29 Mart 2024

Cümə, 12:49

SADƏ DAHİ

«R+» jurnalının Lütfi Zadənin xalası qızı Cənnət Səlimova ilə böyük alim haqqında söhbətindən

Müəllif:

15.10.2017

Əlövsət Quliyev (keçmiş Aziatskaya) ilə Mirzə İbrahimov (keçmiş Maksim Qorki) küçələrinin kəsişməsində 79 saylı ev var. Lütfi Ələsgərzadə 1934-cü ilədək ailəsi ilə birlikdə onun ikinci mərtəbəsində, 3 saylı mənzildə yaşayıb. Söhbət gələcəyin amerikan alimi, riyaziyyatçı, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, Kaliforniyanın Berkli Universitetinin professoru, ABŞ-dakı Azərbaycan diasporunun fəxri sədri Lütfi Zadədən gedir.

Nur 

O, 1921-ciilfevralın 4-də Bakıda, jurnalistRəhim Ələsgərzadəninailəsində dünyayagəlib. Rəhim Ələsgərzadə Birinci Dünya müharibəsi illərində Bakıya «İran» həftəliyinin müxbiri kimi, Ərdəbildən gəlmişdi. Lütfi Zadənin anası isə pediatr Fanya Korenman olub. Onların evinin yerləşdiyi küçə həkimlərin, hüquqşünasların, mühəndislərin burada yaşaması ilə məşhur idi. İlk konservatoriya (8 saylı ev), sovet jurnalisti, partiya üzvü və nəşriyyat əməkdaşı, ədib Pyotr Çaginin çalışdığı, Sergey Yeseninin tez-tez baş çəkdiyi «Bakinski raboçi» qəzetinin redaksiyası (10 saylı ev) da burada yerləşirdi.

İkinci mərtəbədə yaşayan ailə kifayət qədər böyük idi. Fanya ilə ailə qurmuş Rəhim onun anası Taubeni, həmçinin bacısı Annanı və bacısının həyat yoldaşını da öz evində məskunlaşdırmışdı. Onlar mehriban, şən və xoşbəxt yaşayırdılar. Dünyaya gəlmiş oğlan uşağına Lütfi adı verilmişdi. O da mehriban, səmimi insan kimi böyüyürdü. Tezliklə yaxınları Lütikin - ailədə onu belə çağırırdılar - vaxtının çoxunu kitab oxumaqla keçirdiyini görür. O, daim, yorulmadan, usanmadan kitab oxuyurdu. Uşağın əlində qalın kitabları görən valideynlər bir anlıq düşünür: görəsən, bu uşaq Tolstoyun, Dostoyevskinin, Çexovun mühakimələrini anlayırmı? Bəs, ensiklopediyanın məğzini? Anna bacısı oğlunun heyranı idi. O, Lütfinin xüsusi istedada malik, qeyri-adi uşaq olduğunu deyirdi. Qızı Cənnət dünyaya gəldikdə isə o, Lütfidə bəyəndiyi bütün keyfiyyətlərin qızına da keçməsinə çalışırdı: bilik, insanlarla ünsiyyət tərzi, özünə və dünyaya münasibət. Mir Cəfər Bağırovun Sovetlər ölkəsində yaşayan, lakin vətəndaşlığı olmayan insanların ölkədən çıxarılması qərarı olmasaydı, kim bilir Lütfinin taleyi necə olacaqdı…

1934-cü il idi. Bu qərardan sonra Rəhim Ələsgərzadə İrana qayıtmaq fikrinə düşür. Taube xanım da kiçik qızı Annanı Bakıda qoyaraq onunla gedir. Bacılar və onların anası üçün bunun necə faciə olduğunu demək, yəqin ki, artıq olardı. Onda Lütikin 12 yaşı var idi və o, 16 saylı məktəbin 4-cü sinfini bitirmişdi.

Tehranda

Tehranda Lütfinin yeni həyatı başlayır. Valideynləri özlərinə ev-eşik qurur, Rza şah Pəhləvinin rəhbərlik etdiyi ölkənin həyatına asanlıqla uyğunlaşırlar. Məlum olduğu kimi, o, İranı yaxşı inkişaf etmiş infrastruktura malik dünyəvi dövlətə çevirmiş, ölkənin coğrafi adını da dəyişərək «Persiya»nı «İran» etmişdi (1935).

