçə dəfə uzadıb.

Başqa sözlə, «ümumxalq səsverməsi» Bərzani üçün yalnız real olaraq müstəqillik qazanılması üçün yox, həm də İraqın mərkəzi hökuməti üçün özünə sərf edən sövdələşmənin əldə olunması baxımından vacib ola bilər. Bərzaninin rəsmi Bağdadı «birgə maraqların» təmin edilməsi üçün durmadan dialoqa çağırmasını da bununla izah etmək mümkündür. «Sentyabrın 25-dən sonra biz Bağdadla sərhədlər, neft və istənilən digər məsələ haqda müzakirələrə hazırıq», - deyə o, bildirib.

Müstəqillik Bərzani üçün məqsəd deyilsə, Ərbilin Bağdad və Ankara ilə hərbi münaqişədən qaçması mümkündür. Üstəlik, Türkiyə prezidenti Ərdoğan da problemi «dinc yolla çözməyə» meyillidir. O, ölkəsinin İraq Kürdüstanına qarşı məhdudiyyətlər tətbiq etməli olmayacağına ümidini ifadə edib. Odur ki, bədbin ssenari yalnız o zaman reallaşa bilər ki, kimlərsə ənənəvi regional dövlətlərə (Türkiyə, İran, İraq, Suriya) təzyiq vasitəsi kimi kürd kartından istifadə etmək fikrinə düşsün.



MƏSLƏHƏT GÖR:

391