20 Aprel 2024

Şənbə, 14:53

KAPİTANIN REALLAŞMAYAN ARZUSU

Futbol üzrə Azərbaycan millisində çıxışlarına son qoyan Rəşad Sadıqov «R+»a karyerasında nəyə nail olmadığı barədə danışdı

Müəllif:

15.10.2017

2018-ci il Dünya Çempionatının seçmə mərhələsinin Azərbaycan - Çexiya oyunu yığmamızın futbolçusu Rəşad Sadıqov üçün vida matçı kimi əlamətdar oldu. 35 yaşlı müdafiəçi kapitanı olduğu millidə son görüşünü keçirərək ölkənin əsas komandası ilə vidalaşdı.

Müstəqillik illərində Azərbaycanın yetişdirdiyi ən yaxşı futbolçulardan sayılan “14 nömrə”nin milli karyerası İqor Ponomaryovla bağlıdır. DÇ-2002-nin seçmə mərhələsinin sonuncu - yığmamız üçün formal xarakter daşıyan İsveçlə səfər oyununda İqor Anatolyeviç iki gəncə debüt şansı verdi. 2001-ci il oktyabrın 7-də Stokholmdakı matçda start heyətində çıxan 19 yaşlı müdafiəçi millinin tarixinə sayca 94-cü futbolçu kimi düşdü. Həmin qarşılaşmada Rəşadla yanaşı, Ramal Hüseynov da millidə debüt etdi. Əksər məşqçilər gənclərə əsasən yoxlama oyunlarında debüt şansı verirsə, Ponomaryov seçmə matçında birdən-birə iki oyunçuya belə imkan yaratdı. Sadıqov isə sonrakı karyerası ilə bu etimadı artıqlaması ilə doğrultdu.

Azərbaycan millisinin tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rəşad indiyədək 111 dəfə yığma forması geyinib. Çexiya ilə oktyabrın 5-dəki matç onun üçün 111-ci həm də sonuncu oldu. 2001-ci ilin payızında başlayan Sadıqovun milli karyerası 16 il sonra yenə oktyabrda başa çatdı.

“14 nömrə” indi “Qarabağ”ın simvoluna çevrilsə də, yığma səviyyəsinə “Neftçi”nin üzvü kimi yüksəlib. Uzun müddət ölkənin bir nömrəli komandasında Bakı klubunu təmsil edən Sadıqov 37 matçda “ağ-qaralar”ın oyunçusu kimi millinin formasını daşıyıb. 2009-cu ildə Ağdam klubuna keçən müdafiəçi 4 xarici klubun heyətindən yığmaya çağırılıb. 8 dəfə “Fulad” (İran), 6 dəfə “Kayserispor”, 4 dəfə “Kocaelispor”, 3 dəfə “Əskişəhərspor”u (hamısı Türkiyə) millidə təmsil edən müdafiəçi, ümumilikdə, 6 klubda oynadığı vaxt yığmaya lazım olub.

2004-cü il oktyabrın 9-da, 13 il öncə Rəşadın karyerasında daha bir önəmli hadisə baş verib. 22 yaşlı müdafiəçi Şimali İrlandiya ilə DÇ-2006-nın Bakıda keçirilən seçmə oyununda ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb. Düzdür, Tərlan Əhmədovdan sonra yığmanın əsas kapitanı Qurban Qurbanov idi. Lakin onun olmadığı görüşlərdə gənc müdafiəçi kapitanlıq edirdi. Qurbanovun karyerasını bitirməsindən sonra - 2005-ci ildən isə Rəşad yığmanın əsas kapitanına çevrilib. İndiyədək 77 görüşdə komandanı sarğı ilə meydana çıxaran “14 nömrə” bu göstəricidə yığmamızın rekordçusudur.

Sadıqov millinin tarixində ən məhsuldar müdafiəçidir. 5 dəfə rəqib qapılarına yol tapan futbolçu ilk qolunu 2004-cü ildə Qazaxıstanla səfərdəki yoldaşlıq oyununda vurub. Digər 4 topa evdə sevinən “14 nömrə” DÇ-lərin seçmə mərhələlərində Uels və San-Marinonu, AÇ-nin seçmə matçında Türkiyəni məyus edibsə, sonunculara yoxlama matçında da qol vurub. Onun qolları Uels və Türkiyə ilə görüşlərdə 1:1 hesablı bərabərlik, sonuncularla seçmə oyununda 1:0 hesablı qələbə gətirib.

- Rəşad Sadıqov Azərbaycan millisiylə vidalaşdı. Bu qərarı qəbul etmək nə qədər çətindir?

