25 Aprel 2024

Cümə axşamı, 23:18

CAVAB VERMƏYƏ ÇAĞIRIŞ

Azərbaycan prezidenti BMT tribunasından beynəlxalq hüququ pozan Ermənistan rejiminə sanksiyaların tətbiqinə çağırıb

Müəllif:

01.10.2017

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan Ermənistana sanksiyaların tətbiqinin vacibliyini bəyan edib.

«Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll edilməli, ərazi bütövlüyü bərpa olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır», - deyə İ.Əliyev qeyd edib.

O, bildirib ki, Ermənistan BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinin həllini tələb edən qətnamələrinə 24 ildir məhəl qoymur. «Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir», - deyə dövlət başçısı vurğulayıb.

Prezident deyib ki, Dağlıq Qarabağdakı status-kvo qəbuledilməzdir və bunu ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Fransa, ABŞ və Rusiya da dəfələrlə dilə gətirib: «BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır».

İlham Əliyevin sözlərinə görə, Ermənistan status-kvonun dəyişməməsi üçün əlindən gələni edir və münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara mane olur.

«Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir», - deyə İ.Əliyev bildirib: «Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər».

İ.Əliyev deyib ki, Ermənistanın hazırkı prezidenti 1992-ci ildə Dağlıq Qarabağın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımında şəxsən iştirak etmiş şəxslərdən biridir: «Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında insanlığa qarşı cinayət törədib. 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc sakinlər soyqırımına məruz qalıb. Bu cinayəti törətmiş şəxslərdən biri də Ermənistanın hazırkı prezidentidir (Serj Sarqsyan)». Dövlət başçısı Xocalıda 600-dən artıq dinc Azərbaycan vətəndaşının qətlə yetirildiyini xatırladıb.

İlham Əliyev 2016-cı ilin aprelində Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı növbəti cinayətini törətdiyini bildirib: «Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı». Prezident ötən ilin aprelində baş vermiş bu hadisənin ardından həyata keçirilmiş əks-hücum nəticəsində Azərbaycanın 3 işğal olunmuş rayonuna aid bir sıra ərazilərin işğaldan azad edildiyini söyləyib.

«Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq», - deyə o, bildirib.

Dövlət başçısı deyib ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə hücum siyasətinə keçir: «Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır».



MƏSLƏHƏT GÖR:

387