28 Mart 2024

Cümə axşamı, 14:18

FANİLƏR İÇİNDƏN SEÇİLMİŞ

Bakıda qeyri-adi heykəltəraş-monumentalist Tokay Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi keçirilib

Müəllif:

15.10.2017

Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Nəcəfqulu qızı Məmmədova və texnika elmləri namizədi Həbib Məmmədovun ailəsində doğulmuş oğlanı məhz bu cür adlandırdılar! Bu adın səslənməsinə fikir verin: To-kay! Nadir addır, mənası "zərbə vuran döyüşçü" deməkdir.  

Xoşbəxtlikdən, bu ad,uşağın gələcək fəaliyyət növünü müəyyən etməyib, əks halda incəsənətimiz istedadlı bir rəssamı itirərdi. Lakin bu ad onun xarakterini müəyyən etdi: dözümlü və məqsədyönlüdür. Tokay Məmmədov, demək olar ki, anasının rəssamlıq emalatxanasında böyüyüb, uşaqlıqdan boya və gips qoxusunu udaraq böyüməklə yanaşı,

həm də rəssamın üslubunu və yaradıcılığa yönələn həyat tərzini mənimsəyib. Onun üçün rəssam olmaq nəfəs almaq kimi bir şeydir.

 

Tanrı vergili heykəltəraş 

Oğlanın rəssamlıq istedadı ilə anadan olduğunu Sabsay deyib - Tokay uşaq vaxtı onun studiyasında olmağı xoşlayırmış: "Tokay istedadlı idi, özü də anadangəlmə böyük istedadı vardı. Bir dəfə mənə ilk müstəqil əsəri "Pələng dərisi geymiş qəhrəman"ı gətirmişdi. Mən bu oğlanda özünəməxsusluq nümayiş etdirmək cəhdi gördüm və onunla bir həmkar kimi davranaraq istedadını yönəltməyə başladım" (P.Sabsay).

Onun təsviri incəsənətə bir peşə və dünyanı təsvir etmək vasitəsi kimi yanaşması da anasının emalatxanası ilə Sabsayın emalatxanası arasında formalaşdı. 

Bir neçə il bundan əvvəl biz onun anası haqqında məqalə yazanda Tokay müəllim təsadüfən dedi ki, lap kiçik yaşlarında anasının emalatxanasında olan zaman o, boş vaxtlarında yumşaq plastilinlə oynayırmış, sonra gipsə keçib. Bu oyun getdikcə onun daha çox xoşuna gəlirmiş.  

Əslində, o, rəssam da ola bilərdi. Onun rəsmləri mükəmməl olub. Lakin rəsmlər onu cəlb etmirdi, çünki arzuların həcmli göstərilməsinə imkan vermirdi. Düz müstəvi üzərində olan rəsm gipsin, ağacın və ya daşın verə biləcəyi həcmi verə bilmirdi. Buna görə də o, heykəltəraşlığa üstünlük verdi.

Orta təhsili bitirən T.Məmmədov Bakı Orta İxtisas Rəssamlıq Məktəbinə daxil olub və artıq üçüncü kursda - 1945-ci ildə Repin adına (Leninqrad) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsinə qəbul edilib, oranı 1951-ci ildə bitirib.  

A.T. Matveyev, M.A. Kerzin, V.B.Pinçuk kimi böyük ustaların yanında oxuyub. Məşədi Əzizbəyovun abidəsinə (Bakı, 1977) görə o, SSRİ Dövlət Mükafatına (1978) layiq görüldü. XI Qızıl Ordu abidəsinə (Bakı, 1980) görə Azərbaycan SSR Dövlət Mükafatını (1982) alıb. Füzuli abidəsinə (Bakı, 1962) görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb.

Tokay Məmmədov - monumentalist heykəltəraşdır, SSRİ Rəssamlıq Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, "Şöhrət" ordeni kavaleri, xalq rəssamı, professordur. Azərbaycan təsviri sənətinə şöhrət gətirib və öz adını əbədi olaraq Azərbaycan xalqının tarixinə yazdırıb.

 

Mümkünsüzü mümkün etmək 

18 iyulda ustad heykəltəraşın 90 yaşı tamam olub. Bu günlərdə isə Təsviri İncəsənət Mərkəzində bu təkrarsız ustadın yubileyinə həsr olunmuş fərdi sərgi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Təsviri Sənət Muzey Mərkəzinin təşkil etdiyi sərgi portretlərin və monumental heykəltəraşlıq əsərlərinin seçmə toplusu idi. Heykəltəraşın bütün yaradıcılığını bir qalereyanın çərçivəsinə yerləşdirmək qeyri-mümkündür! Bu səbəbdən, sərgidə nümayiş olunanların böyük əksəriyyəti fotoşəkillərdə idi. Onlarda sənətkarın əsasən monumental əsərləri yer alıb. Şəhər landşaftını bəzəyən əsərlər. Doğrudur, onların bəziləri artıq yoxdur. Onları söküblər. Yaxşı olardı ki, hansısa park yaradılsın və bu "qəhrəmanlar" ora yerləşdirilsin.

