22 Dekabr 2024

Bazar, 13:33

KATALONİYA TAMAŞASI

İspaniyadakı proseslərin necə bitəcəyindən asılı olmayaraq, yaşananlar ciddi fəsadlara yol açacaq

Müəllif:

15.10.2017

Kataloniyada oktyabrın 1-də keçirilmiş müstəqillik referendumu İspaniyanı Konstitusiya böhranı ilə qarşı-qarşıya qoyub. Baş verənlər Qərb ictimaiyyətində liberal demokratiyanın məğzi ilə bağlı yeni mübahisələrə yol açıb, Brüsselin nüfuzuna növbəti dəfə kölgə salıb və beynəlxalq hüququn təkmil olmadığını, ikili standartlardan çıxış edildiyini bir daha ortaya qoyub. Barselonada yaşananların İspaniyanın daxili işi olduğunu düşünmək yanlışdır. Kataloniyada baş qaldırmış böhranın necə bitəcəyindən asılı olmayaraq, o, ciddi fəsadlar verəcək.

Artıq referendumdan sonra vəziyyət regional hökumətin başçısı Karlos Puçdemonun qəribə davranışları ilə daha da qarışıb. O, kataloniyalıların, şübhəsiz ki, müstəqilliyə layiq olduqlarını və referendumda da məhz buna səs verdiklərini bildirib. Lakin ardınca Puçdemon qeyd edib ki, İspaniyadan qanuni şəkildə ayrılmaq üçün danışıqlara, zamana ehtiyac var. Bu üzdən də, o, «boşanma»nın təxirə salındığını söyləyib.

Amma cəmi bir neçə saat sonra Puçmedon, müavini Oriol Junkares, parlamentin spikeri Karme Forkadel və 135 deputatdan 72-si müstəqillik bəyannaməsini imzalayıblar. Nəticədə, İspaniyanın Nazirlər Kabineti Kataloniya rəhbərliyinə sorğu göndərərək, izahat tələb edib: onlar müstəqilliklərini elan edir, ya yox?

Kataloniyanın Madriddən uzaqlaşmaq, müstəqillik tələbinin qədim tarixi var. Onun kökləri X əsrədək gedib çıxır. Təxminən, min il ərzində, əlbəttə ki, çox hadisələr baş verib. Lakin göründüyü kimi, bu vaxtadək onlar dilini, mədəniyyətini, adət-ənənələrini, milli kimliyini və eyniliyini qoruyub saxlaya biliblərsə, demək, vəziyyət o qədər də faciəvi deyil. Müasir tarixə gəlincə, regiona muxtariyyət statusu diktator Frankonun 1979-cu ildə dünyasını dəyişməsindən sonra verilib. 2005-ci ildə isə İspaniya parlamenti kataloniyalıları ayrıca millət kimi tanıyıb və regiona vergi güzəştləri tətbiq edib. Lakin artıq 2010-cu ildə Konstitusiya Məhkəməsi muxtariyyətin hüquqlarını yenidən azaldıb və nəticədə, kataloniyalılar «xalq» adlanmaq hüququndan məhrum olub. Ən başlıcası isə artıq onlar toplanılan vergilərin böyük hissəsini özləri üçün saxlaya bilmir. Bu isə prinsipial əhəmiyyət daşıyan məsələdir - 7,5 milyon əhalisi olan Kataloniya hazırda İspaniyanın ən zəngin regionlarından biridir. Ölkənin ümumi ixracının 26, ÜDM-in isə 19%-i məhz onların payına düşür. Bütün dünyada populyar turizm istiqaməti olan Kataloniya ölkəyə qoyulan investisiyaların 21%-ni cəlb edir. Bura Avropanın kimya sənayesi mərkəzi (Tarraqona) sayılır, Barselona limanı isə Aİ-nin 20 iri limanı sırasına daxildir. Belə çıxır ki, Kataloniyanın müstəqillik tələbinin motivlərindən biri, məhz onun rifahıdır - regionda hesab edirlər ki, onlar yerli büdcəyə aldıqlarından daha çox ödəyir.

