29 Mart 2024

Cümə, 17:22

AZADLIĞIN FƏSADLARI

Politoloq Piter Teys: «ABŞ Konqresi təcili olaraq avtomat silahların əldə edilməsini çətinləşdirən tədbirlər görməlidir»

Müəllif:

15.10.2017

Las-Veqasda bu günlərdə törədilmiş kütləvi qətliam ABŞ tarixindəki bənzər cinayətlər arasında ən miqyaslısıdır. Las-Veqasın 64 yaşlı sakini Stiven Peddok Mandalay-Bey mehmanxanasının 32-ci mərtəbəsindən kantri musiqisi festivalının iştirakçılarını avtomat silahdan güllələməyə başlayıb. Poddokun evində axtarış aparan polis oradan daha 20-yə yaxın odlu silah, minlərlə patron və partlayıcı aşkarlayıb. İstintaq hələ ki, bu şəxsin insanları hansı səbəbə güllələdiyini müəyyənləşdirə bilməyib. Bununla yanaşı, insidentdən sonra ABŞ-da daim müzakirə olunan məsələ - odlu silah saxlama və gəzdirmə hüququ yenidən müzakirə olunmağa başlayıb.

Lakin bu, Donald Trampın prezidentliyi dönəmində demokratlarla respublikaçılar arasında yaşanmaqda olan yeganə fikir ayrılığı deyil.

«R+»un Las-Veqasda baş vermiş faciə, ABŞ-ın beynəlxalq siyasəti, Vaşinqton-Bakı münasibətlərilə bağlı suallarını İllinoys Texnoloji İnstitutu yanında Çikaqo-Kent hüquq kollejinin dekanının beynəlxalq münasibətlər üzrə xüsusi məsləhətçisi Piter Teys cavablandırıb.

- Demokratlar Partiyası çoxdandır ki, odlu silah saxlamaq hüququna dair İkinci düzəlişin ləğvini tələb edir. Hazırda ABŞ Konqresi və Senatında çoxluqda olan respublikaçılar isə buna qarşı çıxır. Onlar hesab edirlər ki, bu, ABŞ-da demokratiyanın verdiyi əsas hüquqlardan biridir. Necə düşünürsünüz, bu fikir ayrılığı nəyə aparıb çıxara bilər?

- Las-Veqasda 2017-ci il oktyabrın 1-də törədilmiş kütləvi qətliam Birləşmiş Ştatların tarixində dəhşətli hadisələrdəndir. Həmin gün Stiven Peddok kantri musiqisi festivalında 58 nəfəri qətlə yetirib, 489 sənətsevəri yaralayıb. O, ötən əsrin 60-cı illərində dəfələrlə həbsxanada yatmış bank oğrusunun oğlu idi. Oğul Peddokun cinayəti çox sayda amerikalı ailəsinin həyatını dəyişdi.

Digər tərəfdən bu cür miqyaslı cinayət belə, hələ də ABŞ-ın siyasi hakimiyyətindəki tərəflər arasında odlu silah daşımaq hüququ ilə bağlı dialoqu yaxşılaşdırmağa qadir deyil. Bəlkə də, indi Konqresdəki demokratlarla respublikaçıların rəhbərləri odlu silahlara nəzarət kimi həssas məsələdə ortaq məxrəcə gəlinməsində daha ciddi çətinliklərlə qarşı-qarşıya qalıb. Halbuki bu hüquq hər gün ölkənin şəhər və kənd sakinlərinin həyatına risk yaradır.

2017-ci il oktyabrın 2-də Senatdakı demokratik azlığın lideri Nensi Pelosi Nümayəndələr Palatasının spikeri Pol Rayana məktub ünvanlayaraq, onu dərhal silah tətbiqilə törədilən zorakılıqla mübarizə üzrə xüsusi komitənin yaradılmasına çağırıb. O, silah alıcılarının müayinəsinin (Kinq-Tompson qanunu) sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə ehtiyacın olduğunu da bildirib.