 

"Heykəltəraş öz əsərlərində ruh halını ifadə etməlidir" (Sokrat) 

Rəssamın ruh halı Tokay Məmmədovun bütün əsərlərində özünü göstərir və inkşaf edir. O, yaradıcılıqla əlaqəli çox sayda insanın əxlaqi-mənəvi cəhətlərinin tədqiqatçısıdır. Onların sırasında Şopenin, Xəyyam Mirzəzadənin, Üzeyir Hacıbəyovun, Nizaminin, Füzulinin, Sabirin, Mosartın, Mirzə İbrahimovun adı gəlir. Yazıçılar, bəstəkarlar, sənətkarlar.  

Bu maraq bir mənəvi və əxlaqi təzahür kimi yaradıcılığın təbiətini tədqiq edən, ədəbiyyatda, musiqidə və təsviri sənətdə müqəddəs ideyanın yaranma məqamını axtaran heykəltəraşın özünütədqiq üsullarından biridir. Bu mənəvi və əxlaqi təzahürü o, sadə insanların obrazında da axtarır.  

Budur "Oturmuş qız". Onun duruşu, görünüşü, üz ifadəsi ətraf mühitlə və özü ilə tam uyğunluqdan xəbər verir.

«Şirəli Müslümov». Uzunömürlü insanın yaşı yalnız işin adından anlamaq olar. Dünyanın çoxdankı sakini olan bu insanın üzü çılğın bir təbəssümlə parlayır. Çünki o xoşbəxtdir, o vicdanının səsi ilə yaşayıb və yaşayır. Tokay Məmmədovu qəhrəman xasiyyətli və qəhrəman taleli insanlar həddindən çox maraqlandırır. Qeyri-adi, çoxlarından qabaqda getməyə qadir, iradəyə, inandırıcılığa, cəsarətə malik insanlar.

«Fərhad». Şirinin məhəbbəti naminə qəhrəmanlıq edən bir ədəbi qəhrəman. O, qaya ilə döyüşür, bir saniyə də öz hərəkətlərinin düzgünlüyünə və öz yolunun uğurla başa çatacağına şübhə etmir. Düşüncə, məqsəd, sevgi - bir insanı insan edən gücdür.

«Fidel Kastro». Əfsanə-insan, nağıla dönmüş biri. Sərt inamlı baxışlar, iradə ilə bir-birinə sıxılmış dişlər. Rəssam ideyasına inandırmağı bacaran və bu dünyadan nə istədiyini tam bilən bir liderin şəxsiyyətini araşdırır.

«Rəssamın portreti». Dodaqlar möhkəm sıxılıb, hər şeylə maraqlanan baxışlar fəzaya yönəlib, başı bir qədər sol çiyinə tərəf əyilib. Görünür, sənətkar elə indicə bir şey söyləyəcək, həm də öz düşüncəsinə və ya uzaqdan görünənlərə güləcək. Özünə istehza, özünütəhlil, özünə qarşı tənqidi yanaşma hissi var.

"Sabir". Şairin əlləri dəftər üstündədir. O, irəliyə baxaraq fikrə qərq olub. Onun üçün bu daxili dərk etmə çox vacibdir: poetik misraya axan düşüncənin doğuş prosesi gedir. Rəssamın və dünyanın vəhdət anı.

"Nizami". Şair sağ əli ilə üzünün aşağı hissəsini ovuclayıb. Baxışı aşağı yönəlib. O, bizə baxmır. Biz onu ağrılı düşüncə vəziyyətində tapdıq. Onun düşüncələri nədir? Dünyadakı qeyri-kamillik? İtirilmiş sevgi? Oğlu haqqında düşünür? Sənətçinin dünyaya olan məsuliyyəti haqqında fikrə qərq olub?

Heykəltəraş Tokay Məmmədovun 90 yaşı tamam oldu. Onun 70-i həyatın yaradıcı tədqiqinə həsr olunub. Sözün birbaşa mənasında. Çünki insan həyatın güzgüsüdür. Onun başına gələn hər şey: pis və ya yaxşı, uca və ya alçaq hər şey də həyatdır - öz əxlaqi qanunları, fəlsəfi düşüncələri, həqiqət axtarışları ilə...

Rəssamlar fanilər arasından seçilmişlərdir. Onlar dünyaya incə vibrasiyalar səviyyəsində "qulaq" asa bilirlər ki, məlumatı "tutaraq" bizə ötürsünlər. Tokay Məmmədov da bizimlə yaradılışın ən yüksək düşüncəsi arasında vasitəçilərdən biridir. Onun əsərlərinin sərgisi bunun sübutudur.



MƏSLƏHƏT GÖR:

441