Lütfi Tehrandakı Amerika kollecində oxuyurdu. Sonradan bu təhsil ocağı farsdilli missioner presviterian məktəbinə çevrilib. Buradan sonra Lütfi Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsində təhsil alıb. Həyat öz yolu ilə gedirdi: valideynlərin sosial sahədə öz məşğuliyyətləri var idi.  

Lütfinin anası ölkədə ilk «Süd damcısı» adlı konsultasiya mərkəzi təşkil etmişdi. Onun zəhməti sayəsində Tehrandakı Amerika xəstəxanasında ilk dəfə uşaq şöbəsi açılmışdı. Həmin şöbəyə 10 il məhz bu xanım rəhbərlik edib. Oğlan isə kollecdə oxuduğu dövrdən dəqiq elmlərə maraq göstərirdi. Bununla yanaşı, Fanya xanım onu rəqsə də yazdırmışdı. Unutmayaq ki, bütün bunlar 30-cu illərin ikinci yarısında, dünyəvi dövlətdə baş verirdi. O zaman ölkədə caz qadağan deyildi. Fanya və elə Lütfi yaşda qızı olan rəfiqəsi Raya övladlarını birlikdə rəqsə aparırdılar. Ailələr qonşu olsa da, bu, uşaqların ilk görüşü idi. Rəqs dərsləri onların yetkinlik yaşına çatmasınadək davam edir. Sonra uşaqların hərəsi öz yolu ilə gedir - növbəti dəfə görüşmək və artıq bir də ayrılmamaq üçün. Lütfi Tehran Universitetinə daxil olur, Fey təhsil almaq üçün Almaniyaya yollanır. Nasistlərin hakimiyyətə gəlməsindən sonra isə o, Nyu-Yorka gedir.

Lütfi Zadənin xalası qızı Cənnət Səlimova: 

- Lütiklə aramızda yaş fərqi böyük idi. Mən Rəhim dayı, Fanya xala və nənəmiz Taubenin Tehranda yaşadıqları dövrdə dünyaya gəlmişəm. Anamın danışdıqlarından bilirəm ki, aclığın hökm sürdüyü müharibə illərində, Bakıda adi çörəyin belə, min bir əziyyətlə tapıldığı dövrdə xalam bizə yumurta tozu, kokos, digər qida məhsulları göndərirmiş. Mənim bütün həyatım üzünü heç zaman görmədiyim xalaoğlumun nüfuzunun kölgəsində keçib. Biz Lütiklə yalnız 60-cı illərdə görüşmüşük. O zaman Lütfi buraya elmi konfransda iştirak etmək üçün gəlmişdi. Bu, onun Bakıdan köçməsindən sonra vətənə ilk gəlişi idi. Bütün bu illərdə mən anamdan yalnız bir söz eşitmişəm: Lütik kimi olmalısan! Anam bacısı oğluna heyran idi. Anamın təsəvvüründə Lütfi ideal uşaq obrazı idi və mən də ona oxşamalı idim. Bir sözlə, Lütik mənim üçün örnək idi. Mən isə onu heç zaman görməsəm də, təsəvvür etməyə çalışır, Tehrandan göndərdiyi və yeri gəlmişkən, özünün yaratdığı ağ-qara şəkillərə əsasən, onun həyatını anlamağa çalışırdım. Rəhim dayı ad günündə Lütfiyə fotoaparat hədiyyə etmişdi. O vaxtdan Lütfi fotoaparatdan bir an belə qopmadı! Onun həyatını fotolardan müşahidə edirdik: telli Lütik, Lütik şlyapada, avtomobilində, qız ilə! Onun heç zaman görmədiyim ölkədəki həyatını təsəvvür etməyə çalışırdım. Lakin bu, heç də tam alınmırdı. Biz onların ailəsində nələrin baş verdyini, Lütfinin şəxsi həyatının elmi fəaliyyətinin necə getdiyini yalnız onun və Fanya xalanın məktublarından öyrənirdik. Onun uğurlarına sevinir, onunla fəxr edirdik. Fəxr edirdik ki, Lütfi dünya şöhrətli azərbaycanlıdır.