Xanım Pelosi bildirib ki, ABŞ Konqresi silah tətbiqilə törədilən zorakılıqla mübarizəyə, həmçinin odlu silahlara nəzarətin sərtləşdirilməsinə görə mənəvi məsuliyyət daşıyır. O, deyib ki, «Vaşinqton Amerika xalqını göz bəbəyi kimi qorumalı, biz hamımız isə bu faciələrə cəsarətlə, həmrəy və əzmlə reaksiya verməliyik». Mən əminəm ki, spiker Rayan və hər iki siyasi partiyanın rəhbərliyi xalqımızın təhlükəsizliyinin təmini və insanların qorunması istiqamətində təcili tədbirlər görəcəklər. Bundan başqa, Ağ Ev və şəxsən prezident Donald Tramp ölkəmizin bu gün üzləşdiyi ən aktual məsələlərin uzunmüddətli həllinə nail olmaq niyyətindədir.

- Pol Peddokun qaldığı hotel otağından külli miqdarda odlu silah tapılıb. Las-Veqas hotellərində təhlükəsizliyin təminilə məşğul olan əməkdaşların peşəkarlığını, bu şəhərdə böyük pulların dövr etdiyini və Las-Veqas atmosferinin müxtəlif macəra axtarışında olanları, o cümlədən təhlükəli və riskli insanları cəlb etdiyini nəzərə alsaq, Peddokun bu işləri təkbaşına gördüyü şübhəli gəlir. Peddokun qurbanları kantri musiqisi həvəskarları, əsasən respublikaçılardır. Odur ki, bu cinayətin niyə terror kimi qiymətləndirilmədiyini anlamaq çətindir. Peddokun əməlini terror adlandırmaq və Tramp administrasiyasına mesaj saymaq olarmı?

- Qatil Stiven Peddokun törətdiyi kütləvi qətliam, şübhəsiz ki, hər hansı əcnəbi terror təşkilatına aidiyyəti olmayan zorakılıq aktıdır. O, pedofil və paranoik olan «tənha canavar» imiş. Peddok istintaqın onun bu əməlinin, Las-Veqasın düz göbəyində törətdiyi amansız qətliamın əsl səbəblərini müəyyənləşdirməsi üçün heç bir iz qoymayıb. Sadəcə, o məlumdur ki, keçmişdə bu şəxs bir neçə fahişənin xidmətindən istifadə edib. Hazırda polis onlardan bəzilərini dindirir.

ABŞ tarixinin bu miqyaslı qətliamından sonra Las-Veqas polisi və xüsusi xidmət orqanlarının ictimai təhlükəsizliyin gücləndirilməsi üzərində işləyəcəyinə, profilaktik tədbirlər görəcəyinə şübhə yoxdur. Bu, xaricdən sifariş olunmuş terror aktı deyil. 500-dən artıq günahsız Las-Veqas sakininə hücum bizim Amerikada həddindən artıq azad olmağımızın nəticəsidir. Odur ki, hər bir vətəndaş hər an diqqətli olmalı, istənilən xırda şübhəsi haqda hökumət orqanlarına məlumat verməlidir. Las-Veqasda Peddokla bilavasitə ünsiyyətə malik, onun zərərli xarakterinə bələd çox fahişə olub. Təəssüf ki, onlar buna göz yumublar. Belə psixopat davranışa etinasız yanaşma sonda ölümə, qəddar zorakılıq hallarına aparıb çıxara bilir. ABŞ Konqresi gecikmədən əsasən döyüş meydanlarında istifadə olunan avtomat odlu silahların əldə edilməsini məhdudlaşdıran və qadağan edən qanunvericilik tədbirləri görməlidir. Amerika küçələrində belə silahlarla gəzməyə ehtiyac yoxdur. Bizdə ictimai təhlükəsizlik səviyyəsi dünyada ilk yerlərdən birini tutur.

- Donald Trampın inauqurasiyasından, demək olar ki, 1 il keçir. Lakin onun tənqidçiləri hələ də sakitləşmir. Prezident gah Rusiya ilə sövdələşməyə getməkdə, gah korrupsiyada günahlandırılır. Üstəlik, bunların heç birinin sübutu yoxdur. Bu şəxslər nəyə nail olmağa çalışır? Onları hərəkət etdirən, danışdıran qüvvələr kimlərdir, Kapitolidəki hansı nüfuzlu qruplardır? Onlar Trampı «əl prezidenti»nə çevirməyə çalışır, yoxsa impiçmentə nail olmağa?