Odur ki, bütün varidatın evdə qalması üçün oktyabrın 1-də səsverməyə qatılanların 90%-i müstəqilliyə «hə» deyib. Sanki rəqəmlər öz-özlüyündə hər şeyi deyir - kataloniyalılar istəyir ki, özləri özlərini idarə etsinlər. Lakin problem ondadır ki, referendumda seçici fəallığı cəmi 43% təşkil edib. Yəni müstəqillik ideyasını regionun səsvermə hüququna malik 5,31 milyon əhalisinin yalnız 2,26 milyonu dəstəkləyib. Yeri gəlmişkən, bu, gözlənilən idi. Çünki hazırda müstəqillik tərəfdarı kimi çıxış edən partiyalar alyansı (CUP, Omnium Cultural, ANC) 2015-ci ildə keçirilmiş yerli seçkidə əhalinin, təxminən, yarısının dəstəyini ala bilib. Referendumdan bir gün sonra isə gözlənildiyi kimi, Barselona əhalisinin, təxminən, yarısı ümumxalq tətilinə qoşulub. Elə o qədər də insan oktyabrın 7-də İspaniyadan ayrılmağa etiraz olaraq keçirilən mitinqə qatılıb.

Beləliklə, İspaniyadan ayrılmağı heç də bütün kataloniyalılar istəmir (başqa sözlə, bunu əhalinin yalnız yarısı istəyir). Bu, həm də region əhalisinin yalnız etnik katalonlardan ibarət olmaması ilə izah edilir - orada İspaniyanın digər regionlarından olan insanlar, həmçinin miqrantlar da yaşayır. Bu insanlar isə köklü katalonların millətçi mövqeyini bölüşmür. Bununla yanaşı, vəziyyətin ən yaxşı izahı rasional məsələlərdədir. Məsələ ondadır ki, Kataloniya İspaniyadan ayrılmaqla, iqtisadi cəhətdən udmaqla yanaşı, uduza da bilər. Məsələn, bölgəyə turist axınının ciddi şəkildə azalması mümkündür. Çünki bu halda Kataloniya avtomatik olaraq, Aİ üzvlüyündən kənarlaşdırılacaq. Onun yenidən birliyə qoşulması yalnız İspaniyanın razılığı ilə mümkün olacaq. Amma, yəqin ki, buna heç də yalnız Madrid etiraz etməyəcək.

Müstəqillik halında Kataloniya özünün gömrük, vergi, sərhəd xidmətlərini yaratmalı, DİN, ordu, MB və digər strukturları qurmalı və saxlamalıdır. İstənilən müstəqil dövlətdə bunlar olmalıdır və indiki halda bütün bu yük Madridin çiyinlərindədir. Onu da unutmaq olmaz ki, Kataloniyada istehsal olunan məhsulların, təxminən, yarısı yerli bazarda, yəni İspaniyanın özündə reallaşdırılır. Bundan başqa, regionun kifayət qədər borcu var - 77 milyard avro, derjatelem 52 mlrd. iz kotorıx əvləetsə İspaniə. Buraya hələ milli borc daxil deyil. Madrid tamamilə haqlı olaraq, milli borcun bölüşdürülməsini də tələb edə bilər. Odur ki, Kataloniyanın müstəqilliyi halında söhbət əlavə olaraq, ÜDM-in, təxminən, 130%-i həcmində dövlət borcundan da gedə bilər.

Ən təhlükəlisi isə biznesin itirilməsi riskidir. Avropa KİV-nin yazdığına görə, Madrid artıq Kataloniyadan bir sıra ispan banklarını və şirkətlərini çıxarıb. Nəticədə, yerli biznes elitası artıq müstəqillik ideyasını o qədər də həvəslə dəstəkləmir. Yeri gəlmişkən, Madrid bu üsuldan Basklar ölkəsində də istifadə edib.