- Həm çətindir, həm vacib. Gənc yaşlarımdan millidə çıxış edirəm. Ölkənin əsas komandasından ayrılmaq asan deyil. Sadəcə, artıq getmək vaxtıdır. Hər şeyin sonu var.

-Son matçda komanda yoldaşların səni qələbəylə yola salmaq istəyirdi. Lakin vida görüşündə Çexiyaya uduzdunuz...

- Çexiya yaxşı komandadır. Fikrimcə, Çexiya Şimali İrlandiyadan üstün komandadır. Rəqib səviyyəsini ortaya qoydu və qalib gəldi. Biz bacarmadıq. Rəqib bizdən üstün idi. Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Bu, yaxşı oyunumuz deyildi. Qol fürsətlərimiz oldu. 1 xalla, bəlkə də, ayrıla bilərdik, amma alınmadı.

- Millinin heyətində son matçını keçirdin. Yığmada nələri əldə etdin, nələrə nail ola bilmədin. Yığma karyeran haqda danışardın.

- Hər bir idmançının arzusudur ki, böyük turnirdə çıxış etsin. Bu da mənim əlçatmaz arzum idi. Bu tsikldə buna yaxın idik. Amma Şimali İrlandiya ilə matçda bunu əldən verdik. Buna görə təəssüf hissi keçirirəm. Amma 16 il yığmanın üzvü oldum. Bunu hər oyunçu arzu edə bilər. Hamıya təşəkkür edirəm: məşqçilərə, futbolçulara, azarkeşlərə, federasiyaya. Hamı haqqını halal etsin. Düşünürəm ki, milliyə daha yaxşı xeyir verə bilərdim.

- Sirr deyilsə, xəyal etdiyin sonluq var idi?

- Qələbə qazansaydıq, qrupda 3-cü ola bilərdik. Çexiya və Norveç kimi milliləri qabaqlamaq yaxşı nəticə sayılır. Yəni millinin tarixində ən uğurlu seçmə mərhələnin sonunda vidalaşmaq imkanı var idi.

- Millini kənardan izləmək sənin üçün necə olacaq?

- Əlbəttə, bu, çətin olacaq. Hər bir işin sonu olduğu kimi, mən bununla barışmalıyam.

- Cari seçmə mərhələdə son görüş səfərdə Almaniyaya qarşı oldu. Çexiya ilə matçda vidalaşdığın milliyə son matçda kömək lazım olsaydı, necə qərar verəcəkdin.

- Almaniya ilə səfər matçında oynamağa hazır idim. Hətta adım sifariş ərizəsində də var idi. Mən azarkeşlərlə vidalaşmaq üçün Çexiya ilə oyunun karyeramda son ev matçı olacağını demişdim. Qərarı baş məşqçiyə də çatdırmışdım. Əgər Almaniyaya qarşı matçda ehtiyac yaransaydı, meydana çıxmağa hazır idim. Prosineçki də bunu bilirdi. Sadəcə, məşqçimiz dedi ki, növbəti seçmə tsikl üçün nəzərdə tutduğu futbolçulara şans verəcək.

- Rəşad Sadıqov üçün hansı məşqçiylə çalışmaq daha rahat idi?

- İnanın səmimiyyətimə, əksər məşqçilərim yaxşı olub. Hamısından öyrənməyə çalışmışam. Bu gün çalışdığımız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla əvvəlcə komanda yoldaşı olmuşuq. Sonra məni “Qarabağ”a dəvət etdi. İşində intizamlı, peşəkar insandır. Onunla işlədiyimə görə özümü şanslı sayıram. O cümlədən Robert Prosineçki, Berti Foqts, İqor Ponomaryov və digər məşqçilərin əməyini unuda bilmərəm. Türkiyədə Ərtoğrul Sağlamla işləmişəm. Bütün insanları xatırlayıram. Karyeramda hər birinin əməyi var.

- Azərbaycan millisində ilk oyunu necə xatırlayırsan?

-19 yaşımda Azərbaycan millisində debüt etmişəm. Aşağı yaş qruplarında çıxış etməmişəm. Yəni 17 və ya 19 yaşlılardan ibarət yığmada olmamışam. Məşqçilər birbaşa milliyə dəvət etdilər. İlk dəfə səfər matçında meydana çıxmışam. Böyük həyəcan yadımdadır. Azərbaycan millisi həmişə mənim üçün xüsusi komanda olub. Biz Vətəni təmsil edirik. Ona görə ən yaxşı oyunu nümayiş etdirməliyik. Heç vaxt məğlubiyyətlə barışmamışam. Hətta güclü rəqiblərə uduzanda belə məğlubiyyəti qəbul etmək çətin olub.