ABŞ-a köç

Tale seçilmişlərin üzünə gülür. Lütfi Rəhim oğlu Ələsgərzadə də seçilmişlərdən idi. Belə insanlara isə yuxarıdan, sanki, ustad, onlara doğru yolu göstərən göndərilir. Lütfi Zadədə də belə oldu. Tehran Universitetindəki müəllimi bu uşağın riyaziyyat, rəqəmlər və ümumiyyətlə, dəqiq elmlərlə bağlı xüsusi istedada malik olduğunu görür, onun evinə gəlir və valideynlərindən Lütfinin təhsil almaq üçün ABŞ-a göndərilməsini israrla xahiş edir. Ziyalı valideynlər də çox düşünmür və razılıq verir. Anamın Lütfinin Amerikaya yollanması xəbərini eşidən rəfiqəsi - Raya xala bizə gəlir, Lütfinin orada qızı Feyi axtarmasını xahiş edir. Amma o, bunun o qədər də yaxşı ideya olmadığını düşünürdü. Çünki onlar bir-birini lap çoxdan görmüşdülər və yəqin ki, rastlaşsalar belə, bir-birini tanımazdılar. Amma Raya xala israr edir:

- Bu, asan məsələdir! Uşaqlıqda birlikdə rəqs etdiyiniz musiqinin yazıldığı plastinkanı götür, onu tap və sadəcə, plastinkanı göstər və kim olduğunu de! O, səni dərhal xatırlayacaq. Bu plastinkanı onun yanına səndən başqa kim apara bilər?

Belə də olur. Lütfi Feyin yaşadığı mənzili tapır, qapını döyür, salamlaşır və sadə plastinkanı qıza uzadır. Fey bir qədər düşünür və bunun uşaqlıq dostu olduğunu anlayır. Lütfini evə dəvət edir.

Cənnət Səlimova danışır:

- Sonrası əsl filmdir. Lütfi içəri keçir, üst geyimini, sonra isə şlyapasını çıxarır. Lakin qız plastinkanı əlindən salır və o sınır! Sonralar o, bu görüş haqda özünün «Mənim qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətim» kitabında da yazıb. Kitab çox böyük istedadla, yaxşı ədəbi dildə yazılıb. Orada Lütfinin şəxsiyyəti və xarakterilə bağlı bir çox maraqlı, gülməli hadisələr yer alır. Məsələn, xalaoğlumun ona evlənmək təklifilə bağlı. Əsl dramaturq qələminin məhsuludur! Təsəvvür edin, ikisi dayanacaqda avtobus gözləyir. Gözlənilmədən Lütfi qıza evlənməyi təklif edir! Əksər qızların arzuladığı qaydalardan kənar. Sadəcə, «gəl evlənək!». Nə üzük, nə gül-çiçək, nə diz çökmə. Bu zaman qız, təbii ki, ənənəvi üzüklə maraqlanır. Lütfi isə səmimi şəkildə təəccüblənir: bu, həqiqətən, vacibdir? Fey izah edir ki, gənc oğlanlar onun barmağında üzüyü görən zaman vəziyyəti anlayacaqlar. Cavabında Lütfi bunun məntiqli olduğunu deyir və dayanacaqdakı köşkə yaxınlaşaraq 7 dollara qalaydan hazırlanmış uşaq üzüyü alaraq, qızın barmağına keçirir. Fey bunu xatırlayaraq yazır ki, bu, həyat yoldaşının ona sonradan verdiyi çoxsaylı hədiyyələrin ən dəyərlisi idi.

ABŞ-da həyat

40-cı illərin əvvəllərində böyük imkanlara malik ölkəyə köçən Lütfi Ələsgərzadə amerikanlar kimi adlandırılmağa başlayır

- Loutfi Zade - Amerikada onu belə adlandırırdılar. Əvvəlcə o, Massaçusets Texnoloji Universitetində texnoloji elmlər üzrə magistr, Kolumbiya Universitetində isə doktorluq dərəcəsi alır. 10 il ərzində bu universitetdə çalışaraq, professor adını qazanır. 1959-cu ildə kibernetikanın atası sayılan Norbert Vinerin rəyi əsasında Lütfi Zadəyə dünyanın aparıcı ali məktəblərindən olan Berkli Universitetində professor vəzifəsi təklif olunur. Lütfi Zadə ömrünün sonunadək məhz bu universitetdə çalışır - daim universitetə baş çəkir, öz ofisində işləyir.