Əksər müşahidəçilərin fikrincə, bütün bunların fonunda rəsmi Madrid kataloniyalıların referendumuna daha sakit yanaşa bilərdi. Onun nəticəsini Konstitusiya Məhkəməsinin qərarı əsasında rədd etmək kifayət idi. Xatırladaq ki, Konstitusiya Məhkəməsi referendumu əvvəldən qanunsuz elan edib. Buna əsaslanan Madrid, üstəlik, Kataloniya hökumətinə iqtisadi təzyiqlər də göstərmək iqtidarındadır. Lakin baş nazir Mariano Rahoyun əsəbləri nədənsə tab gətirməyib və o, qarşı tərəfə güc tətbiq etmək qərarına gəlib. Bu məqsədlə milli polis dəstələri və mülki qvardiya seçki məntəqələrinə göndərilib. Onlar bülletenlərlə dolu qutuları müsadirə etməyə, səs verməyə gəlmiş insanları məntəqələrə buraxmamağa çalışıb. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb və asayiş keşikçiləri rezin dəyənəklərdən, gözyaşardıcı qazdan istifadə etməli olub. Bununla da, bütün dünya hüquq mühafizə orqanları əməkdaşlarının qadının saçından yapışaraq pilləkənlərlə sürüdüyünə, Jironda polisin əhalini qorumağa çalışan yerli yanğınsöndürənləri necə dəyənəklədiyinə şahidlik edib. Kataloniya hökuməti toqquşmalar zamanı 800-dən çox insanın xəsarət aldığını açıqlayıb. Sosial şəbəkələrdə isə insanlar gördüklərindən şoka düşdüklərini yazıb, hazırkı İspaniya hökumətini Franko rejimi ilə müqayisə etməyə başlayıb, Avropa ictimaiyyətinin bir hissəsi olan ölkədə belə hallara yol verilməsinin ağlasığmaz olduğunu bildirib. Nüfuzlu KİV-in əksəriyyəti bu qənaətdədir ki, «İspaniya hökumətinin bu əməli səmərəsiz və lazımından daha sərtdir». Mətbuat hesab edir ki, bu, real müstəqillik tələblərini daha da artıran, Rahoyun mövqelərini zəiflədən haldır.

İndi hər iki tərəfin baş verənlərin ağırlığını yaşadığı bir vaxtda yenə də bir şey düşünülür: nə etməli? Bəziləri, məsələn, Şotlandiya qanuni referendumun təşkilini təklif edir. Lakin İspaniyanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına görə, bu, mümkün deyil. Konstitusiyada bildirilir ki, «İspaniya ispan xalqının birliyi və sarsılmazlığı əsasında qurulub» və ölkənin suverenliyi «ispan xalqına məxsusdur». Odur ki, ölkədə Konstitusiya islahatları aparılmadan, leqal referendumun təşkili mümkün deyil. İstənilən halda, Madrid bildirir ki, Kataloniya «qanuni məcraya» qayıtmazsa, onunla dialoq aparılmayacaq. «Qanuni» dedikdə isə Kataloniya hökumətinin müstəqillik iddialarından imtinası nəzərdə tutulur. Əks təqdirdə, belə çıxır ki, söhbət bərabərhüquqlu suveren subyektlərdən gedir. Bu baş verməzsə, Madrid Konstitusiyanın 155-ci maddəsinə istinad edə bilər. Bu maddə Kataloniya hökumətinin səlahiyyətlərinə xitam verilməsini, oraya mərkəzdən birbaşa idarəçiliyin tətbiqini nəzərdə tutur. Beləliklə, belə çıxır ki, Puçdemon öz-özünə quyu qazıb. Bir yandan o, anlayır ki, qaynatdığı qazanı tezliklə sakitləşdirmək mümkün olmayacaq, İspaniyanın və Avropanın qanunlarının pozulmasını heç kəs dəstəkləməyəcək. Digər tərəfdən müstəqillik tələb edənlər arasında da parçalanma yaranıb - bəziləri dərhal müstəqillik elan olunmasını istəyir, digərləri isə gözləməyə hazırdır.

Aİ də vasitəçilik etmək niyyətində deyil. Məhz, bu üzdən, Avropa Komissiyası prosesin lap əvvəlində Kataloniyanın müstəqilliyi məsələsinin İspaniyanın daxili işi olduğunu bəyan edib. Bununla yanaşı, Valloniya və Flandriyada, Valensiyada, Qalisiyada, Siciliyada, Sardiniyada, Lobardiyada, Elzasda, Bavariyada, Korsikdə, Sileziyada və Moraviyada, Aland adalarında, həmçinin Avropanın digər region, bölgə və vilayətlərindəki separatçı əhvalın potensialını nəzərə alsaq, Brüsselin davranışından çox şey asılıdır. Elə həmin İspaniyada Basklar ölkəsi və terrorçu ETA da var. İtaliyada isə «zəngin» şimal vilayətləri olan Veneto və Lombardiya oktyabrın 22-də referendum keçirməyi planlaşdırır. Aİ-dən kənarlaşmış, lakin yenə də avropalı olan Böyük Britaniyada isə Şotlandiya var. Yeri gəlmişkən, Şotlandiya hökumətinin başçısı Nikola Stercen müstəqilliklə bağlı yeni referendum keçirmək niyyətini artıq bəyan edib. O, yeni səsvermənin «2018-ci ilin payızı ilə 2019-cu ilin yazı arasında, «Brexit»in şərtlərinin müəyyənləşməsindən sonra» keçiriləcəyini bildirib. «Lakin bizim öz yolumuzla getmək şansımız da var», - deyə o, qeyd edib. Sual yaranır: niyə bütün bunlar insanların açıq sərhədlərin bütün üstünlüklərindən, «bonus»larından kifayət qədər çoxdan və məmnuniyyətlə istifadə etməyə başladığı, insan haqlarına ciddi zəmanətin verildiyi Avropada yaşanır? Onların rahat yaşaması üçün nə çatmır?

