25 Aprel 2024

Cümə axşamı, 18:26

İKİNCİ QARABAĞ?

Erməniliyin Gürcüstana ərazi iddialarında növbəti mərhələ - «əməli mübarizə»yə keçid

Müəllif:

15.10.2017

Gürcüstan-Ermənistan münasibətlərində növbəti gərginlik yaşanmaqdadır. İki xalq arasında əsrlərdən gələn dostluq haqda bəyanatlara baxmayaraq, İrəvanın Gürcüstanın Samtsxe-Cavaxetiya regionunun qəsb olunmasına, bu ölkənin mədəni irsinin mənimsənilməsinə yönəlmiş siyasəti dövlətlərarası münasibətlərin normal inkişafına mane olur.

 

Tiflis üçün həyəcan siqnalı

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Kumurdo kəndində bu yaxınlarda baş vermiş hadisə ətrafında ajiotaj səngimir. Burada polislə X əsrə aid kilsənin onlara verilməsini tələb edən yerli ermənilər arasında toqquşma baş verib.

Gürcüstan DİN-nin məlumatına görə, əhalisinin əksəriyyəti erməni olan Kumurdo kəndinin sakinlərindən ibarət qrup mədəniyyət abidəsi olan, X əsrə aid bərpa olunmuş kilsənin ərazisinə soxulmağa cəhd göstərib. Halbuki kilsə polis tərəfindən mühafizə olunur. Nəticədə, asayiş keşikçiləri onların qarşısını kəsib və bundan sonra insanlar polisi daşa tutub. İnsident nətiəsində polis əməkdaşları yaralanıb, bir neçə avtomobilə, o cümlədən DİN-in balansında olan maşınlara ziyan dəyib. Hətta hadisə yerinə ölkənin daxili işlər naziri Georgi Mqebrişvili gəlib və kənddə vəziyyət yalnız bundan sonra qaydaya düşüb.

Yerli ermənilərin Gürcüstan polisinə qarşı aqressiv davranışını bu «qədim və mədəni millət»in nümayəndələri, guya, kilsəni bərpa etmiş şəxslərin «onun həyətində dəfn olunmuş ermənilərə hörmətlə yanaşmaması» ilə əsaslandırır. Hökumət isə ermənilərin bu iddiasının «əxlaqsızcasına deyilən yalan» olduğunu bildirir. Onların sözlərinə görə, bərpa işlərini aparanlar, sadəcə, kilsənin üzərindəki divar yazılarını bərpa etməyə çalışıb.

Hər halda, hazırda Kumurdo kəndində nisbi sabitlik bərpa edilib. Bununla yanaşı, kilsənin mühafizəsi gücləndirilib və bərpa işləri ciddi nəzarət altında davam etdirilir. Çünki yerli ermənilərin təxribatı nəticəsində yaranmış gərginlik davam edir. Maraqlıdır ki, ermənilərin özləri baş verənləri polis və xüsusi təyinatlıların kəndlilərə qarşı zorakılığı kimi təqdim edir. Ermənistan KİV-nin «informasiya»sına görə, erməni xaçkarlarının qurulması zamanı yaranmış mübahisədə hüquq mühafizə orqanları insanlara qarşı zorakılıq edib və nəticədə, «çox sayda erməni yaralanıb, onların bir çoxu başından xəsarət alıb». Bununla yanaşı, erməni təbliğatı əsas məqamı inkar edə bilmir - Gürcüstan ermənilərinin liderlərindən olan David Rstakyanın etiraf etdiyi kimi, «əsas problem xaçkarda yox, kilsənin kimə mənsub olmasındadır. Gürcüstan tərəfi kilsəni mənimsəmək istəyir».