- Prezident Donald Tramp bu postu 10 aydır tutmasına rəğmən, ABŞ tarixinin ən yaxşı prezidentlərindən biridir. Onun cəsarəti, vətənpərvərliyi, şəffaflığı, dinamik liderliyi və parlaq iqtisadi siyasəti xalqımızı irəli aparır, milli iqtisadiyyatımızı və hər bir amerikan ailəsinin ümumi rifahını yaxşılaşdırır. Trampın Rusiya rəhbərliyilə əlaqələrinə gəlincə, Ağ Evlə Kreml arasında Prezident Administrasiyasının adi öhdəliklərindən kənara çıxan hər hansı əlaqələrin olduğunu təsdiqləyən heç bir ciddi dəlil yoxdur. Bu əsassız informasiyanı beynəlxalq kəşfiyyat orqanları da təsdiqləmir. Vaxtilə Obamanın korrupsiyalaşmış hökumətinin himayəsi altında böyük qazanclar əldə etmiş ABŞ-ın aparıcı mətbuat orqanları və Demokratlar Partiyası daxilindəki müxtəlif seqmentlər prezident Trampın nüfuzuna, qüsursuz işgüzar karyerasına ləkə yaxmağa çalışır. Amerika KİV-i, həqiqətən də, çox qərəzlidir. Onlar Corc Soros və digər «filantroplar» tərəfindən maliyyələşdirilən müxtəlif neoliberal qrupları dəstəkləyir.

- Trampın prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasi kursunda aşkar ziddiyyətlər yaranıb. Tramp bir yandan deyirdi ki (və bunu inauqurasiya mərasimindəki çıxışında da dilə gətirmişdi), Vaşinqton digər suveren dövlətlərin daxili işlərinə qarışmamalıdır, digər tərəfdən isə o, Venesuela, KXDR və ya İran kimi dövlətlərə «hücum» edir. Sözlə əməl arasındakı bu ziddiyyət nədən qaynaqlanır?

- Trampın sözlərilə əməlləri arasında ziddiyyət yoxdur. O, prezident kimi, Birləşmiş Ştatların maraqlarının qorunmasında mənəvi və konstitusion öhdəliklər daşıyır. Venesuela rəhbərliyinə qarşı maliyyə sanksiyaları və rəhbər şəxslərin sərbəst hərəkətinə məhdudiyyətlərin qoyulması, həmçinin ABŞ Silahlı Qüvvələrinin Koreya yarımadası ətrafında mövqelərini gücləndirməsi Vaşinqtonun strateji maraqlarından irəli gəlir. Bu, ABŞ-ın xarici siyasətinin reallaşdırılmasına daha çox kömək edir.

Bundan başqa, bu il avqustun 28-də ABŞ-ın dövlət katibi Reks Tillerson ABŞ Dövlət Departamentində miqyaslı islahatlara və ciddi ixtisarlara başlanıldığını bəyan edib. Hazırda Departamentdə 66 xüsusi elçi, xüsusi işlər vəkili və ya nümayəndə ştatı var. Onlardan yalnız 30-u öz səlahiyyətlərini icra edir. Qalanları işdən kənarlaşdırılacaq. Bundan başqa, Tramp hökuməti bundan sonra da antisemitizmlə mübarizə, dini azadlıqların təmini və LGBT hüquqlarının müdafiəsilə bağlı mövqeyinə sadiq qalacaq. ABŞ-ın Sülh Korpusunun gələn il üçün büdcəsinin xeyli azaldılacağı gözlənilir. Məsələn, ölkədən kənarda çalışan könüllülərin sayında ciddi azalma olacaq. Ştatların və büdcənin ciddi şəkildə azaldılması, həmçinin düzgün fəaliyyət formasının seçilməsi ABŞ Dövlət Departamentinin effektiv çalışması, maliyyə hesabatları və şəffaflığın təmini üçün, həqiqətən də, vacibdir. Vaşinqton Müdafiə Nazirliyinin gücləndirilməsini strateji vacib vəzifə sayır. Burada söhbət həm də lazımi vasitələrin, ordu üzvlərinin ruh yüksəkliyinin və xidmət şərtlərinin təminindən, Hərbi-Dəniz Donanmasının və ABŞ Silahlı Qüvvələrinin bütün qanadlarının gücləndirilməsindən gedir.