Belə suallar kifayət qədər çoxdur. Yaşananlar o qədər məntiqsiz təsir bağışlayır ki (Puçdemonun davranışları bunun bariz nümunəsidir), ağla ən azı məntiqli görünən müxtəlif konspiroloji izahlar gəlir. Çünki Kataloniya hökumətinin davranışında məntiqin olmadığı aşkardır. Axı, onlar İspaniyadan ayrılacaqları təqdirdə, üzləşəcəkləri və hazırda bütün KİV-in, blogerlərin car çəkdiyi iqtisadi itkiləri proqnozlaşdırmaya bilməzdilər. Bəlkə, Barselona onu heç kəsin dəstəkləməyəcəyini, Madridin sərt mövqe tutacağını bilmirdi? Bu yerdə Kataloniyanın müstəqillik qazanmasının müəyyən mənada Brüsselə sərf etdiyinə dair çoxdan mövcud olan fikirlərin yenidən səsləndirilməsi təəccüblü deyil. Bu düşüncədə olanlar hesab edir ki, Aİ daxilində xüsusi xarici siyasi düşüncəyə malik olmayan, mərkəzdən iqtisadi asılı olan, onun bürokratiyasından asılı kiçik dövlətlərin yer alması Brüsselə sərf edir. Bəzi politoloqlar isə hətta dünyanın yenidən bölüşdürülməsindən danışır, Kataloniyada yaşananların bu «layihə» çərçivəsində xaosun yaradılması məqsədilə ortaya atılmış «sınaq» olduğunu söyləyir. Hər halda, dünyada belə kataloniyalılar saysız-hesabsızdır və onları lazımi anda ayağa qaldırmaq mümkün olarsa… Digər versiyaya görə, Kataloniyada baş verənlər sırf separatizm deyil, daha çox hazırda bütün dünyada parlamaqda olan populist əhvalın nəticəsidir. Qeyd edək ki, ikinci versiya üçüncünü heç də rədd etmir, əksinə, tamamlayır.

İndi söhbətin Avropa, ümumdünya dəyərlərindən, hazırkı siyasi sistemin əsaslarından getdiyi desək, şişirtməyə yol verərikmi? Bir məqamı vurğulamaq isə qətiyyən şişirtmə olmaz: beynəlxalq ictimaiyyətin nəzərinə bir daha çatdırmaq istərdik ki, özünə sərf etdikdə kar, kor olan Avropanın «burnunun ucunda» - Cənubi Qafqazda milli sərhədlərin toxunulmazlığı uğrunda mübarizə illərdir davam edir. Beynəlxalq ictimaiyyətin erməni «Miatsum»una və Ermənistanın qonşusu olan Azərbaycan ərazisinin 20%-ni işğalına göz yumduğu andan. Bakı Azərbaycanın ərazi bütövlüyünün təmininin vacibliyi haqda bəyanatları çox eşidir. Lakin heç kəs məşhur «müqəddəratı təyinetmə» adı altında pərdələnmiş erməni separatçılarını cəzalandırmaq istəmir.

Azərbaycan XİN-i açıq şəkildə bəyan edib ki, Bakı «hazırkı vəziyyətin İspaniya qanunları və Konstitusiyası əsasında dinc yolla həllinə tərəfdardır». Azərbaycan İspaniya Krallığının ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə hörmətlə yanaşır. Kataloniya böhranı və dünyanın istənilən nöqtəsindəki bənzər problemlər yalnız bu cür həll oluna bilər. Vəssalam!

 



MƏSLƏHƏT GÖR:

464