Bu gün dünyada onun qeyri-səlis məntiq nəzəriyyəsi (Fuzzy Logic) haqda daha çox danışılır. Bunadək isə Lütfi Zadə «Təəssüratlar nəzəriyyəsi», «Sistemlər nəzəriyyəsi», «Optimal süzgəclər nəzəriyyəsi» kimi araşdırmaların və ixtiraların müəllifi olub. Bu ixtiralar elmin inkişafında böyük rol oynayıb.

Cənnət Səlimova deyir:

- Mənə elə gəlir ki, qeyri-səlis məntiq nəzəriyyəsi haqda daha çox danışılmasının səbəbi onun nəhəng şirkətlərə texnologiya sahəsində böyük uğurlar qazanmaq imkanı verməsidir. Azərbaycanlı alim dünyanı texnoloji təkmilliyə doğru dəyişməyə nail olub. Düşünürəm ki, onun seçilmiş olması dahi olması ilə bağlı idi. Bəli, məhz dahi! Niyə belə deyirəm? Ona görə yox ki, Lütfi Zadə artıq 24 yaşında professor idi. Onu görə yox ki, onun Berklidə peyda olması ilə kiçik şəhərcik elmi araşdırmaların nəhəng mərkəzinə çevrilmişdi. Ona görə ki, o, sadəcə dahi idi: əsl alim. Onun həyatı adi insanların həyatına nə qədər bənzəyirsə, onlardan o qədər də fərqlənir. Lütik mənə qeyri-səlis məntiq nəzəriyyəsinin onun ağlına necə gəldiyini, dünyanın qeyri-səlis olduğunu necə dərk etdiyini danışmışdı. Günlərin birində o, valideynlərinə baş çəkmək üçün Berklidən Nyu-Yorka gedir. Bu zaman orada qəbul olunduğu kimi, mehmanxanada qalır. Axşam mehmanxana otağında çarpayıya uzanıb ətrafı seyr edən zaman anlayır ki, bizi əhatə edən dünya səlis deyil. «Qaynar» və «soyuq» anlayışları arasında bir keçid anı var. Bu, «isti», «ilıq», «sərin» anlayışlarıdır. Bu anlayışları rəqəmlərə keçirsək, rəqəmlərin də konkret olmadığı üzə çıxır: 1 ilə 2 arasında 1,1, 1,5, 1,75 və s. var. Bu ixtira ilə o, mütləq sıfır və mütləq vahid olduğunu deyən Aristoteli inkar edir. Mən bunu çox yaxşı anlayıram. Mənim Lütiklə ruh yaxınlığım var. Bu nəzəriyyəni qəbul edir, o üzdən də tələbələrimə hər zaman bir şeyi öyrədirəm: personajların obrazını, xarakterini yaradan zaman şablon «pis» və ya «yaxşı»dan istifadə etməyin, «yarımton»u tapın. Hər zaman elə məqam tapmaq olar ki, orada «pis» «yaxşı» kimi davranır və əksinə. Bu zaman reallığa daha yaxın məqamı tapırsan. Mütləq yalan və mütləq həqiqət yoxdur. Onun riyazi nəzəriyyəsi, qeyri-səlis məntiqi bunun üzərində qurulub.

Hobbi

Lütfi Zadə sadə, ünsiyyətcil və tam demokrat insan idi. Onda seçilmiş olmanın verdiyi yekəxanalıq, snobizm yox idi. Halbuki əksər məşhurlar məhz bu cürdür. O, kübar davranışları, hazırcavablığı, ədəbi, ehtiyatlılığı və qayğıkeşliyilə seçilirdi. Onun bilikləri daxili aləminin əksi idi. Lütfi Zadə sakitliyilə, açıqfikirliliyi ilə fərqlənir, sabitliyi, ailə adət-ənənələrini yüksək qiymətləndirirdi. Bu insan üçün şərəf, uca ad anlıq qazancdan çox üstün idi. Heç zaman problemlərin həllində radikal üsullara əl atmaz, liberal yola üstünlük verərdi. İntuitiv, həssas, yaradıcı şəxsiyyət olan Lütfi Zadə bu günün işini heç zaman sabaha saxlamaz, həyatının hər dəqiqəsindən effektiv istifadə etməyə çalışardı. Onun zahiri praktikliyinin arxasında incə qəlbə malik olan romantik bir natura gizlənirdi. Bu, özünü onun paralel yaradıcılığında - fotoportretlərində göstərirdi. Lütfi hələ Tehranda yaşayan zaman atasından fotoaparat hədiyyə almışdı və ömrünün sonunadək fotoaparatdan qopmadı. Rəhim Ələsgərzadə oğlunu sevir və onun əylənməsini mümkün qədər təşviq edirdi: fotoaparatla, avtomobillərlə, rəqs, kitab, təhsillə. Doğrudur, Cənnət xanımın sözlərinə görə, xalası oğlu onunla söhbətində 16 yaşından bədii ədəbiyyat oxumadığını deyibmiş. Lakin o yaşadək oxuduqları Lütfi Zadənin incə bədii zövqünün, dünyaya baxışının formalaşması üçün kifayət etmişdi.