Beləliklə, polislə toqquşma və ardından başlamış erməni ah-zarı konkret qəsbkarlıq məqsədi güdür - ilk növbədə, gürcü mədəni irsinə qarşı. Bu yerdə Qarabağ münaqişəsinin fəal mərhələsində ermənilərin qədim Albaniyanın xristian irsinə necə iddia etdiyini yada salmamaq olmaz. İndi Gürcüstana qarşı Qarabağda sınanmış yoldan istifadə edilir: Kumurdo kəndindəki sözügedən məbədi erməni kilsəsi adlandıran İrəvan və Gürcüstan erməniləri arasındakı onun himayə etdiyi millətçi qüvvələr, guya, məbədin, onun yerləşdiyi ərazinin və ümumiyyətlə, bütünükdə Cavaxetiya regionunun ermənilərə məxsus olduğu haqda fikir yayır.

Bu mənada Gürcüstandakı Erməni apostol kilsəsi yeparxiyasının rəsmi Tiflisə bu yaxınlarda ünvanladığı müraciəti də yada salmaq yerinə düşər. Müraciətdə ermənilərin 442 gürcü kilsəsinə aşkar iddiası yer alırdı. Üstəlik, söhbət yalnız məbədlərin özündən yox, həm də onlara aid torpaq sahələrindən gedir. Ümumilikdə erməni kilsəsi 650 gürcü kilsəsinə iddia edir. Onların arasında separatçıların nəzarət etdiyi Gürcüstan əraziləri olan Abxaziya ilə Cənubi Osetiyada yerləşən məbədlər də var.

Ermənilərin gürcü iddiaları Ermənistanla Gürcüstan arasında sərhədlərin demarkasiyasına dair aparılan danışıqlara da öz təsirini göstərir. Gürcüstan KİV-nin məlumatına görə, İrəvan Tiflisi Xuçap monastrının və ona bitişik ərazilərin Ermənistanın nəzarətinə keçməsinə razı sala bilib. Gürcüstan hökuməti məlumatı rəsmən təsdiqləmir. Lakin ictimaiyyət arasında belə güzəştlərdən narazılıq getdikcə artır. Fəallar artıq Gürcüstan hökumətinin binası qarşısında «Erməni işğalına yox!» şüarı ilə nümayişlər də təşkil etməyə başlayıb.

Bütün bunlarla yanaşı, Kumurdoda baş vermiş dramatik hadisələr göstərir ki, ermənilərin Gürcüstanın mədəni irsinə və Cavaxetiya bölgəsinə bir-birilə sıx əlaqəli ərazi iddiaları yeni mərhələyə - «əməli mübarizə» mərhələsinə qədəm qoyub. Gürcüstan polisinə hücumu başqa cür qiymətləndirmək olmaz. Tiflis ekspertlərinin də dediyi kimi, onlar asayiş keşikçilərini daş-qalaq edib.

Bəzi erməni analitikləri Kumurdoda baş verənləri Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçiriləcək seçki ərəfəsində daxili siyasi mübarizə kimi təqdim etməyə çalışsa da, iki ölkə arasında münasibətlərin pisləşməsinə görə məsuliyyəti İrəvanın və millətçi erməni dairələrinin üzərindən atmağa cəhd göstərsə də, Kumurdoda baş vermiş qarşıdurma rəsmi Tiflis üçün ilk həyəcan siqnalıdır. Elə bu məqamda «Cavaxk» (ermənilər Gürcüstanın Cavaxetiya vilayətini belə adlandırırlar) erməni separatçılarının lideri Vaaqn Çaxalyanın yenidən peyda olması da təsadüf deyil. O, Kumurdoda yaşanmış insidentin, guya, «Gürcüstan hökumətini ifşa etdiyini» bildirib. Gürcüstan hakimiyyətinin ünvanına açıq hədələr səsləndirən Çaxalyan rəsmi Tiflisi «problemin dərhal logistik və konstruktiv həllinə», «Cavax ermənilərini təxribata sürükləməməyə» «çağırıb».