- Tramp seçkiqabağı kampaniyası dövründə Rusiya ilə yaxınlaşmaq, onunla xüsusilə terrorçuluqla mübarizə sahəsində daha çıx əməkdaşlıq etmək niyyətini dəfələrlə dilə gətirmişdi. Lakin son zamanlar bu iki ölkənin münasibətlərində ciddi geriləmə müşahidə olunur. Tramp administrasiyası durmadan Rusiyaya aşkar mənfi münasibətdə olan şəxsləri işə cəlb edir. Necə düşünürsünüz, bu, yuxarıda qeyd olunan qüvvələrin Trampa təzyiqlərinin nəticəsidirmi?

- Hazırda Vaşinqtonla Moskva arasında dialoq və əməkdaşlıq dondurulub. Təəssüf ki, bu münasibətlərin gələcəyilə bağlı da çox nikbin deyiləm. Ukrayna prezidentinin 2017-ci ilin iyununda Ağ Evə rəsmi səfərindən sonra ABŞ Maliyyə Nazirliyi Rusiyaya yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Üstəlik, onların Moskvanın Minsk razılaşmasına tam əməl etməsinədək qüvvədə qalacağı bəyan olunub. Burada söhbət həm də Rusiya ilə Ukrayna arasında 2015-ci ildə əldə olunmuş atəşkəs razılaşmasından gedir.

İki ölkə arasında qarşıdurmanın əsas səbəbi Vaşinqtonun Ukraynanı və onun ərazi bütövlüyünü dəstəkləməsidir. Obama administrasiyasının dövründə də tərəflər arasında dialoq yox idi. Bu gün isə biz ən azı Pentaqon və Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin vasitəsilə Suriya müharibəsi, NATO təlimləri haqda mütəmadi əlaqələrə malikik. Rusiya Federasiyası dünyanın nəhəng oyunçularından biri, vacib geostrateji obyektdir. O, sülhün, qlobal sabitliyin qorunmasına kömək edir. Eyni zamanda Moskva beynəlxalq iqtisadi inkişafı da dəstəkləməyə hazırdır. NATO ilə Moskva arasında əməkdaşlıq və dialoqun güclənməsi Qərbin Putin hökumətinə qarşı yürütdüyü hazırkı sərt siyasətin yumşaldılması yolunda vacib addımdır.

- Bəs, Ağ Evin yeni administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərini necə görürsünüz? ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinə dəyişikliklər edəcəkmi?

- Birləşmiş Ştatlarla Azərbaycan arasında ən yüksək səviyyəli tərəfdaş münasibətləri var. Əminəm ki, Vaşinqton yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal addımlar atacaq, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. Ağ Evin Dağlıq Qarabağ probleminin həllinə ciddi töhfəsinin hiss olunması üçün ABŞ hökuməti xüsusi elçi təyin etməli və ona yalnız bu səlahiyyətlər verilməlidir: Ermənistan tərəfindən dəstəklənən hazırkı status-kvonun dəyişdirilməsi; ermənilərin 20 ildən artıqdır heç bir günahı olmayan dinc azərbaycanlı əhaliyə qarşı faşist əməllərinin ifşası, Ermənistan rəhbərliyinə iqtisadi sanksiyaların tətbiqi üçün ABŞ-ın Maliyyə Nazirliyi ilə işləmək, ABŞ Konqresinin hər iki palatasında Ermənistanın bəşəriyyət əleyhinə cinayətlərini pisləyən qətnamələrin qəbulunun gündəmə gətirilməsi, Ermənistan silahlı qüvvələri tərəfindən 620-dən artıq dinc sakinə qarşı qətliamın törədildiyi Xocalı hadisəsinin ildönümünün qeyd olunmasını nəzərdə tutan hökumət bəyannaməsi layihəsinin hazırlanması.



MƏSLƏHƏT GÖR:

556