Lütfi Zadə yaxşı tennis oynayırdı. Onun Azərbaycan mətbəxinə sevgisi tükənməz idi - plov, kabab, badımcan dolması. Berklidəki «Alborz» restoranında məxsusi olaraq onun üçün bu xörəklər bişirilirdi. Bu restoranın divarlarından onun çəkdiyi fotolar asılıb. Lütfi Zadə portret janrında ixtisaslaşmışdı və onun işlərini həvəskar işi saymaq olmaz. Lütfinin fotopersonajları arasında qonşuluqda yaşamış Trotski də var. Və Nikson…

Lütfi Zadə insanın daxili keyfiyyətlərinin üzə çıxa anını elə tuturdu ki, dərhal həmin insanın xasiyyəti «oxuna» bilirdi.

O, məşhur fotoportretçiyə çevrilmişdi. Demək, istedadlı insan hər işdə istedadlıdır. Bu məşğuliyyət çox rahat bir şəkildə onun peşəsinə çevrilə bilərdi, laki nalim dühası üstün gəldi. Amma onun daha bir Allah vergisi var idi - sevmək.

Sevgi 

O, Fey ilə 70 ildən artıq birgə olmaq, ondan cəmi bir il çox yaşamaq, 2 gözəl və uğurlu övlad böyüdüb tərbiyə etmək üçün ailə qurmuşdu: ABŞ-ın məşhur telejurnalisti, öz telekanalı olan qızları Stella və istedadlı riyaziyyatçı, riyazi biliklərini biznesə tətbiq etmiş oğulları Norman.

Lütfi Zadə, Loutfi, Lütik… Bakıya cəmi 2 günlüyünə gələn Lütfi Zadə burada bundan artıq qala bilmirdi. Ona görə yox ki, həyatı və elmi fəaliyyəti vaxt itkisini qəbul etmirdi. Ona görə ki, özünün dediyi kimi, «Feyimi günyarımdan artıq tək qoya bilmirəm». Fey onun üçün yalnız həyat yoldaşı, dost, silahdaş deyildi. Fey Zadə Lütfi üçün bunlardan daha çoxunu ifadə edirdi. Bu qadın onun «Mən»inin bir hissəsinə çevrilə, onun həyatına harmoniya və ruh rahatlığı gətirə bilmişdi. Fey sanki onun həyatını öz sevgisi ilə örtərək, qeyri-təkmil bu dünyanın tikanlarından qoruyurdu. O dünyasını dəyişəndən sonra artıq hər kəs Lütfinin çox yaşamayacağını anlamışdı.

Evə dönüş

Və budur, Lütfi Rəhim oğlu Ələsgərzadə onilliklər sonra doğma torpağına və bu dəfə həmişəlik qayıtdı. Sentyabrın 29-da o, Fəxri xiyabanda dəfn olundu. Lütfi, Loutfi, Lütik… Feyin külü onun öz vəsiyyəti əsasında Berklidə havaya sovrulub. O, inanırdı ki, bu yolla o əbədi olaraq öz Lütfisinin yanında qalacaq. Və, yəqin ki, indi onların ruhları bu dünyanın faniliyini geridə qoyaraq, bir-birinə doğru yön alıblar. Yön alıblar ki, yenidən nə vaxtsa qovuşsunlar…



MƏSLƏHƏT GÖR:

528