Ermənilərin, guya, hüquqlarının pozulduğuna dair bütün bu iddiaları, «erməniliyi narazı salmamaq» çağırışları da tanış bəyanatlardır. Güman edirik ki, Gürcüstan hökuməti erməni ekspansionistlərilə oyun oynamaqdansa, Cavaxetiyada ikinci Qarabağın yaranmaması üçün qəti tədbirlər görəcək.

 

Aqreman olmayacaq?

İrəvanın qonşu xristian ölkəsinə yeni səfir təyin etməsinə Tiflisin göstərdiyi reaksiya, bəlkə də, gürcülərin ermənilərin getdikcə daha əməli xarakter alan iddiaları qarşısında sərt tədbirlər görmək niyyətinin göstəricisidir. Mətbuatda yer alan məlumatlara görə, təsmi Tiflis Ermənistanın Gürcüstana təyin etdiyi səfir Sergey Minasyana aqreman verməkdən, birmənalı olaraq, imtina edib.

Bu proses hələ yayda başlayıb. Lakin görünən odur ki, Ermənistan Gürcüstanı Minasyanın namizədliyini qəbul etməyə razı sala bilmir. Bu, başadüşüləndir. Çünki sözügedən politoloq indiyədək, sadəcə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ruporlarından biri kimi tanınmayıb. O, dəfələrlə «iztirablı xalq»ın Cavaxetiyaya iddialarını da dilə gətirib. Bundan başqa, yeri gəlmişkən, Cavaxetiyadan olan Minasyan Rusiyanı bu bölgəyə yaşayan erməniləri müdafiə etmək üçün Gürcüstana soxulmağa da çağırıb. O, bu bölgə əhalisinin Gürcüstanı heç zaman özlərinə vətən saymadıqlarını belə dilə gətirib.

Odur ki, Tiflisin bu qədər iyrənc erməni politoloqunun Gürcüstan ərazisindəki diplomatik missiyaya rəhbərlik etməsinə mənfi yanaşması təəccüblüdürmü? Üstəlik, Gürcüstanı narazı salan yalnız onun «Cavaxk uğrunda mübariz» obrazı deyil. Minasyan fövqəldövlət kimi Rusiyanın dəstəyinə arxalanır və günlərdən birində Moskva üçün Cavaxetiyada erməni separatizminin dəstəklənməsi müəyyən geosiyasi səbəblərdən maraqlı ola bilər. Bu politoloqun özünü rusiyapərəst şəxs kimi təqdim etməsi Tiflisə əsas verib ki, onun Ermənistan səfiri təyin ediləcəyi təqdirdə, yalnız İrəvanın deyil, həm də Moskvanın maraqlarından çıxış edəcəyini düşünsün. Bunu Ermənistan KİV-i, məsələn, «Jamanak» qəzeti də etiraf edir. Qəzet yazır ki, Gürcüstan hökumətinin Minasyana bu qədər şübhə ilə yanaşması onun səfir kimi daha çox öz ölkəsinin deyil, Moskvanın maraqlarını qoruya biləcəyinə dair fikirlərin olmasıdır.

Lakin bütün bu hadisələrdə ən vacib olanı başqa məqamdır: İrəvan Gürcüstandakı səfiri postuna niyə məhz Minasyanın namizədliyini irəli sürüb? Hər halda, İrəvan Tiflisin daim Gürcüstanın ərazi bütövlüyünün əleyhinə bəyanatlar verən şəxsin namizədliyini qəbul etməyəcəyini bilməyə bilməzdi. Odur ki, Minasyanın Gürcüstandakı səfir postuna namizədliyini irəli sürməklə, İrəvanın həm də onun baxışlarına dəstək verdiyini düşünmək olar. Bu baxışlar arasında isə «Cavaxk»ın ermənilərə mənsubluğunun qəbul edilməsi tələbi əsas yerlərdən birini tutur. Başqa sözlə, Ermənistan rəsmi səviyyədə yenidən dolayısı ilə də olsa, «Cavaxk uğrunda mübarizə»yə əsas vəzifələrindən biri kimi baxdığını təsdiqləyib. Sergey Minasyana aqreman verilməsilə bağlı məsələ ilə eyni vaxta təsadüf edən Kumurdo qalmaqalını da nəzərə alsaq, İrəvanın Gürcüstanın erməni əhalisini ölkə hakimiyyətinə qarşı qaldırmağa çalışdığı ortaya çıxır.