- Niyə məhz “14” nömrəni seçmisən?

- Əslində, ilk dövrlərdə mən “7” nömrəli formayla çıxış edirdim. Demək olar ki, əksər komandalarda bu rəqəmi seçirdim. 2002-2003-cü illərdə İranda “Fulad” klubunda çıxış edirdim. Bizim Mahmud Qurbanov komandaya gələndə “7” nömrəli formanı istədi. Ona görə bu rəqəmi Qurbanova verdik. Fikirləşdim nə seçim, “14” rəqəmini götürdüm. Yeddinin üstünə yeddi gələndə 14 olur, ona görə seçimim belə oldu. Sonrakı dövrlərdə artıq bu rəqəm mənə doğmalaşdı, ona görə bütün klublarda və millidə 14 nömrəli formanı geyindim.

- Rəşad Sadıqovun millidə vurduğu hansı qol onun üçün daha əzizdir?

- Bütün qollarımı vacib hesab edirəm. Əgər bu qollar azarkeşi sevindiribsə, deməli, onlar mühüm olub. Amma xüsusi olaraq Türkiyə millisinə vurduğumuz qolu deyərdim. Künc zərbəsindən sonra yerinə yetirilən qolu nəzərdə tuturam. Həmin dönəmdə Azərbaycan yığmasında vəziyyət yaxşı deyildi. Ardıcıl uğursuzluqdan sonra Türkiyə üzərində qələbə bizə çox vacib idi. Bu qələbədən Azərbaycanla yanaşı, Türkiyədə də çox danışıldı.

- “Qarabağ” və “Neftçi” hansı daha əzizdir kapitan üçün?

-Hər iki klub karyeramda vacib rol oynayıb. “Neftçi”də oynamaq hamımızın arzusu olub. O klub böyük futbolçular meydana çıxarıb. İndiyə qədər yadımdadır. “Neftçi”dən ayrılanda uzun müddət özümə gələ bilmirdim. Bu klubdan belə getməli deyildik. Çətin durumda olduğum vaxt “Qarabağ” məni tək qoymadı. Bu komanda bütün Azərbaycan üçün ikiqat əhəmiyyətlidir. “Qarabağ”la arzuladığımız Çempionlar Liqasında çıxış edirik. Avropa Liqasında oynamışıq, Azərbaycan Çempionatında qızıl medalları qazanmışıq. Mənim üçün bu klublar çox əzizdir. Həm “Neftçi”, həm də “Qarabağ”da olan günləri heç vaxt unutmayacam.

-Azərbaycan millisiylə vidalaşdın. Mövsümün sonunda futbolçu karyeranı bitirəcəyin deyilir. Doğrudan, bu il “Rəşad” üçün son mövsümdür?

- Hazırda Azərbaycan millisiylə vidalaşdığımı bilirsiniz. Klub karyeram barədə dəqiq fikir söyləmək çətindir. Zaman hər şeyi göstərəcək. Futbolda zədə hər an ola bilər. Ona görə əvvəlcədən danışmaq istəmirəm. Hazırda bütün fikrimiz ölkə çempionatı və Çempionlar Liqasındadır.

- Futbolda reallaşmayan arzuların varmı?

- Əlbəttə, Azərbaycan millisiylə dünya və Avropa çempionatında çıxış etmək istəyirdim. O zaman karyeramın uğurlu alındığını deyərdim. Çox arzulayırdım ki, böyük turnirlərdə mübarizə aparaq. Futbolçu kimi alınmadı, bəlkə, gələcəkdə məşqçi kimi reallaşdı.

- Deməli, gələcəkdə Rəşad Sadıqov məşqçi kimi çalışacaq?

-Məşqçilik kurslarında oxuyuram. Təcrübəmi artırıram. Bilmirəm məşqçi olacam, menecer kimi işləyəcəm. Amma futbolda qalmaq istəyirəm. Futbolsuz yaşamaq çətin olar. Ona görə Azərbaycan futbolu üçün bildiklərimdən istifadə etmək istəyirəm. Hansı səviyyədə olacağını zaman göstərəcək.

- Fikrimizcə, məşqçi Rəşad Sadıqovun da karyerası uğurlu olacaq. Gələcək işlərinizdə uğurlar arzu edirik!

- Mən də sizə təşəkkür edirəm!



MƏSLƏHƏT GÖR:

390