 

Xəyali və real təhlükələr haqda

Ermənistanın «Gürcüstan siyasəti»ndə diqqət çəkən daha bir məqam Tiflisin, guya, «antierməni» əməllərinə görə bütün məsuliyyəti Azərbaycanla Türkiyənin üzərinə atmaq cəhdləridir. Bunu həm Ermənistanın siyasi xadimləri, həm Gürcüstan ermənilərinin liderləri, məsələn, elə həmin Çaxalyan bəyan edir. O, Kumurdodakı son insidentdən danışarkən Gürcüstan hökumətini, guya, «Türkiyə ilə Azərbaycanın iqtisadi və siyasi təzyiqlərinə boyun əyərək, yerli erməni əhalinin milli-mədəni, dini hüquqlarına qeyri-adekvat münasibəti, ayrı-seçkiliyi davam etdirməkdə» günahlandırıb.

Bu mənada İrəvan ekspertlərinin Ermənistan-Gürcüstan sərhədlərinin demarkasiyası işlərinin başa çatdırılmamasına reaksiyası da maraqlıdır. Guya, bu da Bakı və Ankaranın müdaxiləsi ilə baş verir. Şübhəsiz ki, bütün bu ittihamlar əsassız və absurddur. Erməni tərəfi Gürcüstanın hər hansı başqa dövlətin mövqeyindən, siyasətindən asılı olmayaraq, Cavaxetiya bölgəsini və ya məbədlərini erməni kilsəsinə güzəştə getməyəcəyini anlamaya bilməz. Odur ki, Azərbaycanda Türkiyəni güya «erməni-gürcü qardaşlığı»na zərər verməkdən günahlandıran İrəvan, əslində, Gürcüstanın əsas strateji müttəfiqlərinin məhz qonşu türk dövlətləri olmasından qıcıqlandığını nümayiş etdirir.

Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində bu yaxınlarda imzalanmış 2017-2019-cu illər üçün üçtərəfli sektorial əməkdaşlığa dair fəaliyyət planının Ermənistan tərəfindən necə hiddətlə qarşılandığı da yaddaşlardadır. «Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq nə qədər dərin, sıx olarsa, bu, problemləri onsuz da az olmayan Ermənistanı bir o qədər narahat edəcək», - deyə erməni ekspertləri bildirir. Onları «üçlüyün» hərbi sahədə əməkdaşlığı xüsusilə narahat edir.

Ən maraqlısı, Bakı ilə Ankaranın siyasətinə hər hansı təsir imkanı olmayan Ermənistanın Azərbaycan-Gürcüstan-Türkiyə formatından gələn «təhlükə»ni «Gürcüstan istiqamətindən zərərsizləşdirmək» haqda düşünməsidir. Bu, ermənilərin Tiflisə təzyiq edərək antiazərbaycan, antitürkiyə və antigürcüstan hədəflərinə çatmaq üçün bundan sonra da «Cavaxetiya» və digər rıçaqlardan istifadə etməyə hazır olduğunun göstəricisidir.

Lakin Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən Azərbaycanla Türkiyənin Tiflisə Ermənistan tərəfindən gələn təhlükələrin önlənməsi üçün anında hərtərəfli yardım etməyə hazır olduğuna da şübhə yoxdur. Bunu Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji müttəfiqliyindən qəzəblənən İrəvanın işğalçı siyasətinin nəzəriyyəçiləri və praktikləri də yaxşı bilir.



MƏSLƏHƏT GÖR:

415